Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana
Kiçik şəhərlərin inkişafı barədə qısa qeyd.
Kiçik şəhərlərin inkişafı problemi periodik olaraq bizdə aktual məsələyə çevrilir. Bəllidir ki, hamı Bakıya qaçır. Amma bunun çox sadə səbəbləri var – şəhərlər ölür, orada iş yoxdur və s. Düzdür urbanistlər sizə deyəcəklər ki, insanlar özləri iri şəhərlərə köçməyə çalışırlar, amma bu belə deyil. Normal iqtisadi münasiblər mövcud olsa, heç kim hər hansı iri şəhərə bəlli olmayan perspektivlər dalınca qaçmayacaq. Yəni iş varsa, insanlar kənddə qalmağa razıdırlar.
Bu yaxınlarda qarşıma “Penzfilmmaş” şirkəti barədə material qarşıma çıxdı. Adı qəribə gəlsə də, bu adi prodakşn studiyasıdır. Bu şirkət bir-iki nəfərin təşəbbüsü əsasında formalaşıb. Vaxtilə şirkət yaradıcıları İnstagram üçün qısa roliklər çəkməyə qərar verdilər. Sonradan bu qısa roliklər əsasında serial çəkildi və tədricən artıq bölgə səviyyəsində iri studiyaya çevrildilər. İndi onlar artıq öz seriallarını satırlar və kifayət qədər də qazanırlar. İndi bir prodakşnda 100 nəfər çalışır. Təsəvvür edin ki, bir-iki serial və bir neçə şou çəkirlər, amma artıq 100 nəfəri işə cəlb ediblər. Bundan başqa mövsümi işçilər, dolayı onların hesabına qazananlar və s. var. Düzdür Penza şəhəri üçün bu çox böyük hadisə deyil. Penza özü 500 minlik şəhərdir. Orada 100 daimi iş yerin açılması böyük hadisə ola bilməz. Amma buna baxmayaraq ən azı yerli iqtisadiyyat üçün bir təkandır.
Məsələ hansısa prodakşn studiyasının açılmasında deyil (bu sadəcə nümunələrdən biridir). Məsələ daha çox şəraitdədir. Təsəvvür edin Salyanda kimsə İnstragram və ya TikTok üçün video çəkməyə başladı. Sonrası nə olacaq? Məşhurlaşandan sonra ən yaxşı halda öz işini davam edəcək ya da kiminləsə reklam müqaviləsi bağlayaraq, onun nümayəndəsinə çevriləcək. Öz işini isə inkişaf etdirməyəcək. Bölgədə elə şərait olmalıdır ki, insan orada qalıb, fəaliyyətini davam etdirmək istəsin. Gedib İcra Hakimiyyətindən orada çəkmək olarmı/olmazmı icazəsi götürməsin. Bölgədə ən azı bir-iki kinoteatr olmalıdır və s. Yəni düşünsün ki, bu gün mən video çəkirəm və insanlara maraqlı gəlir. Gəl mən gedim pul tapım, bunu filmə çevirim. Bəlkə daha da yaxşı sata bildim. Sizcə onda bu alınacaq? Fikrimcə o heç kredit də götürə bilməyəcək. Yəni məsələ çox sadədir. Şərait yaratmaq lazımdır və insanlar bölgələrdə qalıb özləri üçün iş təşkil edəcəklər (bu zavod ola bilər, ya film, ya nərə balığının yetişdirilməsi. Fərq etmir, insanlar özləri qərar verəcəklər). Misal üçün, Salyan üçün 100 iş yeri artıq ciddi iqtisadi effekt verərdi.
Nəqliyyat barədə
Bakının ictimai nəqliyyatında problemlər deyəsən bitmir və onların həlli istiqamətində ciddi addımlar atımlır (bir yolda ayrılmış avtobus xəttinin çəkilməsi ciddi addım sayıla bilməz). Fikrimcə indiki problemləri həll etmək üçün aşağıdakı addımları atmaq lazımdır:
1. Şəhərin bütün əsas yollarında avtobuslar üçün ayrılmış xəttlərin qurulması (bu həm Neftçilər, 8 noyabr prospektləri, H. Cavid küçəsi, Bakı-Sumqayıt şossesi və s. Yəni hamısında. Bu bir neçə gecəyə həll oluna biləcək işdir). Eyni zamanda bu xəttlər üzrə nəzarəti həyata keçirmək. BNA deyir ki, yol polisi etmək istəmir – qoy hər gün bu barədə desin. İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik (cərimələrin artımı və s. barədə) hazırlasın və ictimaiyyətə açıq qoysun. İctimai kampaniya keçirdib, müvafiq dəyişikliklərin qəbul edilməsinə nail olsun. Eyni zamanda ictimai təzyiq də yaratsın. Bunu etmək istəmirlərsə, vəzifələrindən imtina etsinlər;
2. Şəhərətrafı dəmir yol xəttlərinin tikintisi. Zəngilan rayonunun Ağbənd qəsəbəsinə kimi dəmir yol tez bir zamanda tikildi. Bakının Suraxanı rayonunda köhnə dəmir yol olmasına baxmayaraq, hələ də bu istiqamətdə qatarlar işləmir. Yəni bu istiqamətdə dəmir yol yenidən qurulmalıdır və yeni qatarlar alınmalıdır. Bu məqsədlə dövlət büdcəsindən investisiya ayrıla bilər. Bu işdə BNA da iştirak etməlidir. Onlar da lobbiçilik etməlidirlər. ADY ilə birlikdə ictimai kampaniyaya başlaya bilərlər (əgər bu problemdirsə). Ümumiyyətlə BNA oturub deməməlidir ki; dəmiryol bizə aid deyil deyə; biz onun barəsində düşünmürük. Sizə ictimai nəqliyyat aiddir və onun bütün növləri, nəzarətinizdə olmasa belə, sizin tərəfinizdən dəstəklənib, stimullaşdırılmalıdır;
3. Metronun genişlənməsinə dair dəqiq layihə və konkret müddətlər olmalıdır. “Gələcəkdə tikiləcək” və s. tipli ifadələrdən imtina olunmalıdır və Bakı metropoliteni konkret olaraq deməlidir ki, misal üçün, “2023-cü ilin avqustun 1-də bu stansiya açılacaq” və s. Yoxsa “konsepsiya”, “perspektiv plan” və s. vaxtı 90-ci illərdə çoxdan keçib. İndi artıq konkret addımlar atmaq vaxtıdır. Dövlət büdcəsi üçün də bu strateji istiqamətə çevrilməlidir;
4. Elektrik dəmir yol, metro və avtobusların vahid sistemə inteqrasiya olunması lazımdır. Bu işə BNA baxır. Tədricən bütün Abşeron yarımadasında Bakıkart tətbiq edilməlidir. Təxmini belə etmək olar: 01.01.2023 – bütün Bakı, 01.07.2023 – Bakı və Abşeron rayonu, 01.01.2024 – Bakı, Sumqayıt və Abşeron rayonu. Müvafiq vəsaitləri dayanacaqlara xərclənən vəsaitlərdən götürmək olar. Kifayət edəcək. Heç kimə lazım olmayan dayanacaqları tikmək yerinə, nəqliyyata fayda verər;
5. Yalnız və yalnız bundan sonra tariflərə baxmaq olar (əgər başqa alternativ qalmadısa). Təklif edirəm ki, 01.01.2023-cü ildən minimal tariflər 0,4 AZN, 01.01.2024-cü ildən isə 0,5 AZN-ə kimi qaldırıla bilər. Amma bu tariflərin tətbiqi aşağıdakı prinsiplərə uyğun olmalıdır:
5.1. Bir saat ərzində yalnız bir gediş istifadə oluna bilər. Yəni bir saat ərzində 3 marşrut dəyişdinsə, səndən 1,2 AZN yox, 0,4 AZN çıxacaq;
5.2. Tələbə və pensionerlər üçün güzəştli tarif tətbiq edilməlidir. 01.01.2023-dən onlar üçün 0,3 AZN, 01.01.2024-cü ildən 0,4 AZN. Eyni zamanda öz kartları ilə ödəmək imkanı yaradılmalıdır;
5.3. Sərnişindaşımanın maya dəyəri hesablanmalıdır. Tariflər ilə müqayisə olunaraq, əlavə xərcləri dövlət büdcəsi hesabına dotasiyalar vasitəsilə kompensasiya ölunmalıdır. Yəni uzunmüddətli sabit dotasiya sistemi yaradılmalıdır. İctimai nəqliyyat ucuz olaraq qalmalıdır. Bunun üçün isə büdcədən vəsait lazımdır. Qarabağda sənaye park tikməkdənsə (bu işi özəl şirkətlərə həvalə etmək olar) ictimai nəqliyyat üçün ölkə boyu tətbiq olunacaq dotasiya sistemi yaratmaq lazımdır.
Fikrimcə bu addımlar atılsa, ən azı Bakı nəqliyyatının problemləri həll olunmasa belə, müəyyən qədər narahatlıq azalar və artıq real vəziyyətin nədən ibarət olduğunu başa düşəcəyik. Bu sistemdə artıq daha rahat düşünmək mümkün olacaq.
Toy iqtisadiyyatına dair maraqlı fakt: Özbəkistanda 2018-ci ildən bəri istehlakçı kreditləri arasında “təntənəli mərasimlərin keçirilməsi üçün kredit” adlı məhsul növü mövcuddur. Bu kreditlər illik 21-25% ilə 3 illik verilir. Amma burada bir maraqlı məsələ var. Deməli 2019-cu ilin sentyabrından bəri Özbəkistandan toyların keçirilməsinə dair xüsusi əsasnamə mövcuddur. Əsasnamənin məqsədi insanların toy keçirilməsi nəticəsində xərclərinin balanslaşdırılmasıdır (yeri gəlmişkən, Mərkəzi Asiyada toyların keçirilməsinə dair maraqlı tədqiqatı Rusiya Ali İqtisadiyyat Məktəbinin saytında oxuya bilərsiniz). Nəticədə bir sıra sərt qaydalar tətbiq olunmağa başladı.
Başqa tərəfdən Özbəkistanda istehlakçı kreditini nağd şəklində əldə etmək imkanınız yoxdur. Bank özü birbaşa olaraq əldə etmək istədiyiniz məhsul və xidməti təmin edən şəxsə pulu köçürür. Siz özünüz bu pulu görməyəcəksiniz. Toy krediti də istehlakçı kreditlərə aiddir.
Fikrimcə "Şredinqer pişiyi" söz birləşməsini "Bakının baş planı" kimi azərbaycan dilinə tərcümə etmək müvafiq məsələni tam dəqiqliklə təsvir edə bilərdi.
Читать полностью…Deməli evimizin yaxınlığında “Xəngəland” restoranı yerləşir. Son bir aydır ki, periodik olaraq onun qarşısında hər axşam növbələr və s. müşahidə edirəm. Hətta bu azmış kimi adətən M, Hüseyn küçəsinin sağ tərəfində parklanma olmurdu, amma indi bu restoranın qarşısı axşamlar maşınlar ilə dolu olur. Düzünü desəm, evimin yaxınlığında yerləşməsinə baxmayaraq, bu restoran barədə məlumatlı deyildim. Yalnız keçən il öyrəndim ki, insanlar 8-ci mikrorayona ya da Əhmədliyə yox, mərkəzə xəngəl yeməyə gəlirlər. Nəsə, düşünürdüm ki, bir gün gərək dəyim (xəngəl sevən deyiləm, amma axşam-axşam insanların növbələrdə dayanması maraqlı gəldi).
Bildiyiniz kimi noyabrın 5-i Fövqəladə Hallar Nazirliyi restoranda “işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə” qərar verib. Fakt özü-özlüyündə maraqlı deyil. Sadəcə xəbərdə bir məqam məni cəlb etdi. Materialda qeyd olunur ki, “yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib”. Restoran mənzildə yerləşir. Amma materialdan elə çıxış ki, bu vəziyyət “dövlətin əmlak maraqlarına” təhlükə yaradırdı. Heç bilməzdim ki, ayrı mənzil dövlətin əmlak maraqlarına daxil ola bilər. İctimai maraqlar yazılsa idi başa düşülən idi, amma dövlətin əmlak maraqları? Ya dövlət bu mənzilin sahibidir?...
Əldən qaçırılmış imkanlar barədə: bu ilin iyun ayında Alman iqtisadi qrupu (GET) CRRC təşkilatı ilə birlikdə Gürcüstanda rusiyalı və belarus miqrantlar (366 nəfər) arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə məlum olub ki, Gürcüstana köçənlərin 59%-i İnformasiya Texnologiyaları və rabitə sahəsində, 15%-i peşə, elmi və texniki, 5%-i isə təhsil sahəsində çalışır. Köçənlərin böyük hissəsi (65%) ailəvi gəliblər. Onların orta aylıq gəliri 2600$, xərcləri isə 1600$ təşkil edir.
Bəs iş məsələsi? Sorğu respondentlərin yalnız 21%-də işəgötürənləri Gürcüstanda yerləşirdi. Digər cavablar: Rusiya (24%), ABŞ (12%), Belarus (10%), Böyük Britaniya (4%), Kipr (1%), Litva (1%)
Eyni zamanda Rusiya vətəndaşları 01.03-12.10.2022 dövründə Gürcüstanda 711 şirkət qeydiyyatdan keçiriblər. Həmçinin 9789 şəxs fərdi sahibkar kimi qeydiyyatdan keçib. 2585 Rusiya vətəndaşı 2964 mənzil (189 084 kv. metr), 252 nəfər isə 249 torpaq sahəsi (37,9 hektar) satın alıblar.
Sadəcə bolşevik olduqları üçün, seminarları Sovet dövründə keçirildiyi üçün müasir “tarixçilər” bu materiallardan tamamilə imtina edirlər. Tutarlı səbəb isə yoxdur. Misal üçün, Həmid Sultanovun xatirələrinə (özü də səhv olan bölməyə) istinadı tez-tez görmək olar. Amma bu xatirələr dərc olunmayıb.Yəni sərf etmir deyə, bizim “tarixçilər” deyirlər ki, material azdır və s. Ya da ümumiyyətlə “1990-ci ildə sənədlər Moskvaya aparılıb” adlı səbəblər uydururlar. 1990-ci ildə 1918-ci ilə aid sənədlər (özü də onları tapmaq üçün kifayət qədər vaxt xərcləmək lazımdır. Təsəvvür edin də, ölkə dağılır və KQB aqentləri oturub arxivlərdə 1918-ci ilə aid xatirələri axtarırlar) kimə lazım idi sualına isə cavab verməkdə çətinlik çəkirlər.
Qayıdaq xatirata. Təsəvvür edin ki, 2022-ci ildə baş vermiş hadisələri siz 2052-ci ildə təsvir etmək qərarına gəldiz. Ola bilər, sizin yaddaşınız çox gözəldir. Amma detallı xatırlamaq üçün ya gündəlik aparmalısız, ya da əvvəlcədən qeydləriniz olmalıdır. Müəllifdə bu yox idi. Düzdür indi çox adam deyir ki, “o zamanın insanlarında yaddaş gözəl idi”, amma bu reallığı əks etdirmir. Misal üçün, müəllif 1917-ci ilin martını təsvir edərkən, birdən birə Sentrokaspinin Bakıda idarəçiliyi barədə yazır. Ola bilər sizin üçün Sentrokaspi 1918-ci il ilə bağlı bir idarəedici qurumdur. Amma reallıqda Sentrokaspi 1917-ci ilin birinci yarısında yaranmış Xəzər hərbi donanmanın faktiki həmkarlar ittifaqıdır. 1918-ci ilin martına kimi ümumiyyətlə Bakı idarəetməsində iştirak etməyib. Ondan sonra isə qismən aktiv olub və yalnız 1918-ci ilin avqustunda hakimiyyəti öz əlinə götürüb. Yəni müəllifin sözlərindən elə çıxır ki, 1917-ci ilin martında Bakını Sentrokaspi idarə edirdi. Amma bu belə deyildi. Hələ digər detallar barədə demirəm (misal üçün, Lənkəranda qısa dövr ərzində deyəsən 5 hökumət dəyişib. Müəllif özü ən azı ikisində iştirak edib, amma hamısını qarışdırıb). Xatirətlər adətən müvafiq müəllifin yanaşması cəhətindən maraqlıdır. Yəni təklif olunan faktologiya reallığı əks etdirməyə bilər, amma müəllifin yanaşmasını göstərə bilər. Ona görə maraqlıdır. Təəssüf bizdə bəzən belə tipli xatiratlar fakt kimi qəbul edilir.
Ay ərzində oxuduğum yeganə nisbətən ciddi kitab M. Veberin “Протестантская этика и дух капитализма” oldu. Daha doğrusu qulaq asdım. Vaxtilə səs-küyə səbəb olmuş kitabdır. Lori dildə desək, Veber deyir ki, protestantlarda (xüsusən, kalvinistlərdə) günahı yumaq (misal üçün, qurban kəsmək) imkanı olmadığı üçün onlar aktiv həyat tərzi aparmağa məcburdular. Kalvin və digərləri öz kitablarında yazıblar ki, hər hansı peşə ilə məşğul olduqda, biz onu özümüz seçmirik. Bu bizim “calling”ımızdır (azərbaycan dilinə “istedad”, “qabiliyyət”, “həvəs”, “meyl” kimi tərcümə olunur. Amma mənacan ən yaxını “vəzifə”dir. Yəni allahdan verilmiş vəzifədir). Ona görə onu maksimal olaraq effektiv yerinə yetirməliyik. Əgər hər şey alınarsa, o zaman bu o deməkdir ki, allah bizi dəstəkləyir və ölümdən sonra cənnətə düşəcəyik. Bu da kapitalistik ruhu stimullaşdırıb. Müəllif özü də qeyd edir ki, hər şeyə bu prizmadan baxmaq düzgün olmazdı. Digər amillər də var. Amma bu amil də rol oynayıb. Fikrimcə burada səbəb-nəticə bağlantısı pozulub, amma ümumən oxumağa dəyər (ən azı din və iqtisadi proseslərin münasibətlərini araşdırmaq istəyirsinizsə).
Şəxsən mənim üçün daha maraqlı X. Hasilovanın kitabı oldu. “Onun həyatı” adlanan kitab müəllifin rus dilinə tərcümə olunmuş hekayələrindən və “Onun həyatı” adlanan povestindən ibarət idi. Bugünki Azərbaycan cəhətindən çox aktual əsərlərdir. Son dövrlər ölkəmizdə qadınların cəmiyyətdə roluna dair tez-tez müzakirələr keçirilir və hətta bu sahədə ixtisaslaşan bir çox təşkilat və təşəbbüslər formalaşıb. Amma ən əsas problem ondan ibarətdir ki, bu müzakirələr yalnız çox dar çevrəni əhatə edir. Faktiki olaraq ölkəmiz gender problemlərin mövcudluğundan məlumatsızdır. Daha doğrusu mövcud olan münasibət sistemini normal hesab edir (hətta hökumətin özü də). Bu da bir çox fəsadlara gətirir (məişət zorakılığı, əməkhaqqıda gender qap və s.). Sovet dövrü bu cəhətdən fərqli idi. Düzdür Sovetlərdə də bir çox problemlər var idi (qadınların ikili istismarı: həm evdə, həm işdə), amma müvafiq məsələlər cəmiyyət qarşısında qoyulurdu və müzakirə olunurdu. Eyni zamanda qadınların istismardan azad olunması istiqamətində bir çox addımlar atılırdı (uşaq bağçaların sayı artırıldı, kvotalar tətbiq olunurdu, texniki ixtisaslara yönləndirirdilər və s.). İndi bu addımların Azərbaycanda necə həyata keçirilirməsi bir qədər başqa məsələdir (bəlli olmayan səbəblərə görə, bizdə uşaq bağçaların və körpə evlərin təmin olunması daim çətinliklər ilə üzləşirdi). Bununla bərabər real təbliğat da aparılırdı (təəssüf, indi heç bir feminist təşkilat real təbliğat aparmır. İşləri maksimum sosial şəbəkələr ilə məhdudlaşır). Təbliğat üsullarından biri də qadınların həyatını təsvir edən kitabların dərci idi. Hasilovanın kitabı bu sırada idi (müəllif özü qadın jurnalının baş redaktoru işləyib). Oxuduqca bugünki yanaşmaları da görürsən. Misal üçün, qonşular narahatdılar ki, binada yeni mənzil almış qadın, hər gecə evdən çıxır. Bütün bina da müzakirə edir ki, bu nə deməkdir – qadındır və gecələr evdən çıxır. Biri hətta şikayət edir ki, “hər dəfə o evindən çıxanda, uşaqlarım oyanır”. Yəni standart qonşu dedi-qodusudur. Sonda isə məlum olur ki, o gecə növbəsində təcili yardım maşınında çalışır. Ya da başqa hekayədə arvadı direktor olan və uşaqlara əri baxan ailə təsvir edilir. Təəssüf, müasir dönəmdə bu istiqamətdə (yəni kino, kitab və s.) təbliğat aparılmır.
Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim məqam cəhətindən publisistik oçerklərdən ibarət N. Nağıyevin “Sumqayıtda” kitabı da maraqlıdır. Kitab 1959-cu ildə dərc olunub və Sumqayıtın 10 il ərzində keçdiyi yola həsr olunub. Bölmələrdən biri də “Kimyaçı qızlar” adlanır. Kimya zavodunda qadınların işləməsini indi təsəvvür etmək çətindir. Ümumiyyətlə hər hansı zavodda qadınların işləməsi müasir Azərbaycanda deyəsən ekstraordinar bir şeydir (yadımdadır ki, Belarusda 2020-ci ildə baş vermiş etirazlar vaxtı zavodlarda çalışan qadınlar aktiv iştirak edirdi). Yeri gəlmişkən, kitab təsvir cəhətindən maraqlıdır. Misal üçün, oçerklərdən biri artıq 10 ildir Sumqayıtda yaşayan və hələ də Naxçıvan ləhçəsindən qurtula bilməyən işçini təsvir edir. Oçerkə görə o həbsdən çıxaraq, evinə, Naxçıvana qayıdandan sonra işləmək istəyirdi, amma iş tapa bilmirdi. Bakıda yaşayan qohumları Sumqayıta getməyi məsləhət gördülər. O da bura gəlib fəhləlik işi axtarmağa başladı. Bir-iki yerdə imtina ilə üzləşəndən sonra növbəti yerdə onu qadın direktor müavini qarşıladı. Keçmişi barədə soruşmadan, istəyini nəzərə alaraq, işə qəbul etdi və işə öyrənməsi üçün Rusiyanın Şimalına Kareliyaya, deyəsən, üç aylıq praktikaya göndərdilər. Ya da eyni zamanda ali təhsil alan və zavodda qrup rəhbəri çalışan Ağdamlı təsvir olunur. Əlbəttə, burada bir çox şişirtmələr də ola bilər. Amma sadə insanların təsviri cəhətindən maraqlı bir kitabçadır.
Daha iki kitab hekayələr toplularıdır. Biri kiçik etüdlardan ibarət C. Bağır adlı publisistin “Səslər” kitabıdır. Maraqlı etüdlar var. İkincisi isə müxtəlif hekayələrdən ibarət Rəhim Əliyevin “Göndərilməmiş teleqram” kitabıdır. Elə bu günlərdə Rəhim müəllimin bağında istirahət edərkən, rəfdə olan bu kitab yadıma düşdü. Birinci kitabı olduğu üçün daha çox müvafiq dövrün gənclərin həyatını təsvir edir. Maraqlı hekayələr də var.
"Büdcə müzakirəsi" pyesi
A: “ƏDV geri al” üzrə qaytarılan məbləğ kart ilə olanlar üçün 15-dən 20%-ə qaldırmağı, kartsız olsa 10%-dən 5%-ə kimi endirməyi təklif edirəm.
B: Azaltmağa razıyam, artırmağa yox.
A: Niyə?
B: Xərcimiz onsuzda çoxdur. Azaltmaq lazımdır. Qoy elə 15% qalsın. Əlbəttə, ümumiyyətlə ləğv olunması yaxşı olardı, amma...
A: Amma biz bunun hesabına əhalinin xərcləri barədə dəqiq və səhih məlumata yiyələnirik. Əhali könüllü olaraq bizə məlumatlarını ötürür. Nəticədə əlavə nəzarət tədbirləri həyata keçirmədən, əhalinin gəlirləri və xərcləri barədə məlumat alırıq. Yəni çox ucuza başa gəlir.
B: Əşi, onsuzda bilirik də kim nə qədər qazanır. Əlavə məlumat nəyimizə lazımdır. Hələ heç ucuz də deyil. Sentyabrda 13,6 milyon manat qaytarmışıq, 2022-ci ildə 147 milyon. Bu ucuzdur? 20% olsa...
A: 20% olsa məlumatımız daha da dəqiq və ətraflı olacaq. Artıq sistemdən istifadə etməyən şəxslər də qoşulacaq. Onsuzda qiymətlər 20% artıb, ən azı bunun 3%-ni qaytarmaq artıq müəyyən kompensasiya olacaq.
B: İmkan verməz danışmağa. 20% olsa, xərcimiz artacaq. Və dediyin kimi hər küçədən keçən sistemə qoşulacaq və xərcimiz ən azı 2 dəfə artacaq.
A: Olsun da.. sonradan bu bizə hər küçədən keçən barədə məlumatı toplamağa imkan verəcək.
B: Əşi, nəyimə lazımdır.
C: Yaxşı-yaxşı, qoy nə A-nın olsun, nə B-nın olsun, göstərici ortada qalsın - 17,5%.
P.s.
02.08.2022: "“ƏDV geri al” üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir".
03.11.2022: "qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur".
Bəs sizcə 2 avqust və 3 noyabr arasında nə baş verib?
Maraqlı faktlar sırasından: Almaniya Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə ölkədə 14 825 Azərbaycan vətəndaşı qaçqın statusu üçün müraciət etmişdi. Eyni zamanda 27 865 Azərbaycan vətəndaşı Almaniyada yaşayır. İl ərzində isə 250 Azərbaycan vətəndaşı yerli vətəndaşlığı qəbul edib. Başqa sözlə 2021-ci ilin sonuna Almaniyada ən azı 42 940 Azərbaycan vətəndaşı yaşayırdı. Maraqlıdır ki, 2021-ci il ərzində 3243 Azərbaycan vətəndaşı Almaniyaya getmək üçün viza alıb.
Читать полностью…Məktəblərdə müəllimlərin cinsi bölgüsünə dair: Azərbaycan Dövlət Pedaqoji Universitetinə 2011-ci ildə 262 oğlan qəbul olmuşdusa, 2021-ci ildə bu göstərici 521-ə bərabər idi. Eyni zamanda müvafiq illərə dair qızların qəbulu 1567 və 2871 nəfər təşkil edib. Başqa sözlə 10 il ərzində pedaqoji universitetə qəbul olunan oğlanların payı 14,32%-dən 15,36%-ə kimi artıb. O gün "Agora müzakirə"-sində qeyd olunmuşdu ki, pedaqoji ixtisaslara yönələn oğlanların payı artır. Düzdür, 1% də artımdır, amma...
Читать полностью…08.05.2020 - Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət nazirliyində keçirildiyi əməliyyat nəticəsində 2018-ci ildən mədəniyyət nazirin müavini çalışan Rafiq Bayramov korrupsiyada ittiham edilərək saxlanılmışdı.
01.11.2022 - Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət nazirliyində keçirildiyi əməliyyat nəticəsində 2021-ci ildən mədəniyyət nazirinin birinci müavini çalışan Elnur Əliyev saxlanılmışdı.
Deyəsən mədəniyyət nazirinin müavini ölkədə ən təhlükəli vəzifədir...
Torpaq islahatı barədə danışmışkən, yadıma İvanovka kəndi düşdü. Maraqlıdır ki, ölkədə Kalinin adına rus kəndlərində ən azı iki kolxoz var idi. Biri Goranboy rayonu Rus Borisi kəndində, başqası isə İsmayıllı rayonu İvanovka kəndində yerləşirdi. İkisi də fərqli yol seçdilər. Birincisi torpaq islahatından sonra vahid MMC yaradıb, fəaliyyətə başladılar. İkincisi isə müraciət ilə kolxoz formasını saxlamağa qərar verdi və faktiki olaraq indi ölkədə yeganə kolxozdur. Bəs onların fəaliyyəti necədir? Uğurludurmu? Bu barədə daha ətraflı məqaləmdə:
https://www.openazerbaijan.org/topics/ara-d-rma/az-rbaycan-n-sonuncu-kolxozu-nec-ya-ay-r/
ARDNF-ın ehtiyatları barədə danışmışkən, düşündüm ki, 2021-ci ilin müvafiq dövrü ilə 2022-ci ilin müvafiq dövrünü müqayisə edim. Coğrafi və istiqamətlər üzrə strukturuna baxanda görmək olur ki, Şimali Amerika üzrə aktivlərin artması ilə bərabər digər bölgələr/subyektlər üzrə azalma qeydə alınıb. Misal üçün, qızılın həcmi dəyişmədi, amma onun dəyəri azaldı.
Azalma həmçinin Avstraliya, Yaxın Şərq və Asiya üzrə qeydə alınıb. Cənubi Amerika üzrə isə əksinə artım müşahidə olunur.
Maraqlı məlumat sırasından: "Ərzaq balansı" adlı məcmuədə Dövlət Statistika Komitəsi bir cədvəldə həm təmizlənmiş, həm təmizlənməmiş fındıqları nəzərə alıb. Və hər ikisi bərabər götürülüb. Yəni ölkədə 67 min ton fındıq istehsal olunubsa - bu təmizlənməmiş deməkdir. 18 min fındıq ləpəsi ixrac olunubsa - bu təmizlənmiş deməkdir. Amma onlar hər şeyi qarışdırıblar. Nəticədə istehlak həcmi bəlli deyil, çünki 67-dən 18 min çıxsan 49 min alınacaq. Amma real olaraq 50 min çıxsan (1 ton təmizlənmiş fındıq təxmini 3-3,5 ton təmizlənməmiş fındıq deməkdir), 17 min alınacaq.
Читать полностью…Noyabrın 4-ü İqtisadi Zonaların İnkişafı Agentliyi «2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirakı üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin» satın alınmasına dair Salyan rayonu Şorsulu kəndində qeydiyyatdan keçmiş «Azinterexpo» MMC ilə 16,8 min manatlıq müqavilə imzalayıb. Prinsipcə müqavilə özü-özlüyündə problemli görsənmir (1 kv. metr — 526 AZN-ə başa gəlib. Bura bir çox xərclər daxil edilib).
Məsələnin maraqlı tərəfi müqavilənin tarixləri ilə bağlıdır. 2-ci «Rebuild Karabakh» sərgisi 19-21 oktyabr tarixlərində Bakıda keçirilib (müsabiqənin adında da bu qeyd olunub). Amma eyni zamanda Agentlik tərəfindən elan olunan «müsabiqənin başlama tarixi və vaxtı» olaraq 20.10.2022 göstərilib. Bu azmış kimi «Kotirovka sorğusunun şərtlərini» yalnız 20 oktyabr tarixindən sonra əldə etmək imkanı olduğu da göstərilib. Zərflərin açılış tarixi isə 04.11.2022 göstərilib.
Yəni başqa sözlə, sərginin bağlanış mərasimindən 24 saat qabaq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən sərgidə iştirak ilə bağlı «stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə»dair kotirovka sorğusu elan edilib. Sərginin bitməsindən 2 həftə sonra bu kotirovka sorğusunun qalibini elan edib.
Buna baxmayaraq, sərgi iştirakçıları sırasında Agentlik göstərilib. Yəni müsabiqənin iki həftə sonra bitməsinə baxmayaraq, Agentlik sərgidə iştirak etmək imkanını tapıb.
Bəs siz keçmişə səyahət bacarığına maliksinizmi?
Əldən qaçırılmış imkanlar barədə: Ermənistan İT-sektoru barədə danışmaq bir qədər mənasızdır. Ən azı aşağı-yuxarı Azərbaycanda bir çoxları bu barədə məlumatlıdır. Müvafiq sektorun nümayəndələrinin sözlərinə görə, Ermənistanda indi 400-ə yaxın startap mövcuddur, onların 50-də artıq hazır məhsul var (hökumət deyir ki, 2322 şirkət fəaliyyət göstərir, onların 1656-sı müvafiq məhsulun olmasına dair sertifikat alıblar). Son 1,5 il ərzində yerli startaplar 1 milyard dollara yaxın vəsait cəlb ediblər (ServiceTitan – 700 milyon, Picsart – 130 milyon, DİSQO – 85 milyon, Codesignal – 50 milyon, Sololearn – 24 milyon). Düzdür vəsaitlərin böyük hissəsi BigStory VC tərəfindən cəlb olunub. Bu fondu Krisp, Podcastle Al və Picsart-ın yaradıcıları yaradıblar. Yəni ermənilər tərəfindən yaradılan fond Ermənistanda fəaliyyət göstərən startaplara maliyyə cəlb edir.
Buna baxmayaraq, Ermənistanda İT sektor müəyyən problemlər ilə üzləşib. Yeri gəlmişkən, İT-sektor barədə danışmışkən, ölkə üzrə fəaliyyət göstərən 56 ali təhsil müəssisəsindən 24-də İT ilə bağlı təhsil var. Buna baxmayaraq Ermənistan İT-sektoru iki problemlə üzləşdi: yerli investorların olmaması və yeni İT-nəslin kifayət etməməsi. Yəni təhsil müəssisələri mövcuddur, amma müvafiq sahədə çalışanlar əsasən vaxtilə gələnlərdir. Yeni gələnlərin sayı tələbata uyğun deyil.
Bəs indi nə baş verdi? Heç bir şey, sadəcə 50-70 min İT sahəsində fəaliyyət göstərən işçi Rusiyadan Ermənistana köçdü. Onlar artıq 850 (!) şirkəti qeydiyyatdan keçirdiblər. Yeni məhsullara və müvafiq olaraq yeni startaplara tələbat yaranıb. Bir sıra şirkətlər öz ofislərini Ermənistana köçürdüblər. Yəni faktiki yerli İT-sektor yeni inkişaf dövrü yaşamağa başlayıb.
Bilmirəm tanış olmusuz ya yox, amma bir neçə gün əvvəl fed.az-da metropoliten işçilərinə dair maraqlı material paylaşılıb. Deməli məlumata görə, "Bakı Metropoliteni"nin bir qrup işçisi (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. İşçilər orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını iddia edirlər. DSMF deyir ki, bu belə deyil. Məsələdən görünür ki, DSMF ümumiyyətlə öz üzərinə qanunu şərh etmək hüququnu götürüb. Problem ondadır ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bölməsində “Nəqliyyat” sahəsində “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” qeyd olunub. DSMF deyir ki, burada ayrıca olaraq “metropoliten elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “metropoliten elektrik qatarlarının (seksiyalarının) maşinistləri” yazılmalıdır.
Göründüyü kimi DSMF-da “peşəkar” hüquq şərhçiləri oturub. Yəni siyahıda qeyd olunmayıb ki, bu qatar yerüstüdür ya da yeraltıdır. Siyahıda ümumiyyətlə elektrik qatarların xüsusiyyətləri göstərilməyib. Bakı İnzibati Məhkəməsi (DSMF-dən fərqli olaraq ən azı qanunu bu və ya digər formada şərh etmək hüququna malik olan) də öz qərarında qeyd edib ki, “metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil”. Amma DSMF buna baxmayaq iddia edir ki, bu anlayışlar “yerüstü dəmiryol nəqliyyatına aiddir”. Təxmin edirəm ki, ADY-da çalışan maşinist gəlsə, ona da deyəcəklər ki, bu “yeraltı dəmiryol nəqliyyatına aiddir”.
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, bu qərarda bir neçə siyahı var. Birinci siyahı “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısı adlanır. Bu siyahının “Nəqliyyat” bölməsində “1. Dəmir yolu nəqliyyatı və metropoliten” qeyd olunub. DSMF-in “peşəkar” hüquqşünasları faktiki olaraq buna istinad edərək deyirlər ki, əgər siyahının birinci hissəsində (fəhlələr və s. aid olan) “Dəmir yolu nəqliyyatı və metropoliten” qeyd olunubsa, deməli ikinci hissəsində də eyni şey qeyd olunmalıdır. Amma orada “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” və “2. Metropolitenlər” qeyd olunub. Deməli metropolitenə aid deyil.
Burada sadəcə bir neçə gülməli məsələ var. Dəmiryol nəqliyyatı dedikdə müvafiq nəqliyyat növünə aid olan bütün qatarlar aid edilir (yəni metropoliten qatarları da yer üstünə çıxır. Çox sadə olaraq bunu da göstərmək olardı). Başqa məsələ siyahı ilə bağlıdır. Siyahı tərtib olunarkən adətən eyni şeyi iki dəfə yazmırlar. Siyahıdan da bu açıq-aydın görsənir. Metropoliten (niyə metropolitenlər yazılıb başa düşmədim. Azərbaycanda nə vaxtsa ikinci metropolitenin açılması gözlənilir?) siyahısında əlavə bir qeyd var ki, “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”. Dəmiryol nəqliyyatında gecə və yeraltında çalışmaq adi norma deyil. Ona görə əlavə olaraq göstərilib. Amma DSMF həmişəki kimi vətəndaşların xeyrinə yox, onlara qarşı çıxış edir.
İndi də DSMF sadəcə qaydaların normal tətbiqetmə sistemini yaratmaq yerinə nə edir? Deyir ki, “Bir neçə təşkilatın, o cümlədən “Bakı Metropoliteni” QSC-nin bu barədə təklifləri nəzərə alınmaqla hazırlanmış qanunvericiliyə dəyişikliklər layihəsi hazırda müzakirədədir”. Yəni vaxt aparır. Niyə bürokratiya yerinə sadəcə vətəndaşın qanuni hüquqlarını müdafiə etməyəsən?
Heç vaxt eşitməyi yorulmayacağımız ifadə: "Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır".
Читать полностью…Son zamanlar tez-tez Azərbaycanın Avropanın qaz təchizatında rolu barədə danışılır. Düşündüm ki, bu məsələni bir qədər təhlil edim və başa düşüm, rolumuzu necəsə artırmaq lazımdırmı və ümumiyyətlə bunun üçün hər hansı imkanımız varmı?
Hesablamalarıma görə, Azərbaycan 2026-cı ildə illik 50 milyard kubmetr təbii qaz hasilatına çatacaq. Bu isə Avropaya maksimum 14 milyard kubmetr ixrac deməkdir.
Daha ətraflı link üzrə: https://bakuresearchinstitute.org/avropanin-qaz-techizatinda-azerbaycanin-rolu/
Son 100 ildə işçilər birləşib həmkarlar ittifaqı yaradıb, hüquqlarını müdafiə edirdilərsə, müasir şəraitdə "gig-iqtisadiyyat" adlanan münasibətlər sistemi hesabına işçilər bir-birinə rəqibə çevrilirlər. Eyni zamanda bir çox hüquqlarından məhrum olurlar.
Bu barədə bu yaxınlarda Əkinçi üçün qısa mühazirə danışmışam. Ümidvaram maraqlı alınıb. Daha ətraflı bu link üzrə: https://youtu.be/_zhsogSWJkI
Digər kitablar arasından U. Tahirin “ALJİR” romanını qeyd edə bilərəm. Keçən dəfə Siyasi repressiya qurbanları muzeyində olanda Akmola düşərgəsinə həsr olunmuş xüsusi stendi görmüşdüm. Ümumən məlumatım olsa da, xüsusi olaraq araşdırmamışdım. O zaman muzey direktoru qeyd etmişdi ki, son bir neçə il ərzində müvafiq siyahı (yəni düşərgədə olan azərbaycanlı qadınların siyahısı) yeni tapıntılar hesabına daha da artırılmışdı. Romana gəldikdə isə çox romantikdir. Faktiki olaraq bir təsvirdən və happy-enddən ibarətdir. Düzdür bir ailə üçün xoşbəxt sonluq yoxdur, amma başqa bir cütlük üçün xoşbəxt sonluq təsvir edilib (misal üçün, Z. Prilepin “Obitel” romanında eyni tərzdə təsvir edir, amma xoşbəxt sonluq gözlədiyin məqamda, hər şey reallığa qayıdır. Burada da eyni addım atmaq olardı. Amma müəllifin seçimi başqa idi). Bundan əvvəl bir neçə dəfə qeyd etdiyim kimi, yenə də əsas qəhrəmanın jurnalist olması hər şeyi pozur və sünilik hissi yaradır. Dediyim kimi müasir ədəbiyyatımızın problemlərindən biri də daimi olaraq hekayəni ya yazıçı, ya jurnalist ya da başqa bu tipli sahələrə aid şəxslərin adından verilməsidir. Dülgər ya pinəçi adından getsə idi, fikrimcə, heç nə dəyişməzdi.
Bakı tarixi ilə bərabər Lənkəran tarixinə həsr olunmuş bir kitab ilə də tanış olmuşam. Atamın yaxın dostu, məşhur arxeoloq Tufan Axundov, son bir neçə il ərzində bizim tarixi ədəbiyyatımıza ciddi bir töhfə verib. O nəslində təmsil olunan şəxslərin yazılarını dərc edir. Vaxtilə onun atası bunu yığmışdı, amma dərc etməyə vaxtı çatmadı. İndi isə Tufan müəllim tərtib edir və dostların köməyi ilə yazıları dərc edir. Onlardan biri də Soltan Məhəmməd bəy Qulubəyli xatiratıdır. 1950-ci illərdə İranda yaşayarkən 1917-1921-ci illərdə baş vermiş hadisələri təsvir etmək qərarına gəldi. Müvafiq xatirələri yazıb, saxladı. T. Axundov Təbrizə bir günlük səfəri ərzində onun əlyazmalarını skan edib, Bakıya gətirdi və bununla da bu xatiratın dərci başlandı. Əslinə qalsa Azərbaycan tarixin ən böyük problemlərindən biri də memuar çatışmazlığıdır. Biz adətən bunu 1990-ci illərə aid edirik. Amma 1918-1920-ci illərə aid vəziyyət daha problemlidir. Məsələ ondan ibarətdir ki, burada həm siyasi, həm elmi problemlər kəsişir. İlk əvvəl müvafiq dövrə aid memuarları axtarmaq üçün real olaraq araşdırmalar və axtarışlar aparmaq lazımdır. Bu axtarışlar Azərbaycan ilə məhdudlaşmamalıdır. Onları İran, Gürcüstan, Türkiyə və s. ölkələrdə keçirmək lazımdır. Buna həm vəsait, həm də vaxt lazımdır. Başqa tərəfi isə siyasidir.
Kitabın təqdimatında S. Rüstəmova-Tohidi qeyd etmişdi ki, bu dövrə, xüsusən də Lənkərana aid, ədəbiyyat azdır və bu kitab çox gözəl mənbədir. Necə mənbə olmasına toxunmayaraq, qeyd etmək lazımdır ki, əslinə qalsa bu dövrdə Lənkırandan baş verən hadisələrə aid ədəbiyyat kifayət qədərdir. Sadəcə.. siyasi problemlər var. Belə ki, 1920-ci illərdə Bakıda 1917-1920-ci illərdə baş verən hadisələrə həsr olunmuş seminarlar keçirilirdi. Bu seminarlarda iştirakçılar müxtəlif hadisələr ilə bağlı öz xatirələrini bölüşürdülər. Hətta mübahisə edirdilər. Müvafiq seminarların materialları Bakıda, arxivdədilər. Təsəvvür edin ki, bu dövrdə Muğanda baş vermiş hadisələrə aid ətraflı və detallı elmi iş Rostovda yazılıb. Tədqiqatçılar Rostovdan Bakıya gəlib, arxivlərdən materialları istifadə edib, Muğanda 1918-1919-cu illərdə baş verən hadisələri təsvir etməyə çalışıblar. Azərbaycanda bununla məşğul olan yoxdur. Maraqlısı odur ki, bu seminarların stenoqramları rus dilindədir (yəni ərəb əlifbası ilə yazılması bəhanə kimi çıxış edə bilməz) və arxivdədilər. Təsəvvür edin ki, bu seminarlar təkcə Lənkərana yox, həmçinin Bakı tarixinə də həsr olunurdu. Eyni zamanda bolşeviklərin də hamısını kiçik də olsa, hadisələr haqqında xatirətlərini yazmağı məcbur edirdilər.
Oktyabr ayı mənim üçün maraqlı ay oldu. Səhhətimdə yaranmış problemlərə görə və buna görə bir qədər uzunmüddətli müalicəyə başladım. Nəticə etibarilə bir sıra vərdişlərimdən imtina etməli oldum. Eyni zamanda həkimlərin məsləhətinə görə iş yükümü də azaltmalı oldum. Bu çətin idi, amma nisbətən alındı. Həftəsonları isə bütün qadcetlərdən (hətta eynəkdən) imtina edib, Bakıətrafı kəndlərdə keçirirdim. Seçdiyim məkanlar isə həm maşın yollarından uzaq idi, həm də faktiki olaraq sivilizasiya (yəni şəhər sivilizasiyası) olmadan yaşamaq imkanı verirdi. Günlərim faktiki gəzintilərdə və kitab oxumaq ilə keçirdi. Oxumağı azaltmağı məsləhət görsələr də, bu imtina edə bilmədəyim yeganə vərdiş idi. Başqa tərəfdən məsləhətlərə müəyyən qədər qulaq asıb, oktyabr ayını daha yüngül ədəbiyyata həsr etdim. Təsadüf nəticəsində bu ay faktiki olaraq Azərbaycan ədəbiyyatına həsr olunmuşdu.
Ümumiyyətlə Azərbaycan ədəbiyyatının bir sıra problemləri var və bu problemlər arasında Yazıçılar birliyi, fikrimcə, ən kiçiyidir. Bu barədə çox danışmaq olar, amma heç bir həvəsim yoxdur. Oktyabr ayında tanış olduğum əsərlər və ya kitablar isə tamamilə fərqli müstəvilərə aid idi. Burada həm gündəlik hadisələrə həsr olunmuş kiçik hekayələr topluları (C. Bağır. “Səslər” və R. Əliyev “Göndərilməmiş teleqram”), qadının bizim cəmiyyətimizdə roluna həsr olunmuş əsərlər (Х. Гасилова. «Ее судьба», Ü. Tahir “ALJİR” və N. Nağıyev “Sumqayıtda” kitabında “Kimyaçı qızlar” bölməsi), Bakı (А. Зохраббеков. «Страна огней») və Lənkəran (S.M. Qulubəyli. “Təlatümlü illər. Xatirat”) tarixinin bir hissəsinin bədii versiyası, Azərbaycan folkloru (R. Qaraca “Azərbaycan arqo deyimləri”) və hətta tanımadığım yazıçının erotik fantaziyaları (C. Osmanov. “Mediamən”).
Əsəblərimi sakitləşdirmək üçün atdığım addımlarımdan biri də kitab rəflərini araşdırmaqdır. Evimizdə 57 kitab rəfi var və mən bir-bir onları qeydiyyata alıb, siyahı tərtib edirəm. Bu dəfə də babamın kitab rəflərinin növbəsi çatdı. Orada babamın kitabları ilə bərabər ona edilən hədiyyələr, imzalı kitablar və s. var. Bu kitablar arasında bir neçəsi marağıma səbəb oldu. Bu sırada C. Bağır “Səslər”, N. Nağıyev “Sumqayıtda”, R. Əliyev “Göndərilməmiş teleqram”, Х. Гасилова «Ее судьба» və А. Зохраббеков «Страна огней». Sonuncudan başlayım.
Bir müddət əvvəl, 1990-ci ilə aid bir jurnalda (başqa bir rəfi araşdırarkən rastıma çıxdı) A. Zöhrabbəyov barədə oxudum. Məqalənin müəllifi qeyd edirdi ki, “Odlar yurdu/diyarı” söz birləşməsi əsasən məhz A. Zöhrabbəyov əsərindən sonra daha çox istifadə olunmağa başladı. Müəllif iddia edirdi ki, keçmişdə (Abşerona aid) müvafiq ifadənin olmasına baxmayaraq, məhz bu əsərdən sonra “odlar yurdu” Azərbaycana aid olaraq daha aktiv istifadə olunmağa başlandı. Məqalə müəllifi təəssüflənirdi ki, Zöhrabbəyov öz əsərinin ikinci hissəsini qələmə ala bilmədi ya da bəlkə aldı, amma dərc edə bilmədi. Belə ki, əsərin ilk hissəsi 1945-ci ildə “Дружба народов” jurnalında dərc olunmuşdu. Zöhrabbəyov isə 1946-ci ildə, 37 yaşda, vəfat edib. Nəticədə əsər bitirilməmiş qaldı. Müəyyən mənada məqalə müəllifin iddiasına inanmaq olar. Azərbaycanda bu əsər 1987-ci ilə kimi yalnız rus dilində 6 dəfə, azərbaycan dilində isə ən azı 2 dərc olunub. Hətta bu yaxınlarda, 2019-cu ildə “Qanun” tərəfindən yenidən azərbaycan dilində dərc olunub. Yeri gəlmişkən, əsərin originalı rus dilindədir (müəllif rusdilli idi). Belə deyək, şəxsən mən belə tipli “şərq romanları” janrını çox da sevmirəm (bu janr mənim üçün həddindən artıq pafoslu və süni gəlir). Ona görə xüsusi nəsə deyə bilmərəm. Əsər I Əhsitanın paytaxtı Bakıya köçürülməsi dövrünə həsr olunub və bu kontekstdə romantik münasibətlər, indi “geosiyasi” adlandırdığımız addımlar və s. təsvir edilir. Roman faktiki olaraq söhbətlərin “ortasında” bitir. Ona görə nə və necə baş verdiyini biz bilmirik. Amma bu janra aid bir nümunə kimi tanış olmaq maraqlıdır. Başqa tərəfdən bizim ədəbiyyatda onsuzda real tarixi prosesləri bədii formada təsvir edən romanlar azdır. Bu cəhətdən maraqlı ola bilər.
Maraqlı faktlar sırasından: Azərbaycan bankları tərəfindən buraxılmış "Amerikan Express" kartlar vasitəsilə bu ilin 9 ayı ərzində 2 milyon manatlıq 117,4 min əməliyyat həyata keçirilib. Xarici bank tərəfindən buraxılmış "Diners Club" kartı ilə isə ölkəmizdə min manatlıq 2 əməliyyat həyata keçirilib.
Читать полностью…O gün yaşayış minimumum və ehtiyac meyarı bərabərləşdirilməsi barədə yazmışdım. Eyni zamanda qeyd etmişdim ki, yaşayış minimumunun özünə yenidən baxılmalıdır.
Cədvəldə isə siz yaşayış minimumun əsasında duran istehlak səbətinin Dövlət Statistika Komitəsi tərəfindən tərtib olunan minimal rasional toplu ilə müqayisəsini görə bilərsiz. Göründüyü kimi marqarin və çörəkdən başqa digər məhsullar üzrə istehlak səbəti lazım olan minimumdan geridə qalır.
Maraqlı faktlar sırasından: Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda 2022-ci ildə Rusiya rublun satışı üzrə maksimum göstərici iyun ayında qeydə alınıb. O zaman mübadilə şöbələri 2,9 milyard rubl alıblar. İkinci yerdə iyul ayı gəlir.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə isə, Azərbaycana ən çox Rusiya vətəndaşı məhz iyul ayında (60,2 min) gəlmişdi. İyun ayında bu göstərici 44,2 min nəfər idi.
Dostlar, periodik olaraq Telegram-kanalımın inkişafı ilə bağlı ağlıma müxtəlif ideyalar (tədqiqatlar bülleteni, ayrı-ayrı statistik göstəricilərin hesablanması, tədqiqatların aparılması və s.) gəlir. Amma bu ideyaları reallaşdırmaq üçün vaxt lazımdır. Bazar iqtisadiyyatın apoloqetlərindən biri olan B. Franklin demişkən "Vaxt puldur". Ona görə sizdən soruşmaq istərdim, əgər periodik olaraq kraudfandinq (yəni ianə) kampaniyaları elan etsəm, siz mənə dəstək göstərəcəksinizmi?
Читать полностью…Bir az pozitivdən də danışaq: yadınızdadırsa mən qeyd etmişdim ki, "Sahələrarası maliyyə axınlarının təhlili" adlı sənəddə Mərkəzi Bank real məlumatlar yerinə dairəvi diaqramı yerləşdirmişdi. O zaman qeyd etmişdim ki, "Yəni müvafiq məlumat excel-fayl şəkilində ya da cədvəl şəkilində təqdim olunsaydı daha effektiv olardı. Diaqram nə qədər də estetik cəhətdən gözəl olsa da, ondan baş açmaq çətindir. Bu da göstərilən "şəffaflıq"dır". Telegram-kanalımda yazdığım ilə bərabər, mən həmçinin Mərkəzi Banka bununla bağlı sorğu da göndərdim.
Sorğuya cavab gəlməsə də, artıq III rübə aid olan sənəd 18 səhifə yox, 20 səhifədən ibarət idi və sonuncu səhifədə diaqram cədvəl formasında təqdim olunub.
Səhhətim ilə bağlı müalicə aldığım üçün son bir ay ərzində mən içki məclislərindən kənar qalmışam deyə nəhayət mən tamaşa, sərgi və muzeylərə getməyə vaxt tapdım. Nəticədə, ay ərzində iki dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ziyarət etmişəm. Hər iki dəfə olduğum halda zalda təxmini 250-300 nəfər (əsasən də bir qrupa və ya cəmiyyətin bir kəsiminə aid insanlar idi) var idi. Statistikaya baxanda gördüm ki, zalın ümumi tutumu 1072 nəfərdir. 2021-ci il ərzində orta hesabla 1 tamaşaya 251 tamaşaçı düşürdü. 2019-cu ildə bu göstərici 278 nəfər idi. Maraqlıdır ki, 2015-ci ildə bu göstərici 345 idi.
Beləliklə, orta dolumluluq 2015-ci ildə 32,1% təşkil etdiyi halda, 2021-ci ildə bu göstərici 23,4%-ə bərabər idi. Başqa tərəfdən bu məsələdə hər hansı tərəfi (ya teatrı, ya da teatra getməyən insanları) ittiham etmək olmur. Misal üçün, oktyabrın 29-u "Astana Opera" solistlərinin iştirak edəcəkləri "Qu gölü" baletinə bir həftə əvvəl artıq 100-150 bilet qalmışdı. Yəni insanlar maraqlı tamaşalara gedirlər. Başqa tərəfdən bunun təşkili kifayət qədər vəsait tələb edir (dediyim tamaşaya bilet 18-33 AZN idi. Mən getdiyim tamaşalarda 15-20 AZN). Bu da artıq sistem problemidir.
P.s. sistem problemi demişkən. Hər hansı tamaşaya bilet alarkən (hətta 3 həftə əvvəl), görürsən ki, ilk iki sıra və əsas parterdən sonraki sırada bütün biletlər "satılmış" göstərilir. Əlbəttə ki, bizdə 3 həftə əvvəl bilet alan yoxdur. Sadəcə teatr administrasiyası bu yerləri hər ehtimala qarşı saxlayır ki, birdən nazir gəldi ya da direktor kimisə dəvət edəcək. Heç bir halda bu məntiqi başa düşməmişəm. Nazir və ya digər məmur gəlmək istəsə, zəhmət çəkib, bilet ala bilər. Ümumiyyətlə ən yaxşı yerləri əksinə satmaq lazımdır. Kimsə pulsuz istəsə, 3-cü mərtəbədə sonuncu sıranı ayırmaq olar.
Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalara dair: saytında verdiyi məlumata görə “Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda yerli icra hakimiyyəti başçısı vəzifəsinin təsis olunduğu tarixdən (18 oktyabr 1991-ci il) ötən 30 il ərzində bu istiqamətdəki kadr siyasətinin mənzərəsini müqayisəli olaraq təqdim edən, yerli icra hakimiyyəti başçılarının profillərini, vəzifəyə təyinat və azad olunmaların dinamikasını, bu vəzifəli şəxslərin ümumi və təyinata qədərki əmək fəaliyyətini, vəzifəyə təyinat və vəzifədə qalma müddətini, təhsil səviyyəsini və ixtisas istiqamətlərini, yaş qrupu, region mənsubiyyəti kimi müxtəlif parametrik göstəricilərini ayrı-ayrı dövrlər və iqtisadi-inzibati rayonlar üzrə, eləcə də seçilən digər ölkələrin analoji göstəriciləri ilə müqayisəli formada təhlil edən hesabat hazırlanıb”.
Göründüyü kimi maraqlı hesabatdır. Bəs bu hesabat ilə tanış olmaq mümkündürmü? Xeyr, rəsmi saytda yoxdur, çünki “hesabat xidməti istifadə üçün nəzərdə tutulmuşdur”. Yəni icra hakimiyyətlərin başçıları özləri oxusunlar və özlərinə baxsınlar. Bəs ictimaiyyət? Heç bir şey, ictimaiyyət onsuzda idarəçilikdə iştirak etmir...