mashalli | Unsorted

Telegram-канал mashalli - Mashalli

1668

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Subscribe to a channel

Mashalli

Dövlət Statistika Komitəsi ildə bir dəfə muzdlu işçilərin əməkhaqqına dair nisbətən daha detallı məlumat dərc edir. Bu məlumat adətən əvvəlki ilin noyabr ayı əsasında tərtib olunur. Biz də müvafiq məlumatdan istifadə edərək Gürcüstan ilə müqayisə aparmaq qərarına gəldik.

Rəsmi məlumata görə, 2023-cü ilin noyabr ayında Azərbaycanda 1,6 milyon, Gürcüstanda isə 0,98 milyon muzdlu işçi var idi. Gürcüstanda bu işçilərin 29,2%-nin orta aylıq əməkhaqqısı bizim pulla 1500 AZN-dən yuxarı idi. Azərbaycanda eyni göstərici 10,2% təşkil edib.

Читать полностью…

Mashalli

Sizcə xarici istedadların Azərbaycana cəlbi üçün nə etmək lazımdır? Misal üçün, İqtisadiyyat Nazirliyi bilmir və 3,6 milyon manata McKinsey-dən soruşmaq qərarına gəlib.

Düzünü desəm mən pulsuz da məsləhət verərdim, amma mən heç ölkədən çıxa bilmirəm, qaldı ki, buraya kiminsə cəlbinə dair məsləhətlər verim.

Bəs siz nə düşünürsünüz?

P.s. burada qeyd etmək lazımdır ki, məsləhət xidmətlərinə 3.6 milyon manat xərclənməsinə baxmayaraq, gələn ilin büdcəsində müvafiq mexanizmlərin yaradılmasına cəmi 300 min manat ayrılıb.

Читать полностью…

Mashalli

FT-nin hesablamasına görə ABŞ-da dörd ən iri bankın mənfəəti ölkə banklarının mənfəəti arasında 2015-ci ildən bəri ən yüksək paya malikdir. Müvafiq göstərici 44%-ə bərabərdir. Qrafikdən də göründüyü kimi bunun əsas səbəbi digər banklarda mənfəətin azalmasıdır.

Bəs Azərbaycanda? Azərbaycanda isə.. ən iri üç bankın payı 64% təşkil edir.

Читать полностью…

Mashalli

Xatirlayırsınızsa bir dəfə mən xarici ticarət məlumatları əsasında hesablamışdım ki, Azərbaycanda McDonald's təxmini gündəlik ortalama 22 min burger satır. Bu yaxınlarda “McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istiqamətində “AzProtein Food’s Group” şirkəti ilə razılaşıb. Nəticə etibarilə 2025-ci ilin birinci yarısında artıq restoranlar üçün əldə olunan mal ətinin yerli istehsaldan ibarət olacağını gözləmək olar. Eyni zamanda müvafiq məlumatda qeyd olunur ki, “McDonald’s Azərbaycan”ın illik tələbatı təxminən 1 milyon kiloqram təşkil edir. Əgər bir burger üçün lazım olunan ət həcmini 150 qram olaraq götürsək bu o deməkdir ki, şirkət gündəlik 18,3 min burger satır (hələ bura toyuq və s. əlavə etsək, elə bizim hesabladığımız rəqəm alınacaq).

Читать полностью…

Mashalli

Cədvəl. Norveç və Azərbaycanda 2019 və 2023-cü illərdə kinoteatr şəbəkəsi.

Читать полностью…

Mashalli

Maraqlı faktlar sırasından: rəsmi məlumata görə Dövlət Vergi Xidmətində 3644 nəfər çalışır. Onlardan 2736 nəfər ştatdadır, 908 nəfər isə ştatdankənar hesab olunur. Maraqlıdır ki, ştatda çalışanlar arasında kişilərin payı 84% olduğu halda, ştatdankənar işçilər arasında bu göstərici 61%-dir.

Читать полностью…

Mashalli

Liberallar bəzən elə "liberaldılar".. Arqentinada Mileyin hakimiyyəti dövründə dövlət büdcəsinin xərcləri 31% azaldılıb, 13 nazirlik ləğv olunub və dövlət sektorunda çalışan 30 min insan ixtisar edilib.

Prinsipcə belə baxanda maraqlı göstəricilərdir. Amma struktura baxanda görürsən ki, azaldılan təhsil, səhiyyə və s.-dir, amma bununla belə kəşfiyyata xərclər əksinə artırılıb. Libertarian özünü adlandıran şəxsə kəşfiyyat niyə lazım ola bilər ki?

Читать полностью…

Mashalli

Siyasi sahədən uzaq olan iqtisadi xəbərlər arasında son iki günün ən əsas xəbəri, əlbəttə ki, Qafar Dəmirçinin həbs edilməsidir. Səbəbləri və s. məni çox da maraqlandırmır (amma COP-29-dan sonra ekoloji mövzunu belə tərzdə istifadəsinə yalnız təəccüblənmək qalır), amma maraqlıdır ki, KİV-lərin bir çoxu qeyd edir ki, Q. Dəmirçi ““AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu”dur, “tanınmış iş adamı” və s.

Maraqlıdır ki, son məlumata görə, “AQA Şirkətlər Qrupu”nda ən böyük paya malik olan şəxs məhz Qafar Dəmirçidir. 2020-ci ildə dərc olunmuş məlumatda qeyd olunur ki, “AQA Şirkətlər Qrupu” QSÇ nin -nin təsisçiləri arasında pay bölgüsü belədir: Dəmirçi Qafar – 50%, Dəmirçi Aydın – 25% və Dəmirçi Jalə - 25%. Şirkət ailəyə məxsusdur, amma ən iri payçısı məhz Qafar Dəmirçidir. Başqa sözlə kiminsə oğlu olaraq yox, onu daha çox “Bakıda ən iri kommersiya əmlaka malik olan şəxslərdən biri” təqdim etmək daha düzgün olardı.

Читать полностью…

Mashalli

Bir həftə əvvəl (dekabrın 4-ü) ilk dəfə metro ilə evə qayıda bilmədim. Daha doğrusu ümumiyyətlə şəhərdə nəqliyyat kollapsını müşahidə edirdim. Rəsmi məlumata görə, "Bakı metrosunda "yaşıl xətt" üzrə "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib". Nəticə etibarilə həm metroda, həm avtobus nəqliyyatında problem müşahidə olunmağa başladı. Pik saatlarda onsuzda avtobusları tapmaq çətin olur (hətta yolun əhəmiyyətli hissəsi avtobus zolaqlarından keçən marşrutlarda belə), bu dəfə isə təzyiq ciddi sürətdə artmışdı.

Maraqlıdır ki, metro rəhbərliyi qeyd edir ki, “problemi dərinləşdirən məsələlərdən biri də ondan ibarət olub ki, qatarın nasazlığı 18.20-də, yəni sərnişinlərin ən sıx vaxtında müşahidə olunub". Mən şəxsən metroda hər hansı problemin olmasını artıq 17.40-dan sonra müşahidə edirdim ("İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyaları arasında qatar dayanırdı və hər stansiyada dayanma uzun çəkirdi). Nəsə məsələ ondan ibarət deyil.

Bir neçə gün əvvəl "Bakinskiy.maşinist" səhifəsi məlumat verdi ki, "B-4" şərti adı daşıyan stansiyada işlər yaydan etibarən dayandırılıb. Faktiki olaraq stansiyanın istifadəyə verilməsi məsələsi 2026-ci ilə kimi uzana bilər. Yəni ən tez yeni stansiya hələ 1,5 il sonradan açıla bilər. Bu şəraitdə əlbəttə ki, metro nəqliyyatına təzyiq artacaq. Şəhərin mərkəzinə bir qədər yaxın olan ən azı bir stansiya necəsə (düzgün nəqliyyat planlaşdırılması keçirilsə) təzyiqi azalda bilərdi. Hətta Xocəsən stansiyasını (orada həm stansiyanın, həm onun ətrafının ərazi çox böyükdür) nəqliyyat mərkəzinə çevirmək olardı. Hökməli, Qobu, Pirəkəşkül, Müşviqabad, Xocəsən və s. məntəqələrə gedən avtobusları stansiyaya yönəldib, "20 Yanvar" və "Avtovağzal"a təzyiqi azaltmaq olardı. Amma görünür belə məsələlər bizdə prioritet deyil. Əsas məsələ şəhərin nəqliyyatını düzəltmək yox, indiki avtobusları elektrobuslar ilə əvəz etməkdir. Müsbət ya mənfi addımdırmı, məsələyə aid deyil. İndi Bakı nəqliyyatı qarşısında daha vacib problemlər dayanır. İlk əvvəl onları həll edib, sonradan dizayna baxmaq olar.

Nəsə həm də yadıma düşdü ki, büdcədə bir çox məqsədlər üçün vəsait tapılır, amma metro üçün isə tapılmır. Nəticə etibarilə biz "Bakı Metropoliteni" QSC-nin infrastruktur ehtiyaclarının maliyyələşdirilməsi” layihəsi üçün 2025-ci ildə kredit götürmək niyyətindəyik. Maraqlıdır ki, neçə ildir ki, "audit yoxlanışı" adı ilə maliyyə hesabatı dərc etməyən qurumun maliyyəşdirilməsi üçün xarici kredit götürələcək. Bu şəraitdə müvafiq xarici kreditin hansı məqsədlər üçün xərclənəcəyi artıq bir çox suallar yaradır. Hələ Hesablama Palatası əlavə edir ki, hər il dövlət büdcəsindən alınan subsidiyaların istifadəsində belə çoxlu problemlər mövcuddur.

Читать полностью…

Mashalli

Abzas, Toplum, Meydan tv, Qubad, Fərid... indi də Azər. Sizcə bu yolla biz hara gedirik?

Читать полностью…

Mashalli

Cədvəl 1. 2023-2024-cü illər ərzində Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə sayı.

Cədvəl 2. 2017-2024-cü illərin noyabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı.

Cədvəl 3. Bakı hava limanının oktyabr və noyabr ayları üçün göstəriciləri.

Читать полностью…

Mashalli

Bu da yuxarıdakı məlumatları əks etdirən qrafiklərdir:

1. Azərbaycanın 2024-cü ilin ayları üzrə elektrik enerji ixracatı;
2. Azərbaycan və Gürcüstan xarici ticarət statsitika arasında fərq.

Читать полностью…

Mashalli

Azərbaycanın “qeyri-neft” elektrik enerji ixracatı haqqında

Dövlət Gömrük Komitəsinin apardığı uçota görə Azərbaycanın ixracatında qeyri-neft-qaz sektoruna 2709-2715 mal mövqeləri istisna olmaqla bütün digər məhsullar aiddir. Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, təbii qazdan istehsal olunan elektrik enerjinin kodu 2716-dır. Nəticə etibarilə Azərbaycanın qeyri-neft-qaz ixracatında təbii qazdan istehsal olunan elektrik enerji, karbamid və s. də var.

Bu məsələyə mən niyə toxundum? Məsələ ondan ibarətdir ki, bu yaxınlarda maraqlı bir hadisə baş verib. Baş nazirin sərəncamına görə “2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan” edildi. Bu xəbəri siz, əlbəttə ki, hər yerdə görmüşünüz, amma mənə bəlli olmayan səbəbə görə heç kim dərinliyə getmədi. Elektrik enerji ixracatında nə baş verib ki, töhmət elan edilir? Özü də bunu ictimaiyyət üçün açıq formada rəsmi saytda dərc edirlər (ümumiyyətlə bundan əvvəl belə bir töhmətin olmasını xatırlamıram).

Heç kim izah etməyibsə, gəlin özümüz vəziyyəti qısa olaraq başa düşməyə çalışaq. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard kvt*S elektrik enerji ixrac edib (müvafiq dövrdə Azərbaycanda istehsal olunan əmtəəlik elektrik enerjinin 6%-dir). Keçən ilin eyni dövrü ilə müqayisədə bu göstərici iki dəfə azdır.

Bu elektrik enerjinin 44%-i Gürcüstanın, 41%-i Türkiyənin, 13% isə Rusiyanın payına düşüb. Azərbaycan həmçinin İrana da elektrik enerji ixrac edib, amma statistikadan gördüyümüz odur ki, burada daha çox mübadilə baş verib, çünki ixrac olunan 23,7 milyon kvt*s müqabilində, biz 22,7 milyon kvt*s idxal etmişik. Bu adətən sərhədyanı bölgələrin təminatı ilə bağlı olur. Eyni tipli mübadilələr həmçinin Gürcüstan və Rusiya ilə də baş verir. Amma burada əlavə ixrac da mövcuddur. Belə ki, eyni dövr ərzində biz həmçinin Rusiyadan 61, Gürcüstandan 39,5 milyon kvt*s elektrik enerji idxal etmişik.

Təəssüf, Rusiya və İran üzrə məlumatları yoxlamaq mümkün deyil, amma Gürcüstan və Türkiyə üzrə müvafiq bazalara müraciət edə bilərik. Gürcüstan üzrə müvafiq məlumatları yoxlayarkən maraqlı fakta rast gəldik. Belə ki, Gürcüstanın elektrik enerji ixracatına dair məlumatlar bizim gömrüyün idxalata dair verdiyi məlumatlar ilə eynidir, amma idxalata dair məlumatlar ciddi sürətdə fərqlənir. Belə ki, Gürcüstan tərəfinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 3,1 milyon dollar dəyərində elektrik enerji idxal edib. Azərbaycan tərəfinin məlumatına görə isə bizim elektrik enerji ixracatımızın dəyəri 22,7 milyon dollar təşkil edib.

Maraqlıdır ki, Azərbaycan və Gürcüstan tərəfinin bəzi aylar üzrə rəqəmləri tam üst-üstə düşür, amma əndirəbadi formada. Belə ki, Gürcüstan tərəfinin məlumatına görə, 2024-cü ilin iyun ayında Azərbaycan Gürcüstana 266 min dollar dəyərində elektrik enerji ixrac edib. Amma Azərbaycan tərəfinin məlumatına görə, eyni dəyərdə elektrik enerji Gürcüstana iyulda ixrac olunub. Eyni məsələ may və iyul aylarına da aiddir. Yəni elə təəssürat yaranır ki, bu Azərbaycanın yox, Gürcüstanın ixracatıdır (yəni əvvəlki ayda bir ölkədə ixracda, növbəti ayda başqa ölkədə idxalda qeydə alınır. Adətən digər məhsullarda məsafədən və s. asılı olaraq belə hal baş verir). Bu iki statistik məlumata əsaslansaq, yaranan 19 milyon dollarlıq fərqi heç cürə izah etmək mümkün deyil. Əksinə statistika vəziyyəti daha da qəlizləşdirdi. Bəs Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerji hara gedir?

Читать полностью…

Mashalli

Sərhədçi: Sizin DİN ilə probleminiz var?
Mən: Mənim? Mənim şəxsən Daxili İşlər Nazirliyi ilə heç bir problemim yoxdur.
Sərhədçi: Amma DİN sizə ölkədən çıxışa qadağa qoyub...

Nəsə, son bir il ərzində ilk dəfə ölkədən çıxmaq niyyətində idim (işdən üçgünlük ezamiyyətə göndərirdilər və təsadüfən elə ad günümdən bir gün sonraya düşürdü) və.. məlum oldu ki, Abzas işi (başqa bir şey ağlıma gəlmir) çərçivəsində mənə ölkədən çıxışıma qadağa qoyublar.

Azərbaycanda qalmaq cəza, təzyiq və ya motivasiya növüdür? Bilmirəm.

Читать полностью…

Mashalli

Başqa sözlə rəsmi rəqəmlər ilə 1,3 milyonlu fərq yaranır (reallıqda bəlkə də bu fərq daha böyükdür. Demək çətindir). Bu həmçinin o deməkdir ki, hətta rəsmi rəqəmlərdə əks olunan işsizlik, yoxsulluq və s. göstəricilər Azərbaycanda daha yüksəkdir.

Читать полностью…

Mashalli

Bu gün növbəti dəfə "xüsusi karantin rejimi" uzadıldı. Başqa sözlə ölkənin quru sərhədləri hələ də bağlı olaraq qalır.

Yuxarıdakı mövzuya qayıtdıqda, sizcə bu şəraitdə xarici istedadları ölkəyə cəlb etmək mümkündürmü?

Читать полностью…

Mashalli

Qısa məsafələrə aviareyslər lazımdırmı (Bakı-Qroznı reysinin müddəti 1 saat 20 dəqiqədir)? Bu suala birbaşa cavab vermək çətindir. Əgər ekologiyanı düşünürüksə, məntiqlə olmamalıdır. Nəqliyyat nöqteyi-nəzərindən baxsaq, olmasında problem yoxdur (ən təhlükəsiz, tez və s. nəqliyyatdır). Ən böyük problem sadəcə bir növ nəqliyyatın olmasındadır. İnsanlarda seçim etmək imkanlarının olmaması daha problemlidir.

P.s. cədvəldə Bakı-Qrozni-Bakı reysinə dair statistik məlumatı görə bilərsiniz. Qeyd etmək lazımdır ki, normalda bu istiqamətdə reyslərdə ortalama 100-160 nəfər olur, amma dekabrda bu göstərici aşağı düşür.

Читать полностью…

Mashalli

Yeri gəlmişkən, COP-29 haqqında danışarkən adətən qeyd olunur ki, bir sıra Avropa ölkələri üzrə nümayəndə heyətlərinin üzv sayı az idi və s. Amma COP-28 ilə müqayisədə təkcə Avropa yox, bir çox digər ölkələr üzrə Azərbaycana səfər edən rəsmi nümayəndə heyətlərinin sayı az idi (buraya qeyri-hökumət təşkilatları, media, BMT və s. daxil deyil). Misal üçün, Braziliya üzrə nümayəndə heyətinin sayı COP-28 ilə müqayisədə iki dəfə az idi, Hindistan keçən dəfə göndərdiyi 725 nəfər yerinə bu dəfə yalnız 41 nəfər ilə iştirak edirdi və s.

Düzdür bəzi ölkələr üzrə artım qeydə alınmışdı (193 ölkədən 24-də). Bu ölkələr arasında Azərbaycan ilə bərabər Qırğızıstan, Butan, Pakistan, Rusiya (sayına görə ikinci deleqasiya), Macarıstan və s. qeydə etmək olar.

Читать полностью…

Mashalli

Bilmirəm diplomat və siyasətçilərdə necədir, amma belə tvitlər yerinə konkret addımlar atardım. Misal üçün, Azərbaycan üçün vizanın verilməsini asanlaşdırardım. Bu göstəricini indiki illik 20 mindən (onların böyük hissəsi qısamüddətlidir. Bunu da dəyişdirmək olar) ən azı 30-40 minə kimi artırmağa çalışardım. Qoy azərbaycanlılar Avropanı görüb müqayisə etsinlər (mühacirətə getmək istəyən onsuzda gedəcək. Bu isə əhalinin daha böyük hissəsinə Avropanı görmək imkanı yaradacaq).

Kimsə deyir ki, Fransa Azərbaycan üçün maraqlı deyil? Əla, fransadilli kursların daha da genişlənməsi üçün əlavə vəsait ayırıb, yeni layihələrə başlayardım. Bu layihələr arasında Fransada ali təhsildən başlamış ölkə kinoteatrlarda fransa filmlərinin payının artırılması üçün şərait yaradardım və s. Bax bu daha effektiv olacaq idi.

Читать полностью…

Mashalli

O gün Taleh Yüzbəyov müsahibəsində qeyd etdi ki, “Azərbaycanda bir filmə baxmaq üçün kinoteatra gedənlərin sayı 150 min nəfər civarındadır”. Müsahibəyə tam baxmamışam və yalnız bu hissəsi maraqlı gəldi (düşündüm ki, əlavə nəsə də deyəcək. Misal üçün, filminin qazancı haqqında və s.). Standart olaraq müsahibənin bu məqamında “Azərbaycan bazarı kiçikdir” söz birləşməsi istifadə olundu.

Azərbaycan bazarı kiçikdir” – mənə daim maraqlı gəlir. Bunu deyən insanlar üçün kiçik və ya böyük bazar nə deməkdir? Yəni müxtəlif sahələrdə bazarların həcmi də bir qədər müxtəlifdir. Yəni avtomobil satışı cəhətindən Azərbaycan bazarı kiçikdir, amma kino sənayesi cəhətindən kiçik hesab etmək çətindir.

Müqayisə üçün əhali sayına Azərbaycandan da kiçik olan Norveçi istifadə edə bilərik. Rəsmi olaraq Norveçdə 5,5 milyon insan yaşayır. Azərbaycanda biz bildiyimiz qədər rəsmi 10 milyondur. Eyni göstəriciləri müqayisə etdikdə görürük ki, burada “bazar kiçikdir” anlayışı bir qədər başqa məsələdir. Yəni burada tələbat azdır məsələsi deyil, təklif yoxdur (aşağıdakı cədvəl). Müqayisə üçün Norveçdə 203 kinoteatr və 689 kinozal mövcuddur. Müasir Azərbaycanda kinoteatr şahəsi yaranandan inhisar vəziyyətindədir, amma göstəricilər arasında fərq səkkiz dəfədən çoxdur.

Norveçdə kinozallar daha kiçikdir. Amma bunun səbəbi də var. Orada kinozallar bütün ölkə üzrə yayılıb. Bəllidir ki, Ucarda kinozal olsa idi, o da Bakı kinozallarından qat-qat kiçik olacaq idi, amma bilirik ki, Ucarda kinozal yoxdur.

Düzdür deyə bilərsiniz ki, Norveçdə insan rifahı daha yüksəkdir. Amma əsas məsələ başqadır. Bakının özündə belə böyük sayda əhaliyə malik və eyni zamanda kinozalları olmayan bölgələr mövcuddur (Yasamal, mikrorayonlar, Hövsan və s.). İnsanlar şəhərin başqa hissəsinə yalnız kinoya baxmaq üçün getməlidirlər. Bu isə, əlbəttə ki, tələbatı da azaldacaq. Niyəsə kino sahəsində çalışanlar düşünürlər ki, insanlar hər hansı bir kinoya görə şəhərin bir tərəfindən başqasına getməlidirlər. Əslinə qalsa kino sadəcə əyləncənin bir növüdür və normal təklifi olmadıqda, əlbəttə ki, rəqabətdə uduzacaq.

Читать полностью…

Mashalli

Təbiəti, tarixi, mədəniyyəti, mətbəxi və s. kəşf etməzdən əvvəl, bəlkə ADY ilk əvvəl dəmir yol nəqliyyatını kəşf etsin?...

Читать полностью…

Mashalli

Bizim taksi sürücülərinin gözlərindən uzaq: Meksikalı tədqiqatçılar Azərbaycanda bir çox taksi istifadəçilərini narahat edən suala - "nağd və ya nağdsız?" - cavab tapmağa çalışıblar. Latın Amerikasında tamamilə fərqli qanunlar mövcuddur. Misal üçün, Uruqvayda taksidə nağd ödəniş, Arqentinada isə bir müddət əksinə nağdsız qadağan idi. Tədqiqatçıların əsas məqsədi hesablamaq idi: əgər bu gün taksidə nağd ödəniş qadağan olunsa, istehlakçı və xidmət göstərən nə qədər itirəcək (əlbəttə ki, nağdsız qadağan olunsa daha çox itirəcək)? Müəyyən qədər maraqlı bir araşdırmadır.

Читать полностью…

Mashalli

Bir neçə gün əvvəl KİV-lər məlumat yaydılar ki, "İstintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35,7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib".

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, müvafiq sahibkarların bir çoxu ya həbs olunub, ya da müvafiq şirkətlərə qarşı cinayət işləri açılıb. Avtomatik olaraq onların hesabları da bloka düşməli idi. Əgər bu halda vəsait qayatarılıbsa, o hara qaytarılıb, həbs olunan və ya tutulan sahibkarlara? Yəni bu vəsaitin indi "qaytarılması" nə deməkdir? İndi bu vəsaitlər dövlət büdcəsinə keçəcək (cərimə və konfiskasiya formasında)? O zaman "qaytarılma" alınmır ki... amma əgər sahibkarlara qaytarıldısa, məntiqlə indi onlar sərbəst şəkildə vəsaitlərindən istifadə edə bilərlər və artıq bütün işin mənası da itir....

Ya bəlkə hansısa banka təcili pul lazımdır?...

Читать полностью…

Mashalli

Azərbaycanda ictimai nəqliyyat və insanlar

Azərbaycan ictimai nəqliyyatı haqqında bildiyimiz yeganə şey odur ki, onun əsas məqsədi insanlar üçün rahatlıq yerinə narahatlıq yaratmaqdır. Ümumiyyətlə ölkədə fəaliyyət göstərən bütün nəqliyyat qurumların deyəsən əsas məqsədi A nöqtədən B nöqtəsinə insanların çatmaq imkanını daha rahat və maneəsiz etmək yerinə bunu çətinləşdirməkdir.

Hər səhər mən işə getmək üçün “20 Yanvar” metro stansiyasından istifadə edirəm. Və hər səhər, əlbəttə ki, “Xırdalan”, “Sumqayıt”, “Biləsuvar” və s. istiqamətləri qışqıran şəxslərə rast gəlirəm. Bu azmış kimi mindiyim servis avtobusuna minmək üçün kifayət qədər məsafə qət etməli oluram, çünki metronun bütün ətrafı “Sumqayıt”, “SDU” və s. avtobuslar ilə doludur.

Bu günə kimi Sumqayıt istiqamətində nəqliyyat məsələsi öz həllini heç cürə tapmır. Düzdür elektrik qatar müəyyən qədər təzyiqi azaldıb, amma nəzərə almaq lazımdır ki, bütöv Xırdalan, Masazır, Saray, Ceyranbatan, Corat, Sumqayıt əhalisi demək olar ki, Bakıda işləyir. Bu qədər insanın Bakıya çatdırılması məhdud şəkildə inkişaf etmiş dəmiryol vasitəsilə mümkün olan məsələ deyil. Nəticə etibarilə insanlar məcburən “birmanatlıq” taksi və avtobuslardan istifadə edirlər. Bu insanların sayına dair təəssüf dəqiq məlumat yoxdur, amma kifayət qədər çoxdur. Misal üçün, səhər 7.20-də metrodan çıxan və taksi/avtobuslardan düşən və metroya daxil olan insan sayı deyəsən bərabərdir.

Başqa tərəfdən insanlar Bakının müxtəlif yerlərində çalışırlar. Əgər “28 May”, “Gənclik” və ya “Koroğlu” stansiyaları ətrafında çalışanlar üçün qatar rahatdırsa, Yasamal rayonunda işləyənlər üçün elektrik qatardan istifadə etmək mənasızdır. Və məntiqi olaraq bu insanlar “20 Yanvar” stansiyasına gəlirlər. Bu şəhərdən çıxışa ən yaxın olan stansiyadır. Amma mənə bəlli olmayana səbəbə görə bizim nəqliyyat qurumlarımız dirəşmişdilər və heç cürə bunu qəbul etmək istəmirdilər. Bir neçə il əvvəl “Avtovağzal” stansiyasından Sumqayıta marşrut buraxdılar. Amma heç kim soruşmurdu ki, insanlar evlərinə tez bir zamanda qayıtmaq istəyirlər, amma siz onları hələ “Memar Əcəmi” stansiyasında keçid etmək və ondan sonra iki qatarın işlədiyi xəttdə “Avtovağzal” stansiyasına çatmaq və orada da kifayət qədər məsafə qət etməyə məcbur edirsiniz. Heç kim demir ki, Avtovağzaldan Sumqayıta marşrut olmamalıdır. Əksinə olmalıdır, amma bu yeganə variant olmamalıdır.

Nəticə etibarilə insanlar yenə də “20 Yanvar” stansiyasından istifadə edirdilər. Sonra Bakubus-un Avtovağzaldan marşrutu salındı. Bu dəfə müvafiq marşruta şəhərləarası yollarda adətən fəaliyyət göstərən avtobusları saldılar. Sumqayıt başqa şəhər olmasına baxmayaraq, indi faktiki olaraq Bakının bir hissəsidir (yaşayış massividir). Burada sadə gündəlik şəhərdaxili marşturu həyata keçirən avtobuslar lazımdır.

Bu kömək etmədi və... daha da uzağa getdilər. Növbəti marşrut artıq “Azadlıq prospekti” stansiyasından hərəkət edirdi. Yenə də insanları “20 Yanvar”-dan uzaqlaşdırmaq üçün daha da uzağa atmağa çalışdılar. Amma bir vacib məsələ yenə də kənarda qaldı. Bu addımları o zaman atmaq olar ki, müvafiq nöqtələrə çatmaq üçün effektiv və tez nəqliyyat mövcuddur. Avtovağzala çatmaq üçün metrodan istifadə məhduddur, ora gedən avtobuslar isə onsuzda “20 Yanvar”-dan keçirlər. “Azadlıq prospekti”nə çatmaq isə daha da çətindir. Yəni ətrafda qalanlar ondan istifadə edə bilərlər, amma “Elmlər Akademiyası” stansiyasında oxuyan tələbə üçün yenə də ən rahatı “20 Yanvar”-dır.

Nəhayət, dekabrın 9-dan “20 Yanvar” stansiyasından marşrut istifadəyə verildi. Nəhayət başa düşdülər ki, insanın rahatlığı ilə mübarizə aparmaqdansa, onu qəbul etmək lazımdır və əksinə şəraiti yaxşılaşdırmaq lazımdır. Amma bununla belə yenə də şəhərləarası səyahətlər üçün nəzərdə tutulmuş avtobuslardan istifadə olunur. Niyə? Bu barədə nəsə deyilmir...

Читать полностью…

Mashalli

O gün Azərbaycanda doğum haqqında yazmışdım. Azərbaycan nümunəsində görə bilərik ki, doğum və gəlir səviyyəsi arasında birbaşa korrelyasiya yoxdur. Daha doğrusu iddia olunan daha aşağı gəlir və daha yuxarı doğum səviyyəsi Azərbaycanda müşahidə olunmur. Bu yaxınlarda İsveçdə keçirilən araşdırmadan məlum oldu ki, daha yuxarı gəlir daha çox uşaq deməkdir. Yəni əgər əvvəllər məhz daha aşağı gəlirli valideynlərdə uşaq sayı daha çox idisə, indi əksinə vəziyyət müşahidə olunur. Başqa sözlə əgər Azərbaycanda əhalinin gəliri artsa bəlkə bizdə də doğum səviyyəsi artacaq.

Читать полностью…

Mashalli

COP-29 və turizm

COP-29 başlamamış bizim KİV-lərdə tez-tez başlıqda qeyd etdiyimiz mövzuya dair materiallar görmək olurdu: "Təxminən 80 min qonağımız olacaq", "Bu cür tədbirlər həm də yerli iqtisadiyyata müsbət təsir edərək, turistlərin Azərbaycana daha çox cəlb olunmasına səbəb olacaq", "ölkəyə turist axınını artıracaq". Tədbir bitəndən sonra materiallar daha çox "uzunmüddətli" təsirlərə həsr olunurdu. Görünür ki, turistlərin cəlb olunması cəhətindən COP-29 elə də effektiv olmadı. Bəs statistika nə deyir?

Dövlət Sərhəd Xidmətinin məlumatına görə 2024-cü ilin noyabr ayında Azərbaycana 202,4 min xarici vətəndaş gəlib. 2023-cü ilin eyni dövrü müqayisədə bu 19,5%-lik artım deməkdir. Bizim KİV-lər adətən bundan sonra məsələni daha araşdırmırlar. Bunun da səbəbi bəllidir, çünki statistika reallıqda tamamilə başqa bir vəziyyəti göstərir (nəzərə alın ki, 202 min nəfər - bura həm TIR sürücüləri, ölkədə fəaliyyət göstərən diplomatlar, Azərbaycanda çalışan xaricilər və s. də daxildir. Konkret turizm üzrə statistika bir qədər gec dərc olunur).

İlk əvvəl çox uzağa getmədən bu ilin digər aylarını keçən ilin eyni ayları ilə müqayisədə edəndə görmək olur ki, noyabr ayında artım ən aşağı səviyyədə idi. Misal üçün, oktyabrda heç bir iri tədbir keçirilməmişdi, amma buna baxmayaraq ölkəyə gələn xaricilərin sayında 20,5%-lik artım qeydə alınıb. Ümumiyyətlə yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayında 28% artım qeydə alınmışdı. Noyabr hesabına bu göstərici əksinə bir qədər azaldı.

Materialların və çıxışların birində qeyd olunmuşdu ki, bunun hesabına COVİD-dən əvvəl olan göstəriciyə yaxınlaşa biləcəyik, amma rəsmi statistika deyir ki, 2018-ci ilin noyabr ayında Azərbaycana 201,3 min, 2019-cu ilin eyni ayında isə 241,4 min nəfər gəlmişdi.

Bəli burada deyə bilərsiniz ki, COVİD-dən əvvəl bütün sərhədlər açıq idi, amma indi bütün turistlər yalnız bir yol ilə gəlir. Amma ilk əvvəl yuxarıda qeyd etdiyim kimi bu rəqəm təkcə turistlərdən ibarət deyil. Təxmini 1/3-i turist deyil (təxmin edə bilərik ki, noyabr ayında bu göstərici daha yüksək idi). Eyni zamanda hava limanında da xüsusi bir yüklülük müşahidə olunmamışdı.

Bakı Hava Limanının verdiyi məlumata görə bu ilin noyabr ayında 266,3 min insan xaricə gedib, 270,6 min isə gəlib (burada həm yerli, həm də xarici vətəndaşlar nəzərdə tutulur). Müqayisə üçün oktyabr ayında müvafiq göstəricilər 271,7 və 279,6 min nəfərə bərabər idi. Eyni zamanda noyabrda hava limanında 3 982 reys yerinə yetirilib. Oktyabr ayında isə bu göstərici 4 mini keçmişdi. Yuxarıda da qeyd etdiyimiz kimi oktyabr ayında Bakıda COP-29 səviyyəsində hər hansı bir tədbir keçirilməmişdi.

Başqa tərəfdən maraqlıdır ki, bu ilin noyabr ayında ən çox artan gediş idi. Yəni təxmin edə bilərik ki, noyabr ayında nəinki Azərbaycana gələn xaricilərin sayında ciddi artım baş verib, əksinə yerli vətəndaşlar imkan çərçivəsində xaricə getməyə çalışıblar (yəni tədbir gəlir yerinə əksinə xərcə səbəb olub). Göründüyü kimi COP-29 turist axınının artmasına səbəb olmadı.

Читать полностью…

Mashalli

İzahlardan biri tranzit ilə bağlı ola bilər. Adətən belə hallarda Gürcüstan statistikasında bu rəqəmlər əks olunmur. Gürcüstan vasitəsilə tranzit bir neçə ölkəyə mümkündür – Ermənistan, Rusiya və Türkiyə. Düşünmürəm ki, Azərbaycandan elektrik enerjini Ermənistana ixrac edəcəklər. Yəni burada məsələ Azərbaycan “əsilli” elektrik enerjinin Ermənistana getməsindən deyil (elektrik enerjinin ixracı, tranziti və s. daha çox statistik məsələdir. Yəni Azərbaycan Gürcüstana elektrik enerji ixrac edir, onlar da razılaşma əsasında eyni həcmdə elektrik enerjini Türkiyəyə və ya digər ölkəyə ixrac edirlər). Nə Ermənistan, nə Gürcüstan müvafiq məlumatı statistikada əks etdirməyiblər (iki ölkə arasında müvafiq məhsul üzrə mübadilə var, amma re-ixrac və s. əks olunmayıb).

Yeganə yoxlaya biləcəyimiz istiqamət Türkiyədir. Həm də qeyd etmək lazımdır ki, Türkiyə statistikasında Azərbaycandan elektrik enerji idxalatına dair heç bir məlumat yoxdur. Yəni 26 milyon dollar dəyərində Azərbaycan statistikasında əks olunan Türkiyəyə ixrac olunan elektrik enerji Türkiyə statistikasında əks olunmur. Ona görə təxmin edə bilərik ki, bu həcmlər Gürcüstandan idxalatda əks edilir.

Türkiyə statistika qurumunun məlumatına görə, Gürcüstandan 81,3 milyon dollar dəyərində elektrik enerji idxal olunub. Onun bir hissəsi – 43 milyon dollar – Gürcüstanın ixracat statistikasında da əks olunub. Deməli təxmin edə bilərik ki, qalan hissəsi Gürcüstan vasitəsilə tranzit olunan elektrik enerjidir. Onun ümumi dəyəri 38,3 milyon dollar təşkil edir.

Beləliklə, Azərbaycanın Türkiyəyə elektrik enerji ixracatı Türkiyə statistikasında Gürcüstandan idxalat kimi əks olunur. Amma bununla belə müvafiq statistikaları müqayisə etsək görə bilərik ki, 8 milyon dollar dəyərində elektrik enerjinin hara getdiyinə dair məlumatımız yoxdur. Bəlkə buna görə töhmət verilib? Daha dəqiq nəsə demək çətindir...

Читать полностью…

Mashalli

Altı milyonluq contemporary art-da istifadə olunan bananı küçədə banqladeşli meyvə satandan cəmi 25 sentə alıblar. İndi deyirlər ki, ədalət üçün meyvə satandan 100 min banan alacağıq. Meyvə satan isə deyir ki, 100 min banan alsalar, bizə cəmi 6 min dollar pul qalacaq. Yəni ki, dolayırlar yenə də camaatı.

A week after a Chinese cryptocurrency entrepreneur bought an artwork composed of a fresh banana stuck to a wall with duct tape for $6.2 million at auction, the man, Justin Sun, announced a grand gesture on X. He said he planned on purchasing 100,000 bananas — or $25,000 worth of the produce — from the Manhattan stand where the original fruit was sold for 25 cents.

But at the fruit stand at East 72nd Street and York Avenue, outside the doors of the Sotheby’s auction house where the conceptual artwork was sold, the offer landed with a thud against the realities of the life of a New York City street vendor.

It would cost thousands of dollars to procure that many bananas from a Bronx wholesale market, said Shah Alam, the 74-year-old employee from Bangladesh who sold the original banana used in “Comedian,” an absurdist commentary on the art world by the Italian artist Maurizio Cattelan. And, it wouldn’t be easy to move that many bananas, which come in boxes of about 100.

And then there is the math: The net profit from the purchase of 100,000 bananas by Mr. Sun — who once bought an NFT of a pet rock for more than $600,000 — would be about $6,000.

“There’s not any profit in selling bananas,” Mr. Alam said.

Читать полностью…

Mashalli

İqtisadçılara tez-tez ünvanlanan suallardan biri "varlı olmaq üçün nə etmək lazımdır". Belə sual veriləndə iqtisadçı əlbəttə ki, çaş-baş qalır. Yəni iqtisadiyyat elminin belə bir məqsədi yoxdur. İqtisadiyyat elmi mövcud və keçmiş iqtisadi vəziyyəti araşdırır və onun əsasında proqnozlar qurur. Bu elm də bizə deyir ki, bazar iqtisadiyyatı şəraitində varlı olmaq üçün ilk əvvəl varlı ailədə doğulmaq lazımdır (istisnalar var və olacaq, amma istisnalar ümumi qaydanı pozmur). Bəs varlı ailədən başqa hansı amillər təsir edə bilər? Bu suala cavab iqtisadçılara yox daha çox sosioloqlara aiddir.

Bu yaxınlarda Almaniya və Norveçdən olan sosioloqlar bir sıra amillərin (valideynlərin itkisi, uşaqların olması və s.) insanın ömür boyu yığdığı varidata təsirini araşdırmağa qərar verdilər. Digər ölkələrdən fərqli olaraq Norveçdə vergiödəyicilərin bazası açıq və rahatdır. Müvafiq olaraq oradan əldə olunmuş məlumatlara əsasən eyni ildə amma fərqli şəraitdə yaşayan və inkişaf edən insanların vəziyyətini öyrənmək mümkündür.

Tədqiqatçılar 1953-cü ildə doğulan bütün norveçlilərin bazasını istifadə edib, araşdırma aparıblar. İstifadə olunmuş seçimə 1953-cü ildə doğulan 48 min nəfər düşdü. Bu şəxslərin 1993-2017-ci illər arasında əldə etdikləri gəlirləri müqayisə olundu. Məlum oldu ki, ən çox varidata nail olan insanların birləşdirən cəhətlər aşağıdakılardır:

- daha gec valideyn itirənlər (ortalama 60 yaşında);
- daha gec ilk uşağı olanlar (ortalama 28 yaşında);
- daha gec nənə-baba olanlar (ortalama 60 yaşında).

Prinsipcə müəyyən qədər bu amillər izah olunandır. Bəs Azərbaycana bunu aid etmək olarmı? Nəzərə alsaq ki, bizdə insanların böyük hissəsi 65-73 yaşlarında vəfat edir və müvafiq olaraq o yaşa çatanda valideynlərin sağ olması fantastik bir şeydir, bəlkə buna görə bizdə əhalinin böyük hissəsi varlı deyil? 😃 (əlbəttə ki, ironiyadır və səbəb-nəticə əlaqələri pozulub)

Читать полностью…

Mashalli

Azərbaycanda real əhalinin sayı nə qədərdir?

Doğru və düzgün sosial siyasətin qurulması üçün vacib olan rəqəmlərdən biri də əhalinin sayı və onun sosial strukturudur. Adətən əhalinin sayı və sosial strukturu siyahıyaalma zamanı dəqiqləşdirilir və buna uyğun da addımlar atılır. Vəziyyətin dəyişib-dəyişməməsini isə həm siyahıyaalmalar arasında keçirilən sorğular vasitəsilə, həm də növbəti siyahıyaalma zamanı dəqiqləşdirmək mümkündür. Təəssüflər olsun ki, Azərbaycanda müstəqillik dövründə normal siyahıyaalma keçirilməyib. Ona görə müvafiq məsələ çətinləşir. Biz məcbur olub, dolayı göstəricilərdən istifadə edib, real əhalinin sayını hesablamalı oluruq.

Dolayı yollardan biri də statistik uçotdur. Məsələ ondan ibarətdir ki, Dövlət Statistika Komitəsi aylıq olaraq əhalinin sayı haqqında məlumat paylaşır. Müvafiq məlumat siyahıyaalmaya əsaslanır, amma siyahıyaalmalar arasındakı dövrdə sadə hesablamalardan istifadə edir: müvafiq dövr ərzində ölkədə doğulan, vəfat edən, gələn və gedən şəxslərin sayı. Amma müvafiq uçot üçün bizə hər hansı baza dövrü lazımdır.

Baza dövrü olaraq SSRİ-də keçirilmiş son siyahıyaalmanı götürə bilərik. Müvafiq siyahıyaalma 1989-cu ilin yanvar ayında keçirilmişdi və fikrimcə Azərbaycan ərazisində keçirilmiş son siyahıyaalma idi (1999, 2009 və 2019-cu illərdə keçirilən siyahıyaalmalar faktiki olaraq keçirilməmişdi). Onun dəqiqliyini sübut etmək üçün belə bir nümunə göstərə bilərik. Bildiyimiz qədər azərbaycanlıların Ermənistandan çıxarılması 1988-ci ildə başlanılmışdı. Əgər 1979-cu ilin nəticələrinə görə Ermənistanda 160,8 min azərbaycanlı yaşayırdısa, 1989-cu ildə müvafiq rəqəm 84,9 min təşkil edirdi. Eyni zamanda Azərbaycan tərəfinin məlumatına görə, 1989-cu ilin əvvəlinə Azərbaycanda Ermənistandan qaçmış 78 min qaçqın var idi. Gördüyümüz kimi rəqəmlər üst-üstə gəlir (təxmini 1988-ci ilin əvvəlinə 162.9 min nəfər). Eyni məsələ Azərbaycanda yaşayan ermənilərin sayına da aiddir. Buna görə 1989-cu ili əsas götürərək, növbəti illər üçün hesablama apara bilərik.

Bəs hansı rəqəmlərdən istifadə edək? Təəssüflər olsun ki, doğum statistikası ən azı 2016-ci ilə kimi reallığı əks etdirmirdi. Problem ondan ibarət idi ki, əhali sayını müvafiq rəqəmlərə uyğunlaşdırmaq üçün doğum şişirdilirdi. Buna görə biz başqa bir rəqəmə istinad edə bilərik. Fikrimcə bu cəhətdən ən effektivi birinci sinfə gedənlərin sayıdır. Bu statistikada da problemlər var, amma bəzi fərqləri yığışdırmaqla (müvafiq illərdə abituriyent və s. ilə müqayisə etməklə) biz aşağı-yuxarı real rəqəmi əldə edə bilərik. Buraya sadəcə 2024-cü ilin əvvəlinə hələ də məktəbə getməyənlərin sayını əlavə etmək lazımdır. Bununla da biz 1989-2023-cü illərdə faktiki olaraq doğulanların sayını müəyyən edə bilərik.

Növbəti mərhələdə müvafiq rəqəmdən biz vəfat edənlərin sayını çıxmalıyıq. Bu cəhətdən düşünmürəm ki, burada şişirtmələr olub. Təxmin edirəm ki, azalmalar olub. Ona görə bu saya həmçinin biz artıq uzun müddətdir ki, itkin düşən insanları da əlavə etdik.

1989-2023-cü illərdə həm Ermənistanda qalmış azərbaycanlılar (84 min nəfər), həm Mərkəzi Asiyadan Axıska türkləri, həm də Gürcüstandan yaşayan azərbaycanlılar Azərbaycana köçüblər. Müvafiq ölkələrin məlumatlarını Azərbaycan statistikası ilə uzlaşdıranda təxmini 185 min nəfər alınır.

Bundan sonra biz Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ və s. ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını və ya yerli vətəndaşlığı qəbul etmiş Azərbaycan vətəndaşlarını (burada biz yalnız 2000-ci illəri nəzərdə tutmuşuq, çünki 90-ci illərdə qəbul etmiş şəxslər arasına əsas payı ermənilər, ruslar və s. təşkil edir) ümumi saydan çıxırıq.

Nəticəyə də 2024-cü ilin əvvəlində Azərbaycanda yaşayan mühacir sayını əlavə edirik.

Beləliklə, 2024-cü ilin əvvəlinə Azərbaycan əhalisinin sayı 8,9 milyon nəfər təşkil edir (daha detallı aşağıdakı diaqramda görə bilərsiniz). Amma burada bir məqamı qeyd etmək lazımdır ki, Rusiyada, Türkiyədə və Avropada yaşayan Azərbaycan vətəndaşlarının yarısından çox hissəsi periodik olaraq Azərbaycana gəlir-gedir. Yəni onlar hələ faktiki olaraq daimi mühacirətə keçməyiblər.

Читать полностью…
Subscribe to a channel