mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Maraqlı faktlar sırasından: Operativ Qərargahın məlumatlarına görə, 2022-ci ilin fevral və mart aylarında COVİD-19 təsdiqlənmiş və vəfat etmiş şəxslərin sayı müvafiq olaraq 683 və 275 nəfər təşkil edib. Başqa sözlə 2,5 dəfəlik fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə isə fevral ayında artıq ölüm 1615 nəfər təşkil etdiyi halda, mart ayında bu rəqəm 1646 nəfərə bərabər olub. Yəni ciddi bir fərq yoxdur. Bəs bu artıq ölümün səbəbi nə idi?..

Читать полностью…

Mashalli

Reallıq artıq zarafata oxşayır: "Santa-Bremor" şirkəti "Русское море" (yəni "Rus dənizi") brendi altında ixrac olunan qızılbalığın Rusiyaya ixracını dayandırıb. Əsas səbəb müvafiq balıq növlərinin Norveçdən Belarusa ixracının dayandırılmasıdır. Yəni bu günə kimi Belarus şirkəti "Rus dənizi" adı altında Rusiyaya Norveçdə tutulan balığı ixrac edirdi...

Читать полностью…

Mashalli

Rusiya müharibəyə nə qədər xərcləyir?

Bir neçə gün əvvəl Rusiyanın Maliyyə nazirliyi dövlət büdcəsi ilə bağlı aylıq hesabatı dərc etdi (maraqlıdır ki, Rusiyada hətta hava limanlarına nəzarət edən qurum statistikanın dərcini dayandırdı, amma maliyyə nazirliyi nəsə dərc etməyə qərar verib). Məlum oldu ki, bu ilin əvvəlindən (yanvar-aprel ayları ərzində) "milli müdafiə" maddəsi üzrə Rusiya 1 680,7 milyard rubl xərcləyib. Müqayisə üçün, səhiyyə sisteminə 615 milyard, təhsil sisteminə isə 517 milyard rubl xərclənib.

Aylar üzrə göstəricilər belədir:
Yanvar - 233,7 milyard rubl (müharibə və ona hazırlığın aktiv mərhələsi başlamayıb)
Fevral - 369 milyard rubl (artıq hərbi qüvvələrin sərhədlərdə yerləşdirilməsi prosesi aktiv mərhələyə keçib və ayın sonu müharibə başlayıb)
Mart - 450 milyard rubl (günə 14 milyard rubl)
Aprel - 628 milyard rubl (günə 21 milyard rubl)

Əgər bu günə təyin olunan məzənnə ilə manata çevirsək, bu o deməkdir ki, Rusiya ordusu mart ayında gündəlik 368,2 milyon manat, aprel ayında isə 552 milyon manat xərcləyib. Günə 550 milyon manat (bu keçən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur)! İndi bura bir sıra digər maddələr üzrə xərcləri əlavə etsək (təxmin edirəm ki, xərclər təkcə bir maddə üzrə getmir) - bu rəqəm ən azı 1,2-1,5 dəfə artacaq. Nəticə etibarilə Rusiya dövlət büdcəsi artan neft və təbii qaz qiymətləri fonunda artıq defisit ilə üzləşib (aprel ayında 262,3 milyard rubl).

Читать полностью…

Mashalli

Siqaret bazarı ilə çox da maraqlanmadığım üçün, Çəpəki telegram-kanalında yazılan məlumatdan öyrəndim ki, bizdə bəzi siqaret markaları ilə bağlı problem yaşanıb. Martın 19-da ARB mənə Rusiya-Ukrayna müharibəsinin tütün istehsalına necə təsir edəcəyinə dair sual ünvanlamışdı. O zaman qeyd etmişdim ki, alternativ variant kimi bizimkilər böyük ehtimal Türkiyəni istifadə edəcəklər və əsas problemlər bu ilin ikinci rübündə hiss olunacaq. Mart ayında Azərbaycana Ukraynadan 170 ton tütün çatdırılmışdı (yəni təxmin etmək olar ki, hələ fevralda Ukraynadan çıxan partiyalar idi). Müqayisə üçün, yanvar və fevralda təxmini 200-250 ton çatdırıldı (daha ətraflı bu link üzrə: https://youtu.be/VIh7vjt1zuE).

Bəs hansı məhsullar üzrə bizdə Ukraynadan asılılıq var? Bu barədə daha ətraflı mənim tədqiqatımda.

Читать полностью…

Mashalli

Bəzən (əslində tez-tez) müxtəlif dövlət qurum və şirkətlərin saytlarında absurd xəbərlərə rast gəlirsən. Misal üçün, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nın saytında aprelin 21-də dərc olunmuş məlumata görə, Bakı Limanın Baş direktoru Taleh Ziyadov Ələt qəsəbəsində yaşayan və limanın şəhid ailələri və qaziləri ilə birgə iftar süfərsində iştirak edərkən deyib ki, "Bakı Limanı şəhid ailələrinin, onların uşaqlarının və qazilərimizin evidir, biz bir ailə kimi, hər zaman sizinləyik". Yəni pafos xatirinə bu sözün deyildiyini başa düşürəm, amma hər bir halda "liman evinizdir" nə deməkdir? Liman gəmilər üçün "ev" ola bilər. İnsanların bura nə aidiyyatı?

Читать полностью…

Mashalli

MİDA məsələsinə qayıtdıqda: bu günlərdə yayılan daha bir məlumata görə "özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb". Bu şəxslər təxminən 30 nəfərdən 300 min manata qədər vəsait cəlb ediblər. Yəni pulu cəlb ediblər, amma "öhdəliklərini" (belə demək mümkünsə) yerinə yetirməyiblər.

İndi dələduzluq məsələsini kənara qoysaq, biz nə bilirik? Məlumata görə, hansısa Rəhman adlı şəxs bu İT-işçilərinə 22,5 min manat, Seyran adlı şəxs 19,1 min manat və s. Yəni 30-70 min manatlıq mənzillərin əldə olunması üçün müvafiq "sosial" qruplara daxil olan (yəni daxil olmadığı halda MİDA kompleksində mənzil əldə etmək mümkün deyil) şəxslər 19-22 min manat ödəyiblər. Ortalama ödəniş 10 min manat təşkil edib.

Bunun harası sosial oldu ki? İnsanlar mənzil qiymətindən başqa az qala 20 min manat ödəniş etmək imkanına malikdilər. Azərbaycanda hansı "sosial" qrupa aid olan insan bu məbləğə malikdir? Fikrimcə MİDA bu sosial zad söhbətlərindən tam imtina etməlidir və özünü sadəcə dövlət tikinti şirkəti kimi göstərməlidir. Ya da real olaraq sosial həssas qruplar müəyyən olunmalıdır və məhz onlar arasında güzəştli şərtlər ilə satış həyata keçirməlidir. Sosial həssas qruplara isə dövlət və hərbi qulluqçular, daxili işlər orqanından xüsusi rütbəyə malik olanlar heç cürə aid deyil. Eyni zamanda digər sosial mənzil proqramları ilə əhatə olunan (şəhid ailəsi, məcburi köçkün və s.) şəxslər də aid edilməməlidir.

Читать полностью…

Mashalli

- Твардовский А. За далью-даль. Москва. 1961. 200с. - evdə XX əsr rus ədəbiyyatına həsr olunmuş rəfi düzəldərkən, Axmatova ilə bərabər qarşıma Tvardovskinin poeması da çıxdı. Kitab mənə maraqlı gəldi (üz qabığında heç nə yox idi) və oxumağa başladım. Yalnız sonradan öyrəndim ki, vaxtilə Axmatova L. Çukovskayaya demişdi ki, bu poema "Tvardovski üçün proqressdir. Burada həmçinin Stalinin düzgün olmaması da qeyd olunur". Təsadüfən oxuduğum iki kitab bir-birinə bağlı oldu. 1961-ci il üçün düşünürəm ki, çox möhtəşəm əsər idi. Əsərdə repressiyalar təsvir olunur. Həm Stalin tənqid edilir, həm müəllif özünü də tənqid edir (biz hazır idik mədhiyyələr yazmağa), həm də insanların niyə bu dövrdə hər şeyi problemsiz qəbul etməsini başa düşməyə çalışır. Poemanı kifayət qədər çox tənqid etmək olar, amma fikrimcə öz dövrü üçün vacib əsər idi (müəllifi kimi, Tvardovskinin fəaliyyəti nəticəsində çoxlu sayda maraqlı müəllif tanımışıq).

- Прокопович С.Н. Идея планирования и итоги пятилетки. Париж. 1934. 122c. - Müvəqqəti hökumətin naziri, SSRİ-yə qarşı müxalifətdə olan, sonradan 1920-ci illərin əvvəlində "Помгол" hesabına geniş təsirə yiyələnən və 1922-ci ildə buna görə "Filosoflar paroxodu"nda ölkədən çıxarılan şəxsdir. Mühacirətdə Sovet iqtisadiyyatının təhlili ilə məşğul idi. Stalin dövründə SSRİ-də beşillik planlar barədə müstəqil ədəbiyyatın olmamasına görə bu kitab fikrimcə maraqlı mənbədir. Planlaşdırmaya maraqlı yanaşması var. Bir tədqiqatçıya istinadən deyir ki, Adam Smit vaxtilə "görünməyən əl" deyəndə, tanrını nəzərdə tuturdu. Yəni bazar iqtisadiyyatını biz yox, tanrı tənzimləyir. Ona görə bizim tərəfimizdən tənzimləməyə ehtiyac yoxdur. O artıq hər şeyi planlaşdırıb. İndi isə biz başa düşürük ki, göydə heç nə yoxdur və ona görə özümüz tənzimləməliyik. Ona görə planlaşdırma lazımdır, amma bazar iqtisadiyyatı çərçivəsində istifadə olunmalıdır.

- Хлевнюк О.В. 1937-й: Сталин, НКВД и Советское общество. Москва. 1992. 270с. - yuxarıda Tvardovskinin poeması barədə yazarkən, qeyd etmişdim ki, müəllifin suallarından biri xalqa idi - niyə? Niyə etiraz yox idi? Niyə repressiyalara qarşı mübarizə yox idi? Bu kitabın müəllifi 30-cu illərin əvvəlindən baş verən prosesləri təhlil edərək, bu suala cavab verməyə çalışır. Misal üçün, bilirdinizmi ki, 1937-ci ilin əvvəlinə SSRİ-də 1,5 milyon partiya üzvü var idi. Eyni zamanda 1922-ci ildən bəri partiyadan çıxarılmış 1,5 milyon şəxs var idi. Onların böyük hissəsi müxtəlif müxalifətlərdə iştiraka görə partiya sıralarından qovulmuşdu. Yəni faktiki olaraq qüvvələr bərabər idi (hətta Malenkovun Stalin üçün tərtib etdiyi arayışda qeyd olunur ki, bir çox müəssisələrdə partiyadan qovulanların sayı partiya üzvlərinin sayından çoxdur. Bu da bəllidir, partiyadan qovulanların böyük hissəsi fəhlə və ya onlara yaxın olanlar idi). Bəs niyə müxalifət birləşib, hakimiyyətə gələ bilmədi? Buna nə mane oldu? Müəllif bu suallara cavab verməyə çalışır. Bu cəhətdən maraqlı kitabdır.

Читать полностью…

Mashalli

Keçən ilin yayından etibarən Azərbaycan üzrə qaz tariflərdə edilmiş dəyişikliklərdən sonra, limit həcmi 2200-dən 1200-ə kimi azaldıldı. Nəticə etibarilə, bu ilin 4 ayı ərzində 1 200 kubmetrədək olan qaz istifadəsi limitini 21,1% və ya 510 751 min abonent keçib. Rəqəmi başa düşmək üçün deyə bilərəm ki, 2021-ci ilin 4 ayı ərzində (o zaman 2200 idi) limiti 122 500 abonent keçmişdi.

Читать полностью…

Mashalli

Bəzən bizdə kimsə deyir ki, bu və ya digər dövlət qurumu "islahat" edir, sahəni inkişaf edir. Bəzən görürsən ki, bəzi şəxslər bu dövlət qurumlarına işləməyə də başlayır. Soruşanda ki, islahat haradadır? Heç bir cavab eşitmirsən.

Çox uzağa getməyək. Hökumətimiz daimi olaraq turizmin inkişafı barədə danışır. Düşünürsən ki, turizm nədir ki, burada da nəsə etməyəsən. Bu siyasət deyil ki, sadəcə ərəbi (avropalını, asiyalını və s. - fərq etmir) qarşılayırsan, ölkəni göstərirsən, istirahətini təşkil edirsən vəssalam. Amma hətta bu sahədə nəsə edilmir. Bu sahədə dövlət qurumların mövcudluğu bir problemdir, onların fəaliyyətsizliyi başqa problemdir. Çox sadə nümunə göstərmək olar.

Deməli turistlər əsasən Bakıya gəlir. Bəllidir ki, Azərbaycanda hər şeyin mərkəzi Bakıdır. Bəs Bakının turistik mərkəzi haradır? Düzdür, İçərişəhərdir. İçərişəhəri nə etmək lazımdır? Əlbəttə ki, gəzinti, mədəni və s. mərkəzə çevirmək lazımdır. Bunun üçün nə etmək lazımdır? İlk əvvəl gəzinti yerinə çevirmək üçün İçərişəhərə avtomobillərin girişini qadağan etmək lazımdır. Edilirmi? Yox. Bu azmış kimi İçərişəhər İdarəsi hətta öz mühafizə və s. işçiləri üçün (maksimum 1-2 km məsafə olan yerdə) ayrıca karlar alır, xidməti maşınlar saxlayır və s. Niyə? Qadağan et vəssalam. Onsuzda mədəni və tarixi qoruqdur.

Amma hətta bu kiçik və effektiv addımı etmirlər (gözümü açandan qadağan edilməsi barədə söhbətləri eşidirəm). Buna baxmayaraq insanlar bu islahat və s. nağıllarını davam edirlər.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Xarici İşlər Nazirliyi "müxtəlif mebel avadanlıqları" alarkən 5 ədəd "rəhbər üçün mebel dəsti" və 5 ədəd "müdir üçün mebel dəsti" əldə edib (müqayisə üçün, Ədliyyə nazirliyi sadəcə rəhbər və işçi dəsti əldə edib).

Bəs siz rəhbər və müdiri fərqləndirirsinizmi?

Читать полностью…

Mashalli

Bir neçə müddət əvvəl Azərbaycanda kağızın qiyməti birdən birə artdı (periodik olaraq materialları print etdiyim yerdə qiymətlər 2 dəfə qalxıb. Amma əsas səbəb kimi təkcə kağız yox, həm printer üçün lazım olan ehtiyat hissələrin bahalaşmasını da göstərmişdi). Bəs bunun səbəbləri nə idi? Açıq Azərbaycan üçün yazdığım məqalədə Rusiyada mövcud olan kağız bazarın strukturuna toxunmağa çalışdım. Onun indiki vəziyyətini və strukturu araşdırdım.

Məqalə ilə link üzrə tanış ola bilərsiz: http://www.openazerbaijan.org/blog/ka-z-n-qiym-ti-2-d-f-qalx-b-cunki-1/

Читать полностью…

Mashalli

ABŞ-nın Consular Electronic Application Center-in məlumatına görə 2022-ci ildə 919 Azərbaycan vətəndaşı "Green Card" və ya rəsmi olaraq "Diversity Visa Program"-ın qalibi olub.

Bu il ilə bağlı ümumi statistika hələ dərc edilməyib, amma ümumən qeyd etmək lazımdır ki, Azərbaycandan Green Card üçün müraciətlərin piki 2019-2020-ci illərin payına düşüb - il ərzində 190 və 189 min nəfər müraciət edib.

Başqa tərəfdən, əgər 2019-cu ildə qalib gəlmək ehtimalı 0,6% idisə, 2021-ci ildə bu göstərici 1,32%-ə kimi artıb.

Читать полностью…

Mashalli

Nəhayət, dekabrda başlamış araşdırmalar dünən bitdi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fikrincə "“Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə" etdiyi üçün 2,484,600 AZN cərimələndi.

İndi "Araz"-ın nə edəcəyi maraqlıdır. Əgər mən şirkətdə siyasəti müəyyən etsəydim, mən maksimal olaraq sona kimi getməyə çalışardım. Yəni Xidməti məhkəməyə verib, tələb edərdim ki, göstərilən digər supermarket şəbəkələrində (Bravo, Bazarstore, Rahat) olan qiymətlər açıqlansın və müvafiq Xidmət öz qərarını ictimaiyyətə açıq formada əsaslandırsın. Eyni zamanda xüsusi platforma yaradıb, orada gündəlik olaraq bütün satış qiymətlərini göstərərdim. Hər bir istehlakçı artıq özü müqayisə edib, hər hansı qərar verə bilərdi.

p.s. qeyd edək ki, "Haqsız rəqabət haqqında" qanuna görə, müvafiq maddəyə görə maliyyə sanksiyasının həcmi "əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək" təşkil edir.

Читать полностью…

Mashalli

Tarif artımının effekti: rəsmi məlumata görə, 2021-ci ildə Azərbaycanda elektrik enerjisinin istehlakı 6,7% artıb. Eyni zamanda Azərişıq ASC-nın gəlirləri (şirkət ölkə üzrə elektrik enerjisinin paylanmasına nəzarət edir və cuzi olaraq istehsal edir) isə 10,9% artıb. Nəzərə almaq lazımdır ki, tariflər noyabrın 1-dən artırılıb. Yəni faktiki Azərişiq ASC yeni tariflərə uyğun olaraq ödənişləri ev təsərrüfatlarından yalnız dekabrda alıb. Bunun nəticəsi olaraq mənfəəti də 2,87 milyondan 12,7 milyon manata kimi artıb.

p.s. düzdür, gəlir və xərclər arasında dövlət investisiyaları, Asiya İnkişaf Bankından əldə etdiyi kredit və s. nəzərə alınmır.

Читать полностью…

Mashalli

Bir neçə gün əvvəl Abzas Media Zəngilanda tikilən "Ağıllı kəndə" dair maraqlı araşdırma dərc edib (orada mənim də şərhim var). Maraqlıdır ki, bu günə kimi Ağıllı kəndə dair yalnız bir satınalma barədə məlumat dərc edilmişdi. Bu da rəsmi olaraq tikintisi başa çatdırılan "Ağıllı kənd"in "iqtisadi baxımdan səmərəliliyinin seçilmiş kənd əsasında qiymətləndirilməsi" aid idi. Yəni o zaman da qeyd etdiyim kimi, kəndin tikintisini bitirirlər, amma yalnız indi onun iqtisadi səmərəliliyini qiymətləndirməyə qərar veriblər.

Dünən, mayın 4-ü, "Ağıllı kənd" ilə bağlı daha bir satınalmaya dair məlumat dərc edildi. Mart ayında Azərişiq ASC "Zəngilan rayonu ərazisində "Ağıllı kənd" layihəsi əsasında yenidənqurma işləri aparılmış Ağalı kəndinin (Birinci Ağalı, İkinci Ağalı və Üçüncü Ağalı kəndləri ilə birlikdə) ("ağıllı kənd") xarici elektrik təchizatı məqsədilə 35 kV-luq iki dövrəli ÖİN kabel xəttinin çəkilməsi işlərin"ə dair təkliflər sorğusu elan etmişdi. Mayın 4-də buna dair "Light City" QSC ilə 4,854,150.05 AZN-lik müqavilə imzalanıb. Şirkət bütün işləri sentyabrın 5-nə qədər bitirməlidir.

Bəs bu şirkət barədə biz nəsə bilirikmi? Bundan əvvəl Light City QSC daha bir satınalma müsabiqəsində qalib gəlmişdi. Bu müsabiqə 2021-ci ilin oktyabrın 8-də Azərenerji tərəfindən keçirilmişdi. O zaman da təkliflər sorğusu elan edilmişdi və şirkət 110/35/10 kV-luq “Masallı” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinə dair müqavilə imzalamışdı.

Şirkət isə 2020-ci ilin iyulunda qeydiyyatdan keçib. Şirkətin qeydiyyat ünvanı isə Heydər Əliyev prospekti 189-dur. Bu ASAN Xidmət ilə üzbəyüz olan binadır. Maraqlıdır ki, eyni ünvan üzrə "Faktor-Qrup S" QSC də qeydiyyatdan keçib. Bu ünvanlar üzrə (189-193) şirkət Baku City Residence kompleksini tikir (eyni Residence həmçinin Ağ şəhərdə də tikir). Eyni zamanda şirkət MİDA-nın layihələrini yerinə yetirən iri şirkətlərdən biridir. Təxmin etmək olar ki, Lİght City QSC da onun strukturuna aiddir (Faktor-Qrup S vaxtilə MMC-dən QSC-ə keçib). Bəs Faktor-Qrupun sahibi kimdir? Açıq mənbələrdə bu barədə məlumat yoxdur. Amma Faktor-Qrup S-1 (struktur dəyişəndən sonra adı da dəyişdi) QSC-nın qanuni nümayəndəsi olan Emin Sadıxov bundan əvvəl 5 ildən çox Pasha Construction MMC-də işləyib. İndi bunun məsələyə hər hansı aidiyyatı olub-olmadığını demək çətindir.

Читать полностью…

Mashalli

Bu səhər yayılan məlumata görə, Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olub. Məlumata görə, "“İnflyasiya və tədarük zənciri” mövzusuna həsr edilmiş görüş eyni zamanda özəl sektor ilə dövlət qurumu arasındakı əməkdaşlığın inkişaf etdirilməsinə də xidmət etmək məqsədi daşıyıb". Məlumata görə, görüşdə tədarük zənciri, dövlətin antiinflyasiya tədbirləri və s. müzakirə olunub. Mənim üçün məsələnin maraqlı tərəfi görüşün özü ilə bağlıdır. Deməli Mərkəzi Bank tədarük zənciri ilə ümumiyyətlə məşğul olmur. Eyni zamanda Mərkəzi Bank fiskal yox (dövlət antiinflyasiya tədbirləri fiskal siyasətə daha çox aiddir), monetar siyasət ilə məşğuldur. Yalnız inflyasiyaya dair müzakirələr Mərkəzi Banka aid oluna bilər.

Ümumən Mərkəzi Bank inflyasiya ilə mübarizə apardıqda (əgər bunu edirsə) tədarük zəncirin, qlobal qiymət artımı və s. belə tipli mövzular ilə məşğul olmur. Səbəbi çox sadədir - buna təsir edəcək bir aləti yoxdur. Mərkəzi Bank nə iqtisadiyyat, nə də maliyyə nazirliyi deyil. O monetar siyasət üsullar ilə (yəni məzənnəyə təsir edə biləcək) məsələni həll etməlidir. Qlobal qiymət artımı ilə mübarizə üçün yerli istehsalı inkişaf etdirmək, gömrük rüsum və vergiləri azaltmaq və s. lazımdır. Bu isə İqtisadiyyat nazirliyinin işidir. Qlobal qiymət artımı ilə mübarizədə Mərkəzi Bank yalnız manatın məzənnəsini gücləndirmək (amma buna da getmək sərf etmir) ilə cavab verə bilər. Qalan məsələlər ona aid deyil. Ona görə bu görüşün mənası nə idi?

Məlumatda həmçinin "görüşdə ölkənin qida təhlükəsizliyinin təmin olunmasına töhfə və dəyər vermək naminə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi" vurğulanıb. Mərkəzi Bank qida təhlükəsizliyinin təmin olunmasına hansı töhfə verə bilər? Öz yeməkxanasında keyfiyyətli məhsul verməkləmi?

Yəni hər hansı iri şirkət və MB arasında görüşün reallıqda bir neçə səbəbi ola bilər:

1) şirkət satınalma müqaviləsində qalib gəlib və əsas təchizatçıya çevrilib. İndi də detalları müzakirə olunur (misal üçün, "təzə və dondurulmuş məhsullar üçün logistika mərkəzinin yaradılması" və s.);

2) şirkətə ucuz kreditlər lazımdır və MB-dan bu məsələ ilə bağlı birbaşa ya da dolayı dəstək istəyir;

3) Mərkəzi Bank bazarda olan real vəziyyətdən məlumatlı deyil (yəni qiymətlərin formalaşması, hansı amillərin buna təsir etməsi və s.) və öyrənməyə çalışır;

4) Mərkəzi Bank öz inflyasiya proqnozlarında Veysəloğlu şirkətinin Pərakəndə İndeksindən istifadə etmək istəyir.

Bu barədə biz yalnız təxminlər irəli sürə bilərik.

Читать полностью…

Mashalli

O gün Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” təsdiqləmişdi. Siyahıya uyğun olaraq gördüyünüz cədvəli hazırladım (bəzi məhsullar üzrə statistika yalnız ümumi göstərici verir və ona görə siyahı tam dəqiq deyil).

Müvafiq mövqelər üzrə 2021-ci ildə idxalımız 21,9 milyon dollar təşkil edib. Başqa sözlə 2022-ci ildə dövlət büdcəmiz təxmini 5,6 milyon manatdan məhrum olacaq (4 ay ərzində ƏDV-nin toplanmasını nəzərə alsaq). Ümumən dövlət büdcəsi üçün çox da böyük itki deyil. Məntiqli olaraq bu başqa qazanca - kitab və belə tipli digər məhsulların satışından əldə olunan gəlirin artımına gətirməlidir. Görək vəziyyət necə dəyişəcək. Nəsə bu məsələyə mən çox pessimistik yanaşıram.

Читать полностью…

Mashalli

18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar bugün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub. Həmin muzeylərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Читать полностью…

Mashalli

Azərbaycanda elektron xidmətlər barədə danışarkən: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata görə, "Formula 1 Azərbaycan Qran Pri" yarışının keçirilməsi ilə əlaqədar Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq deyə sabahdan başlayaraq iyunun 20-nə qədər Azərbaycanda malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təqdim olunacaq.

Читать полностью…

Mashalli

Deyəsən kuryer söhbəti hamının yadından çıxıb. Ümumiyyətlə maraqlıdır, hər hansı hadisə ən azı cəmiyyətin aktiv kəsimin xatirəsində neçə müddət qalır? Hər bir halda, son zamanlar qarşıma çoxlu sayda Bolt-Bolt Food reklamları çıxır. Bu reklamlarda əsas məqam kimi gəlir göstərilir. Misal üçün, bu gün Bolt Food ilə bağlı qarşıma iki reklam çıxıb. Birində qeyd olunur ki, gündəlik 39 AZN qazanmaq mümkündür, başqasına görə isə 20 saat (yəni əmək qanunvericiliyinə görə 2,5 iş günü) ərzində 98 AZN qazanmaq mümkündür. İkincisində xüsusi olaraq qeyd olunub ki, bu vəsaiti yüksək əmsalla olan saatlar hesabına qazanmaq olar. Yüksək əmsal nə deməkdir? Deməli şirkətin verdiyi əmsallara görə, adi vaxtlarda 1 km-ə görə kuryer 1,5 AZN alır (2 kilometrə görə 3 manat yox, 1,85 AZN və s.), “ças pik” saatlarında (şirkət üçün bu 11.30-13.30-dur) bu qazanc 1,95 AZN-ə kimi artır (bütün rəqəmlər 1,3-ə vurulur).

İndi təsəvvür edin ki, siz saat 11.00-da işə çıxmısız (ondan tez inanmıram ki, sifarişlər olur) və müvafiq olaraq əmək qanunuvericiliyinə uyğun olaraq 8 saatlıq iş günü planlaşdırmısız. Bu o deməkdir ki, 11.00-19.00 arasında işləyəcəksiniz. Təxmin edək ki, 1 saat fasilə etmək ilə, siz dalbadal 7 saat sifariş alıb, çatdırmısız. Misal üçün, mən adətən 1-1,5 km məsafədə olan yerlərdən sifariş verirəm və təxmin edək ki, kuryer də bütün sifarişləri bu məsafəyə çatdırıb. İndi sifarişin, alınması, çatdırılması, müştəriyə təqdim edilməsi ən azı 15 dəqiqə vaxt aparır. Deməli gün ərzində maksimum 28 sifariş çatdıra bilərsiz. Yalnız belə intensiv işlədikdə siz gün ərzində 45,6 AZN qazana bilərsiz. Reallıqda bu belə deyil. Sifarişlər əsasən 11.30-15.00 arasında və 17.00-19.00 arasında daha çox olur. Bu o deməkdir ki, fasilədən başqa əlavə 1 boş saatınız olur. Eyni zamanda sifarişlər müxtəlif məsafələrə daşına bilər (əgər mərkəzdə çalışmırsınızsa, məsafələr adətən daha böyükdür). İnsan avtomat deyil və hər bir sifarişin çatdırılması 15-30 dəqiqə arasında vaxt apara bilər (sifarişin götürülməsi, yolda tıxaclarda qalmaq, mənzilin tapılması və s.). Avtomatik olaraq gün ərzində yerinə yetirə biləcəyiniz sifarişlərin sayı 15-20-ə düşür.

Faktiki olaraq gün ərzində 31-32 AZN qazanmaq imkanına maliksiniz. Buradan da yanacaq (ən azı 50 km-ə 1 litr xərcləyir), texniki qulluq və vergi xərclərini (2% vergi, kartdan vəsaiti çıxarırsınızsa əlavə 1,6% və aylıq 87 manatlıq DSMF və İTS ödənişləri) çıxmalısız. Həftədə 5/2 sistemi ilə işlədiyiniz halda faktiki aylıq qazancınız 600-700 manat arasında olur. Bunu artırmaq mümkündürmü? Əlbəttə, sadəcə o zaman daha çox işləməlisən (8 saat yox, 9-10 saat və 5/2 yox, 6/1 ən azı).

P.s. Keçən ilin mayında Rusiyada keçirilən tədqiqata istinad olaraq göstərmişdim ki, ölkə üzrə kuryer qazancları fərqlidir. Rusiyada olan məlumata görə, Saratovda kuryerlər Moskva kolleqaları ilə müqayisədə 1,4 dəfə çox qazanırdılar. Maraqlıdır ki, Azərbaycanda da indi belədir. Misal üçün, Bolt Food Gəncədə olan kuryerləri üçün baza kimi 1 km üçün 1,65 AZN (Bakıda olanlar ilə müqayisə 0,15 AZN çox) hesablayır. Əlavə olaraq, gün ərzində saatdan asılı olaraq 1,3 və 1,7 əmsallar tətbiq edir (yəni 1 km üçün minimal olaraq 2,15 və 2,81 AZN əldə edirlər). Hələ “ças pik” saatlarının burada 2 yox, 4 olduğunu da demək lazımdır. Yəni faktiki Gəncədə kuryer işləmək Bakı ilə müqayisədə daha sərfəlidir.

Читать полностью…

Mashalli

- Пчелин Н. Крестьянский вопрос при Мусавате (1918-1920). Баку. 1931. 62с. - kitab maraqlı faktdan başlayır. Deməli 1829-cu ildə Ahıska Sancağı Rusiyanın nəzarətinə keçdi. Paskeviç elan etdi ki, Türkiyəyə köçmək istəyən torpaq sahiblərinə torpaqlarına görə ödəniş ediləcək. Bütün xan/bəy/ağa və s. sənədlər gətirdilər, hökumətdən pul aldılar və Türkiyəyə köçdülər. 10 il sonra yoxlama keçirildi və məlum oldu ki, dövlət tərəfindən alınan torpaqların yalnız 4%-i mühacirət edən şəxslərə məxsus idi. Qalan 96%-nə dair sənədlər reallığı əks etdirmirdi. Müəllif müxtəlif sənədlər əsasında (parlament stenoqramları, hökumət əmrləri və s.) 1918-1920-ci illərdə kəndlilərin vəziyyətini təhlil etməyə çalışır. Vaxtilə 1918-ci ilə aid layihə üzərində çalışarkən bu kitabdan bəzi sənədləri götürmüşdüm, amma tam tanış olmamışdım (kitab əsasən 1919-cu ili təsvir edir). Yalnız indi imkan oldu. Fikrimcə 1918-1920-ci illərdə baş verən hadisələrə obyektiv baxmaq üçün bu kitabı da oxumaq lazımdır. Ümumiyyətlə bizdə 1918-1920-ci illərdə kəndlilərin, fəhlələrin vəziyyəti barədə kimsə nəsə yazmır. Adətən Topçubaşov ya Rəsulzadə nə etdi, parlamentdə kim çıxış etdi və s. barədə iri-iri kitablar yazılır, amma real olaraq əhalinin vəziyyətinə həsr olunmuş kitab çox azdır. Bu tədqiqat da əsasən kəndlilər arasında torpaq bölüşdürülməsi, kənd islahatı məsələlərinə toxunur. Fikrimcə hansısa zadəganın parlamentdə çıxışına min dəfə istinad etməkdənsə, adi kəndlinin yaşayışı təhlil edilməlidir.

Читать полностью…

Mashalli

Aprel ayında oxuduğum kitablara dair:

- Ходасевич В.Ф. Белый коридор. Нью-Йорк. 1980. 298с. - nəyə görə bu kitabı vaxtilə telefona yüklədiyim yadıma düşmür. Deyəsən XX əsr rus şairləri haqqında hansısa verilişdən sonra bu qərara gəlmişdim. Düzünü desəm bu dövrə aid şairlərin böyük hissəsi mənlik deyil. Mən daha çox XIX əsr şairlərinə üstünlük verirəm. Xodaseviç 1921-ci ildə problemsiz olaraq Berlinə köçür və yalnız 1925-ci ildə mühacirətdə qalacağına dair qərar verir (bu vaxta kimi onun əsərləri SSRİ-də də dərc olunurdu. Ümumiyyətlə o zaman mühacirlərin SSRİ-də dərc olunması ilə bağlı ciddi problemlər yox idi. Hər şey digər amillərdən asılı idi). Bu dövrdən başlayaraq müxtəlif yazıçılar və ümumiyyətlə Peterburqun XX əsrin əvvəlində olan ədəbi mühiti barədə çoxsaylı məqalələr və memuarlar yazmağa başlayır. "Белый коридор" da onlardan biridir. Burada həm 1900-cu illər, həm SSRİ-nin ilk illəri, həm də Qorki barədə maraqlı xatirələr toplanıb. Bilmirəm niyə, amma bizdə adətən kimsə hər hansı şəxsin xatirələrinə istinad etdikdə, adətən bunu fakt kimi göstərir. Amma xatirələrin ən maraqlı tərəfi məhz müəllifin yanaşmasıdır. Xodaseviçi oxuyarkən əvvəldən sonuna kimi hiss edirsən ki, müəllif özünü az qala dahi şair hesab edir. Eyni zamanda digər siniflərə (fəhlələrə, kəndlilərə və s.) yuxarıdan aşağı baxır. Bunu xüsusi olaraq fəhlələr üçün kursların təşkilin təsvirində görmək olar. Belə deyək ki, müəllif Sovet hökumətinə açıq nifrət edirdi və memuarında bunu hər vəchlə göstərməyə çalışırdı. Faktiki olaraq hamını aşağılamağa çalışırdı. Bəzən deyirlər ki, bu obyektiv təsvirdir, amma Xodaseviçin belə bir məqsədi yox idi. Xatirələrin yeganə üstün cəhəti müəllifin aşağı-yuxarı yaxından tanış olduğu şəxslərin və ümumi ədəbi mühiti təsviridir (maraqlı faktlar da var idi. Deyir ki, 1918-1920-ci illərdə kağız defisitinə görə hökumətə müraciət etmək lazım idi. Amma bəzi sahibkarlar qeyri-leqal yollar ilə kağız əldə edirdilər və problemsiz kitab dərc edirdilər. Sadəcə əlavə suallar yaranmasın deyə, kitabın üz qabığında onun Antverpen ya Berlində ya da başqa yerdə dərc olunduğu yazılırdı. Reallıqda kitablar Peterburqda dərc olunurdu). Ümumən kitabı oxumağa tövsiyə etməzdim.

- Şahmar. İtki. Bakı. 1989. 256s - uzun müddətdir ki, mən azərbaycan dilində hekayələr axtarıram. Bütün klassikləri oxuyandan sonra Sovet və müasir dövrün yazıçılarına başladım. Bilmirəm niyə amma çoxu mənə həddindən artıq süni gəlir (misal üçün, dünən R. Tağının 1989-cu ildə yazdığı bir məşhur hekayəsini oxudum. Amma bu hekayə adlandırılsa da, sadəcə faktların sıralaması idi). Bir dəfə kulis-də Şahmarın "Elçilik" adlı hekayəsi yerləşdirilmişdi. Hekayə xoşuma gəldi və hətta internetdə yazıçı haqqında tapdığım rəylər də çox müsbət idi. Ona görə o zaman Axundov kitabxanasından (karantin dövrü idi və kitabxana işləmirdi) onun kitablarını sifariş verdim (nəticədə hər iki kitabı elektronlaşdırılıb və anl-də yerləşdirilib). Müəllifin özünün dərc etdiyi "Elçilik" adlı hekayə toplusunu hələ o zaman oxudum və çox xoşuma gəldi. İkinci məcmuəsi isə ölümündən sonra dərc olunub. Burada həm birinci topluya daxil olan, həm də dərc olunmayan hekayələr var idi. Zəif hekayələr də var, amma ümumən çox yaxşı təəssürat bağışlayır. Təəssüf ki, müəllif çox yaşamayıb (1988-ci ildə vəfat edib. Yaradıcılığa isə faktiki 1977-ci ildə başlayıb).

- Ахматова А. Вечер. Стихи. Москва. 1988. 96с. - Axmatovadan onun ilk dərc olunan şeir toplusu barədə soruşulanda, o demişdi ki, bu 1914-cü ildə çıxan "Чётки"-dir. Reallıqda bu 1912-ci ildə dərc olunan "Вечер" idi. Amma Axmatova deyəsən ilk toplusunu çox da sevmirdi ("Чётки" çıxan kimi Axmatova artıq geniş məşhurluğa yiyələndi və bu toplusu dalbadal 9 dəfə nəşr olunub). Düzünü desəm səbəbini bilmirəm (dediyim kimi bu dövrün şairləri ilə çox da maraqlanmıram), amma mənim xoşuma gəldi.

Читать полностью…

Mashalli

Ölkə üzrə COVID-19 pandemiyasının zəiflədiyi dövrdə maraqlandıran suallardan biri də, bu pandemiyanın neçə nəfərin ölümünə səbəb olmasıdır. Rəsmi məlumata görə, mayın 11-nə COVİD-19 təsdiqlənmiş və vəfat etmiş şəxslərin sayı 9709 nəfərdir. Amma bəllidir ki, bu göstərici reallığı əks etdirmir (test etmədən vəfat edənlər, COVİD-19-un fəsadlarından və eyni zamanda səbəb olaraq "ürək dayanması" və s. göstərən şəxslər də çoxdur).

Eyni zamanda biz bilirik ki, 2020-ci ildə rəsmi olaraq 2642 şəxsin COVİD-19 ölməyi elan olunsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə "bəzi infeksion və parazitar xəstəliklərdən" və "tənəffüs sistemi xəstəliklərindən" 2020-ci ildə artıq ölüm 6559 nəfər təşkil edib. Yəni bu şəxsləri biz birbaşa olaraq koronavirusa aid edə bilərik. Bu azmış kimi "qan dövranı sisteminin xəstəliklərindən" artıq ölüm 7853 nəfər təşkil edib. Bu da müəyyən qədər şübhəli göstəricidir. Hər bir halda, reallıq və Operativ Qərargahın məlumatları arasında ən azı 2,5 dəfə fərq var.

Reallığı təxmin etmək üçün Economist jurnalı keçən ilin oktyabrında maraqlı bir metodologiya təklif edib. Onlar hər ölkə üzrə COVİD-19-dan ölüm göstəricisini bir neçə göstərici əsasında hesablamağa cəhd ediblər. Onların istifadə etdikləri göstəricilər bunlardır: aylıq və illik artıq ölüm, artıq ölümün 65-yaşdan yuxarı olan insanlar sayına nisbəti və artıq ölüm göstəricisinin COVİD-19-dan ölmək ehtimalı göstəricisinə (bu göstərici də varlı ölkələrin tibbi sisteminə uyğun olaraq hesablanıb) nisbətidir. Bu göstəricilərin bir çox problemləri var (əsasən də kasıb ölkələrdə tibbi xidmətin zəif inkişaf etməsi və s.), amma hər bir halda ən azı bir alətdir.

Economist bu üsula əsaslanaraq, Azərbaycan üzrə COVİD-19 ölüm göstəricisini minimal olaraq 25, maksimal olaraq isə 54 min olduğunu təxmin edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu dövr ərzində artıq ölüm 43 min idi. Onun da 3 mini müharibənin payına düşdüyünü nəzərə alsaq, bu 40 min edir. Şəxsi ehtimallarıma görə COVİD-19-dan Azərbaycanda ən azı 44 min şəxsin vəfat etdiyini təxmin edirəm.

Читать полностью…

Mashalli

Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq, Azərbaycanda deyəsən ən şəffaf sahələrdən biri də futboldur. AFFA fevralın sonunda, futbol klubları isə artıq ənənəvi olaraq aprel ayının ikinci yarısında öz maliyyə hesabatlarını rəsmi saytlarında paylaşırlar (düzdür paylaşdıqları formatlar müxtəlifdir, amma ən azı bunu edirlər).

2021-ci ilin nəticələrinə görə premyer-liqada çıxış edən klubların cəmi gəliri 55,6 milyon manat təşkil edib. Gəlirin əsas mənbəsi sponsorlar idi (Qarabağ və Neftçi istisna olmaqla).

Maraqlıdır ki, Neftçi və Zirə FK ilin nəticələrinə görə mənfəət də əldə ediblər. Sumqayıt isə 0 ilə ili bitirib. Digər klubları ili zərər ilə bitiriblər.

Читать полностью…

Mashalli

Azərbaycansayağı uğur hekayəsi: 2016-ci ildə Yevlaxda 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçən, 2019-cu ildə Ceyranbatan qəsəbəsində yaşayan bir şəxs üçün birmərtəbəli mansardalı fərdi yaşayış evinin layihəsini tərtib edən, 2021-ci ildə Buzovna qəsəbəsində digər şəxs üçün fərdi yaşayış evini layihələndirən və eyni zamanda qeydiyyatını Bakıya keçirən "Trilliant Engineering" MMC şirkəti 2022-ci ilin aprelin 29-da "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC ilə "Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinin satınalınması"na dair 34,3 milyon manatlıq müqavilə imzaladı.

Читать полностью…

Mashalli

Ukraynada müharibə Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Bu suala cavab vermək üçün ilk əvvəl Ukrayna və Azərbaycan arasında iqtisadi münasibətləri təhlil etmək lazımdır. Məhz bu məqsədlə mən "Ukrayna və Azərbaycan arasında iqtisadi münasibətlərə dair qısa təhlil" hazırlamışam. Təhlilə daxildir:

1. Ümumi iqtisadi göstəricilər.
1.1. Əmtəə ticarət dövriyyəsi.
1.2. Xidmətlər dövriyyəsi və investisiyalar.
2. İqtisadi münasibətlərin strukturu.
2.1. Ticarət münasibətlərin strukturu.
2.1.1. Azərbaycanın Ukraynaya ixracatı.
2.1.2. Ukraynanın Azərbaycana ixracatı.
2.2. Turizm və miqrasiya prosesləri.
2.3. Ölkələrarası investisiyalar.
Əlavə 1 (birinci bölməyə aid 7 cədvəl).
Əlavə 2 (ikinci bölməyə aid 8 cədvəl)

Qiymət: 50 AZN

Təhlili əldə etmək istəyirsinizsə, o zaman birbaşa mənimlə (@tgramana) əlaqə saxlayın.

Читать полностью…

Mashalli

Maraqlı məlumatlar sırasından: bir neçə gün əvvəl Mili Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə edərkən, Qüdrət Həsənquliyev də Nazirlər Kabinetinin cinsi tərkibinə dair fikir bildirdi. Onun sözlərinə görə, "Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır". Q. Həsənquliyev ümumiyyətlə maraqlı deputatdır. Müxalifət adlandırmaq çətindir, amma bir çox sosial məsələlərin müzakirəsində ya iştirak edir, ya da az qala təşəbbüskarı olaraq çıxış edir (misal üçün, uşaq pulu mövzusunu parlamentdə hələ 2017-ci ildə səsləndirmişdi).

Читать полностью…

Mashalli

Azərişiq ASC öz maliyyə hesabatında həyata keçirtdiyi xərcləri üç hissəyə bölüb. Hər bölmə üzrə əməkhaqqı xərcləri ayrıca göstərilib. Misal üçün, əldə olunan elektrik enerjisinin satışı sahəsində çalışanların əməkhaqqı xərcləri 63,58 milyon manat təşkil edib. Bu 2020-ci ilin göstəricisi ilə eynidir. Paylama şəbəkəsində çalışanların əməkhaqqısı 35,4 milyon manat təşkil edib. Bu 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,5 milyon manat azdır.

Üçüncü istiqamət isə inzibati xərclərdir. Bura ofislərin fəaliyyəti aid olunur. Başqa sözlə bu istiqamət üzrə xərclərə müxtəlif inzibati vəzifələrdə çalışan şəxslərin əməkhaqqısı aiddir. Maliyyə hesabatında verdiyi məlumata görə, 2021-ci ildə inzibati vəzifələrdə çalışan şəxslərin əməkhaqqısına 42,63 milyon manat xərclənib. Bu isə 2020-ci il ilə müqayisədə 6,5 milyon manat və ya 18% çox deməkdir. Yeri gəlmişkən, əsas rəhbərliyinin (Nizamnaməyə görə 4 nəfərdən ibarət olmalıdır, amma açıq mənbələrdə yalnız iki nəfər barədə məlumat var) gəlirləri də 33% artıb.

Читать полностью…

Mashalli

Bu yaxınlarda sosial şəbəkədə jurnalistlərin birinin akkauntunda əmək bazarında cinslər arasında maaş qeyri-bərabərliyi müzakirə olunurdu. Məsələ ondan ibarətdir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə kişi və qadınların orta maaşı arasında 36%-lik fərq var. Bu rəqəm hər hansı iş mövqesi üzrə maaş fərqini yox, tamamilə başqa bir şeyi göstərir. "Qadın üçün" ictimai təşəbbüs üçün yazdığım hesabatda qeyd etmişəm ki, əsas problem qadınların yüksək vəzifələrdə olmamasıdır. Yəni əgər bir məktəbdə bütün müəllimlər qadınlardı, amma məktəbin direktoru kişidirsə, əlbəttə ki, təhsil sahəsində kişilərin orta əməkhaqqısı, qadınların əməkhaqqısından üstün olacaq (bu sadəcə nümunədir. Amma təhsil sahəsində belə kişilərin orta əməkhaqqısı qadınlardan çoxdur). Yəni məsələ ondan ibarətdir ki, bizdə qadınlar əsasən aşağı vəzifələrdə çalışırlar (şirkət və ya dövlət qurumu olmasından asılı olmayaraq). Bunu biz dövlət qurumların nümunəsində aydın görə bilərik (təəssüf ki, Dövlət Statistika Komitəsi digər sahələri təhlil etmir. Amma düşünmürəm ki, orada fərqli nəsə olacaq).

Eyni zamanda qadınların 64%-i üç sahədə çalışır. Müvafiq üç sahə də əməkhaqqı səviyyəsinə görə ən aşağıda olanlardır. Yəni ümumən problem təkcə maaş fərqi ilə məhdudlaşmır. Bu daha geniş problemdir ("qadın" peşələrin olması, təhsilə çatımlılıq və s.).

Bəs bu problemi necə həll etmək olar? Əslinə qalsa bununla bağlı konkret addımlar paketi hazırlamaq çətin deyil (yuxarıda qeyd olunan hesabatda təkliflərimiz də var). Sadəcə bir neçə gün əvvəl, NİDA VH-ın tədbirində çıxış edəndə dediyim kimi, ən effektiv yol - Nazirlər Kabinetinin tərkibində dəyişiklik etməkdir. Dəyişiklikdən sonra isə onun yarısı qadınlardan ibarət olmalıdır. Bu nümunəni görən kimi digər səviyyələr üzrə də dəyişikliklər başlaya bilər.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Telegram-kanallardan biri Azal-ın təyyarə parkını təhlil edib. Onun hesablamalarına görə, 18 təyyarədən 4-ü son 1 il ərzində, daha 4-ü isə son 2-3 həftə ərzində ümumiyyətlə istifadə olunmayıb. Yəni başqa sözlə təyyarə parkının 40%-i aprelin sonuna istifadə olunmurdu.

Читать полностью…
Subscribe to a channel