mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

1974-cü ildə Saturday Review jurnalı öz 50-illiyini qeyd edirdi. Bununla əlaqədar olaraq onlar 20 alimdən növbəti 50 il üçün proqnozlarını soruşdular. Onlardan biri Milovan Cilas, vaxtilə Yuqoslaviyanın kommunist rəhbərlərindən biri, sonradan dissident, siyasi məhbus və nomenklaturanı yeni sinif kimi nəzəri olaraq fərqləndirən şəxs, öz proqnozunda bizi də qeyd etmişdi. Onun sözlərinə görə Qafqaz ölkələri (Gürcüstan, Ermənistan və Azərbaycan) SSRİ-dən ayrılacaqlar və ilk müddətdə bəlkə də birlikdə müstəqil federasiya yaradacaqlar. Ayrıldıq və 50 ildən də tez, amma federasiya...

Читать полностью…

Mashalli

Bu yaxınlarda Əmlak Məsələləri Dövlət Xidməti Yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirmişdi. Hərraclar 31 sahəni əhatə edirdi. Rəsmi məlumata görə başlanğıc qiyməti 480 min manat olan 134 hektar sahəsi olan və 4,8 milyon kubmetr həcminə malik olan yataqlar 25 illik istismara 1,55 milyon manata verilmişdi. Amma burada bir maraqlı məqam var.

31 hərracdan 13-ündə başlanğıc və yekun qiymət fərqlənmir. Yəni misal üçün 15 min manat əvvəldə elan olunub, yatağı əldə etmək istəyən şirkət də eyni qiyməti təklif edib və başqa təkliflər olmayıb. Bunu biz əsasən “Türkaz Mədən” (keçmişdə Bəhrəmtəpə-Çınqıl-Servis) MMC-nin qalib gəldiyi hərraclarda müşahidə edə bilərik. Daha dördündə fərq cüzi idi.

Eyni zamanda 9 sahə üzrə isə göründüyü odur ki, ciddi bir rəqabət olmuşdu. Ən yüksək rəqabət Xızı rayonunda yerləşən “Yeni Yaşma I” qum yatağı üzrə qeydə alınıb. Burada yekun qiymət başlanğıc ilə müqayisədə 2739% artıb. İlkin qiyməti 7 min olduğu halda, yekun qiymət 201 min manat təşkil edib. Yatağı əldə edən şirkət isə LEGAL HOUSE 2023 MMC-dir. Şirkət adından da göründüyü kimi 2023-cü ildə qeydiyyatdan keçib. Kommersiya hüquqi şəxslərin reyestrində olan məlumata görə şirkət 2023-cü ilin dekabrın 12-də qeydiyyata alınıb. Maraqlıdır eyni ünvan və eyni direktora malik LEGAL HOUSE MMC isə 2022-ci ilin mayında qeydiyyatdan keçib. Məlumatları tamamilə eyni olan iki şirkətin mövcudluğunun səbəbi bəlli deyil. Ümumiyyətlə şirkət haqqında geniş məlumat yoxdur. Qeydiyyat məlumatlarından biz görə bilərik ki, şirkət Məcburi Köçkünlərin sosial inkişaf Fondunun sifarişi əsasında çoxlu sayda tikinti layihələrini həyata keçirən (misal üçün, Zabux kəndində yol-küçə şəbəkəsinin və evlərin tikintisini) Konsept Holdinq ilə eyni binada qeydiyyatdan keçib.

Rəqabətə görə (yəni qiymət artımı əsasında) ikinci yerdə İsmayıllı rayonu “Təzəkənd” qum-çınqıl yatağın 1-ci sahəsi, üçüncü yerdə isə Hacıqabul rayonu “Kürdçü” qum yatağı yerləşiblər. Bu hərraclar üzrə Körpü-Bina-Tikinti MMC və CTC Servis MMC qalib gəliblər.

Читать полностью…

Mashalli

Şəkil 1. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin mənbələr üzrə göstəriciləri, min manatla

Читать полностью…

Mashalli

Bəs siz düşünməyə vaxt tapırsınızmı?

Читать полностью…

Mashalli

O gün Azərbaycanda yerli şirkətlərin və təşəbbüskarların müxtəlif ideyaları reallaşdırmadıqları haqqında yazmışdım. Düzdür şərhlərdə bir neçə qeyd etdiyim tərzdə tətbiqin olması haqqında məlumat verdiniz. Amma şəxsən bu tətbiqlərlə rastlaşmamışam (Hövsan və ya Xırdalan istiqamətində gündəlik gedib-gəlirəm).

Bununla belə daha bir maraqlı faktı da göstərə bilərəm. Yerli taksi şirkətləri əslinə qalsa çox rahatlıqla bölgələrdə də fəaliyyət göstərə bilərlər, amma nəyəsə görə Bakıda fəaliyyət göstərən taksi şirkətləri bölgələri “fəth” etmək haqqında düşünmürlər. Nəticədə sən hər hansı bölgəyə gəlib orada taksi sifariş vermək istəsən faktiki olaraq yerli tətbiq və servislərdən istifadə edə bilməyəcəksən. Yəni hər bölgədə hansısa yerli servis var, bəziləri Bakıda da fəaliyyət göstərirlər, amma ümumən biri başqası ilə əlaqəli deyil.

Eyni zamanda xarici taksi servisləri – Bolt və Maxim – əksinə Azərbaycanda fəaliyyət göstərdikləri bölgələrin sayını artırmaq ilə məşğuldular. Bu yaxınlarda Bolt Masallıda fəaliyyətə başladı (düzdür şəxsən yoxlamalı oldum və heç də müsbət təcrübə deyildi) və beləliklə artıq Azərbaycanda 13 şəhərdə fəaliyyət göstərir. Onun əsas rəqibi olaraq çıxış edən Maxim də 13 şəhərdə fəaliyyət göstərir.

Читать полностью…

Mashalli

2024-cü ilin ilk 4 ayının nəticələrinə görə Azərbaycan dünyada qızılcaya yoluxanların sayına görə 4-cü yerdə qərarlaşıb. Biz Qazaxıstan, İraq və Efiopiyadan sonrakı mövqedə qərarlaşmışıq.

Xatırladaq ki, 2023-cü ilin ümumi nəticələrinə görə Azərbaycan dünya üzrə yeddinci idi.

Читать полностью…

Mashalli

@cpkfm ilə birlikdə başladığımız "Axşambazarı" iqtisadi bülleteninin beşinci sayı hazırdır!

Bu sayda nələr var?

- Azərbaycanda anbar infrastrukturu - ölkədə mövcud olan A və B siniflərinə aid olan anbar infrastrukturunda vəziyyət necədir: ümumi sahəsi, icarənin orta qiyməti, dolumluluq faizi və digər məlumatlar.

- Azərbaycanda avtomobil nəqliyyatı - 2023-cü ilin nəticələrinə görə ölkə üzrə şəxsi minik avtomobillərin sayı 75 min artıb. Bəs strukturunda hansı dəyişikliklər baş verib? Eyni zamanda materialda yük avtomobillərin sayı və strukturuna, həm də kənd təsərrüfatı texnikasında son 40 ildə baş verilmiş dəyişikliyə də toxunulur.

- Pərakəndə ticarət icmalı (may-2024) - 2024-cü ilin ilk beş ayı ərzində Azərbaycanda qida məhsullarının satışı üzrə 2557 pərakəndə ticarət obyektinin fəaliyyətinə icazə verilib. Bəs bu rəqəmlər bizə nə deyir? Müvafiq rəqəmlərin detallı təhlili ilə materialda tanış ola bilərsiniz.

- Statistik məlumatlar - bu dəfədən başlayaraq hər yeni nömrədə biz yığdığımız və apardığımız statistik məlumatları da dərc etməyə çalışacayıq. Burada müvafiq statistik qurumlar tərəfindən dərc edilməyən, amma hesablana bilən göstəricilən əks olunacaq. İndiki bülletendə supermarket şəbəkələrinin birinə aid olan göstəriciləri təqdim edirik.

Aşağıdakı linkə keçid edərək Patreonda hesab yaradaraq bizi izləyə və bülletenin bütün sayları ilə tanış ola bilərsiniz:

https://www.patreon.com/posts/axsambazari-n5-107104586?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

Читать полностью…

Mashalli

Rəqabətə dair bu yaxınlarda qarşıma “Labor Market Power and Development” (Əmək bazarı gücü və inkişafı) adlı bir məqalə çıxdı. Düzdür burada rəqabətin başqa bir tərəfi – alıcı inhisarçılığı müzakirə olunur. Amma ümumən proseslər hər iki tərəfdə eyni tərzdə gedir. Müəlliflərin gəldiyi nəticə ondan ibarətdir ki, “əmək bazarlarında qeyri-mükəmməl rəqabət səmərəliliyin itirilməsinə və məcmu məhsul dəyərinin azalmasına səbəb ola bilər... Əgər daha kasıb ölkələrdə əmək bazarları inkişaf etmiş ölkələrdəki kimi rəqabətli olsaydı, onların adambaşına ÜDM-i 45%-ə qədər arta bilərdi”.

Yeri gəlmişkən, tədqiqatda Azərbaycanın da göstəriciləri nəzərə alınır (amma tam da deyil). Yəni başqa sözlə əgər Azərbaycanda əmək bazarında alıcılar (yəni işəgötürənlər) arasında rəqabət olsaydı, o zaman bizim vəziyyətimiz də yaxşılaşacaq idi. İndiki mərhələdə bir çox şirkətlər hətta davamlı olaraq işçilərin gedib-gəlməsindən şikayət etsələr də konkret rəqabət yoxdur. Yəni işçilərin davamlı olaraq işdən çıxmasına baxmayaraq, supermarketlər şəbəkələri, tikinti və loqistika şirkətləri, restoranlar maaşları artırmır. Yəni bilirlər ki, təqdim etdikləri əməkhaqqıya yeni işçi tapmaq mümkün olacaq və həm də başa düşürlər verdikləri iş üçün xüsusi ixtisas və təcrübə lazım deyil.

Читать полностью…

Mashalli

2022 və 2023-cü illərdə Rusiya iqtisadiyyatında maraqlı proseslər baş verirdi. Hökumət iqtisadiyyata dəstək üçün faktiki olaraq pul paylayırdı. Bu həm qiymətlərdə, həm də artmış istehlakda özünü göstərdi. Səbəbi bəlli idi – müharibə iqtisadiyyatı çətin bir şeydir və onu idarə edərkən bir çox sahələrdə problemlər müşahidə olunacaq. Bu problemləri müvəqqəti olaraq əlavə pul kütləsi hesabına necəsə həll etmək olar. Rusiyanın maliyyə nazirliyi və Mərkəzi Bankı da bu istiqamətdə konkret addımlar atmışdılar. Əlavə pullar hesabına insanlar mənzillər, əlavə məişət texnikası, avtomobillər və s. almağa başladılar. Bu da iqtisadi artımı şərtləndirdi.

İstehlakın artması şirkətlərin dövriyyəsini də artırdı (maraqlıdır ki, Rusiyada indi 100-dən çox müəssisə faktiki milliləşdirilib. Amma buna baxmayaraq özəl şirkətlər fəaliyyətlərini genişləndirirlər. Yəni indi qazanc dövrüdür deyə sahibkarlar bəzi problemlərə gözlərini bağlayırlar (düzdür özləri üçün çıxış variantlarını da hazırlayırlar)). Təhlillərə görə 2023-cü ildə Rusiyada ortalama şirkət 2022-ci il ilə müqayisədə öz dövriyyəsini 2,2 dəfə, mənfəətini isə 1,5 artırıb.

Bəs ən yüksək artım hansı sahədə qeydə alınıb? Maraqlıdır ki, bu müdafiə sənayesi deyil. Ən yüksək mənfəət artımı kino və video istehsalı sahəsində qeydə alınıb. 2022-ci ildə bu sahədə 1,6 milyard rubl zərər qeydə alındığı halda, 2023-cü ildə 28,5 milyard rubl mənfəət əldə olunub. Artımda ən böyük paya onlayn-kinoteatrlar malikdir. Onların dövriyyəsi 45%(!) artıb. Deyilənə görə müharibə olan ölkədə kinobazarı daim artır. Misal üçün, elə Ukraynada kinoteatrların dövriyyəsi 2022-ci il ilə müqayisədə az qala 2 dəfə artıb (yerli kinofilmlərin qazancı isə 4,5 dəfə!).

Читать полностью…

Mashalli

Yay mövsümünə dair

7 iyun 2024-cü il, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: "“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib". Məlumata görə bu çimərliklərdə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcək.

23 iyun 2024-cü il, IDEA İctimai Birliyi: "Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib". Məlumata görə, paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib, "IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib".

Sizcə 16 gün ərzində Şıx və Sahil qəsəbəsinin çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normaya enə bilərmi?...

Читать полностью…

Mashalli

Maraqlı müqavilələr sırasından

Azərbaycan kulinariya mütəxəssisləri assosiasiyasının məlumatına görə mayın 15-dən 17-dək 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisi çərçivəsində “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçirilib.

Rəsmi məlumata görə, Milli Kulinariya Çempionatını Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi və bir sıra özəl şirkətlər aktiv şəkildə dəstəkləyiblər. Dövlət satınalmalar reyestrinin məlumatına görə Turizm Agentliyi və kulinariya mütəxəssisləri assosiasiyası arasında “"Qızıl Şah" Azərbaycan Milli Kulinariya Çempionatının təşkili” ilə bağlı iki müqavilə imzalanıb. Biri mayın 22-si, başqası isə iyunun 3-ü dərc olunublar.

Dərc olunan məlumata görə, müqavilələrin başlama tarixi olaraq 17 may və 13 iyun 2024-cü il göstərilib. Xatırladım ki, tədbir mayın 15-17-də keçirilib. Hər iki tarix tədbir bitəndən sonraki dövrə aiddir. Müqavilələrin ümumi dəyəri isə 160 min manatdır.

Bəs siz tədbiri keçirəndən sonra müqavilə imzalayırsınız ya?...

Читать полностью…

Mashalli

Deməli Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası nəzdində Əmək bazarı üzrə işçi qrupu mövcuddur. İşçi qrupun 21 üzvü var.

Читать полностью…

Mashalli

Bu yaxınlarda qarşıma “Калиничев В.П. Метрополитены. 1988” kitabı çıxdı. Kitabda Bakı metrosuna dair bölmədə belə bir xəritə təqdim olunur. Qeyd etmək lazımdır ki, “Xalqlar Dostluğu” stansiyası 1989-cu ildə istifadəyə verilib.

Читать полностью…

Mashalli

Əmək iqtisadiyyat üzrə ekspert D. Blançflauer və A. Brayson ABŞ-da son 50 ilin əmək bazarını təhlil edib, müəyyən ediblər ki, bu dövr ərzində həmkarlar ittifaqı üzvlərinin saat-hesabı qazancı ittifaq üzvləri olmayan şəxslər ilə müqayisədə daha yüksək olub. Eyni zamanda iş saatları da daha çox idi. Belə ki, ittifaqlara üzv olmayan şəxslər arasında 20-25 saat işləyən daha çox idi (16% və 8%). İttifaq üzvlər arasında isə 75%-i həftə ərzində 35-40 saat işləyirdi. Bu da həmkarlar ittifaqların davamlı iş yerləri uğrunda mübarizəsi ilə bağlıdır. Nəsə.. Azərbaycanda həmkarlar ittifaqları yaratmaq lazımdır.

Читать полностью…

Mashalli

Bir az Azərbaycanda müəllimlik haqqında (söhbət 1900-cu illərin əvvələrindən gedir).

Читать полностью…

Mashalli

Yerin təkindən istifadə ilə bağlı iyunun 5-də keçirilmiş hərracın nəticələri

Читать полностью…

Mashalli

Futbol ilə maraqlananlar bilir ki, Avropa çempionatında çıxış edən Albaniya yığmasının maraqlı bir xüsusiyyəti var. Yığmanın bütün tərkibi Albaniyadan kənar ölkələrdə oynayır. Bu azmış kimi 26 nəfərdən 20-si ümumiyyətlə heç Albaniyada doğulmayıb. 13 futbolçu isə digər ölkələrin (düzdür burada əhalisi əsasən albanlardan ibarət qismən tanınan Kosovo da var) gənclərdən ibarət yığmalarında çıxış edib.

Bu yaxınlarda Albaniyada 2023-cü ildə keçirilmiş siyahıyaalmanın nəticələrin dərc olunub. Məlum oldu ki, 12 il ərzində ölkə əhalisinin sayı 410 min azalıb və 2,4 milyon nəfər təşkil edib. Bundan başqa median yaş yeddi il artaraq 42,5 yaşa çatıb (bu hətta Rusiyadan yüksəkdir). Başqa sözlə ölkədə həm doğum (Almaniya, Serbiya və s. müqayisədə azdır) azalıb, həm də gənclərin ölkədən çıxışı artıb. Bu da yuxarıdakı vəziyyətə gətirib çıxardıb. Futbolçuların xaricdə oynaması yerli futbol üçün yaxşı bir əlamətdir. Amma göründüyü kimi Albaniya məsələsində bunun səbəbləri bir qədər fərqlidir.

Читать полностью…

Mashalli

2023-cü ildə Naxçıvan Muxtar Respublikası bütün proqnozları alt-üst edib. Bunu biz Hesablama Palatası tərəfindən tərtib olunmuş “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrasının təhlilinə dair analitik fəaliyyət üzrə” rəyə əsasən deyə bilərik. Verilən məlumata görə, yerli büdcə gəlirlərinin həcmi ilkin təsdiq edilmiş və yenidən baxılmış büdcəyə nisbətdə 62 və 32 milyon manat çox olub. Ən yüksək artım yol vergisi üzrə (10,3 dəfə!), ən az artım isə fiziki şəxslərin gəlir vergisi (1,9%) üzrə qeydə alınıb (daha ətraflı aşağıdakı şəkil 1-də).

Düşünə bilərsiniz ki, bu bölgədə baş vermiş iqtisadi inkişafın nəticəsidir (misal üçün, yol vergisi benzin satışından və tranzitdən tutulur). Amma bu cəhətdən Dövlət Statistika Komitəsi heç də belə optimist deyil. Rəsmi məlumata görə, bölgə üzrə məhsul buraxılışın fiziki həcmi 2022-ci il ilə müqayisədə 38,8% azalıb. Ən ciddi azalma tikinti (-85%), kənd təsərrüfatı (-43%), İKT (-43%) və s. sahələr üzrə qeydə alınıb. Bu azmış kimi rəsmi çıxışlarda da ondan əvvəlki il ilə müqayisədən qaçmağa çalışırlar. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov istehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində görüş zamanı qeyd edib ki, Naxçıvanda 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 552 milyon manatdan çox olub. Bunun əvvəlki dövr ilə müqayisədə artım və ya azalma olduğuna dair məlumat verməyib.

Qeyd etdiyimiz kimi buna baxmayaraq yerli büdcə gəlirləri ciddi sürətdə artıb. Bəs bu artım nəyin hesabına baş verib? Verilən məlumata görə, gəlirlərin tərkibində neft-qaz sektoru üzrə daxilolmalar 2,1 mln. manat, qeyri-neft-qaz sektoru üzrə 162,7 mln. manat, o cümlədən, dövlət mülkiyyəti üzrə 66,1 mln. manat, xüsusi mülkiyyət üzrə 37,3 mln. manat, digər mülkiyyət mənsubiyyətləri isə 59,3 mln. manat olmuşdur. Göründüyü kimi özəl mülkiyyətin payına cəmi 37,3 milyon manat düşüb. Qalanı dövlət və “digər mülkiyyət” (Azərbaycan konstitusiyasına görə ölkədə 3 mülkiyyət növü mövcuddur. Üçüncüsü də bələdiyyədir. Bələdiyyə bu qədər vergi təmin edə bilərmi? Əlbəttə ki, yox. Burada əsasən xarici və birgə mülkiyyət nəzərdə tutulur).

Struktura detallı baxanda görürük ki, illik artımın 12 milyonunu birbaşa dövlət sektoru təmin edib. Burada ən iri ödəyicilər qismində Azərenerji ASC (4,5 milyon), Nəqliyyat nazirliyi (3,3), Azəriqaz İB (2,1 milyon – məhz bu şirkət “neft-qaz” sektoru hesab olunub) və s. Özəl sektor üzrə vergi yığımları isə faktiki artım göstərməyib (cəmi 1%). Ən ciddi artım birgə (xarici qarışıq) mülkiyyət üzrə qeydə alınıb – 17,8 milyon manat.

Göründüyü kimi iqtisadi azalmanın olmasına baxmayaraq, xarici (daha doğrusu birgə şirkətlər) şirkətlər Naxçıvan Muxtar Respublikasında öz fəaliyyətlərini genişləndiriblər ya da vergi ödəmək qərarına gəliblər. Xarici şirkətlərin Naxçıvan iqtisadiyyatına belə marağına dair ətraflı izah tapmaq çətindir...

Читать полностью…

Mashalli

Şəkil 1. Son əlavədən əvvəl Boltun fəaliyyət göstərdiyi bölgələr.
Şəkil 2. Maxim-in fəaliyyət göstərdiyi bölgələr.

Читать полностью…

Mashalli

Sizcə Azərbaycan daha çox kim qazanır? Lombard və ya bank?

Читать полностью…

Mashalli

Kosmos və ictimai nəqliyyat tarifləri

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd olunur ki, "dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların (bundan sonra - qiymət) dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır". 2016-ci ilin martın 17-də “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” fərmanının icrası ilə əlaqədar müvafiq əsasnaməyə dəyişikliklər edildi. Düşünə bilərsiniz ki, bu dəyişikliklər ADY ilə bağlı idi. Amma belə deyək, əsasnamədə ADY heç cürə qeyd olunmurdu. Buna baxmayaraq ADY adı ilə Tarif Şurası haqqında əsasnaməyə dəyişiklik edildi və 1.1-ci bəndinə “dövlət tənzimlənməsi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

Başqa sözlə artıq bütün tariflər Şura tərəfindən yox, prezidentin müəyyən etdiyi hallar istisna olmaqla Tarif Şurası tərəfindən tənzimlənirdi. 2016-ci ildə dəyişikliyin qəbul olunmasına baxmayaraq, biz bu günə kimi bu dəyişikliyin tətbiqini hiss etmirdik. Misal üçün, 2023-cü ilin yanvarında ictimai nəqliyyata dair tariflərdə edilmiş dəyişiklik (0.3 AZN-dən 0.4 AZN-ə kimi artırılması) Tarif Şurası tərəfindən təsdiqlənmişdi.

Amma 2023-cü ilin sentyabrın 2-də Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərmanı dərc olundu. Bu fərmana görə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”-sinə dəyişiklik edildi. Bu dəyişikliyə görə, "müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək,” sözləri “müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq etmək," sözləri ilə əvəz edildi.

Başqa sözlə 2023-cü ilin sentyabrından bəri artiq ictimai nəqliyyata dair tarifləri Nəqliyyat Nazirliyi sadəcə İqtisadiyyat və Maliyyə Nazirliyi ilə müzakirə edərək dəyişmək hüququnu əldə etdi. Bu hüquqdan çox keçmədən istifadə etdi. Belə ki, iyunun 20-si Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında" qərar verdi. Bu qərara görə artıq, misal üçün, Hovsana qədər yol 0.6 AZN oldu (əlbəttə ki, bu barədə bizə xəbər edən olmadı).

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin kollegiyasının ürəyi soyumadı və iyunun 28-i yenidən yığışdılar və artıq metro nəqliyyatında və şəhərdaxili nəqliyyatda tarifləri artırdılar. Başqa sözlə qabaqlar ən azı hansısa əsaslandırma və ya ictimaiyyət qarşısında çıxış etməyə ehtiyac hiss edirdilərsə (Tarif Şurası özü-özlüyündə fərqli qurum idi. Yəni oraya müraciət etmək lazım idi, necəsə əsaslandırmaq (hətta mənasız olsa belə) vacib idi), indi ümumiyyətlə bu haqda düşünməyəcəklər. Nəqliyyat Nazirliyinin yeddi əməkdaşı (misal üçün, Azərkosmos sədri, Aparat rəhbəri və s.) yığışıb qərar verəcəklər. Əvvəllər də bu mexanizm qeyri-şəffaf idi, indi isə heç şəffaflığın artırılması istiqamətində heç nə etmək mümkün deyil (desən ki, kollegiyada olan müzakirələri dərc edin, deyəcəklər ki, orada biz daxili məsələləri müzakirə edirik və ayrı qərarlar üçün istisnalar etmirik və s.).

Читать полностью…

Mashalli

Bu gün buraxılan parlament tərəfindən iyunun əvvəlində baxılan qanun layihəsinə görə döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır. Maraqlıdır.. əgər artıq mülki dövryyədə ola bilərsə, bu avtomatik olaraq o deməkdir ki, biz artıq silah-sursat ilə bağlı məlumatları açıq dərc olunan statistikada görə bilərik (misal üçün, silah-sursat idxal və ixracı ilə bağlı məlumat bizdə dərc edilmirdi).

Читать полностью…

Mashalli

Bu yaxınlarda Facebook-da belə bir statusa rast gəldim. İnsanların yanaşması maraqlı gəldi. Əslinə qalsa burada biz sadə bir rəqabəti müşahidə edirdik. Düzdür bir tərəf qat-qat güclü idi və onun imici var idi. Bu imic və əlavə imkanlar hesabına digər obyektin ticarətinə təsir etdi. Oxuduğumdan elə başa düşdüm ki, əlavə bir inzibati təzyiq göstərilməmişdi (hətta göstərildiyi halda belə klassik bazar iqtisadiyyatında bu da rəqabətin bir növüdür).

Məni başqa bir şey maraqlandırdı. Şərhlərdə bəziləri müxtəlif bazarları nümunə göstərərək deyirdilər ki, bax orada iki fərqli satıcı – fərqli məhsul satır və bir-birinin işinə qarışmır və s. Bunu yazanlar deyəsən başa düşmürdülər ki, onların təsvir etdiyi klassik oliqopoliyadır. Yəni bazarda bir neçə oyunçu var və müvafiq bazarı aralarında bölüblər. Bunun hesabına məhsulun qiyməti də qalxır. Rəqabət olduğu halda isə qiymət aşağı düşür (hətta skrində gördüyünüz nümunədə olduğu kimi qısamüddətli dövrdə).

Читать полностью…

Mashalli

““28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması və mövcud I (“H. Aslanov”-“İçərişəhər” xətti) və II (“Xətai”-“VI stansiya” xətti) xətlərin sərbəst hərəkətinin təşkili”, “Birçıxışlı “Nizami”, “İçərişəhər”, “Sahil” və “Xətai” stansiyalarının II çıxışlarının işçi layihə-smeta sənədlərinin hazırlanması”, “II yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin xəttin “Elektrik deposu”-“Avtovağzal”-“M. Əcəmi-2”-“B-3”-“B-4”-“B-5” sahəsinin tikintisi”... Düşünə bilərsiniz ki, burada qeyd olunan layihələr Bakı metropolitenin yeni inkişaf planına aiddir, amma ... layihələr 2011-ci ilin martın 18-də təsdiq olunmuş Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair dövlət proqramında qeyd olunub. Gördüyünüz şəkil də bu dövlət proqramına aiddir. Ümumiyyətlə maraqlı dövlət proqramıdır. Onun böyük hissəsi yerinə yetirilməyib. Bitdiyi ili hələ necəsə başa düşmək olar amma ondan əvvəlki 4 il ərzində belə yazılan layihələrdən yalnız bir neçəsi yerinə yetirilmişdi.

Читать полностью…

Mashalli

Azərbaycan futboluna dair

Azərbaycanda peşəkar futbol premyer-liqasında iştirak edən klubların sayı daim müzakirə mövzusuna çevrilir. Tez-tez qeyd olunur ki, klubların sayı artırılmalıdır. Amma reallıqda bu elə də asan iş deyil. İlk əvvəl bu əlavə xərcdir. Bunu daha aydın şəkildə biz Araz-Naxçıvan PFK-nın nümunəsində görə bilərik.

Futbol klubun hesabatına görə 2022-ci ildə onun əməkhaqqı xərcləri illik 212,9 min manat təşkil etmişdi. 2023-cü ildə isə müvafiq göstərici 10 dəfə artaraq, 2 129,9 min manata bərabər olub. Bununla bərabər futbol klubu agentlər ilə əməkdaşlıq etməyə başlayıb (bu da əlavə 122,8 min manatdır) və bir çox müxtəlif xərclər yaranır (stadion icarəsi, futbolçuların qalma xərcləri və s.). Beləliklə futbol klubun xərcləri bir il ərzində 7 dəfə artıb (nəzərə almaq lazımdır ki, hesabat 2023-cü ili əhatə edir. Keçən ilin yarısını klub birinci liqada keçirdib).

Yəni belə şəraitdə premyer-liqada klub sayını artırmaq üçün ya əlavə subsidiya verilməlidir (AFFA PFL-ə keçən futbol klubuna 3 milyon manat verir. Üç klub olsa bu artıq 9 milyondur. Bu da AFFA büdcəsinin 30%-dir).

I Liqaya düşmək isə əksinə xərcləri azaldır. Misal üçün, Şamaxı FK 2023-cü ildə əməkhaqqı olaraq 1,9 milyon manat xərcləyib. Bir il əvvəl bu göstərici 2,9 milyon manat idi.

P.s. Futbol iqtisadiyyatı haqqında daha ətraflı "Axşambazarı" iqtisadi bülletenində oxuya bilərsiniz.

Читать полностью…

Mashalli

Sizcə bu işçi qrupunda kim təmsil olunmalıdır? Mənim fikrimcə əmək bazarı nümayəndələri təmsil olunmalıdır. Hələ vaxtilə Beynəlxalq Əmək Təşkilatının təqdim etdiyi modelə görə bu üç institutdur: dövlət, işəgötürən və işçilər. Diqqətlə bu siyahıya baxıb işçilərin təmsilçilərini görə bilərsinizmi? Yəni bu siyahıda hüquqşünaslardan başqa demək olar ki, heç kimi görmürəm. Nə vaxtdan hüquqşünaslar hüquq sahəsindən kənar hər hansı bir təklif ilə çıxış ediblər? Adətən hüquqşünaslar islahat, dəyişiklik və s. məsələlərində konkret olaraq sonuncu mərhələdə qoşulurlar. O zaman onlar təklifləri sadəcə hüquqi formaya çevirirlər. Başqa mərhələlərdə onlar necə iştirak edə bilərlər ki? Yəni misal üçün, audit şirkətinin nümayəndəsi əmək bazarına dair nə təklif edə bilər? Və ya dövlət qurumlarına hüquq xidmətləri göstərən şirkətlər nə təklif edə bilərlər? Onlar iş günü rejiminə dair təkliflər irəli sürəcəklər? Və ya iş şəraitin yaxşılaşdırılmasına nail olmağa çalışacaqlar? Onlar maksimum mövcud olan Əmək Məcəlləsində olan hüquqi problemlərin həlli üçün nəsə təklif edə bilərlər və ya digər qanun aktlarına uyğunlaşdırılmasını irəli sürə bilərlər. Amma əmək bazarında mövcud olan münasibətlərə dair nə deyə bilərlər?

Qeyd olunan siyahıda “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin rəhbəri Mais Əliyevin konkret olaraq Əmək Məcəlləsi ilə məşğul olduğunu bilirəm (işçi hüquqlarının müdafiəçisi qismində tez-tez çıxış edir). Müqayisə üçün “ictimai sektor”dan çıxış edən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın saytında son material “Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məhv edilən, erməniləşdirilən və ya başqa xalqlara aid edilən abidələr”ə həsr olunub. Bu material əmək hüquqları ilə necə kəsişir, məndə məlumat yoxdur.

Başqa sözlə bizə deyirlər ki, hökumət cəmiyyət, ictimaiyyət və biznes ilə dialoqdadır və təklifləri qulaq asmağa hazırdır. Bu məqsədlə “işçi qrupları” yaradıblar. Amma işçi qruplarında cəmiyyətin təmsilçiləri yoxdur. Heç formal olaraq mövcud olan həmkarlar ittifaqının nümayəndəsi dəvət edilməyib, amma bununla belə Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi dəvət olunub. O əmək bazarına dair hansı təkliflə çıxış edə bilər ki? Maksimum sosial sığorta yığım sistemini təsvir edə bilər (bu sistem özü-özlüyündə artıq problemlidir).

Читать полностью…

Mashalli

Çəpəki Telegram kanalının yaradıcısı və idarəçisi Fərid Mehralızadə 30 mayda saxlanılıb və 1 iyunda əsassız olaraq həbs edilib. Azadlığına qovuşanadək bu kanalda Fərid haqqında məlumatlar paylaşılacaq. Aşağıda Meydan TV-nin hazırladığı "Fərid Mehralızadə kimdir?" videosunda onun fəaliyyəti və həbsi ilə əlaqədar daha ətraflı məlumatla tanış ola bilərsiniz.

Читать полностью…

Mashalli

Taksi mövzusuna dair

2023-cü ilin dekabrın 28-i: "Azərbaycanda... fəaliyyətə başlayan “Uklon” bu qısa müddət ərzində artıq yüz minlərlə Bakı sakinin istifadə etdiyi xidmətə çevrilib. Bu uğurun əsasında isə..."

2024-cü ilin aprelin 23-ü: "Azərbaycanda Uklon taksi xidmətinin bağlanması ilə əlaqədar..."

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi məlumata görə 2024-cü ilin iyun ayının 1-nə ölkə ərazisində 98 346 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. 2023-cü ilin eyni dövründə ölkə üzrə 90 138 ədəd NKA quraşdırılmışdı. Başqa sözlə NKA-ların sayı 9,1% artıb. Bununla belə may ayında müvafiq kassalar vasitəsilə qeydə alınmış dövriyyənin həcmi isə 1,9 milyarddan 2,06 milyarda kimi artıb. Göründüyü kimi dövriyyənin artımı 7% təşkil edib. Yəni kassa sayının artımından daha aşağıdır.

Əlbəttə ki, bu zaman deyə bilərlər ki, artımın daha az olmasının əsas səbəbi yeni NKA-ların daha kiçik obyektlərdə qoyulması ilə bağlıdır. Yəni müvafiq obyektlərdə dövriyyə daha aşağıdır. Müəyyən qədər bu fakt bir kassaya düşən orta dövriyyə ilə də təsdiqlənə bilər. Belə ki, 2023-cü ilin may ayında bir kassanın ortalama dövriyyəsi 2 130 manat olduğu halda, 2024-cü ildə bu göstərici 2 090 manatdır.

Bununla belə qeyd etmək lazımdır ki, fevral və aprel aylarında müvafiq kassa artımına (hətta müqayisədə sayları 11-12% artmışdı) baxmayaraq, aylıq yeni NKA dövriyyələrin artımı 18,3% və 16,5% təşkil edib. Başqa sözlə may ayında əhalinin istehlakında və ya daha dəqiq desək yeni NKA-ların quraşdırıldığı obyektlər vasitəsilə əhalinin istehlakında azalma qeydə alınıb (bu yeri gəlmişkən ilin əvvəlindən ilk dəfə deyil. Mart ayında da kəskin azalma qeydə alınmışdı).

Читать полностью…

Mashalli

"Axşambazarı" iqtisadi bülleteninin dördüncü sayı hazırdır!

Bu sayda nələr var?

Azərbaycanın futbol iqtisadiyyatı - dünya üzrə iyun-iyul ayların əsas mövzusu futbol olacaq. Həm Avropada, həm Amerikada kontinental çempionatlar keçirilir. Bunu nəzərə alaraq biz Azərbaycanda futbol ilə bağlı olan iqtisadi münasibətləri qısa olaraq təhlil etməyə çalışdıq.

İctimai iaşə icmalı (aprel-2024) - Azərbaycanın ictimai iaşə sektorunda aprel ayında yeni oyunçulara dair məlumatlar qısa olaraq təhlil edilib.

Bakı Beynəlxalq Hava Limanı üzrə xarici reyslərinin aprel ayı üçün icmalı - Bakı hava limanı statistik göstəricilərin qısa təhlili.

Statistik məlumatlar - bu dəfəki nömrədən başlayaraq hər yeni nömrədə biz yığdığımız və apardığımız statistik məlumatları da dərc etməyə çalışacayıq. Burada müvafiq statistik qurumlar tərəfindən dərc edilməyən, amma hesablana bilən göstəricilən əks olunacaq. İndiki bülletendə əmək bazarına aid olan göstəriciləri təqdim edirik.

Daha ətraflı tanış olmaq üçün link üzrə keçid edin və bizim patreonumuz olun:

https://www.patreon.com/posts/axsambazari-n4-106246171?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

Читать полностью…
Subscribe to a channel