mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Xatırlayırsınızsa, bir müddət əvvəl mən kiçik şəhərlərin inkişafı barədə danışarkən kino industriyasını nümunə göstərmişdim. Qeyd etmişdim ki, kiçik şəhərlərdə müvafiq sahənin yaranması yerli iqtisadiyyatının inkişafına təkan ola bilər.

Gəlin indi başqa nümunə barədə danışaq. Bu nümunə Rusiyanın bölgələrindən biri Saxa Respublikası (və ya Yakutiya) ilə bağlıdır. Saxa maraqlı bölgədir. Ayrı ölkə olsaydı ərazisinə görə dünyada 8-ci yerdə yerləşəcək idi. Eyni zamanda burada neft, qaz, almaz və s. hasilatı mövcuddur. Yəni faktiki olaraq böyük bir xammal istehsalçı bölgədir. Adətən belə bölgələrdə ciddi inkişaf müşahidə olunmur. Hələ iqlimin sərt olmasını nəzərə alsaq, ümumiyyətlə inkişaf barədə danışmaq çətindir. Nəticə etibarilə əhalisi də heç 1 milyona çatmır. 1991-ci ildə pikə, 1,1 milyona çatmışdısa, 90-cı və 2000-ci illər ərzində əhalisi 954 minə kimi azaldı. İndi əhali sayı tədricən artır. Artımın əsas səbəbi yerli yakutlardır. 1989-cu ildə sayına görə yakutlar Yakutiyada ikinci yerdə idilərsə, indi artıq birinci yerdə qərarlaşıblar və bu dövr ərzində sayları 365 mindən 465 minə kimi artıb. Deyilənə görə Rusiyanın Uzaq Şərqində faktiki olaraq təbii artımın olduğu yeganə bölgədir. Təxminlərə görə bunun əsas səbəbi yerli sosial siyasətdir. Bu siyasət çərçivəsində ikinci və üçüncü uşaqların doğumu stimullaşdırır. Nəticə etibarilə, 2019-cu ildə artıq respublika üzrə 27 min çoxuşaqlı ailə var idi.

Deyəcəksiz ki, bunun bizə nə aidiyyatı? Məsələ ondan ibarətdir ki, əhali artdıqca, onun tələbatı da artmağa başlayır. Bu tələbat təkcə maddi əmtəələr ilə məhdudlaşmır. Burada digər tələbatlar da mövcuddur. Misal üçün, insanlar filmə baxmaq istəyirlər (iqlimi nəzərə alaraq istirahət imkanları məhduddur). Özü də burada ciddi problem var. Yakutların sayı artdıqca, onlar daha çox öz dillərində xidmət almağa üstünlük verirlər. Yəni vaxtilə burada 550 mindən rus yaşayırdı. İndi onların sayı 200 mindən çox azaldı. Onların yerini isə yakutlar tutdu. Nəticə etibarilə tələbat dəyişdi.

Və nə baş verdi? 2009-cu ildə yerli mədəniyyət naziri özünün rejissor olduğu və təxmini 10 milyon dollar büdcəsi olan “Çingizxanın sirri” adlı film çəkib, nümayiş etdirdi. Filmin keyfiyyəti və büdcəsi (yeri gəlmişkən, hələ də ən çox vəsait toplayan yakut filmidir. Təxmini 1,1 milyon manat toplamışdı) başqa məsələdir, amma müvafiq sahədə çalışanlar gördülər ki, əhalinin yerli filmlərə tələbatı var. Bu stimul oldu və proses başladı. Müxtəlif gənclər 60-300 min rubla dalbadal filmlər çəkməyə başladılar. Onların bəxtinə Yakutska elə bu dövrdə yeni 3 zallıq kinoteatr açıldı. Bu bazarı bir az genişləndirdi və sadəcə müvafiq partlayışı gözləmək lazım idi. Bu baş verdi. Yerlilərdən biri 2011-ci ildə öz kəndində 100 min rubla (yəni 2,7 min manata) döyüş filmi çəkdi. Bu məbləğə çəkilən filmin keyfiyyətini təsəvvür etmək çətin deyil. Amma film yakut dilində idi və yerli idi. Nəticədə prokat 5 milyon rubl (134,5 min manat) gətirdi. Bundan sonra artıq yerli horror və s. çəkilməyə başladı. Büdcələri çox aşağı idi, amma prokatda vəsait toplamağa nail olurdular. Göründüyü kimi Azərbaycanda 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində baş verən kino bumunu xatırladır.

Bəs sonra nə baş verdi? Yüksək tələbatı görəndə, artıq dalbadal kinoteatrlar açılmağa başladı. 355 min əhalisi olan Yakutsk şəhərinin özündə artıq 7 kinoteatr (hardasa 20 zal) fəaliyyət göstərir. Müqayisə üçün Bakıda 9 kinoteatr (əlavə 2-si yayda fəaliyyət göstərir) mövcuddur. Bakının əhalisi isə ən azı 2,5-3 milyon nəfərdir. Bütün Yakutiyada 30 kinoteatr fəaliyyət göstərir. 2011-ci ildə başlamış bum bütün respublikaya təsir etdi. Faktiki bundan əvvəl mövcud olmayan sahə formalaşmağa başladı.

Читать полностью…

Mashalli

“Agora Analitik Kollektiv” analiz yazıları ilə yanaşı ayda bir dəfə “Agora söhbətləri” adlı dəyirmi masa müzakirələrini təşkil edir. Dekabr ayında müzakirə edilən mövzu platforma işçiləri ilə bağlı oldu. Müzakirədə aşağıdakı suallara cavab axtarıldı:

- Platforma şirkətləri Azərbaycan iqtisadiyyatına və əmək bazarına necə təsir edir?
– Platforma şirkətlərinin fəaliyyəti necə tənzimlənir?
– Platforma işçiləri öz fəaliyyətlərində hansı çətinliklərlə qarşılaşır?
– Platforma şirkətlərinin ictimai maraqlara uyğun fəaliyyəti və əmək hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır?

Spikerlərin çıxışları əsasında müzakirənin yazılı xülasəsi hazırlanıb. Linkə keçid edərək xülasə ilə tanış ola bilərsiniz:

https://agora-az.org/xulas%c9%99-platforma-iqtisadiyyatinin-%c9%99m%c9%99k-bazarina-v%c9%99-isci-huquqlarina-t%c9%99sirl%c9%99ri/

Читать полностью…

Mashalli

"mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik".

Dövlət Gömrük Komitəsi: 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 768,5 milyon kubmetr təbii qaz idxal edib. Təbii qaz idxalı əsasən Türkmənistanın (702,4 milyon) payına düşüb.

Читать полностью…

Mashalli

"Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir".

Bilirik: 2021-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi neftin və qazın orta qiyməti $487 (1 ton üçün) və $276 (1000 kubmetr) idisə, 2022-ci ilin yanvar-noyabr aylarında bu göstəricilər müvafiq olaraq $753 və $794 bərabər idi.

Читать полностью…

Mashalli

Futbol üzrə XXII dünya çempionatı dekabrın 18-də bitdi və bu çempionatın qalibi Argentina oldu. Argentina yığması bununla üçüncü dəfədir, dünya kubokuna sahib olub, dütün dünyanın diqqətini ölkəsinə çəkə bilir (futbol üzrə dünya çempionatı dünyada ən çox baxılan idman yarışıdır). İndi dünyanın, demək olar ki, hər yerində camaat Argentinanı və onun komandasının qəbələsini müzakirə edir. Doğrudur, müzakirə mövzusu daha çox idmandır, ancaq dünyanı maraqlandıran həm də iqtisadiyyatdır (əslində elə futbolda da statistik təhlildən geniş istifadə edilir). Bu dəfə Qətərdə keçirilən Dünya Çempionatının iqtisadiyyatı artıq neçə aydır müzakirə olunur, maraqlı rəqəmlər səsləndirilir... Bizim üçün maraqlı olan həm də Azərbaycanın Argentina ilə münasibətləridir, daha detallı desək, iqtisadi və ticari münasibətlərin vəziyyətidir.

Daha ətraflı bu link üzrə: https://www.openazerbaijan.org/topics/analitika/argentina-az-rbaycan-n-sas-soya-t-minatc-s-d-r/

Читать полностью…

Mashalli

İki dalbadal gedən xəbər:

- Azəriqaz: "Təbii qazın verilişində heç bir dayanma halı müşahidə olunmayıb".

- Azəriqaz: "Bakının iki rayonunda qazın verilişində lokal problemlər yaranıb".

Читать полностью…

Mashalli

Kitab oxuma cəhətindən 2022-ci il mənim üçün müəyyən qədər məhsuldar keçdi. 2012-2014-cü illərdə (hələ iqtisadçı ekspert kimi tanınmadığım dövrdə) olan göstəricilərimə çatdım. Düzdür o zamanlar mənin günüm əsasən işdən və oxumaqdan (adı məqalələrdən başlamış kitablara kimi) ibarət idi. Başqa nəsə yox idi. İndi isə vəziyyət bir qədər başqadır. Qayıdaq kitablara. Dekabr ayında iş çoxluğundan fikirlərimi çox da toparlaya bilmirdim deyə bu və ya digər kitabda fokuslanmaq alınmırdı. Nəticə etibarilə yalnız ayın əvvəlində və ayın sonunda oxumaq imkanım yarandı. Bu dövrdə isə oxuduğum kitabları aşağıda qısa olaraq təsvir etməyə çalışdım.

1. Мартинович Д. Мова. Минск. 2019. 272с. – təsəvvür edin ki, hansısa xalq öz dilindən məhrum olur (əslinə qalsa dillərin tədricən itməsi prosesini biz daimi olaraq müşahidə edirik). O zaman bu xalqla nə baş verəcək? Adətən buna dair biz pafoslu şeirlərə rast gəlirik. Bəs pafossuz? Yaxşı, bəs birdən birə dili qayıtsa nə olacaq? Belorus yazıçısı Martinoviç bu suala qeyri-adi cavab tapıb. Təsəvvür edin ki, gələcəkdə post-Sovet ərazi Çinin əsarətində olacaq. Müxtəlif amillər nəticəsində beloruslular öz dillərindən məhrum olublar. Amma bu arada birdən Qərbdən yeni bir narkotik gəlir. Onun da adı “mova”-dır. Mova isə bildiyiniz kimi “dil” deməkdir. Bütöv əsər də belorus dili ətrafında fırlanır. Əsərin süjeti və təsvir olunan mühit maraqlıdır. Əsərin özünü bəlkə də görkəmli saymaq çətindir. Amma əgər birdən müasir belorus ədəbiyyatı ilə maraqlanırsınızsa, o zaman bu kitabı tövsiyə edə bilərəm.

2. Дрда Я. Немая баррикада. Москва. 1954. 76с. – dəqiq xatırlamıram amma bir neçə il əvvəl qarşıma ya qısametrajlı film, ya da hansısa filmdən qısa parça çıxmışdı. Bu film və ya parça “Высший принцип” (Ali prinsip) adlanırdı. Çox möhtəşəm və emosional bir səhnə idi. Təsəvvür edin ki, məktəbdə hamının aşağı-yuxarı lağ etdiyi müəllim var. Bunun da əsas səbəbi həddindən artıq pafoslu danışmağıdır. Günlərin bir günü məlum olur ki, bir neçə məktəb şağirdini nasistləri tənqid etdikləri üçün həbs edib, güllələyirlər. Bu zaman sizcə müəllimlər nə etməlidirlər? Bütün digər müəllimlər qərar verirlər ki, uşaqlara “dərs” keçmək lazımdır. Yəni belə söhbətlərin aparılmamasına dair tərbiyə keçmək lazımdır. Amma bunu necə edəsən? Heç bir müəllim bunu etmək istəmir. Ona görə qərar verirlər ki, qoy məhz hamının lağ etdiyi müəllim etsin. O isə.. Nəsə davamını kitabda oxuyarsınız (ya da filmə baxarsınız). Yuxarıdaki yazdıqlarımı təsvir edən səhnəni görəndə, mənə şəxsən çox təsir etmişdi. O zaman da düşündüm ki, belə gözəl səhnə varsa, deməli hekayə daha da gözəldir.Öyrəndim ki, bu hekayənin müəllifi Yan Drda adlı çex yazıçısıdır. Dərhal qarşıma çıxan ilk hekayələr toplusunu yüklədim. Topluya daxil olan hekayələrin hamısı mübarizə barədədir. Sadəcə hər birisi bu mübarizəni müxtəlif tərəflərdən göstərir. Bilmirəm bəlkə sizə başqa cür təsir edəcək. Amma fikrimcə hekayələrin hər birisi çox gözəldir. Tövsiyə edəcəyim yazıçıdır.

Читать полностью…

Mashalli

Bəs siz bizdə ictimai nəqliyyatda belə tip dəyişikliklərin (90-dəqiqəlik bilet, bir aylıq biletlərin olması, eyni zamanda müxtəlif qruplar üçün endirimlərin tətbiqi) edilməsinin tərəfdarısınızmı?

Читать полностью…

Mashalli

Tikintidən kənar digər sahələrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri dövrdə hər ay minimum aylıq əməkhaqqının 25% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Bu məbləğ hesabına da pensiya kapitalı toplanılır. Eyni zamanda bildiyiniz kimi Azərbaycanda bir çox işçilər (kuryer, dizayner, tərcüməçi, taksi və s.) xidməti müqavilə ilə çalışırlar. Yəni onların gələcəkdə pensiya almaq imkanları birbaşa bu ödənişlərdən asılıdır. Gəlin indi baxaq, bugünki dəyişikliklərdən sonra vəziyyət necə deyişəcək:

01.01.2023-cü ilə qədər: aylıq 75 manat, tələb olunan pensiya kapitalı 34 560 AZN. Buna nail olmaq üçün 38,4 il işləmək lazımdır.

01.01.2023-cü ildən etibarən: aylıq 86,25 AZN, tələb olunan pensiya kapitalı 40 320 AZN. Buna nail olmaq üçün 38,9 il işləmək lazımdır.

Bəs siz daha çox çalışmağa hazırsınızmı?

Читать полностью…

Mashalli

İstirahət günlərində konkret iqtisadi hadisələrdən fikri yayındırmaq lazımdır. Qarşıma təsadüfən 2015-ci ildə Toma Pikettinin verdiyi müsahibə çıxdı. T. Piketti ümumən maraqlı araşdırmaçıdır. Özü heç sol olmaya-olmaya, bir çoxları onu az qala solçu kimi qəbul edir. Yadımdadır ki, "XXI əsrdə Kapital" (azərbaycan dilində tərcüməni oxumağı məsləhət görmürəm. Daha doğrusu düşünürəm ki, kitab qısaldılıb) vaxtilə çox böyük səs-küyə səbəb olmuşdu (əlbəttə ki, Azərbaycanda yox). Aşağı-yuxarı onun səsləndirdiyi bir çox fikirlər ilə razıyam (xüsusi olaraq müasir iqtisadi elmə aid dedikləri. Misal üçün, "Экономисты также не интересуются описанием того, чем занимаются различные финансовые акторы, каким социальным группам выгодны различные политические меры и т. д. Вместо этого они ищут техническую сложность ради самой этой сложности" (İqtisadçılar bu və ya digər siyasi qərarların hansı sosial qruplara sərf etdiyi ilə, ayrı maliyyə aktorların məşğul olduqları ilə maraqlanmırlar. Onlar sadəcə hansısa çətinlik naminə texniki çətinlik axtarışındadılar)). Daha ətraflı aşağıdakı link üzrə:

https://ecsoc.hse.ru/data/2016/01/31/1136959333/1ecsoc_t17_n1.pdf#page=13

Читать полностью…

Mashalli

Mənasız statistika seriyasından: 2022-ci ildə 22 seriala (3-4 seriyalıqdan 3 mövsümə kimi olana) və 110 filmə baxmışam. Eyni dövr ərzində 81 kitab oxumuşam.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında əczaçılıq məhsulların idxalı dəyər olaraq 25,2% artıb. Amma bu göstəricidən qiymət artımını çıxsaq, real göstərici 7,5% təşkil edəcək.

Читать полностью…

Mashalli

İlin son iş günüdür deyə hesabat paylaşmaq lazımdır. Qeyd etdiyim kimi,

Birinci kampaniya çərçivəsində 106 AZN (8 ödəniş (ortalama 13,25 AZN): 10 AZN; 10 AZN; 10 AZN; 1 AZN; 30 AZN; 20 AZN; 20 AZN; 5 AZN).

İkinci kampaniya çərçivəsində 52 AZN (5 ödəniş (ortalama 10,4 AZN): 10 AZN; 20 AZN; 10 AZN; 2 AZN; 10 AZN) toplanılıb.

Təşəkkür edirəm!
Yeni iliniz mübarək!

Читать полностью…

Mashalli

Bir müddət əvvəl mən "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC (bundan TTB) tərəfindən edilən bir satınalma barədə yazmışdım. Satınalma müqaviləsi çərçivəsində İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum 956 min manata "Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması"nı həyata keçirib. Qeyd etmişdim ki, dövlət vergi orqanı isə Dövlət Vergi Xidmətidir (DVX). O isə İqtisadiyyat nazirliyinin strukturuna daxildir. Yəni struktura daxil olmayan qurum struktura daxil olan qurum üçün satınalma müqaviləsi həyata keçirir.

Şərhlərdə bir şəxs qeyd etdi ki, "Belə qərar var, TTB MMC-yə həvalə olunub bu cür satınalmalar". Əslinə qalsa belə şeylər olur. Bir qurum çərçivəsində satınalmalar bir mərkəzdə cəmlənir. Amma bu halda iki məsələni müşahidə etməliyik. Birincisi buna dair qərar dərc olunmalıdır. Başa düşürəm ki, saytda dərc olunmayacaq, amma ən azı satınalma müqaviləsinin elanında göstərilməlidir. İkincisi DVX məsələsində biz bunu müşahidə etmirik.

Belə ki, qeyd etdiyim satınalma müqaviləsi sentyabrda imzalanıb. Bundan sonra dekabrda DVX digər bir şirkətlə "“Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları”nın satın alınması"-na dair 1,22 milyon manatlıq müqavilə imzalayıb. Bəli iki müqavilə arasında fərq var, amma bir az qəribə fərqdir. Misal üçün, TTB 2889 göy (mavi) rəngli qalstuk alıbsa, DVX 5 min alıb. Eyni məsələ digər məhsullar üzrə də müşahidə olunur (qadın üçün gödəkçə (TTB - 26, DVX - 100), kişi üçün göy rəngli kurtka (TTB - 1195, DVX - 800) və s.). Yəni eyni qurum özü üçün geyim həm birbaşa, həm də vasitəçi vasitəsilə əldə edib. Niyə?...

Читать полностью…

Mashalli

Şaurma (Shaurma №1 şəbəkəsində, lavaş, böyük) inflyasiyası (öz sifarişlərim əsasında):

2020, aprel - 4.00 AZN
2020, dekabr - 4.40 AZN
2021, avqust - 4.70 AZN
2022, may - 4.90 AZN
2022, noyabr - 5.00 AZN
2022, dekabr - 6.00 AZN

Читать полностью…

Mashalli

Gürcüstan və Ermənistan vətəndaşları xarici pasportsuz bir-birlərinə səfər edə biləcəklər (dünən müvafiq saziş imzalanıb). Başqa sözlə hər iki ölkə vətəndaşlarına başqasına getmək üçün sadəcə şəxsiyyət vəsiqəsi kifayət edəcək. Azərbaycan vətəndaşları isə quru sərhədlərin nə vaxt açılıb-açılmayacaqlarını belə bilmirlər...

Читать полностью…

Mashalli

Rusiya Mərkəzi Bankının ehtimallarına görə, ölkədə müşahidə olunan aşağı işsizlik göstəricisinin əsas səbəbi emiqrasiya və səfərbərlikdir (demoqrafik proseslər ilə bərabər). Nəticə etibarilə ki, ölkə üzrə işçi qüvvəsinin çatışmazlığı müşahidə olunur. Hətta bu azmış kimi əlavə işçi qüvvənin tapılması da çətinləşir. Belə ki, əmək bazarında iştirak etməyən, amma işə düzəlmək istəyənlərin də sayı 23% azalıb. Bəs problem necə həll oluna bilər? Adətən belə halda maaşların artımı vəziyyəti müəyyən qədər kompensasiya edir. Bu halda isə Rusiya iqtisadiyyatı başqa problem ilə üzləşir - iqtisadiyyat üzrə istehsal məhsuldarlığı ya ümumiyyətlə artmır, ya da cüzi olaraq artım göstərir. Bu halda maaşların artırılması adətən müşahidə olunmur. Nəticə etibarilə hər şey dövlətin çiyinlərinə keçir.

Читать полностью…

Mashalli

Maraqlı məlumatlar sırasından: Azərsun Holdinqə daxil olan bəzi müəssisələrin 2014-2020-ci illər üçün mənfəət göstəriciləri.

Читать полностью…

Mashalli

Parklarımız barədə: deyilənə görə qarlı günlərdə Axundova yaxınlaşmaq olmaz...

Читать полностью…

Mashalli

Ətraf mühitin çirklənməsi barədə: "Most people are not aware that 70% of the flights taken in this country are by just 15% of the population" (uçuşların 70%-i əsasən əhalinin 15% tərəfindən həyata keçirilir).

Daha ətraflı: https://www.carbonbrief.org/richest-people-in-uk-use-more-energy-flying-than-poorest-do-overall/

Читать полностью…

Mashalli

3. Алибегов И.Г. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис. 1906. 188с. – xatırlayırsınızsa dekabrda Zavaryanın kitabı barədə danışmışdım. Mövzu üzrə Axundov kitabxanasının kataloqunda axtarışlar aparanda daha bir maraqlı kitaba rast gəldim. Bu dəfə 1905-ci ildə baş verən hadisələrin erməni millətçisi tərəfindən təsviri idi. Əgər Zavaryan baş verən hadisələri şişirtməməyə çalışıb, eyni zamanda hər şeydə hökuməti ittiham edirdisə, Alibeqov hər şeydə müsəlman ziyalılarını ittiham edir. Burada konkret olaraq 1905-ci ildə Gəncədə baş verən hadisələr təsvir edilir. Müəllif müxtəlif qəzetlərdə çıxmış məqalələrə (sağ olsun, Gürcüstan parlament kitabxanası. Onun hesabına müvafiq qəzetləri tapıb, məqalələr ilə tanış oldum) geniş bir cavab yazıb, kitabça formatında buraxıb. Müəllifin mövqeyi maraqlıdır. Onun fikrincə baş vermiş hadisələrdə adi azərbaycanlı kəndlilər və ya insanlar yox, məhz azərbaycanlı ziyalılar günahkardılar. Yəni problem “qara” xalqda deyil, onun idarə edənlərindədir. Yaxşı bəs erməni tərəf? Heç bir şey – onlar müdafiə olunurdular. Bəs hökumət? Heç hökumət azərbaycanlılar ilə sövdələşməyə daxil olub, sadəcə hadisələri izləyirdi. Hələ 1918-ci ili araşdırarkən hər bir mövqe ilə tanış olmağa çalışırdım. Fikrimcə əgər 1905-ci illərdə baş vermiş hadisələri tətqiq etmək istəyirsinizsə, hər iki tərəfin mövqeləri ilə tanış olmaq lazımdır (yeri gəlmişkən, müəllifin sözlərinə görə, müvafiq ziyalılar hadisələri planlaşdırarkən, erməniyə məxsus olan mehmanxanada görüşürdülər).

4. Грэбер Д. Долг. Первые 5000 лет истории. Москва. 2020. 496с. – borc nə deməkdir? Uşaqlıqdan bizə deyirlər ki, bizim Vətən qarşısında, valideynlər qarşısında borcumuz var. Bu belədirmi? Ümumiyyətlə bu borc anlayışı necə yaranıb? Niyə biz hesab edirik ki, cəmiyyət qarşısında borcumuz var? Bu niyələr çoxdur. Qreber də sosioloji araşdırma apararaq bu suallara cavab axtarmağa çalışıb. Əslinə qalsa əgər siz maraqlı faktlar və mülayizələr axtarırsınızsa (misal üçün, müəllifə görə islam dünyasının sonradan inkişaf etməməsinin əsas səbəbi orada azad bazarın olmasıdır), bu kitab maraqlıdır. Hətta deyə bilərəm ki, sonuncu iki fəsil iqtisadi fikir cəhətindən də maraqlıdır. Amma ümumən (böyük ehtimal, müasir solçuların böyük hissəsi mənimlə razılaşmaz) kitab çox darıxdırıcıdır və eyni fikirlər dəfələrlə təkrarlanır. Müəllif təxmin edir ki, onun kitabını oxuyanlar əsasən ya idealistdilər ya da tipik liberaldılar. O da ona görə primitiv anlayışları çox primitiv səviyyədə izah etməyə çalışır. Bu məqsədlə onlarla müxtəlif nümunələr göstərir. Misal üçün, mən bu nümunələri telegram-kanalımda “maraqlı faktlar” bölməsində göstərə bilərdim. Ondan o tərəfə bu nümunələr çox da maraqlı deyillər. Eyni zamanda müəllif daimi olaraq iqtisadi elmin mənasızlığından danışır, amma hər dəfə iqtisadi elm aparatından istifadə edir. Hər bir halda əgər vaxtınız və marağınız varsa, oxuyun. Əgər yoxdursa, kitabın yalnız bəzi hissələrini tövsiyə edə bilərəm. Ümumən isə kitabın qısa təsvirini oxusanız çox da şey itirməyəcəksiniz.

Читать полностью…

Mashalli

Yadınızdadırsa, 2023-cü ilin birinci günü Sahil stansiyasının girişində çəkilmiş bu video yayılmışdı. Mən elə o zaman düşündüm ki, burada əsas problem təşkilatçılar tərəfindən növbə və s. sistemin qurulmamasıdır. Faktiki elə də oldu. Bakı metropoliteninin məlumatına görə, 2023-cü il yanvarın 1-nə keçən gecə 2 saat ərzində “Sahil” stansiyasına 8627 nəfər daxil olub. Yəni 1 dəqiqəyə 71 nəfər.

Bu rəqəmləri və eyni zamanda stansiyada turniket sayı (8 ya 9), eskalatorun buraxma qabiliyyəti (bir saata ortalama 6000 nəfər)
və bir qatarın tutumunu nəzərə alsaq, əslinə qalsa belə izdiham müşahidə olunmamalı idi. Amma həmişəki kimi bizdə heç kim və heç nə təşkil etmir.

Читать полностью…

Mashalli

İlin əvvəlində minimal əməkhaqqı səviyyəsi təkcə bizdə yox, bir çox ölkələrdə dəyişilir. Sadəcə bəlli olmayan səbəblərə görə bizdə minimal əməkhaqqı prezident sərəncamları ilə müəyyən edilir. Adətən sosial siyasətdə vacib rol oynayan bu göstərici müxtəlif qanunlar vasitəsilə tənzimlənir. Düzdür bəzi ölkələrdə bu göstərici ümumiyyətlə yoxdur (Danimarka, İtaliya və s.). Amma yenə də fikrimcə sosial siyasətə aid göstəricilər (təkcə göstəricilər yox, bizdə sosial müavinatlar belə prezidentin fərmanları ilə tənzimlənir) prezident sərəncamları ilə tənzimlənməməlidir. Azərbaycan kimi ölkələr üçün belə tipli meyar və ödənişlər ya qanun vasitəsilə, ya da müvafiq qanunda yazılmış mexanizm vasitəsilə müəyyən edilməlidir.

Yaxşı gəlin başqa ölkələrə baxaraq. Bu günlərdə qarşıma Latviya nümunəsi çıxdı. 2022-ci ilin noyabrında dəyişiklik edilmiş qanuna görə Latviyada 2021-ci ilin əvvəlində təyin olunmuş minimal əməkhaqqı 500 avrodan 620 avroya kimi artırıldı (yəni iki ildə 24%). Bunun səbəbi 2022-ci ildə Latviyanın inflyasiya səviyyəsinə görə Avropada rekord vurması idi. Belə ki, 2022-ci ilin noyabrında 2021-ci ilin noyabrı ilə müqayisədə ölkədə 21,8%-lik inflyasiya qeydə alınmışdı. Ümumən 2021-ci ilin əvvəlindən bu yana qiymətlər 30,9% artmışdı.

Bununla bərabər Riqada ictimai nəqliyyata olan tariflərə də dəyişikliklər edildi (Azərbaycandan fərqli olaraq Latviyada ictimai nəqliyyatın qiymətlərini yerli bələdiyyələr tənzimləyir. Misal üçün, Riqa ilə birlikdə Liepaedə dəyişiklik edilib, Dauqavpilsdə bu hələ iyunda edilmişdi. Amma Elqava və s. etməyib).

Burada dəyişikliklər edildi yazanda mən bizim KİV-lərin “qiymətlər dəyişdi” söhbətini nəzərdə tutmuram. Əksinə Latviyada yerli KİV-lər “qiymətlər artdı” yazırlar. Amma burada ciddi bir fərq var. Deməli, 2023-cü ilin yanvarına kimi Riqada 135 növ tarif (1,2,3 və s. gediş sayına görə, ev heyvanını daşınma qabında ya cilovda daşınması və s. kimi) mövcud idi. İndi bunu asanlaşdırdılar. Nəticədə bir sıra istiqamətlər üzrə artım, başqalarına görə azalma qeydə alınıb. Belə ki, 90 dəqiqəlik gediş üçün tarif 1,5 avro (bundan əvvəl 1 gediş 1,15 avro idi, bir saatlıq isə 2,30), 1 günlük 5 avro və s. Eyni zamanda bir aylıq gediş haqqı isə 50 avrodan 30 avroya kimi azaldıldı. Bununla bərabər, müəllim, tibbi personal və tələbələr üçün aylıq (30 avro) biletlərə 50% endirim mövcuddur. Məktəbli, pensioner və əlilliyi olan şəxslər üçün isə ictimai nəqliyyatda gediş haqqı ümumiyyətlə pulsuzdur (sonuncu iki bənd qabaqlar da mövcud idi və dəyişiklik edilmədi).

Читать полностью…

Mashalli

O gün metro tikintisinə dair məlumat paylaşmışdım. Bu sadəcə Bakı Metropoliteni tərəfindən təqdim olunan məlumat idi. Təəssüflər olsun ki, Bakı metropoliteni şəffaf qurumlar siyahısında görmək çətindir. Şirkət hələ də 2021-ci ilə aid maliyyə hesabatını cəmiyyət ilə paylaşmayıb. Yəni belə şəraitdə plan və ya investisiya layihələri barədə danışmağa da dəyməz.

Məsələnin başqa tərəfi var. O gün yerləşdirilən rəqəmlərdən sonra, bir sıra urbanist səhifələr (Transport for Baku və s.) yazdılar ki, metro tikintisi bahadır, amma lazımdır. Mənim şəxsən buna heç bir etirazım yoxdur. Amma məsələnin başqa tərəfi də var - bu qədərmi bahadır? Gəlin müqayisə edək. Bakıdan fərqli olaraq Moskvada bu işlər daha şəffaf həyata keçirilir. Misal üçün, Moskva şəhərinin şəhərsalma siyasətinin və tikinti kompleksinin rəsmi saytında hətta metro tikintisinin dəyərinə dair ayrıca səhifə həsr olunub (təəssüf indi deyəsən açılmır, amma müharibə başlayandan Rusiyada belə tipli problemlər çoxdur). Bu səhifədə və digər şəhərlərə aid olan məlumatlara əsaslanaraq hesablamağa çalışaq.

İlk əvvəl qeyd etməliyəm ki, layihə sayı çox ola bilər, amma indiki problemləri təcili bir halda həll etmək üçün göstərilən layihələrdən 3-ü prioritetli olmalıdır:

1️⃣ 4.6 km uzunluğunda Dərnəgül- Koroğlu xəttinin tikintisi və 3 stansiya – 893,01-1150,18 milyon manat və 5 il müddət;
2️⃣ 28 May/ C. Cabbarlı stansiyalarında Qırmızı və Yaşıl xətlərin ayrılması – 127.5-280,24 milyon manat;
3️⃣ Yaşıl xətt üçün Dərnəgül elektrik deposunun inşasının tamamlanması - 153,61 milyon manat

Başqa sözlə yaxın müddətdə Bakı metropoliteninə investisiyaların həcmi (ən azı QSC-nın hesablamalarına görə) 1174,12-1584,03 milyon manat olmalıdır.

İndi isə gəlin müqayisə edək. Moskva meriyasının məlumatına görə, dayaz özüllü stansiya kompleksi ilə birlikdə metropoliten xəttinin 1 kilometrinin tikintisi 4,5 milyard rubla (yəni 112,05 milyon manata) başa gəlir. İlk layihə Dərnəgül-Koroğlu layihəsidir. Təxmin edirəm ki, müvafiq stansiyalar dayaz özüllü olacaqlar (dərin özüllü ya sıx yaşayış zonalarda ya da relyef problemi olan yerlərdə tikirlər. Burada isə metro keçmiş sənaye zonasından keçəcək). Moskva meriyasının rəqəmlərini nəzərə alsaq, o zaman bizdə 515,4 milyon manat alınacaq. Təxmin edək ki, dayaz yox, gölə görə dərin özüllü tikəcəklər. Bəs o zaman neçəyə başa gələcək? Eyni mənbəyə istinad etsək, o zaman bizdə 801,8 milyon manat alınacaq. Hər iki halda qiymət göstərilən rəqəmdir daha ucuz olacaq.

Deyə bilərsiz ki, bizdə relyef Moskvadan daha ağırdır. O zaman gəlin sizə Sankt-Peterburq barədə danışım. Orada 1 km metro xəttinin tikintisi 8 milyard rubla və ya 199,2 milyon manata başa gəlir (nəzərə alın ki, bu dərin özüllü sıx yaşayış olan zonada tikilən metroya aiddir). Amma hər iki halda nəzərə alın ki, bu şəhərlər sıx yaşayış məntəqələridir və eyni zamanda hər iki şəhərdə çay sistemi və s. mövcuddur. Bakının böyük hissəsində heç kanalizasiya sistemi normal yoxdur. Ona görə metro tikintisinə mane ola biləcək kommunal infrastrukturun olmasını təxmin etmək olmur.

Düzdür deyə bilərsiz ki, Nyu-Yorkda 1 kilometrin tikintisi 1,5 milyarda, Parisdə az qala 250-300 milyon dollara başa gəlir. Amma bu şəhərlərdə metro stansiyaların sayı yüzlərlədir. İndi yeni tikilən stansiyalar adətən ya sıx yaşayış olan zonaları nəzərdə tutur ya da başqa bir məqsəd daşıyır (transfer hablar, yenidən qurulma və s.). Bakıda hələ belə problem yoxdur. Belə ki, Dərnəgül-Koroğlu arasında metro xətti tikilsə 28 may stansiyasına düşən indiki sıxlıq kəskin şəkildə azalacaq. İndiki halda "Elmlər Akademiyası" stansiyasından "Koroğlu"-ya gedən də, "Sahil" stansiyasından "Neftçilər" stansiyasına gedən də eyni istiqamət üzrə qatarlara minirlər. Qeyd etdiyim xətt açılsa artıq bu insanlar kəsişməyəcək. İki xətt ayrılsa ümumiyyətlə sıxlığı tənzimləmək mümkün olacaq. Amma bu işlər təcili olaraq həyata keçirilməlidir. Vaxt uzandıqca, problemlər daha da kəskinləşəcək.

Читать полностью…

Mashalli

Qrafikdə siz 2014-2023-cü illər ərzində ilin ilk iki günü ərzində avtomobil qəzaların və müvafiq qəzalarda ölənlərin sayına dair məlumatı tapa bilərsiz. Qrafik Daxili İşlər Nazirliyinin gündəlik yerləşdirdiyi xronikalar əsasında tərtib olunub.

Читать полностью…

Mashalli

ECONS maraqlı "Yeni il testi" hazırlayıb. Suallar aşağı-yuxarı "Yeni il iqtisadiyyatı" ilə bağlıdır. Hər bir halda fikrimcə onlarda maraqlı alınıb. Özüm də bir sıra heç eşitmədiyim faktlar barədə öyrəndim. Düşünürəm, istirahət günləri ərzində iqtisadi materiallar oxumaq istəyirsinizsə (testdə müvafiq məqalələrə və s. istinadlar da var), bu testdən başlamağa dəyər:

https://econs.online/tests/ekonomika-pod-yelkoy-test-na-novyy-god/

Читать полностью…

Mashalli

2022-ci ilin (daha doğrusu hələ yanvar-oktyabr) nəticələri: orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 %, istehlak qiymətlər indeksi isə 13,7% artıb. Başqa sözlə real orta aylıq əməkhaqqı (rəsmi statistikaya görə) 0,8% artıb.

2023-cü ildə real orta aylıq əməkhaqqının 1%-dən də çox artması diləyi ilə yeni iliniz mübarək...

Читать полностью…

Mashalli

Bu il ərzində Bakı Araşdırmalar İnstututu üçün sosial siyasətə aid 3 məqalə ilə çıxış etmişdim: birincisi, ikincisiüçüncüsü (sonuncusu, dördüncüsü gələn il olacaq). Bu məqalələrdə mən mövcud olan sosial siyasətin müxtəlif sosial həssas qruplara təsirini təsvir etməyə çalışmışdım. Amma əgər uzun-uzun məqalələri oxumağı sevmirsinizsə, o zaman müvafiq təsvir ilə qısa olaraq, mənim Açıq Azərbaycan-a verdiyim müsahibəmdə tanış ola bilərsiniz: https://youtu.be/g9q3_aO_pEc

Читать полностью…

Mashalli

Cədvəldə 2022-ci ilin yanvar-oktyabr aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə idxalında ən yüksək qiymət artımı qeydə alınmış mal qrupların onluğunu görə bilərsiniz.

Читать полностью…

Mashalli

Sizcə insanlar səhər-səhər niyə belə aqressiv olurlar?

Читать полностью…
Subscribe to a channel