mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Bakı metrosuna dair

Hesablama Palatasının 2023-cü il dövlət büdcəsinin icrasına dair rəyində qeyd olunur ki, Bakı Metropoliteninə dövlət əsaslı vəsait qismində ayrılmış 50 milyon manatdan 1,2 milyon manat "əvvəlki illərdən başa çatmayan tikili olan "II (Yaşıl) xəttin "Xətai"-"Y-20" (Yeni Günəşli) sahəsinin tikintisi" və "II (Yaşıl) xəttin "Dərnəgül" elektrik deposunun tikintisi" layihələrin obyektlərinin mühafizə və saxlanma xərclərinə" yönəldilmişdir.

Читать полностью…

Mashalli

Qırğızıstanda paytaxtın merinin qərarına görə hər həftənin ikinci və dördüncü günləri meriyada və bələdiyyə qurumlarında (onlarda müvafiq qurumlara Su idarəsi, elektrik enerji və s. aiddir) çalışan şəxslərə şəxsi maşınlarından istifadə qadağan olundu. Bunun əvəzində müvafiq məmur və bələdiyyə işçiləri ictimai nəqliyyatdan istifadə etməlidirlər və hətta istifadə zamanı müvafiq avtobusun vəziyyətinə (təmizdirmi, xidmətlərin göstərilmə səviyyəsi və s.) diqqət yetirməlidirlər. Qərara görə bu addım davamlı olaraq monitorinq olunacaq.

Читать полностью…

Mashalli

Toğrulla (@mashalli) birgə hazırladığımız "Axşambazarı" iqtisadi bülleteninin ikinci sayı hazırdır!

Bu sayda nələr var?

- Azərbaycanda uçot dərəcəsinin dəyişməsi nə ifadə edir?

- Sərfəli yığım etmək və qısamüddətli böyük vəsaitlərdən gəlir əldə etmək üçün nə etmək olar?

- Səhm və istiqraz bazarı: Azernco ASC-nin maliyyə göstəricilərinin təhlili

- İctimai nəqliyyat icmalı

- Elektrik mühərrikli avtomobillərə marağın artması Azərbaycanda biznes üçün hansı imkanlar yaradır?

- Azərbaycandakı hansı orta məktəblərin təhsil nəticələri daha yüksəkdir? Özəl məktəblərin müqayisəsi.

- Hansı avtomobil markalarını alanlar daha çox peşman olub?

Bülletenlə tanış olmaq üçün Patreon platformasında hesab yaradaraq bizi izləyin!

https://www.patreon.com/posts/104473826?utm_campaign=postshare_creator

Читать полностью…

Mashalli

Bu yaxınlarda Rusiyada hazır yeməklərin çatdırılmasına dair sorğu keçirilib. Sorğunun nəticələrinə görə məlum olub ki, respondentlərin 74%-i bu ilin ilk 4 ayı ərzində ən azı bir dəfə evə çatdırılmadan istifadə ediblər (2023-cü ildə müvafiq göstərici 62% idi). Gündəlik olaraq yeməyi sifariş edənlərin payı 16% (11%), bir gündən bir sifariş edənlərin payı isə 24% (19%) təşkil edib. Hazır yeməklərin sifarişi ilə bağlı orta aylıq xərcləri 20 min rubl təşkil edib (və ya 370 AZN). Əlbəttə ki, Moskvada bu göstərici daha yüksəkdir (35 min rubl və ya 647 AZN).

Bəs siz hazır yemək çatdırılmasına nə qədər xərcləyirsiniz?

Читать полностью…

Mashalli

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi məlumata görə Azərbaycanda yeni qeyri-qanuni fəaliyyət növü yaranıb - taksi sürücüləri.

Yəni rəsmi saytda verilən bu xəbəri başqa cür izah etmək çətindir. Reyd hansısa qayda-qanun pozuntusuna (və ya mətndə qeyd olunan maarifləndirmə məqsədilə(!)) qarşı keçirilə bilər. Hansısa fəaliyyət sahəsində məşğul olan şəxslərə qarşı keçirildiyi halda, bu o deməkdir ki, müvafiq sahə də qeyri-qanunidir...

Читать полностью…

Mashalli

Bu günlərdə Türkiyənin Ticarət Nazirliyi İsrail ilə ticarət əlaqələrinin dayandırılmasına dair məlumat yayıb: “Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”.

Bəs iki ölkə arasında ticarət nədən ibarət idi? Rəsmi məlumata görə iki ölkə arasında ticarət mübadiləsinin ümumi dəyəri illik 6-8 milyard dollar arasında idi. 2023-cü ilin nəticələrinə görə, Türkiyənin ixracatı 5,2 milyard (-23%), idxalatı isə 1,6 milyard (-25%) təşkil edib. Maraqlıdır ki, Türkiyənin İsrailə ixracatında birinci yeri portlandsement tutub.

Məlumata görə, 2023-cü ildə Türkiyə İsrailə 192 milyon USD dəyərində portlandsement ixrac edib. İkinci və üçüncü yerlərdə isə bitki yağı və neft qərarlaşıb.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: ölkə üzrə ən yüksək nominal orta aylıq əməkhaqqı dekabrda qeydə alınır. Ən aşağı göstərici isə yanvar-fevral aylarına aiddir.

Təxmin etmək olar ki, bu müxtəlif pul mükafatların ödənişi ilə bağlıdır. Müqayisə üçün deyə bilərik, 2022 və 2023-cü illər üçün orta aylıq nominal əməkhaqqı 840 və 933,8 manat təşkil etdiyi halda, müvafiq illərin dekabr aylarında bu göstərici 942,8 və 1044,7 manat idi.

P.s. DSK rəqəmləri əsasında bizim tərəfimizdən hesablanıb.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: Dünya üzrə ən çox qaçqın qəbul etmiş ölkə İrandır. 2023-cü ilin sonuna olan məlumata görə, İranda 3,44 milyon Əfqanıstandan olan qaçqın məskunlaşıb.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 2022-ci ilin nəticələrinə görə Azərbaycan qeyri-neft ixracatının 62%-i 30 şirkətin payına düşürdü.

Читать полностью…

Mashalli

Azərbaycan futboluna dair: 2023-cü ilin nəticələrinə görə AFFA-nın gəlirləri 35,6 milyon manat, "Qarabağ" FK-nın gəlirləri isə 30,8 milyon manat təşkil edib. Eyni zamanda AFFA-nın əməliyyat xərcləri 27,9 milyon manat, "Qarabağ" FK-nın isə 31,9 milyon manata bərabər olub.

Читать полностью…

Mashalli

Sanksiyaların təsiri haqqında

Bank kartları üçün çip və hərbi sənaye üçün mikrosxem istehsal edən Rusiyanın "Element" şirkətlər qrupu 2022-ci ildən bəri ABŞ-ın sanksiyalar siyahısına düşüb. Bəs şirkət sanksiyalar altında necə fəaliyyət göstərir? Deməli şirkət bu yaxınlarda IPO (səhmlərin ilkin yerləşdirilməsi) keçirmək niyyətindədir. Bəs sanksiyalar altına düşmüş şirkət səhmlərini harada yerləşdirə bilər? Əlbəttə ki, sanksiyalar altına düşmüş birjada - bu da Sankt-Peterburq birjasıdır.

Müharibəyə və sanksiyalara baxmayaraq, birjada səhmlərin yerləşdirilmə prosesi müəyyən qaydalar ilə tənzimlənir. Bu qaydalar arasında maliyyə hesabatının yerləşdirilməsi də var. Şirkət də bunu nəzərə alaraq 2023-cü il üçün maliyyə hesabatını paylaşıb. Hesabatdan məlum oldu ki, şirkətin gəlirləri 2023-cü ildə əvvəlki ilə nisbətdə 46%(!) artıb (təxmini 650 milyon manat). Mənfəəti isə 93%(!) artıb. Mənfəət daha da çox arta bilərdi, amma 2023-cü ildə şirkət istehsalın genişlənməsinə 12 milyard rubl (və ya 214 milyon manat) yatırıb. Bu da ondan əvvəlki il ilə müqayisədə 4 dəfə çoxdur.

Kiməsə sanksiya və müharibə, kiməsə isə mənfəət..

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: 2023-cü ilin nəticələrinə görə Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların əməliyyat mənfəətini və gecələmələrin sayını müqayisə etsək, ən effektiv hotellər Oğuz rayonunda yerləşir. Onlar bir gecələmədən (cəmi il ərzində 1810 gecələmə qeydə alınıb) 57 AZN əməliyyat mənfəəti qazanıblar.

P.s. amma bəllidir ki, bu mənfəətin böyük hissəsi birbaşa mehmanxana yox, əlavə fəaliyyətlər hesabına - restoran, konfrans və s. - qazanılıb.

Читать полностью…

Mashalli

Başqa tərəfdən də maraqlı kitabdır. Kitabın əsas mövzusu ondan ibarətdir ki, mübarizəni iki yolla aparmaq olar - inqilabi və qanuni. Tver quberniyasının mülkədarları əsasən ikinci yolu seçmişdilər. Onlar maksimal olaraq mövcud qanunvericilik şəraitində dəyişikliklərə nail olmaq istəyirdilər. Daimi olaraq yazırdılar ki, indiki şəraitdə bizə söz, fikir, insan azadlığı lazımdır. İnqilabçılar bu yolu qəbul etmirdilər. Faktiki olaraq müəllif də nəticədə o fikrə gəlir ki, qanuni yol - yol deyil, çünki inqilabçıların nail olduqları azadlıqlar uğrunda, Tver mülkədarları 40 il vaxt xərcləmişdilər və heç nəyə nail ola bilmədilər. İnqilabçılar isə hətta II Aleksandrı bir çox addımlara "şövq" edirdilər. Sonradan liberallar birləşib, kadet partiyasını yaratdılar (və məhz Tver mülkədarları bu partiyada vacib rollara yiyələndilər). Amma bu artıq ölkəni xilas edə bilməzdi;

- Хлевнюк О.В. Корпорация самозванцев. Теневая экономика и коррупция в сталинском СССР. Москва. 2023. 214c. - İlf və Petrovun əsərlərindən biz bilirik ki, Sovetlərdə hər hansı bir real olmayan işə görə pul alıb qaçmaq kimi aferistlər var idi (əslinə qalsa onlar daim var. Sadəcə SSRİ şəraitində bu təəccüblü qarşılanırdı). Kimsə gəlib mövcud olmayan qurum adından hər hansı bir vəsait toplayıb aradan çıxırdı. Amma təsəvvür edin ki, insan gəlib, mövcud olmayan qurumun adından sifarişi qəbul edib və əldə etdikləri vəsait ilə qaçmayıb, işi əksinə yerinə yetirib və fəaliyyətini davam etdirib. Bu lap təəccüblüdür. Müharibə zamanı döyüşlərdən qaçmaq üçün Pavlenko rəsmi strukturlara daxil olmayan tikinti batalyonu formalaşdırıb və bu batalyonla Almaniyaya kimi çatıb. Yolüstü isə dövlət sifarişlərini yerinə yetirib. Müasir zamanda bu faktiki olaraq şirkət yaradıb, tenderlərdə qalib gəlmək deməkdir. Amma müharibə dövründə nə tender, nə də özəl şirkət var idi. Amma Pavlenko bunu bacarıb. Təsəvvür edin ki, hərbi struktur çərçivəsində silahlı, tikinti layihələrini reallaşdıran, amma reallıqda adı heç bir sənəddə olmayan qurumla fəaliyyət göstərib.

İnsan müharibə bitəndən sonra belə öz fəaliyyətini davam etdirib və ən maraqlısı odur ki, bu dövrdə çox uğurlu olub. Hesablamalara görə 4 il ərzində 90 km avtomobil yolu, 30 km dəmiryolu tikib, bir neçə zavod təmir edib və s. Bütün bunları etdiyi dövrdə rəsmi hesablardan istifadə edib və heç bir məqamda heç bir qurum onun real olmayan struktur adından çıxış etdiyini başa düşməyib (təxmini 10-15 nəfər bilirdi. Onlar da faktiki payçılar idi). Sadəcə 1952-ci ildə olan bir şikayət nəticəsində fəaliyyəti məlum olub və bütün işçilər həbs edilib (maraqlı məqam ondan ibarətdir ki, qurum həm də vergi və sosial ödənişləri də vaxtı-vaxtında edib). Amma ən maraqlısı odur ki, SSRİ dövründə həbs olunmuş digər sexovik, valyutçik və s. fərqli olaraq, onun mülkiyyətində qızıllar, böyük həcmdə nağd vəsait tapılmamışdı. Yəni insan sadəcə biznes ilə məşğul idi və bütün vəsaitlərini biznesə yatırırdı (4 illik dövriyyəsi 38 milyon rubl idi və onun yalnız 600 mini Pavlenkoya çatıb). Sovet dövründə belə tipli biznes mümkün deyildi.

O. Xlevnyuk da bu hadisəni götürüb, dövrü təsvir etməyə çalışıb. Maraqlı alınıb. Soruşa bilərsiniz ki, Pavlenko faktiki olaraq 9 il fəaliyyət göstərib və bu dövrdə onu niyə heç kim tutmayıb? Müəllif bunu çox gözəl göstərir. Yəni onun rastlaşdığı problemlər, onun mövcudluğu əslinə qalsa zamanın tələbi idi. Moldovada körpü təmir etmək istəyirlər, yerli qurumlarda körpünü təmir etmək üçün vəsait var, amma resurs yoxdur. Həm də hər nazirliyin öz tikinti strukturu, o tikinti strukturun bölmələri və s. Pavlenko da gəlib, bu problemi həll edirdi - o Kiyevdən Kişinyova, Kişinyovdan Estoniyaya texnikanı, işçiləri ata bilirdi. Digər qurumlar bunu edə bilmirdilər və əlbəttə ki, heç kimin vecinə deyildi - o bunu necə edir - təki iş getsin. İş getməsə, plan yerinə yetirilməyəcək. Eyni zamanda repressiyalar onsuzda genişdir - prokurorluqlara da resurs kifayət etmir. Onlar siyasi işlər ilə məşğul olmağa çətinliklə adam tapırlar, burada isə vəziyyət daha da çətindir. Ona görə onların da vecinə deyildi. Nəsə maraqlı araşdırmadır.

Читать полностью…

Mashalli

Deyəsən nəhayət öz aylıq kitab oxuma normama qayıda bildim (7 kitab və ya 1500-1800 səhifə). İlin əvvəlindən ən azı buna riayət edirəm və iş prosesində də bunu hiss edirəm (daha effektiv işləyirəm, ideyaların çoxdur, amma BŞBPİ növbəti dəfə çağırmasa). Keçən ay oxuduğum yeddi kitabdan, üçünü ümumiyyətlə tövsiyə etmirəm və həm də nəsə yazılmalı bir kitablar da deyil (bunlar X. Murakami "Norveç meşəsi" (özüm də bilmirəm niyə oxumağa qərar verdim), В. Серж "Сопротивление" (şeir məcmuəsi) və Polad Həşimov haqqında xatirələr kitabı (düzünü desəm məni burada maraqlandıran mif və simvolların yaranmasıdır. Yəni bir neçə gün ərzində müəyyən mənada cəmiyyət üçün simvola çevrilən şəxsdir (2019-cu ildə Polad adında doğulmuş uşaqların sayı heç 100-ə çatmırdı, amma eyni göstərici 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə 196 və 2023-cü ildə 153-ə bərabərdir). Onun haqqında əfsanələr necə formalaşır? Sadəcə bu cəhətdən maraqlı idi). Keçək digər kitablara:

- Станкевич Н.В. Избранное. Москва. 1982. 256c. - 1830-ci illərdə Rusiya imperiyasında bütün azadlıqların boğulduğu dövrdə (o dövrlə müqayisədə 10-20-ci illər söz azadlığı dövrü kimi təsvir oluna bilər) ali təhsilli, intellektual insanlar krujok (dərnək demək düzgün olmazdı) yaratmaqdan başqa variant tapa bilmirdilər. Səbəb çox sadə idi. Qəzet, jurnal, teatrlarda senzura və hökumətyönümlü jurnalistlər və yazıçılar absolyut çoxluq təşkil edir, ədəbiyyat əsasən ucuz fransız romanların tərcüməsindən (hətta bu günə yadda qalan o vaxtdan nisbətən məşhur yazıçı və şair azdır. Hətta Lermontov o dövrdə yaşayırdı, amma demək olar ki, heç nə dərc etmirdi) ibarətdir, məmurlar yalnız korrupsiya ilə məşğuldular, real həyat faktiki "zastoy"dadır.

Bəs nə edəsən? O zaman universitet tələbələri kiminsə evində görüşüb, qadağan olunan ədəbiyyatı bir-biriləri paylaşıb, müzakirələr aparırdılar. Bir neçəsi haqqında bizə nisbətən ətraflı məlumat çatıb. Biri Qertsen ətrafında birləşmiş Moskva Dövlət Universitetinin tələbələri idi, başqasının mərkəzində isə Stankeviç dururdu. Özü-özlüyündə Stankeviç çox da yazmırdı və bizim dövrümüzə çatan əsasən onun məktublarıdır. Amma öz ətrafında çox ciddi təsirə malik olan insan idi. Məhz Stankeviç öz ətrafının müasir alman fəlsəfəsi ilə tanış etdi (onun krujokuna daxil olanlar isə M.A. Bakunin (anarxist), İ.S. Turqenyev (yazıçı), V.Q. Belinski (tənqidçi), T.M. Qranovski (tarixçi) və s.) və bununla da ciddi təsir göstərdi (təxmini 5 il sonra artıq alman fəlsəfəsinə dair müzakirələr müxtəlif salonlarda normaya çevrildi). Hər bir dövrdə belə bir insanlar var və əslinə qalsa onlardan sonra hər hansı yazı və ya material qalmır. Bununla belə faktiki sonraki həyata və cəmiyyətin fikirlərinə (40-ci illərin cəmiyyəti Belinski, Bakunin və Qranovskinin fikirləri əsasında formalaşırdı və bu da məşhur 60-ci illərə səbəb oldu) ciddi təsir edirlər (çox adam onları heç tanımasa da və həm də birbaşa təsir olmasa da. Yəni Stankeviçin fikirləri Belinski və Bakuninin fikirlərindən ciddi sürətdə fərqlənirdi. Sadəcə müzakirələr fikirləri formalaşdırır);

Читать полностью…

Mashalli

Bəzən deyirlər ki, bağlı sərhədlər turizmə və sərhədyanı bölgələrdə yaşayan şəxslərə təsir edir (rəsmi statistikada onların səfərləri də turizm kimi qeydə alınır). Əlbəttə ki, əsasən bu qruplara təsir edir. Məhsul və xidmətlərin ixrac və idxalına demək olar ki, təsir etmir.

Amma məsələ ondan ibarətdir kİ, qonşu ölkələr arasında iqtisadi münasibətlər çoxşaxəli olur. Buraya nəqliyyatdan başlamış ticarət və təhsilə kimi məsələlər daxildir. Təsəvvür edin ki, siz Qazaxda olan kiçik sahibkarsınız və öz məhsulunuzu qonşu bölgələrə, o cümlədən Gürcüstana satmaq istəyirsiniz. Qabaqlar sən öz maşının ilə gedə bilərdin və başlaya bilərdin. İndi isə sən loqistika şirkətlərinə müraciət etməlisən və bu da xərclərini artırır. Bəlkə orada daha yaxşı bazar tapıb, ölkənin də ixrac potensialını artıra bilərdin və ya əksinə. Amma indi bu mümkün deyil.

Nəticə etibarilə ölkələrarası iqtisadi (və ya mədəni, təhsil və digər sahələrdə) münasibətlərdə iştirak edən şəxslərin də sayı azalır.

Читать полностью…

Mashalli

Taksi tarifi haqqında

İstifadə etdiyim Uber-də taksi ilə gediş haqqına dair məlumatda qeyd olunur ki, müvafiq ödəniş dörd hissədən ibarətdir:

– stabil xidmət haqqı;
– səfərə sərf edilən zaman;
– məsafə: km ilə;
– əmsal (əgər aiddirsə).

Müvafiq ödəniş avtomatik təyin olunduğu üçün və strukturu bizə təqdim edilmədiyinə üçün biz buna böyük əhəmiyyət vermirik. Amma taksi tarifləri həmişə belə formalaşmırdı. Ən azı Azərbaycanda onların formalaşmasına təsir göstərən şəxslərdən biri də İqtisadiyyat üzrə Nobel mükafatı alan L.V. Kantoroviç idi. Rəsmi olaraq ona mükafatı məhz "resursların optimal paylanması nəzəriyyəsinə verdiyi töhfə" göstərilib. Bu resurslar arasında taksini da qeyd etmək olar. Düzdür onun nəzəriyyəsi əsasən "Экономический расчет наилучшего использования ресурсов" ("Resursların ən effektiv istifadəsinin iqtisadi hesablaması") kitabında ifadə olunub və orada taksi haqqında heç nə yoxdur. Amma bu nəzəriyyənin praktiki istifadəsi SSRİ-də həm də taksi sahəsində öz ifadəsini tapıb.

Təxmini 1961-ci ilə kimi SSRİ-də taksi tarifləri yalnız məsafədən asılı idi. Misal üçün, bir kilometr 0.2 rubl idisə, sən 5 km-lik məsafə keçdikdə 1 rubl ödəyirdin. O zaman taksi bazarı bir sıra problemlər ilə üzləşirdi - sürücülər qısa məsafələrə heç kimi aparmırılar, insanlar da taksidən yalnız xüsusi hallarda istifadə edirdilər. Düzdür ictimai nəqliyyat işləyirdi, amma bu sahənin də inkişafı ölkə üçün vacib idi. Taksi parkları isə o vaxta kimi faktiki zərər ilə çalışırdılar.

Bəs vəziyyətdən necə çıxaq? L.V. Kantoroviç öz qrupu ilə birlikdə müxtəlif sahələr üzrə resursların effektiv istifadəsini ölçürdü. Əsas məqsəd, əlbəttə kİ, sənaye idi, amma hesablama üçün əlinin altında olan resurslardan istifadə daha rahat idi. Belə sahələrdən biri də taksi daşımaları idi. Öz qrupu ilə birlikdə mövcud sistemi təhlil edib, onun əsasında maraqlı təkliflər ilə çıxış edib. Bu təklifləri sonradan praktikada reallaşdıraraq müvafiq sahəyə əlavə qazanc gətirməyə müvəffəq olub.

Bəs təklifi nədən ibarət idi? Təkliflərini, 1965-ci və 1966-ci illərdə dərc edilmiş "Амортизационные платежи при оптимальном использовании оборудования" və "Структура амортизационных отчислений при стационарной нагрузке машинного парка" məqalələrində ifadə edib. Tamamilə riyazi hesablamalardan ibarət olan məqalələrin nəticəsi reallıqda çox sadədir - taksi ödənişi təkcə keçdiyi məsafəyə görə, xidmətə görə də almalıdır. Yəni siz maşına mindinizsə, avtomatik ödəniş etməlisiniz və ondan sonra artıq məsafəyə görə ödəniş hesablanacaq. Reallıqda isə təklif belə idi: minən kimi 0,2 rubl, sonradan isə hər 1 km-ə görə 0,1 rubl. Deyilənə görə bu bazara təsir etdi - insanlar daha çox taksidən istifadə etməyə başladılar, taksi parkların dövriyyəsi artdı və orta yürüş məsafəsi azaldı. Taksi sürücüləri indi təkcə uzun məsafələrə gedənləri yox, həm qısa məsafə üçün götürürdülər - çünki sonuncuların sayı artdı. Yuxarıda göstərdiyim Uber-in tarifində indi buna "stabil xidmət haqqı" deyilir.

Читать полностью…

Mashalli

Azərbaycanda maaşlara dair

Bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib ki, son 5 ildə 4 sosial islahat paketi çərçivəsində Azərbaycanda 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib. Hansı dərəcədə bu addımları sosial islahat adlandırmaq olar məsələsini müzakirə etmək istəmirəm, amma bununla belə o əlavə edib ki, "Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2.8 dəfə artıb, minimum əmək haqqı 2.7 dəfə artıb, orta əməkhaqqı 75 faiz artıb".

Minimum aylıq əməkhaqqı Azərbaycanda prezident sərəncamları ilə tənzimlənir. Yəni bu rəqəmi dövlət müəyyən edir. O da doğrudur ki, 2019-cu ildən 2024-cü ilin sonuna kimi bu göstərici 2,7 dəfə artıb (daha dəqiq - 2,65 dəfə: 130 manatdan 345 manata kimi). Məni başqa məsələ maraqlandırıb. Biz hamımız başa düşürük ki, 2019-cu ilin əvvəlində ölkədə 130 manat maaş əldə edən insan yox idi. Bu sadəcə formallıq naminə qeyd olunmuş əməkhaqqı idi. Yəni real əməkhaqqı daha yüksək, formal isə minimal səviyyədə idi. Sonradan Azərbaycanda əməkhaqqı artımı yox, məhz daha çox gizli hissəsinin azaldılması prosesi getdi. Yəni əgər bundan əvvəl işəgötürən 300 manat verib, onun 130-nu rəsmi, 170-ni nağd ödəyirdisə, bundan sonra sadəcə rəsmi ödədiyi hissə ciddi sürətdə artmağa başladı. Qeyri-rəsmi ödədiyi hissə ya azalmağa, ya da ümumiyyətlə yığışdırıldı. Amma ümumi maaş eyni templər ilə artmırdı. Ümumi maaş ən yaxşı halda 5-10% arta bilərdi.

Bəs bunun nəticəsi nə oldu? Dövlət Statistika Komitəsinin "Muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı" məcmuəsinə istinad etsək, görə bilərik ki, 2018-ci ildə ölkə üzrə əməkhaqqı fondu 10,1 milyard manat, 2023-cü ildə isə bu göstərici artıq 19,5 milyard manatdır (artım 1,9 dəfə). "Ev təsərrüfatları tədqiqatı"na əsaslansaq o zaman müvafiq göstəricilər 11 və 24 milyard manat təşkil edəcək (2,2 dəfə artım). Hər iki halda 2,8 dəfəlik artım müşahidə edilmir. Hətta Dövlət Statistika Komitəsi tərəfindən Milli Hesablar çərçivəsində hesabladığı "İşçilərə əmək ödənişləri" göstəricisi 2018-2022-ci illər ərzində 1,8 dəfə artıb (2023-cü ilin nəticələrinə görə 2,8 dəfəlik artımın olması üçün orta maaş illik 75% artmalı idi, amma orta aylıq əməkhaqqı 11% artıb).

Bəs minimal əməkhaqqının artımı əhalinin hansı hissəsini əhatə edib? Bunu dəqiq demək çətindir. Müxtəlif illərdə müxtəlif rəqəmlər səsləndirilib. 2019-cu ildə bu 600 min idi, 2021-ci ildə isə 800 min olaraq göstərilib. Təxmin edək ki, bu addım 600 min işçini əhatə edib. Bu o deməkdir ki, maaş fondu artımın ən azı 9,5 milyardlıq hissəsi məhz 2018-ci ildə 130 manat alan şəxslərin payına düşüb. Biz təxmin edirik ki, o zaman 130 manat maaş yazılan şəxslərin böyük hissəsi daimi işçilərdir (indi də onu müşahidə etmək olar. Mövsümi işlərdə adətən maaşlar bir qədər fərqlənir).

Başqa sözlə maaş fondunun real artımı (yəni dövlət tərəfindən qəbul edilmiş sənədlərə görə məcbur ediləni çıxsaq) ortalama 17% təşkil edib. Eyni dövr ərzində isə qiymət artımı 45% təşkil edib. Sizcə buna sosial islahat demək olarmı?

Читать полностью…

Mashalli

Azərbaycanda əhali bazar iqtisadiyyatına keçid haqqında nə düşünürdü?

"1990-cı ildə Azərbaycan rəqəmlərdə. Qısa statistik məcmuə" verilən məlumata görə 1990-1991-ci illərdə respublikada keçirilmiş sosioloji sorğuların nəticələrinə görə respondentlərin 46,4%-i bazar iqtisadiyyatına keçidlə əlaqədar yaxın 1-2 ildə maddi vəziyyətlərinin pisləşəcəyini, 10,4%- dəyişməyəcəyini, 8,3%-i yaxşılaşacağını güman edirdi.

Читать полностью…

Mashalli

Bir az gömrük statistikası haqqında: deməli 2023-cü ilin nəticələrinə görə Aİ ölkələri Azərbaycana 2,5 milyard USD həcmində məhsul ixrac ediblər. Eyni zamanda Azərbaycan tərəfinin məlumatına görə, Avropa İttifaqından idxal olunmuş məhsulların dəyəri 3 milyard USD təşkil edib. Ən böyük fərq Almaniya, Fransa, Çexiya və Niderland üzrə qeydə alınıb. Bəs bunun səbəbi nədir? Ehtimal etmək olar ki, burada həm obyektiv, həm də subyektiv səbəblər var. Obyektiv səbəblər arasında bəzi məhsulların ümumiyyətlə Azərbaycana çatmamasını qeyd etmək olar. Amma adətən belə hallarda rəqəmlər əksinə olur. Ona görə burada fikrimcə ən əsas rolu subyektiv amillər oynayır. Məsələ ondan ibarətdir ki, vaxtilə Almaniyada və ya Fransada istehsal olunmuş, amma Azərbaycana Gürcüstan vasitəsilə çatmış avtomobillər, bizim statistikada Gürcüstan yerinə istehsal ölkəsi üzrə yazılır. Bəzən məhsullar Almaniya limanların çıxdıqları üçün Almaniya mənşəli olaraq qeyd edilir (misal üçün, Çexiya və Niderlanda aid ola bilər).

Читать полностью…

Mashalli

Bloomberg deyir ki, seçkiqabağı Türkiyədən kapital çıxmağa başlayır. Daha doğrusu seçkiqabağı kapital çıxışının sürəti qat-qat artır.

Sizcə niyə?

Читать полностью…

Mashalli

Aprel ayının ortalarında Rusiya Gömrük Xidmətinin əməkdaşları Bakıdan Moskvaya qayıtmış Rusiya vətəndaşında bəyan edilməyən 40 min dollar aşkarlayıblar.

Vətəndaşın sözlərinə görə, “bəyannamə vermək həvəsi yox idi” deyə, ona görə gömrük əməkdaşlarına məlumat verməyib. Nəticə etibarilə 30 min dollar dövlətə qaldı.

Ümumiyyətlə bu ilin birinci rübündə Rusiya gömrük əməkdaşları tərəfindən bu yolla 518 milyon rubl (9,5 milyon manat) dəyərində olan 2747 fakt müəyyən edilib. Bu faktların böyük hissəsi üç ölkənin payına düşür: Türkiyə, BƏƏ və Azərbaycan (keçən il də ən rekord həcmdə nağd valyuta Azərbaycana uçan Rusiya vətəndaşında aşkarlanmışdı – 112 min funt sterlinq).

Читать полностью…

Mashalli

Siyasi arenada Almaniyada müzakirə olunan məsələlərdən biri də dönərin qiymətidir. Hətta bir il bundan əvvəl baş nazirin ofisi öz İnstagram səhifəsində "dönərin qiyməti niyə artır" adlı post da paylaşmışdı. Son hesablamalara görə Almaniyada dönərin qiyməti son iki il ərzində 50%-ə kimi artıb və artıq 8-10 avro civarındadır. Dönər məsələsi daha çox sosial və gənclər siyasəti cəhətindən vacibdir. İllik Almaniyada 1,7 milyard dönər istehlak olunur və onun əsas auditoriyası gənclərdir.

Bəs Azərbaycanda dönərin qiymətində hansı dəyişikliklər baş verib? Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin əvvəlində dönərin orta qiyməti 2,24 AZN idi. 2022-ci ilin eyni dövründə isə 1,80 AZN idi. Başqa sözlə 2 il ərzində dönərin orta qiyməti 24% artıb. Maraqlıdır ki, müvafiq statistikaya aylıq baxsaq görə bilərik ki, 2022-ci ilin yanvarından bəri bu günə kimi demək olar ki, hər ay qiymətlər artırdı. Son artım 2024-cü ilin yanvarında - 2,20-dən 2,24-ə kimi - baş verib.

Читать полностью…

Mashalli

Aylıq olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dərc olunan "Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqi"ndə maraqlı şirkətlərə rast gəlmək olur. Misal üçün, bu ilin birinci rübünə aid reytinqində məni iki şirkət "Soil Boons" MMC və "Ümüd 059" MMC maraqlandırdı. Bu şirkətlərin bu ilin birinci rübündə ixrac etdiklərin məhsulun dəyəri müvafiq olaraq 5,9 və 4,0 milyon dollar təşkil edib.

Keçən ilin birinci rübündə bu şirkətlər ümumiyyətlə heç nə ixrac etməyiblər. Kommersiya hüquqi şəxslərin reyestrinə müraciət etdikdə görürük ki, birinci 2023-cü ilin martın 16-da, ikincisi isə 2023-cü ilin sentyabrın 19-da qeydiyyatdan keçib. Hər iki şirkətin əsas ixrac məhsulu xurmadır (Soil Boons həmçinin göyərti, pomidor da ixrac edir).

Bu şirkətlərə baxanda düşünürsən ki, bəs deyirdilər ki, Azərbaycanda biznes aparmaq olmur. Şirkət sentyabrda yaranıb, amma artıq fevral ayında Rusiyaya 4 milyon dollar dəyərində (Azərbaycan ixracının 20%-i) xurma ixrac etməyə müvəffəq olub...

Читать полностью…

Mashalli

İstirahət günü faktları: 1930-ci illərdə Sergey Mesxi adlı şəxs Moskvada özünü "27-ci Bakı komissarı" olaraq göstərərək işə düzəlib və yerli "İnturist"in rəhbər vəzifəsinə kimi çatmışdı.

Maraqlıdır ki, bu fakta heç kim önəm verməyəcək idi, amma 1935-ci ildə seksual zorakılığa görə həbs olunandan sonra məlum olmuşdu ki, heç də bakı komissarı deyil...

Читать полностью…

Mashalli

Müasir iqtisadi elmə təsir edən qurumlardan biri Mərkəzi Bankdır. Bu ilin əvvəlində dərc olunmuş "Researching the Research: A Central Banking Edition" (Araşdırmaların araşdırılması: Mərkəzi Bank variantı) tədqiqatın müəllifləri (çexiyalı S. Milovana, M. Hodula və Z. Gric) belə bir nəticəyə gəliblər. Tədqiqatçılar 2000-2019-cu illərdə fəaliyyət göstərən 55 mərkəzi bankın fəaliyyətini araşdırıblar və bu nəticəyə gəliblər.

İlk əvvəl qeyd etmək lazımdır ki, son dönəmlərdə Mərkəzi Bankların tədqiqat bölmələri vacib rol oynamağa başlayıb. Avropa Mərkəzi Bankıdan 3500 işçidən 250-si məhz iqtisadi tədqiqatçılardır. Federal Ehtiyat Sistemində bu göstərici 500-ü keçir. Hardasa 70 il əvvəl Mərkəzi Bank nümayəndələri özlərini daha çox maliyyəçi hesab edirdilər və ona görə iqtisadi təhlilləri vacib hesab etmirdilər, amma son 30 il ərzində vəziyyət dəyişdi. Bu gün kifayət qədər çox vacib tədqiqatlar bir çox hallarda məhz müxtəlif Mərkəzi Banklarda çalışan iqtisadçı qrupları tərəfindən təqdim edilir. Mərkəzi Banklar artıq elmi tədqiqatlara xərcləri vacib hesab edirlər.

Əgər vaxtilə müvafiq tədqiqat mərkəzlərin əsas məqsədləri verilmiş qərarların təsirini öyrənmək, akademik çevrə ilə fikir mübadiləsi aparmaq və MB-lərin ekspertiza mərkəzi kimi prestijini saxlamaq idisə, indi faktiki olaraq MB-lər də elmi fikir istehsalı ilə məşğul olurlar. Maraqlıdır ki, son zamanlar bu tendensiya artmaqda davam edir (tədqiqatda buna dair kifayət qədər fakt var). İndi artıq MB hər hansı qərarı dərc edərkən onu iqtisadi olaraq əsaslandırmağa çalışır. Hətta, misal üçün, Rusiyada bu yaxınlarda uçot faizinin qərarına dair təkcə qərarın özü yox, onun əsasslandırılması ilə bərabər həm də müzakirəsi də ictimaiyyətə təqdim olunmuşdu. Hətta Rusiya Bankı hesab edir ki, qərarın verilməsinə təsir edən amilləri ictimaiyyət bilməlidir (həm də ümumi iqtisadi və siyasi vəziyyəti nəzərə alaraq).

Təəssüf Azərbaycana dair nəsə demək çətindir. Ölkəmizdə İqtisadiyyat institutu ya da universitetlər olsun iqtisadi elmə hər hansı töhfə vermirlər. Bu fonda Mərkəzi Bank (onun Statistika departamenti ilə bərabər Tədqiqatlar departamenti də mövcuddur) iqtisadi müzakirələrə bir rəngarənglik qata bilərdi, amma biz onu müşahidə etmirik (rəsmi saytında olan sonuncu nəşr və tədqiqatlar 2022-ci ilə aiddir).

Читать полностью…

Mashalli

Pringles şirkətin nümayəndəsi deyir ki, amerikanlılar artıq yeni "istehlak model"-inə keçiblər. Onun sözlərinə görə amerikanlılar artıq əlavə alış yox, əksinə qalıqları maksimal olaraq azaltmağa çalışırlar. Yəni onun dediyindən elə çıxır ki, istehlak azalmayıb, sadəcə insanlar daha rasional olublar və əlavə məhsul əldə etməməyə çalışırlar.

ReFed-in hesablamalarına görə, ABŞ-də yeyilməyən qidanın 50%-i məhz mətbəxlərdə qalır. Eyni zamanda əhalinin 12,5%-i qida çatışmazlığı (və ya əldə edilməsi) ilə bağlı problemlərlə rastlaşırlar.

Ümumən yeri gəlmişkən, ABŞ-in payına il ərzində istehlak olunmayan qidanın 38%-i düşür. Göründüyü kimi əgər normal paylanma olardısa, qida çatışmazlığı problemi müşahidə olunmazdı...

Читать полностью…

Mashalli

Rusiyada jurnalistlərin biri standart bir eksperiment keçirib: ölkə üzrə işləməyən təqaüdçünün orta aylıq pensiya həcminə bir ayı yaşamağa çalışıb. Təəssüf, bizdə belə bir eksperimentlər ilə rastlaşmamışam. Amma bu məqaləni istifadə edərək Azərbaycana dair hesablamalar aparmaq olar. Azərbaycanda istifadə olunan orta pensiya həcmi müəyyən qədər reallığı əks etdirmir. Orada yüksək pensiyaya malik məmurlar və s. ayrılmır. Eyni zamanda işləyən/işləməyən təqaüdçülərə dair məlumat yoxdur, ona görə biz yalnız minimum pensiyanı yoxlaya bilərik.

Məqalədə olan rəqəmləri, DSK tərəfindən təqdim olunan aylıq qiymət bülleteni və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş minimum istehlak səbətini sintez edərək orta pensiyaçı üçün istehlak səbətini hesablamağa cəhd etdim.

Nəticə etibarilə aylıq xərclərin həcmi 218,02 AZN təşkil etdi. Bu rəqəmə meyvə, ət (yalnız toyuq), balıq (yalnız konserv), dərmanlar, geyim, ayaqqabı daxil deyil. Kommunal xidmətlər belə NK-nın sənədinə əsasən götürülüb.

Читать полностью…

Mashalli

- Гиллельсон Н.В. П.А. Вяземский. Жизнь и творчество. Ленинград. 1969. 393c. - Puşkin ilə maraqlananlar Vyazemski haqqında məlumatlıdırlar (yaxın dostu idi). Məhz buna görə o mənə maraqlı idi. Vaxtilə cəmiyyətdə az qala ən radikal dəyişiklikləri tələb edən insan, 1850-ci illərin sonunda təhsil naziri vəzifəsinə yiyələnir və senzuraya dair yeni layihələr ilə çıxış edir (heç də senzuranın yumşalmasına yönəlməmiş). "Квасной патриотизм" (bizdə deyəsən buna vətənşüvənlər deyilir) sözünün yaradıcısı birdən birə Rusiyanı tənqiddən müdafiə etməyə başladı. Bəs bu dəyişiklik necə baş verdi? Kitab da məhz buna həsr olunub. Özündən sonra böyük həcmdə gündəliklər, qeydlər, məktublar saxlayıb və ən maraqlısı odur ki, fikirlərinin dəyişməsinə baxmayaraq, hətta qoca olduğu dövrdə dərc etdiyi əsərlər məcmuəsində əks fikirli dövrə aid əsərlərini də salırdı. Bu materiallara əsasən müəllif Vyazemskinin fikir dəyişikliyini mərhələli (o da 86 il yaşayıb, onun öldüyü dövrdə artıq bütün uşaqları vəfat etmişdi) şəkildə təhlil edir.

Əlbət dərhal deyəcəksiniz ki, o cavan idi və qocaldıqca fikirləri dəyişirdi. Məsələ ondan ibarətdir ki, 50 yaşında belə çox müstəqil fikirli idi (hətta vəzifə verilmirdi) və yalnız bir müddət sonra fikirləri dəyişdi. Bəs bu nə ilə bağlı idi? Müəllif həm ətrafdakı şəraiti göstərir (zastoyda 20 il yaşamaq asan iş deyil), həm də onun şəxsi ətrafını göstərir. İllər keçdikcə yaxın dostları və tanışları vəfat edir və o tədricən tək qalır. Bu da müəyyən izolyasiyaya gətirir. Müəllif maraqlı bir müqayisə göstərir. 20-ci illərdə məktubların birində Vyazemski qeyd edir ki, "Vox populi - vox Dei" doğru tərcümə olunmur. Rus dilinə o zamanlar bu ifadə "Tanrının səsi - xalqın səsi" kimi tərcümə edilirdi. O da buna qarşı çıxış edir. Artıq 60-ci illərdə yazdığı məktubda isə o bunun tam əksini iddia edir. Eyni ifadə 40 illik aralıqda eyni insan tərəfindən fərqli cür qəbul olunur.

Hər bir halda maraqlı kitabdır - insanın izolyasiyaya necə düşdüyünü və eyni zamanda müxtəlif kompromislərə gedərək, fikirlərin necə dəyişdiyini görmək olur. Onun bəzi yaşıdları kompromislərə getmirdilər və sonda yoxsulluqda, tam izolyasiyada vəfat edirdilər. Vyazemski isə həyata qayıtmaq istəyirdi, "nəsə" etmək istəyirdi və nəticə etibarilə kompromislərə gedirdi və bu kompromislər onun düşüncəsini belə dəyişdirdi. Maraqlı kitabdır (əgər Rusiya ədəbiyyatı və ictimai-siyasi tarixi ilə maraqlanırsınızsa);

- Кривонос М.А. Мятежное земство. Тверь. 2001. 328c. - Təhkimçilik hüququ ləğv olunandan bir neçə ay sonra Tver quberniyasında vasitəçi təyin olunmuş zadəgan nəsillərin nümayəndələri yığışıb, imperatora tələbnamə yazıblar. Buraya kimi oxuyandan sonra adətən öyrəşmişik ki, zadəganlar nə tələb edəcəklər ki? Əlbəttə ki, islahata qarşı çıxış edəcəklər. Amma Tver quberniyası fərqli idi. Əksinə tələblərində kəndlilərə təkcə şəxsi azadlığın yox, həm də torpağın (yəni islahata görə mülkədarlara məxsus torpağın) verilməsini tələb edirdilər. Bu fakta rast gələndən sonra tez bir zamanda Tver quberniyasında baş verən hadisələrə həsr olunmuş kitabı tapdım. Kitabın əsas mövzusu yerli özünüidarəetmə (земство) islahatı idi. Amma ona aparan yollar da maraqlı təsvir edilib. Digər quberniyalardan fərqli olaraq burada nisbətən liberal düşünən mülkədar daha çox idi. Onlar islahata (müxtəlif, torpaqdan başlamış məhkəmə islahatına kimi) dair təklifləri də 1861-ci ildən əvvəl bir neçə dəfə göndərmişdilər. Hər dəfə hökumət bunu narazı qəbul edirdi və bir neçə nəfəri sürgün edirdi. Buna baxmayaraq onlar davamlı olaraq tələb edirdilər. Hətta yerli özünüidarəetmə qurumun ilk tərkibi sonradan həbs olunub, sürgün olunacaq idi.

Читать полностью…

Mashalli

Əziz dostlar,

İqtisadçı Fərid Mehralızade ilə (@cpkfm) birgə biznes və iqtisadiyyatla bağlı bülleten hazırlamağa qərar vermişik. Bülletenin adı “Axşambazarı”dır.

Bülletenimiz Patreon platformasında ayda 2 dəfə yayımlanacaq. Qarşıdakı dövrdə bu sayın 4-ə çıxarılması planlaşdırılır. Patreonda hesab açaraq bizim aylıq abunəliyimizə qoşula bilərsiniz. (Aylıq ödəniş 6 dollardır)

“Axşambazarı”nın ilk sınaq sayı ilə ödəniş etmədən də tanış olmaq mümkündür. Bülletenimizin əsas məqsədi iqtisadiyyatla bağlı müxtəlif sahələrdə araşdırmalar etmək və faydalı məlumatlar ortaya çıxarmaqdır.

Bülleten kimlərə xitab edir?

- Biznesmenlər və biznes qurmaq arzusunda olanlar
- Menecerlər və mütəxəssislər
- İqtisadiyyatla bağlı sahələrdə təhsil alanlar və təhsil verənlər
- İqtisadiyyatla maraqlanan və ya faydalı məlumat əldə etmək istəyən hər kəs

Bülletendə nə tip məlumatlar olacaq?

- Müxtəlif biznes sektorları ilə bağlı bazar və trend araşdırmaları
- Yeni iqtisadi qərarlarla bağlı şərhlər
- Orijinal statistik məlumatlar
- İqtisadi proseslərin izahı və şərhi
- Biznes, investisiya və iş imkanları ilə bağlı tövsiyələr

Aşağıdakı linkə keçid edərək Patreonda hesab yaradaraq bizi izləyə və bülletenin ilk sayı ilə tanış ola bilərsiniz:

https://www.patreon.com/posts/axsambazari-n1-103605456?utm_medium=clipboard_copy&utm_source=copyLink&utm_campaign=postshare_creator&utm_content=join_link

Читать полностью…

Mashalli

Mədəniyyət iqtisadiyyatı

Müharibəyə və həm də bir sıra məşhur aktyor və rejissorların ölkədən getməsinə baxmayaraq Rusiyada indi teatr bumu (bir çox teatrlar üzrə orta dolumluluq 90-99% təşkil edir) müşahidə olunur. Yerli bilet aqreqatorlarının məlumatına görə teatrlara bilet satışları 40%-dək artıb. Hətta qiymət artımı (bəzi teatr və kateqoriyalar üzrə 20-50%) insanları dayandırmır (sorğulara görə rusiyalıların 25%-i teatra ildə ən azı bir neçə dəfə gedirlər. 2008-ci ildə bu göstərici 13% idi).

Deyilənə görə müharibə dövrü üçün bu normal bir haldır. İnsanlar reallıqdan qaçmaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də teatrdır. Bu fonda da teatrlar inkişaf edirlər – bir çox itkilərə baxmayaraq, tamaşaçıları cəlb etmək üçün yeniliklər edirlər.

Amma məni başqa məsələ maraqlandırır. Rusiyanın Ukraynaya hücumundan sonra mən tez-tez qeyd edirdim ki, bu Azərbaycan üçün maraqlı bir şansdır. Kifayət qədər yaradıcı insan Rusiyadan qaçmalı oldu və onları cəlb edə bilsə idik, bizdə də həm kreativ iqtisadiyyata, həm də təhsil və elmin inkişafına töhfə verə bilərdik. Yəni bu sahələrdə həyat canlanacaq idi (hətta “siyasi” baxımdan bu hökumət üçün təhlükəsiz olacaq idi – çünki onlar təhlükəsizlik naminə maksimal olaraq siyasətdən uzaq qalmağa çalışacaq idilər). Əlbəttə ki, Azərbaycanda bu istiqamətdə heç kim və heç nə etmədi.

Müqayisə üçün Çernoqoriya əksinə – “relokantlar” üçün heç bir məhdudiyyət tətbiq etmədi və kreativ iqtisadiyyat cəhətindən maraqlı nəticələr əldə etdi. İndi Çernoqoriyada rusiyalı, belorus və ukraynlalılar tərəfindən yaradılmış və daimi fəaliyyət göstərən 4 teatr qrupu (daha bir neçəsi periodik olaraq yığışır) və 1 universitet (FLAS – əsasən Rusiyadan qaçmış universitet müəllim heyəti tərəfindən tədris həyata keçirilir) fəaliyyət göstərir.

Читать полностью…
Subscribe to a channel