serqebaxis | Unsorted

Telegram-канал serqebaxis - Şərqə Baxış

-

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat Admin (twitter) - https://mobile.twitter.com/Ahmadkhanli

Subscribe to a channel

Şərqə Baxış

Səudiyyənin ev sahibliyində İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fələstinlə bağlı ortaq fövqəladə sammiti keçirilir.

Müasir beynəlxalq sistemdə İslam yeganə dindir ki, bu dinin adı ilə bağlı ortaq siyasi əməkdaşlıq təşkilatı var. Lakin İslam dünyasında hansısa real əməkdaşlıqdan danışmaq mümkün deyil. İslam əməkdaşlığı və Ərəb qardaşlığı formatları demək olar ki, iflas edib. Məsələ təkcə, Qəzza ilə bağlı addım ata bilməməkdə deyil. Ötən 10 ildə İslam dünyasında Ərəb Baharı ilə başlayan proseslərin nələrə səbəb olduğunu hamımız birlikdə gördük. Suriya, Yəmən, İraq, Liviyada dəhşətli hadisələr yaşandı, milyonlarla insan qətlə yetirildi. Baş verənlərin əsas səbəbkarlarını məncə, kənarda axtarmaq lazım deyil. Ötən illərdə region ölkələri tərəfindən İslam dini yetərincə geosiyasi məqsədlər üçün istismar edildi. Ötən 10 ildə din məfhumu Yaxın Şərqdə birləşdirici yox, ayırıcı, bölücü funksiya yerinə yetirdi.

Daxili çəkişmələrə cavab tapa bilməyən formatın xarici düşmənlərə qarşı ortaq hərəkat yaratması da mümkünsüzdür. Səudiyyə, Türkiyə, İran, Misir kimi ölkələr bir-birinə güvənmir, əksinə, biri digərinin büdrəməsini gözləyir. Mən əminəm ki, bu Sammitdə Fələstinə dəstəklə bağlı real bir planın ortaya çıxma ehtimalı olsaydı, üzvlərin bir çoxu tədbirə qatılmazdı. Məncə, bu format İslam dininin adını istismar etmək yerinə, daha funksional bir formata keçməlidir. “57 müsəlman ölkəsi yığışdı, amma bir addım ata bilmədi” görüntüsü həm İslam dünyasındakı ümidsizliyi artırır, həm də xarici qüvvələrin regiona daha sərt müdaxiləsinə zəmin yaradır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ dövlət katibi Blinken dünənki Türkiyə səfərində olduqca soyuq qarşılandı, Ərdoğan tərəfindən də qəbul edilmədi.

Ərdoğanın son seçkisindən sonra NATO müttəfiqləri olan Türkiyə-ABŞ münasibətlərində müsbət impulslar yaransa da, qısa müddət sonra Ankara-Vaşinqton arasında münasibətlər tarixinin ən pis səviyyələrinə düşdü.

Rusiya-Ukrayna münaqişəsində olduğu kimi Bayden hökuməti Türkiyənin İsrail-Həmas münaqişəsində də xüsusi rol oynamasını istəmədi. Blinken müharibənin başlamasından bir ay sonra, regiona ikinci səfəri çərçivəsində Ankaraya keçdi. Bayden isə yaydakı seçki təbriki və İsveç məsələsindən bəri Ərdoğanla danışmayıb. Verilən mesajlar çox aydındır.

Halbuki Türkiyə həm Qara dəniz, həm də Şərqi Aralıq regionlarında baş oyunçulardan biri olmağa iddialıdır. Açıq-aşkar görünür ki, Vaşinqtonda hakimiyyətdə olan Demokratlar Türkiyənin geosiyasi çəkisini artırmasını, regional məsələlərdə söz sahibi olmasını istəmir. Əsas məsələ də Türkiyənin dənizlərdə iddialarını artırmasıdır. Aydındır ki, Demokratlar Türkiyə və Ərdoğana güvənmir. Buna görə də amerikanlar Yunanıstanın hərbi texnoloji üstünlüyünü təmin etmək və Suriya kürdlərini silahlandırmaqla Türkiyənin aktivləşməsini, regional ambissiyalarını cilovlamağa çalışır.

Ən önəmli mesaj isə ABŞ-ın Şərqi Aralığa irimiqyaslı hərbi gəmilər cəlb etməsidir. Son 15 ilin əsas geosiyasi mərkəzlərindən olan Şərqi Aralıqla bağlı Türkiyənin də böyük iddiaları var. Türklər İsraillə yaxınlaşaraq Şərqi Aralıqda rolunu gücləndirə biləcəyini düşünürdü. Amma amerikanlar son həftələrdə açıq mesaj verərək “Şərqi Aralıq mənimdir, mən istədiyim kimi bölünəcək” deməklə, Ankaranın Tel Əvivdən gözləntilərinin əbəs olduğunu göstərdi. Əslində Ərdoğanın İsrail-Həmas məsələsində siyasi kursunu anidən dəyişdirməsinin səbəblərindən biri, bəlkə də birincisi budur: Türkiyə İsraillə yaxınlaşmaqla ABŞ-ın Şərqi Aralığa baxışını dəyişdirə bilməyəcəyini gördü.

Ya Türkiyə genişlənmək arzularından imtina etməlidir, ya da amerikanlar Türkiyəyə xüsusi status tanımalıdır. Yoxsa, indiki şərtlərdə “müttəfiqlik” çox davam etməyəcək.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Livan Hizbullahının lideri Nəsrallah gözləntilərin əksinə dünən ölçülü çıxış elədi, müharibəni genişləndirmək niyyətində olmadıqlarına eyham vurdu, lakin Livana hücum olacağı təqdirdə İsrail və ABŞ-a çox sərt cavab verəcəkləri barədə xəbərdarlıq etdi. Hizbullah lideri regional müharibəyə hazır olduqlarını bildirsə də, müharibənin Qəzza miqyasında qalması halında Hizbullah-İsrail qarşıdurmasının da hazırda davam edən sərhəd toqquşmaları çərçivəsində qalacağına işarə etdi.

Nəsrallahın ölçülü strategiya izləməsi anlaşılandır. İsrailin aqressivləşdiyi, ABŞ-ın regionda hərbi aktivliyini artırdığı bir vaxtda açıq müharibəyə girmək Hizbullaha çox ağır zərbələr vura bilər ki, bu da qruplaşmanın Livandakı mövqelərini zəiflədəcək. Yəni, Nəsrallah praqmatik davranaraq Hizbullahın Livandakı üstünlüyünü Qəzzaya görə riskə atmaq istəmir. Əlbəttə ki, Nəsrallahın söykəndiyi İran da Yaxın Şərq strategiyasının sütünlarından olan Hizbullahın Livanda zəifləməsi riskinə razılıq verməz.

Amma Qəzzanın da İsrail tərəfindən işğal edilməsi Hizbullah və İranın müqavimət şəbəkəsi üçün çox böyük məğlubiyyət olacaq. Nəsrallah çıxışında dedi ki, Hizbullahın hücumları İsrail Ordusunun hava gücünün dörddə biri, raket müdafiə sistemlərinin isə yarısını şimal sərhədlərinə yönəldir ki, bu da cənub cəbhəsindəki Qəzzanın müqavimətinə böyük köməkdir. Bu həm də o deməkdir ki, İsrail Qəzza problemini həll etdikdən sonra bütün gücünü şimal sərhədlərinə - Hizbullah və Suriyadakı İran milislərinə yönəldəcək. Yəni, Qəzzadakı müqavimətin yox edilməsindən sonra İsrail bütün gücü ilə şimala doğru cəmləşdirə biləcək.

Növbəti hədəf olan Hizbullah ya tez, ya gec açıq müharibəyə qoşulmalı olacaq. Nəsrallahın əsas missiyası Hizbullahla İsrail arasındakı toqquşmanın vaxtını düzgün seçməkdir. Belə görünür ki, cənub cəbhəsi, yəni Qəzzadakı silahlı qruplar mövcudluğunu qoruduqca Hizbullah da əsas hədəf kimi oyuna girməməyə çalışacaq.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İsrail Ordusu Qəzzada quru əməliyyatı keçirir.

HƏMAS 7 oktyabr hücumu ilə İsrailə sarsıdıcı zərbə vurdu, strateji və psixoloji üstünlüyü ələ keçirərək Tel Əvivi çətin seçimlər qarşısında qoydu. Bu tipli hücumların əsas məqsədi də budur: rəqibi çətin seçimlərə yönəldib səhv etməyə məcbur etmək.

Psixoloji üstünlüyünü bərpa etmək istəyən İsrail dövləti ən ağır cavab addımlarıyla Qəzza məsələsini birdəfəlik həll etməyi hədəf seçib.

Həm HƏMAS, həm də Netanyahu hökuməti çox böyük qumar oynayır. Qəzza və qəzzalılar faktiki olaraq Fələstin müqavimətinin son qalasıdır, bölgənin itirilməsi müstəqil Fələstin dövləti iddiasına ağır zərbə vuracaq, bəlkə də sonlandıracaq. Qəzzadan sonra Qərb sahillərinin “udulması” İsrail üçün çətin olmayacaq. Bu mənada, HƏMAS Qəzzanı qoruya bilməsə, bütün tarixi məsuliyyət təşkilat və dəstəkçilərinin üzərində qalacaq.

Netanyahunun qumarı da olduqca risklidir. İlk olaraq, Qəzzada quru əməliyyatı keçirən İsrail Ordusu reputasiyasını bərpa etmək və ətrafdakı düşmənlərə gözdağı verməyi bacarmasa, Fələstin müqaviməti yenidən canlanacaq. Qəzzada mümkün bir hərbi məğlubiyyət hazırda İsrail lehinə olan bir çox dinamikanın dəyişməsinə gətirib çıxaracaq. İkincisi, Qəzzadakı müharibənin bütün regiona yayılmaması mümkünsüzdür ki, elə əməliyyatın ilk günündə Yəmən Husiləri İsrailə balistik raket atmağa başlayıb. Regional dinamikaların hərəkətlənməsi ABŞ tərəfindən İsrailin təhlükəsizliyi üçün dizayn edilən Yaxın Şərqin siyasi və hərbi mənzərəsini tamamilə dəyişə bilər.

Lakin Netanyahu hökumətinin Qəzza barədə planları baş tutsa, təkdövlətli həll yolu arzusunda olan siyonistlər çox böyük tarixi zəfər əldə edəcək.

Əminliklə deyə bilərik ki, yeni bir Yaxın Şərq “doğulur”…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Ərdoğan “Böyük Fələstin” mitinqində Yaxın Şərqdə son 3 ildə izlədiyi praqmatik xarici siyasətdən Ərəb Baharı dövründə izlədiyi yeni osmanlıçı- “ixvançı” xəttə qayıtdı.

Aydındır ki, Ərdoğanın bugünkü Fələstin mitinqi 100 ilini qeyd edən Atatürkün mirası Cümhuriyyət rejiminə qarşı “meydan oxuma” idi. “Yaxın Şərq” strategiyası Türkiyədə qərbyönümlü xarici siyasət tərəfdarı atatürkçülərlə mühafizəkar-dindarlar arasında ən başlıca çəkişmə mövzusudur. Atatürkçülər Yaxın Şərqin “bataqlıq” olduğunu, türklərin bu coğrafiyada doğma qarşılanmadığını arqument gətirərək Türkiyənin bu regiondan məsafəli davranmasını istəyirlər. Həqiqətən də mühafizəkar AKP-nin Ərəb Baharında izlədiyi strategiyanın nəticələri atatürkçülərin bu iddialarını haqlı çıxartdı.

Mühafizəkar-dindarlar isə türklərin min ildir ki, bölgəyə inteqrasiya olunduğunu və İslam dini vasitəsilə 4 əsr Yaxın Şərq hökm etdiyini əsas gətirərək Türkiyənin bu regionda aktiv olmasını təklif edirlər.

Dindar-mühafizəkar qanaddan eşitdiyim ən dolğun iddia budur ki, qərblilər Türkiyənin Yaxın Şərqdən gözünü çəkməsini ona görə istəyirlər ki, regionun zənginliklərini təkcə özləri mənimsəsin. Digər ifadə ilə, Türkiyə Yaxın Şərqin sərvətlərindən pay götürməlidir. Neo-osmanlıçı dediyimiz, AKP-nin izlədiyi ixvançı xarici siyasətin üzərində inşa edildiyi məntiqi bünövrə budur.

Əlbəttə ki, Yaxın Şərqin ən simvolik məsələsi də Fələstin problemidir və Türkiyə də bölgədəki dayaqlarını Fələstin vasitəsilə gücləndirməyi fürsət kimi görür.

Yaxın Şərqin Türkiyə üçün digər böyük önəmi Fars Körfəzinə, yəni Hind Okeanına çıxış yoludur. Məncə, Fars Körfəzinə və Xəzər dənizinə birbaşa çıxışın olmaması Türkiyənin geostrategiyasının ən böyük iki çatışmazlığıdır, Türkiyənin qrand strategiyasında ən böyük iki hədəf Fars Körfəzi və Xəzər sahillərinə çıxışdır. Türkiyə üçün müsəlman kimliyi birinciyə, türk kimliyi isə ikinciyə gedən yolda ən böyük “silah”dır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Bahçelinin çağırışının ardınca Ərdoğan da İsrail-Fələstin toqquşmalarının 19-cu günündə izlədiyi balans siyasətindən kəskin dönüş edərək İsrail əleyhinə sərt sözlər işlədib.

Ərdoğanın ritorikasını dəyişməsi məncə, iki məsələdən qaynaqlanır: ilk olaraq, Türkiyə təzyiqi artıraraq İsrail Ordusunun Qəzzaya quru əməliyyatını təxirə salmasını istəyir. Çünki Qəzzaya quru əməliyyatı barıt çəlləyinə atılmış kibrit olacaq, Yaxın Şərqi qarışdıracaq. Onsuzda həssas vəziyyətdə olan region iqtidarları bölgədə de-stabillik istəmir. Ərdoğan “HƏMAS terror təşkilatı deyil, xalqını qoruyan mücahidlərdir” deməklə, İsrailə Qəzza əməliyyatı olsa, İranla ortaq işləyəcəkləri mesajını verdi. Yəni, İsrail Qəzzaya quru əməliyyatın Türkiyəni İranla yaxınlaşdıracağını nəzərə almalıdır.

İkinci məsələ, İsrailin 20 gündür qətiyyətsizlik göstərməsi və hərbi dəstək üçün Qərb güclərini regiona daxil etməsidir. İsrail müstəqilliyini itirərək getdikcə ABŞ-ın himayəsinə düşür, bu da Türkiyə rəhbərliyində İsrail mərkəzli yeni regional strategiyanın effektivliyi barədə əsaslı şübhələr yaradır. Dünən də Makron İsrailə dəstək üçün regionda beynəlxalq koalisiyanın yaradılmasını təklif etdi. Türkiyə rəhbərliyi Qərblə yaxınlaşmış İsraildən istədiklərini ala bilməyəcəyini bilir. Ümumiyyətlə, Ankara Qərbin Yaxın Şərqdə dayaqlarını gücləndirməsini qətiyyən istəmir, çünki bu, Türkiyənin də bölgədəki hərəkət imkanlarını məhdudlaşdırır. ABŞ isə böhrandan istifadə edib bölgəyə qoşunlar göndərərək gövdə göstərişi edir. Ən önəmlisi, “Kürd dövləti” kontekstində Türk elitasında bölgəyə əlavə yeridilən ABŞ qoşunlarının yekun hədəfinin Türkiyə olduğu barədə əsaslı şübhələr var. Amma limitli imkanları olan Türkiyənin diş göstərməsinin ABŞ-ın Yaxın Şərq planlarını dəyişdirməsinə səbəb olacağı da inandırıcı deyil.

Ərdoğan sərt danışsa da, İsraillə diplomatiya üçün açıq qapı qoydu. Amma şənbə gününə təyin olunmuş Fələstinə dəstək mitinqində Ərdoğanın İsrailə qarşı daha da kəskin çıxış edəcəyi gözlənilir. Məlumdur ki, Türkiyə-İsrail arasındakı son normallaşma Azərbaycanın vasitəçiliyi ilə baş tutmuşdu. Bu mənada, Türkiyə-İsrail gərginliyi bizi də yaxından maraqlandırır. Fikrimcə, biz Türkiyə-İsrail yaxınlaşmasından istədiyimizi maksimum dərəcədə almışıq, bundan sonra mümkün qədər arxaplanda qalmaq faydalı olardı.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

MHP lideri Bahçeli Qəzza ilə bağlı açıqlama yayaraq Türkiyə dövlətini Yaxın Şərqdə əl yüksəltməyə çağırdı. Bahçeli rəsmi şəxs deyil və dedikləri məsuliyyət yaratmır, amma onun sözlərinin Ankaranın qeyri-rəsmi mövqeyi olduğu şübhəsizdir. Türk hakimiyyəti elita daxilində Qəzzada hərəkətə keçmək planlarının olduğunu göstərərək həm daxili auditoriyadakı aqressiv tələbləri yumşaltmağa çalışır, həm də Yaxın Şərqdə təzyiqi artırır.

Türkiyənin əl yüksəltməyi gündəmə gətirməsinin səbəbi İsrailin son 2 həftə göstərdiyi zəif performansdır. Zəiflik dedikdə 2 məsələni nəzərdə tuturam. Birincisi, İsrailin Qəzza ilə bağlı qətiyyətli bir planının olmadığı görünür. Qəzzaya quru əməliyyatı gecikdikcə region ölkələri münaqişənin həlli üçün alternativ təkliflərlə meydana çıxır. İkincisi, əslində Bayden İsrailə dəstək səfərinə gəlməklə, İsrailin öz təhlükəsizliyini qoruya bilmək üçün ABŞ-a ehtiyacı olduğu mesajını verdi. Bu, Yaxın Şərq üçün yeni reallıq idi, çünki son 20 ildə, xüsusilə Klintonun vasitəçiliyi ilə keçirilmiş uğursuz İkinci Kamp David görüşlərindən sonra İsrail regionda “öz işini özü görə bilən” bir ölkə kimi imic yaratmışdı. Regionda yeni düzənin qurulduğu bir vaxtda, İsrailin statusundakı geriləmə region oyunçularında öz rolunu yüksəltmək arzusu yaradır. Bu mənada, İsrail Ordusunun Qəzzada göstərəcəyi performans təkcə Fələstin çərçivəsində yox, ümumilikdə regionun balansı baxımından həlledici olacaq. İsrail Qəzzada parlaq bir hərbi əməliyyat ilə regionda hamını razı olmağa məcbur edəcək yeni bir reallıq yarada bilər ki, bu da bir növ Fələstin dövlətinin süqutu, ikidövlətli həll iddiasının sonu deməkdir. Amma Qəzzada İsrailin mümkün bir uğursuzluğu həm Ərəb, həm də İslam dünyasında abu-havanı kökündən dəyişəcək, Fələstini yenidən gündəmə çevirən ciddi bir momentum yaradacaq.

Bəs Türkiyə Qəzzada real olaraq praktiki addımlar ata bilərmi? İndiki məqamda, mümkün görünmür. Əlbəttə ki, Türk dövləti 400 il boyunca İstanbuldan idarə etdiyi Fələstin torpaqlarını hələ də özünün mənəvi bir parçası hesab edir, sözügedən doğmalığı bu günə uyğun olan geosiyasi maraqlara görə unudan deyil. Amma türklər son illərdə kifayət qədər praqmatik siyasət izləyirlər və hazırkı geosiyasi maraqlarını da nostalgiyaya qurban verməzlər.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İsrail Ordusu terrorçu metodlarla mülki qəzzalılara divan tutmağa davam edir. İki saat öncə Qəzza zolağında bombalanan xəstəxanada ölənlərin sayı 1000-i keçib.

HƏMAS-ın 7 oktyabr terroru qəzzalılara acıdan və ölümdən başqa heç nə gətirmədi. HƏMAS və İsrail sağının qəzzalıların qanı üzərindən bir-birini bəslədiyi barizdir.

Netanyahu hökumətinin regional müharibəni təhrik etmək niyyətində olduğu açıq görünür. İsrail sağçıları “7 oktyabr” sonrası təkcə İsrail və Fələstini deyil, bütün regionun dinamikalarını dəyişdirmək istəyir. Vaşinqton Yaxın Şərqdə yeni bir regional müharibə həvəsində olmasa da, Netanyahu hökuməti Amerikanın məsələdən sıyrılmasına imkan vermək istəmir. Baydenin sabahkı səfəri ərəfəsində xəstəxananın bombalanması İsrail hökumətinin sadəcə və sadəcə regional müharibə məqsədində olduğunun göstəricisidir.

Hər nə qədər İslam ölkələri proseslər qarşısında aciz görünsə də, xəstəxana hücumunun İslam dünyasında xalq hərəkatlarını alovlandıracağı şübhəsizdir.

İsraili cilovlaya bilməyən Qərb son bir həftədə öz simasını tam itirib. Qərbin himayəsində qurulmuş “insan haqları” mərkəzli beynəlxalq sistemin sonuna gəlmişik. Sistemin bünövrəsini təşkil edən nə beynəlxalq hüquq, nə də dəyərlər mövcud reallıqlarla uyuşmur. Artıq dəyişikliklər qaçılmazdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Getdikcə tənəzzüldə olan Ərəb dünyasının problemləri barədə bir çox iddialar var, mənə görə başlıca problemi güclü liderin yoxluğudur. Mistik şəxsiyyət kultu, xarizmatik lider Şərqdəki ən böyük ehtiyacdır. Şərq tarixində lidersiz yüksələn və böyük uğurlar qazanan cəmiyyət demək olar ki, yoxdur. Təbii ki, hər güclü lider zəfərin təminatı deyil. Məsələn, Ərəb dünyasındakı son güclü lider Səddam Hüseyin verdiyi yanlış qərarlarla həm ölkəsini məhvə apardı, həm də Bağdaddakı minillik sünni hakimiyyətini şiələrə uduzdu.

Miqyas, tarix və mədəniyyət baxımından ancaq Misir, Səudiyyə və İraqdan çıxan fiqurlar Ərəb dünyasına liderlik iddia edə bilər. Mövcud reallıqlar fonunda İraqı bu siyahıdan çıxarmaq olar. Misir və Səudiyyə əsas namizədlərdir, lakin hər iki ölkə ABŞ tərəfindən “Yaxın Şərq NATO-su”na daxil edilib, birdəfəlik neytrallaşdırılmaq istənilir.

Onu da deyim ki, mənə görə, lidersizlik təkcə Ərəblərin yox, İslam dünyasının bir çox problemlərinin başlıca səbəbidir. Bəlkə də bu çərçivədə “Xəlifəlik” məqamının bərpasına vurğu edənlərə haqq vermək olar. Amma “güclü liderlik” təkcə məqam, status və vəzifə ilə qazanılmır. Məsələn, Səudiyyə krallarının daşıdığı “İki Müqəddəs Məscidin Xadimi” statusu ilə onların cəmiyyət üzərindəki real təsir gücü mütənasib deyil. Güclü liderlik təkcə dövlət aparatlarını əlində cəmləşdirməklə olmur, kütlələr üzərində də mənəvi təsir imkanları olmalıdır. Biri o birini tamamlamalıdır. Bu mənada, “Xəlifəlik” bərpa edilsə belə, formal bir institut, funksionallığını olmayan bir məqam kimi İslam dünyasında yeni real liderlərin yüksəlişi önündə ən böyük əngəl də ola bilər.

Mən inanıram ki, güclü lider yetişəcəyi halda Ərəb-İslam dünyası öz əleyhinə işləyən hazırkı gedişatı köklü şəkildə dəyişə biləcək. Güclü liderləri isə bugünkü kimi böhran vəziyyətləri yetişdirir…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Netanyahu liderliyindəki ifrat sağçı hökumət son böhranı çox bərbad idarə edir. Bəzi israilli rəsmilər dövlət üslubuna yaraşmayan, beynəlxalq hüququ kobud şəkildə pozan açıqlamalar verir. Dövlətlərin davranışları və əməlləri hüquqa zidd ola bilər, əlbəttə ki, bu reallıq heç vaxt dəyişməyəcək, amma rəsmi açıqlamalar mütləq şəkildə ölçülü, təməl beynəlxalq normativlərə, dövlətçilik ənənələrinə uyğun olmalıdır. İsrail mövcud dünya nizamının “istinası”, “ərköyün övladı” kimi davranmağa davam etdikcə vəziyyət dəyişməyəcək. Bu gün Ərdoğan da “İsrail dövlət yox təşkilat kimi davranmağa davam etdikcə, təşkilat kimi münasibət görəcək” sözləri ilə bu məsələni çox yerində təsvir elədi.

Ardıcıl hökumət dəyişikliklərinə, daxili siyasi çaxnaşmalara yansıyan İsrail cəmiyyətindəki kəskin qütbləşmə sonda ölkənin ən həssas məsələsi sayılan təhlükəsizlik sahəsində əsaslı problemlərə gətirib çıxarıb.

Bundan sonra nə olacaq? Hesab edirəm ki, “Yaxın Şərqin NATO-su” formatında yeni bir quruluşla ABŞ İsrail üzərindəki himayəsini gücləndirəcək. Bu da İsrailin siyasi və hərbi müstəvidəki “limitsiz” hərəkət imkanlarını məhdudlaşdıracaq. Məlum olduğu kimi, İsrail dövləti “hərəkət azadlığı” üçün NATO variantına soyuq baxırdı. Amma illərdir davam edən siyasi böhran, radikal dindarların hakimiyyətə gəlməsi və 7 oktyabr böhranı İsrailin təkbaşına hərəkət etməsinin real nəticələridir, sözsüz ki, Vaşinqton buna daha çox göz yummayacaq. İsrailin “ölçüsüz” davranışları ABŞ-ın Yaxın Şərq qrand strategiyasına hər zaman zərər vurub.

Seçki ərəfəsi olduğu üçün güclü İsrail lobbisinin qarşısında Bayden hökuməti İsrailə dəstək məsələsində xeyli səs-küy salıb, amma reallıqda Demokratların uzun müddətdir İsrailin ipini möhkəm sıxmaq üçün fürsət axtardığı heç kimə sirr deyil. Demokratlar seçkidə qalib gələ bilsələr, yəqin ki, fürsətdən istifadə eləyərək əvvəlcə İsrailin ipini çəkib özlərinə bağlayacaqlar, daha sonra Ərəbləri yola gətirməyə çalışacaqlar. Ərəblərlə yanaşı, israillilər də bir müddətdir Çinlə münasibətlərini inkişaf etdirib, balans siyasətini izləyirdilər. Amerikanlar “Yaxın Şərq NATO-su” layihəsini gerçəkləşdirə bilsə, Çinin Yaxın Şərq planları birdəfəlik suya düşəcək.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Qəzza zolağındakı fələstinli qruplar tərəfindən İsrail ərazilərinə havadan, sudan və və qurudan irimiqyaslı hücum həyata keçirilir. Hücum zamanı hərbçilər və mülki şəxslər daxil olmaqla, onlarla israilli öldürülüb, hərbi texnika yandırılıb və ya ələ keçirilib.

Bu hücumlar İsrail Ordusu və kəşfiyyatı üçün çox böyük prestij itkisidir. İran-Səudiyyə yaxınlaşmasından sonra regionda ofsayda düşən İsrail çox çəkingən davranırdı, bunun da fələstinli qruplar tərəfindən “zəiflik” kimi anlaşıldığı görünür.

Bu gün baş verənləri İsrailin “11 sentyabrı” hesab etmək olar. Yaxın Şərqdə yeni bir böyük müharibənin ilk gününə şahidlik edirik.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Azərbaycan-İran arasında yeni nəqliyyat qovşağı olacaq Ağbənd körpüsünün təməlqoyma mərasimi ilə optimist baxışlara mən qatılmıram. Layihələrin ən asan hissəsi təməlqoymadır. Rəşt-Astara dəmiryolunun təməli Azərbaycan və İran liderləri tərəfindən 2018-ci ilin martında qoyulmuşdu… Yolun 2028-ci ildə tamamlanacağı təxmin edilir.

Zəngəzur yolunun ən önəmli üstünlüyü İrandan kənar keçməsi idi. İranı ofsayda salmaq təkcə, ideoloji toqquşmalarla bağlı geosiyasi amildən qaynaqlanmırdı. İran və Rusiya mütəmadi olaraq Qərb tərəfindən iqtisadi sanksiyalara məruz qalan ölkələrdir, məhz Zəngəzur yolunun İrandan yayınmasının önəmi bu idi. Əgər yol İrandan keçəcəksə, daşınan yük İrana giriş-çıxış edəcəksə, onda Çindən gələn karqo niyə Xəzər dənizinə girsin ki? Onun yerinə quru yolla Mərkəzi Asiyadan birbaşa İrana keçib Türkiyəyə daxil ola bilər.

Bəli, son həftələrdə İranla münasibətlərdə yumşalmalar gedir, xüsusilə, İran XİN rəhbəri Abdullahyanın iyuldakı səfəri münasibətlərdəki buzları qırıb. Bilirik ki, məlum terror hadisəsindən sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırmışdı. İndi diplomatik münasibətlərin bərpası, ən azından qonşuluq əlaqələri səviyyəsinə qaytarılması yönündə səylər göstərilir. Yoxsa ki, Azərbaycan-İran əlaqələrinin strateji müstəviyə gələcəyinə, iki dövlətin önəmli geoiqtisadi layihələrdə ortaqlıq edəcəyinə mən ehtimal vermirəm. İran dövləti üçün təhlükəsizlik ən həssas məsələdir, hər halda İranın Türk dünyasını birləşdirən layihənin ortağı olacağını yəqin ki, heç kim gözləmir.

Ağbənd körpüsünün açılışı İran üçün “Zəngəzur yoluna imkan vermədim, kənarda qalmadım, mən qalibəm” imici, Azərbaycan üçün isə Ermənistan üzərində “Zəngəzura alternativimiz var, yenə regional layihələrdən kənarda qalacaqsan” təzyiqi yaratmaq imkanı verir.

Son postların birində Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan xarici siyasətində yeni dövr başlayacağını müzakirə etmişdik. Yeni dövrün ən gərgin münasibətləri İranla keçəcək. Əvvəllər Qarabağın işğal altında olması Azərbaycanı İranla ehtiyatla davranmağa, İranı isə Azərbaycanı Ermənistan vasitəsilə sıxmağa imkan verirdi. Məncə, Azərbaycanın ciddi irəliləyiş əldə etdiyi, amma Qarabağ məsələsinin natamam qaldığı müharibədən sonra - yəni, 2020-2023-cü illərdə İran-Azərbaycan münasibətlərinin icmalına baxmaq kifayət edər ki, münaqişənin tam həllindən sonra münasibətlərin hansı tərzdə davam edəcəyini təxmin edək…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Azərbaycanın Fransa və Almaniyanın vasitəçilik masasına getməməsi tamamilə anlaşılandır.

Birincisi, ortada Rusiya-Türkiyə xətti var, hansı ki, Qarabağdakı son hərəkətlənmə də Putin-Ərdoğan arasında Soçi görüşündən sonra baş verdi. Azərbaycan bu xətdən maksimum istədiyini əldə edib, belə bir prosesi gedib avropalılarla sonlandırmaq yersizdir. Azərbaycanın bundan sonra da Ankara-Moskva xəttindəki dinamikaları izləyəcəyi bir reallıqdır.

İkincisi, avropalılar 7-8 ay davam edən Laçın yolu böhranı boyunca təktərəfli davrandılar, ermənilər qarşısında bizi həmişə ikinci planda görəcəklərini bir daha göstərdilər. Prosesin qaymağını niyə bunlar yesin ki?

Üçüncüsü, böyük ehtimal ki, Azərbaycan avropalılar qarşısına qoyduğu “Türkiyə də masada olmalıdır” şərtini Rusiya qarşısında da qoyacaq. Artıq Ankara tərəfdən də Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan (2+2) təklifi rəsmi olaraq dilə gətirilib. Rusiya da bu təklifi qəbul etmiş kimi görünür. Vasitəçi kim olursa olsun, “Türkiyənin olduğu” masa bizim üçün daha uyğundur. Bu məsələ mübahisəsizdir. Əlbəttə ki, bizim “qalib” tərəf kimi masada yeni tələbimiz olmalıdır. Həm bütün məsələni həll edəsən, həm də gedib Fransa və Almaniyanın masasında təklənməyə niyə razılıq verəsən ki?

Digər tərəfdən, Paşinyanın Rusiya masasına gəlmək istəməməsi də prosesin fərqli tərəfdir. Ermənistanın Rusiyanı, Azərbaycanın da Avropanı sülh prosesindən çıxdaş etməsi sazişin imzalanma məkanı üçün alternativ variantların şansını artırır. Geriyə ABŞ-ın vasitəçiliyi qalır, bu da yüksək ehtimal deyil. Məncə, amerikanlar məkan məsələsindən daha çox, prosesin tezliklə yekunlaşmasında maraqlıdır.

Mən düşünürəm ki, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında da ikitərəfli kontakt kanalı var, ona görə sürpriz variantları da istisna etmirəm.
Daha əvvəl Gürcüstanın ev sahibliyində Tiflis variantını müzakirə etmişdik. Digər bir alternativ variant kimi Azərbaycan-Ermənistanın ikitərəfli formatda sərhədin simvolik yerində, məsələn, Həkəri körpüsünün üzərində imzalanması ola bilər. Məkan doğru seçilsə, sülh imzalamaq üçün əla fürsət var.

Hazırda şərtlər tam olaraq Azərbaycanı qane edir. Məncə, sülh sazişi imzalanacaqsa, bunun Paşinyanın hakimiyyəti dövründə yekunlaşması bizim üçün daha sərfəlidir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Kolonna Ermənistana silah satışı ilə bağlı razılaşma əldə olunduğunu, lakin razılaşmanın detalları barədə məlumat verilməyəcəyini açıqlayıb. Kolonna deyib ki, Ermənistan Fransa kimi müttəfiqin ardıcıl dəstəklərinə güvənə bilər.

Əslində razılaşmanın detallarından daha çox lojistik məsələlər maraqlıdır, yəni, Fransa hansı istiqamətdən Ermənistana silah göndərəcək? Çünki sadəcə bir partiya silah göndərməklə nəsə dəyişdirmək mümkün deyil. Müharibə dövründə daimi silah təminatı üçün etibarlı bir marşruta ehtiyac var. Fransızların bir müddətdir İran variantı üzərində işlədiyi görünür. Ümumiyyətlə, Cənubi Qafqazda Fransa-İran-Hindistan xəttinin qurula biləcəyi barədə təxminlər var ki, bu ölkələrin Ermənistan üzərindəki maraqları kəsişir.

İstənilən halda, xanım Kolonnanın “etibarlı müttəfiqik” iddiası barədə ciddi düşünmək lazımdır. Yəqin ki, Ermənistan hakimiyyəti başa düşür ki, Fransa ipiylə quyuya eniləsi bir ölkə deyil. Xatırlayıram ki, Vətən Müharibəsinin ilk günlərində, 29 sentyabr 2020-ci ildə Fransa prezidenti Makron “Türkiyədən dəstək alan Azərbaycanın Dağlıq Qarabağı ələ keçirməsinə göz yummayacağıq. Ermənistan və ermənilər əmin olsun ki, Fransa öz rolunu oynayacaq” sözləri ilə ultimatum vermişdi. Nəticə göz qabağındadır.

Uzağa getməsək, cəmi bir ay əvvəl, Paris merinin Laçın yolu ilə bağlı təşkil etdiyi yardım tırları şousu erməni ictimaiyyətini xeyli həvəsləndirmişdi, hətta, Xankəndinə Fransa bayraqları asılmışdı. Şoudan heç bir gün keçməmişdi ki, Fransanın məşhur “Total Energies” şirkətinin baş icraçı direktoru Abşeron qaz yatağının hasilata başlaması ilə bağlı Bakıda prezident İlham Əliyevlə görüşdü və şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ilə bağlı müzakirələr apardı. Paris merinin özü ilə gətirdiklərindən heç bir dənəsi də Xankəndinə çatdırılmadı. Həmin 2-3 gündə baş verənlər Fransa dövlətinin erməniləri hansı məqsədlər üçün istifadə etdiyini çox yaxşı təsvir edən proses idi.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Ermənistanın Cənubi Qafqazın digər iki ölkəsi - Azərbaycan və Gürcüstandan əsas strateji üstünlüyü Rusiya ilə birbaşa sərhədinin olmamasıdır. Eyni zamanda, Ermənistanın NATO ilə 300 km-lik sərhədi var. Bu mənada, məncə, Ukrayna müharibəsi fonunda da Ermənistanın Rusiyanın əlindən çıxıb NATO-ya qoşulması fantastik bir ehtimal sayılmamalıdır. Ruslar birbaşa sərhədlərin olduğu Azərbaycan və Gürcüstana qarşı asanlıqla hərbi vasitələrlə təzyiq göstərə bilər, amma Ermənistana qarşı belə imkanları yoxdur.

Qarabağdakı işğal faktı yekunlaşdıqdan sonra Ermənistanın NATO-ya üzvlüyü məsələsi bizim üçün də maraqlı perspektiv vəd edir. Çünki Ermənistanın NATO-ya qoşulması ancaq Türkiyənin razılığı ilə baş verə bilər, yəqin ki, Ankaranın buradakı əsas şərti Ermənistanın təhlükəsizliyinin öz “kurasiyası”nda olması olacaq. Hər halda xəritəyə baxdıqda aydın görünür ki, NATO Ermənistana sadəcə Türkiyə üzərindən “yerləşə bilər”. Digər tərəfdən söz yox ki, NATO-nun Cənubi Qafqaza yerləşməsinin əsas məqsədi Mərkəzi Asiyaya çıxışla bağlıdır, bu strategiyanı da Türkiyəsiz gerçəkləşdirmək mümkünsüzdür. Əgər NATO Ermənistana girə bilsə, onda Azərbaycanın da həm NATO, həm də Türkiyə ilə birbaşa sərhədləri yaranacaq və təşkilatın Xəzər sahillərinə çıxması üçün sadəcə bir ölkə qalacaq - Azərbaycan. Hansı ki, Azərbaycan da artıq Türkiyə ilə ikitərəfli hərbi pakt qurub.

Məncə, Zəngəzur ətrafındakı hadisələrə bir də bu bucaqdan baxmaq önəmlidir. Rusiya Ankaranın Cənubi Qafqazda ikibaşlı oynadığını görür. Türkiyə istənilən ssenaridə Ermənistan üzərindən Xəzər dənizinə alternativ yol açmaq istəyir. Türklər bunu ya NATO vasitəsilə əldə edəcək, ya da Rusiya öz nəzarətində olan variant təklif etməlidir. Rusların da “Zəngəzur dəhlizi” variantına İran qəti surətdə qarşı çıxır. Bəs Paşinyan hökumətinin istəyi ilə Ermənistanın NATO-ya üzvlüyü aktuallaşsa, İran bu məsələdə necə bir mövqe ortaya qoyacaq?

Hər halda Ankara son proseslərin əsas qazananı kimi görünür. Türkiyə son illərdə Cənubi Qafqazda dinamik oynamağın, doğru cəbhədə yer almağın bəhrəsini görür…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Körfəz Ərəbləri - BƏƏ və Səudiyyə Qəzzadakı müharibəyə baxmayaraq İsraillə normallaşmanı davam etdirmək niyyətindədirlər. Körfəz Ərəbləri düşünür ki, HƏMAS-ın 7 oktyabr hücumu məhz Ərəb-İsrail normallaşmasını hədəf almışdı, ona görə də HƏMAS və arxasındakı qüvvələrin öz məqsədinə çatmaması üçün İsraillə normallaşma davam etdirilməlidir.

BƏƏ “parlamenti”nin müdafiə, daxili və xarici işlər komitəsinin sədri Əli Rəşid əl-Nuaimi ötən həftə Avropa və ABŞ-dakı yəhudi lobbi təşkilatları ilə görüşdə deyib ki, Ərəb-İsrail normallaşmasını regiona sülh, təhlükəsizlik və inkişaf gətirəcək yeni səhifə kimi görürlər. Nuaimi bildirib ki, Yaxın Şərq regionu İsrailin mövcudiyyəti ilə barışmalıdır: “Xristian və ya yəhudilərin kökü Nyu York və Parisdə yox, Yaxın Şərqdədir. Onlar regionumuzun bir parçasıdır”.

Nauiminin dediklərində həqiqət var. İsrailin regionda mövcudluğunu qəbul etməmək artıq reallıqdan çox uzaqdır. Əksinə, belə bir mövqeni davam etdirmək müstəqil və suveren Fələstin dövləti ehtimalını da getdikcə zəiflədir. Amma Nauiminin sözləri də sadəcə BƏƏ elitasının mövqeyini əks etdirir. Ərəb cəmiyyətlərinin İsrail barədə mövqeyinin kəskin dəyişdiyini demək mümkün deyil. Digər tərəfdən Körfəz Ərəbləri İsraili tanımaq qarşılığında, İsraili də Fələstinlə bağlı güzəştlərə məcbur edə bilmir. Fələstinlə bağlı yol xəritəsi olmadıqca, Nauminin dedikləri İsrail qarşısındakı təslimçiliyə bəhanə yaratmaqdan başqa bir şeyə bənzəmir.

Körfəz Ərəblərinin Fələstinlə bağlı fərqli çəkincələri də var. Belə ki, siyasi İslamçı baxışda olan HƏMAS təşkilatı BƏƏ və Səudiyyə rəhbərliyinin son 7-8 ildə amansız şəkildə mübarizə apardığı Müsəlman Qardaşlarının bir parçasıdır. Müsəlman Qardaşları Ərəb Baharında Körfəzdəki monarxiyalarda hakimiyyəti ələ keçirməyə cəhd etmişdi. Yəni, BƏƏ və Səudiyyə, eyni zamanda Misir rəhbərliyi HƏMAS-ın uğur qazanaraq güclənməsini öz rejimlərinə qarşı təhlükə kimi görürlər. İsrail isə Körfəz üçün siyasi rejimə qarşı təhlükə sayılmır. Bu baxımdan Körfəz Ərəblərinin İsrail-HƏMAS müharibəsində hansı tərəfi dəstəklədiyini müəyyənləşdirmək elə də çətin deyil.

Müşahidələrimdən belə nəticə çıxarıram ki, Körfəz Ərəbləri “müasir ərəb” kimliyi yaradaraq özlərini həm ənənəvi Ərəb qardaşlığı, həm də İslam həmrəyliyindən ayırmaq məqsədindədirlər. Artıq Fələstin və ya regionun digər ənənəvi problemləri Körfəz Ərəbləri üçün “irəliləmək” yönündə əngəl sayılmırlar.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Almaniya XİN-i Berbokun Bakı səfəri böyük ümidlər vəd edirdi. Avropanın mərkəzi gücləri - Fransa və Almaniya arasında soyuqluq yarandığı bir vaxtda Azərbaycan Avropada Fransanın erməniyönünlü siyasətini Almaniya ilə balanslaşdıra biləcəyini düşünürdü. Bunun qarşılığında, Azərbaycan da Almaniyanın yeni formalaşan Mərkəzi Asiya strategiyasında tranzit rolu oynamağa hazır idi.

Berbokun qalmaqallı mətbuat konfransında müşahidələrim onu deməyə əsas verir ki, Almaniya özünü böyük güc kim göstərməyə çalışdı və sanki yeni oyunun ancaq öz qaydalarına uyğun qurula biləcəyinə işarə elədi. Yəni, Almaniya XİN “bərabər deyilik, üstün tərəf bizik, bunu belə qəbul edin” mesajını verməyə gəlmişdi.

Məncə, alman ekspertlər Azərbaycan xarici siyasətini doğru analiz etməyib. Əslində Paris-Bakı arasındakı son gərginliyin səbəbi də elə Fransanın özünü böyük güc kimi qəbul etdirməyə çalışmasıdır. Özünü böyük güc kimi qəbul etdirməyə “biz tənqid edə bilərik, qarşı tərəf nəticə çıxarsın”, “biz Azərbaycan və Ermənistan arasında ikibaşlı oynaya bilərik, tərəflər bununla razılaşsın”, “bizim regional siyasətimiz tənqid edilməsin, müzakirə olunmasın” kimi tələblər daxildir. Azərbaycan nəzdində sadəcə Rusiya və ABŞ böyük güc kimi qəbul edilir. Yəqin ki, Çinin regional siyasəti olsa, Asiya nəhəngi də bu kateqoriyada dəyərləndiriləcək.

Əlbəttə, Almaniya nəhəng iqtisadiyyatı ilə Avropanın iki mərkəzi gücündən biridir. Amma alman diplomatiyası və hərbi gücü ortabab Avropa dövləti səviyyəsindədir. “Vətəndaş cəmiyyəti” qurumlarını çıxsaq, Berlinin Cənubi Qafqaza təsir imkanları demək olar cüzidir. Belə bir vəziyyətdə, Almaniyanın regionda xüsusi imtiyazlı bir güc kimi qəbul edilməsi mümkün deyil. Böyük güc statusu özünü aparmağa görə yox, əlindəki real imkanlara görə qazanılır.

Hesab edirəm ki, almanlar ilk görüş üçün düzgün strategiya seçmədilər. Səfərə kimi münasibətlərdə iki addım irəliyə gedilmişdisə, səfərdən sonra üç addım geriyə qayıdıldı. Azərbaycan onsuzda öz işini görüb, yoluna həmişəki kimi Almaniyasız da davam edə bilər. Bir haldakı almanlar gözünü Mərkəzi Asiyaya dikib, buraya gedən yolları, çıxışları da doğru analiz etməlidir. Yoxsa, Cənubi Qafqazda yeni bir Fransaya ehtiyac yoxdur, biri kifayət edir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Yaydan bəri davam edən Ukrayna əks-hücumları gözləniləni vermədi. Mövcud şərtlərdə, Ukraynanın işğal edilmiş əraziləri geri qaytarmaq üçün yaxın gələcəkdə yeni əks-hücum təşkil etməsi mümkün görünmür. Rusiyanın daxildən qarışması və ya üçüncü tərəflərin müharibəyə birbaşa müdaxiləsi kimi fors-major hadisələr olmasa, məncə, bundan sonra Ukrayna üçün ən optimist variant əlindəki əraziləri qorumaqla, uzunmüddətli atəşkəsə getmək olacaq.

Təbii ki, hər uğursuzluğun bir günahkarı və ya “günah keçisi” olmalıdır. Elə düşünürəm ki, məsuliyyət Prezident Zelenskinin üzərində qalacaq. Məncə, Qərb ictimaiyyətində çox parlaq imici olan Zelenskinin əvvəlcə mediada gözdən salınması kampaniyası aparılacaq (artıq başlayıb), daha sonra siyasi səhnədən çıxarılacaq. Zelenski Ukrayna üçün “güzəştsiz” müqavimətin simvoludur, yeni dövrdə Kiyevdə yəqin ki, kompromisə meylli bir lider lazım olacaq.

Əks-hücumun uğursuzluğunun səbəbi kimi Ukrayna Ordusunun müttəfiqləri tərəfindən lazımi səviyyədə təchiz edilməməsi göstərilir. Ukraynanın müqavimətində əsas aparıcı xarici qüvvə, ən böyük hərbi və maliyyə dəstəkçisi ABŞ idi, məhz, bu səbəbdən də müqavimətin çərçivəsini Kiyevin ehtiyacları yox, Vaşinqtonun maraqları müəyyən etdi. Görünən budur ki, Vaşinqton Rusiyanın olduğu kimi Ukraynanın da tam qələbəsini istəmədi.

Bu düsturda bir cavabsız sual var: Rusiya bundan sonra dayanacaqmı? Yəni, Ukrayna müdafiə çəkilib atəşkəs tələb etməsindən sonra Rusiyanın yeni hücumlar təşkil etməyəcəyinə təminat varmı? Məncə, yox. İsraildə müharibə var deyə Vaşinqtonun Ukraynanı arxaplana atacağı ilə bağlı iddialara da şübhə ilə yanaşmaq faydalı olar. Vaşinqton Yaxın Şərqə görə NATO-nun şərq cinahında baş verənləri göz ardına vura bilməz, çünki Rusiyanın bu bölgədəki hədəflərinin Baltik sahillərinə kimi uzandığı gün kimi aydındır.

Ona görə də, ABŞ-ın Şərqi Avropa regionunu dizayn etməmiş meydandan çəkilməyəcəyini düşünürəm.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İsrail-Fələstin münaqişəsi qlobal bir məsələdir, mövcud beynəlxalq sistemin ən zəif nöqtəsidir, qara dəliyidir. Adını xatırlamadığım bir siyasətçiyə istinadən bu fikri qeyd eləməyim yerinə düşər. Böyük məsələlər böyük dövlətlərə aiddir, kiçik dövlətlər ancaq özünü birbaşa maraqlandıran məsələlərdə özünəməxsus mövqe sahibi ola, digərlərinin mövqelərinə yön verə bilər.

Bu mənada, Azərbaycanın Fələstin mövzusunda ümumiyyətlə gözdən kənarda qalması ən faydalı yanaşma olacaq. Biz onsuzda son 3 ildə özümüzə aid məsələlərdə kifayət qədər səs çıxarmışıq, bütün diqqəti özümüzə çəkmişik. Siyasət meydanında edilə biləcək ən böyük səhv öz potensialının limitlərini, sərhədlərini bilməməkdir. Bir subyektin öz limitini aşan strategiya izləməsi, yerləşdiyi coğrafiyanı özünə dar hesab etməyə başlaması ətrafdakılar tərəfindən dərhal real təhdid kimi qəbul edilir.

Bilirik ki, əksər hallarda səsi ən çox çıxan xoruzun başı ən tez üzülür. Bu mənada, həm dövlət, həm də cəmiyyət olaraq böyük məsələlərdə gözə çarpmaq qazanclı olmaqdan daha çox, məncə, təhlükəlidir. Müttəfiq və ya qardaş belə olsa, böyük dövlətin strategiyasına yön verməyə çalışmaq da reaksiya doğurur, bu da sonda münasibətlərin pozulmasına gətirib çıxara bilər. Fikrimcə, miqyasımızı aşan məsələlərdə, ən doğru siyasi kurs insani və beynəlxalq hüquqi mövqeni dəstəkləyərək arxaplanda qalmaqdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Paşinyan bir həftə ərzində həm Fransa ilə önəmli silah ticarəti müqaviləsi imzaladı, həm də kommunikasiyaların açılması əsasında sülh təklifi ilə çıxış elədi. Məncə, Fransanı regionun təhlükəsizlik arxitekturasına daxil etməklə regional sülh təklifi arasında böyük bir ziddiyyət var. Deməli, rəsmi İrəvan bunlardan birini digərinə gedən yolda tramplin kimi istifadə edir.

Həm Fransa ilə saziş, həm də sülh təklifi bir məqsədə xidmət edir: Rusiyanı Ermənistandan çıxarmaq. Bildiyimiz kimi, Rusiya sülh prosesində məhz “kommunikasiyaların açılması” mövzusu ilə masada qalmağı bacarır. Paşinyan da yolların açılması ilə bağlı özünün sülh təklifini irəli sürərək Rusiyanı ofsayda salmaq istəyir.

Fransa ilə saziş də bilirik ki, Rusiyanın hərbi müstəvidə regiondan sıxışdırılması məqsədi daşıyır. Paşinyan ölkənin hava müdafiəsini və ordunun təkmilləşdirilməsini Fransaya əmanət edən silah sazişi ilə ən təhlükəli 3 addımdan birini atdı. Növbəti iki addım Ermənistanın KTMT-dən çıxması və Ermənistandakı rus hərbi bazalarının bağlanmasıdır. Hələ ki, ilk addıma Rusiyadan ciddi cavab addımı gəlməyib, bu da Paşinyanı tezliklə ikinci addıma cəsarətləndirə bilər. KTMT-dən ayrılmağa paralel olaraq Ermənistan-Fransa arasında “hərbi pakt” barədə saziş də imzalana bilər, beləliklə də Fransa Ermənistanın yeni protektoruna çevriləcək. Maraqlıdır ki, ABŞ hələ də arxaplanda qalmağı üstün tutur, Fransa isə fürsətdən lazımınca istifadə edə bilir. Həm Ermənistan, həm də regionumuz üçün çox kritik bir perioddayıq.

Paşinyan Qərbin dəstəyi ilə Rusiyanı ölkədən çıxara biləcəyinə tam əmindir, ona görə də sülh təklifi ilə Türkiyə-Azərbaycan xəttindən gələ biləcək təhlükəni neytrallaşdırmaq istəyir. Yəni, Paşinyan “regional sülhü” Fransanı hərbi müstəvidə Cənubi Qafqaza daxil etmək üçün tramplin kimi istifadə edir. Rusiyanın hərbi varlığının Ermənistandan çıxarılması regional sülh üçün çox gözəl və əla təşəbbüsdür. Amma Rusiyanın yerinə, Fransa kimi Türkiyənin əsas geosiyasi rəqibinin bölgəyə daxil edilməsi qan və acılarla dolu bir mörtərizənin bağlanaraq başqasının açılması deməkdir. Çünki Cənubi Qafqazda sülh və Fransa eyni konfiqurasiyanın içində yer ala bilməz.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İsrail Ordusu intensiv şəkildə irimiqyaslı quru əməliyyatına hazırlaşır. Müdafiə naziri Qallant son çıxışında Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatının 3 aya qədər davam edə biləcəyinə işarə edib. Qəzzada aylarla gedəcək döyüşlərin Yaxın Şərqə sıçramaması mümkünsüzdür. Region ölkələrinin rəhbər şəxsləri də regional müharibə təhlükəsi barədə açıq xəbərdarlıq edir.

Məlum olduğu kimi, İsrail-Fələstin münaqişəsi sadəcə iki xalqa aid məsələ deyil, hətta Yaxın Şərqlə də məhdudlaşmır, bir neçə müstəvidə qlobal əhəmiyyət kəsb edir, beynəlxalq ictimaiyyəti zidd qütblərə bölür. Şübhə etmirəm ki, belə bir konfliktdə uzunmüddətli müharibə aparılması dünyanın çalxalanmasına gətirib çıxaracaq. Yaxın Şərqdə qarışıqlıqlar fonunda və qışa doğru getdiyimiz bir vaxtda təkcə enerji qiymətlərindəki kəskin artış bütün qlobal dinamikaları kökündən dəyişə bilər.

ABŞ İsrailin təhlükəsizliyinə tam zəmanət verir, amma eyni zamanda Vaşinqtonun regional müharibədə maraqlı olmadığı aydın görünür. Bu o deməkdir, amerikanlar İsraili xarici təhdidlərdən qorumaqla yanaşı, israilli müttəfiqlərini regional müharibəyə səbəb olacaq addımlardan çəkindirməlidir. Amma İsraildə hazırda hakimiyyətdə olan radikal qüvvələrin cilovlanması elə də asan deyil.

Qəzzaya irimiqyaslı quru əməliyyatı olmasa belə, regional müharibəyə səbəb olacaq addımlardan biri də İsrailin İran ərazilərindəki strateji obyektləri vurmasıdır. Amerikan donanmasının bölgəyə yerləşdirilməsi fonunda İranın İsrailə mümkün cavabı da ABŞ-İran müharibəsinə gətirib çıxara bilər. Əlbəttə ki, burada İranın quru yolla işğalından söhbət getmir, amma ABŞ və İsrail tərəfindən İrana vurulacaq aviazərbələr reallıqları nə qədər dəyişəcək? Aviazərbələr İranı daxildən qarışdıra bilərmi? ABŞ həqiqətən də İranın qarışmasında maraqlıdırmı? Bu da ayrıca bir mövzudur. Çünki İranın qarışması Suriya və İraqdakı mövcud balansın tamamilə dəyişməsi deməkdir. Dünya gücləri Mesopatomiyanın yenidən bölüşdürülməsinə hazırdırmı?

İranın qarışması Azərbaycan üçün də təhlükələr vəd edir… Ərazi bütövlüyümüzü təzəcə təmin etdiyimiz bir vaxtda cənub sərhədlərimizdə alovlanacaq müharibə milyonlarla qaçqın fonunda bizi daha bir neçə onillik geri ata bilər. Eyni zamanda İran-İsrail arasında aktiv müharibə başlaması Azərbaycanı da tərəf seçməyə məcbur edə bilər ki, bu da toqquşmaların bizə sıçraması təhlükəsini daşıyır.

Yaxın Şərqin ən spesifik xüsusiyyəti təxminedilməzliyidir. Hər şeyin qaydasına düşdüyünə inandığımız bir anda proseslər tam nəzarətdən çıxa bilər. “Bir neçə aya həll edəcəyik” planı ilə başlanılan hərbi əməliyyatlar 10-15 il davam edəcək, sərhəd dəyişikliklərinə gətirib çıxaracaq regional müharibəyə çevrilə bilər.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ Prezidenti Bayden dünənki xalqa müraciətində Rusiya ilə HƏMAS arasında bəzi paralelliklər qurdu. ABŞ Prezidenti iddia etdi ki, həm Putin, həm də HƏMAS qonşuluqdakı demokratiyaları tamamilə məhv etmək istəyir. Məncə, Putinin Ukraynanı, HƏMAS-ın isə İsraili məhv etmək məqsədinin “demokratiya” ilə əlaqələndirilməsi kifayət qədər absurd iddiadır. Görünür, Bayden həm Avropa, həm də Yaxın Şərqdəki prosesləri Vaşinqtonun Çini çevrələmək üçün ortaya atdığı “avtoritariyalara qarşı demokratiyaların dəstəklənməsi” qrand strategiyasına uyğunlaşdırmaq istəyir. Bayden hökuməti qlobal strategiyasını “demokratiyaların hamisi” rolunda davam etdirmək niyyətindədir.

Bayden dedi ki, Ukrayna və İsrailə təhdidlər qarşısında lazımi dəstək verilməlidir, çünki rəqiblər və düşmənlər ABŞ-ı izləyir. Əgər ABŞ müttəfiqlərini dəstəkləməkdə zəiflik göstərsə, münaqişələr digər regionlara, xüsusilə Hind-Sakit Okeanı hövzəsinə yayıla bilər. Baydenin burada Çin-Tayvan məsələsini nəzərdə tutduğuna şübhə yoxdur.

Paralelliklər qursa da, Bayden HƏMAS-ın 7 oktyabr hücumu ilə bağlı Rusiyanı birbaşa günahlandırmadı. İsrail hökuməti də hücumla bağlı Rusiyanın adını hallandırmır və Ukrayna ilə hələ də məsafəli davranır. Məncə, Vaşinqton və Tel Əvivin susqunluğu bu ölkələr nəzdində Moskvanın 7 oktyabr hücumunda iştirakının olmadığı qənaətinə işarə edir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Sözsüz ki, Yaxın Şərqdə son bir həftədə baş verənlərin əsas qazananlarından biri də Rusiyadır. Rusların 7 oktyabrdakı hücumda rolu olub olmadığı hamımızda maraq doğurur. Nəsə iddia etmək çətindir. Amma… İrandan Livana, buradan da Qəzza Zolağına gedən əsas marşrut Suriyadan keçir ki, rusların da Suriyada aylardır davam edən belə bir əməliyyat hazırlığından məlumatsız olması mümkün görünmür. Məlum olduğu kimi, ruslar Suriyadan keçən İran yüklərini İsrail qırıcılarının hücumlarından qorumur, amma İran yükləri barədə məlumatları da İsraillə paylaşmaqları da inandırıcı deyil. Əgər Ukrayna müharibəsi kontekstində İsrail kəşfiyyatı Rusiya əleyhinə örtülü fəaliyyət göstəribsə, onda rusların da 7 oktyabr hücumuna dəstək verməsi ağlabatandır…

Paralel olaraq Putinin izlədiyi Fələstin və İslam-yönümlü siyasət maraq doğurur. Çünki bu, 1960-70-ci illərin “soyuq müharibə” nostalgiyasıdır. Putin ABŞ-ın İsrailə müstəsna dəstəyi qarşısında İslam dünyasını öz yanına çəkməyə, Ərəblərlə Vaşinqtonun arasını vurmağa, bununla da ABŞ-ı regionda saxlayacaq Ərəb-İsrail normallaşmasını bitirməyə çalışır. İkiqütblü nizamda bu o qədər effektiv oyundur ki, hətta, 1956-cı il Süveyş böhranı zamanı ABŞ Ərəbləri Sovet İttifaqının qucağına itələməmək üçün İsraili geri çəkilməyə məcbur etmişdi. Təbii ki, Rusiya SSRİ gücündə deyil, amma rusların Yaxın Şərqdə Çinlə əməkdaşlıq etdiyini nəzərə alsaq, İsrailə görə Ərəbləri Çinin qucağına itələmək amerikanlar üçün çox böyük məğlubiyyət ola bilər. Mən inanmıram ki, amerikanlar sonadək bu oyuna getsinlər.

Təbii ki, ən əsas məqam Ukrayna ilə bağlıdır. Məsələnin hərbi tərəfini bir kənara qoyuram. 7 oktyabrdan bəri “İsrailin özünü qorumaq haqqı var” deyərək Qəzza zolağında mülki hədəflərin bombalanmasına səs çıxara bilməyən Avropa və ABŞ rəsmiləri bundan sonra hansı əsasla Rusiyanın Ukraynadakı davranışlarını qınayacaqlar? Çox təəssüf ki, Qərbin İsrail-Fələstin məsələsindəki təktərəfli mövqeyi Ukraynanın haqlı mübarizəsinə çox ağır zərbə vuracaq, çox yəqin ki, bu, Ukraynanın “haqsız qurban” olduğu barədə formalaşmış beynəlxalq konsensusu bitirəcək. Son hadisələr fonunda Rusiyanın əsas strateji qalibiyyəti məncə, budur.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Yaxın Şərq yeni bir regional müharibənin astanasındadır. ABŞ və İrandan gələn açıqlamalar “böyük toqquşmadan yayınmaq” xarakterlidir. İlk günlərdə İranı əsas hədəf göstərən İsrail rəsmiləri ABŞ-ın “hücumda İranın rolu yoxdur” mövqeyindən sonra “Həmas və Qəzza” çərçivəsinə qayıdıblar. Ərəb dövlətləri və Türkiyə də gərginliyin azaldılmasında maraqlıdır. Amma proseslər təkcə dövlətlərin iradəsi, geosiyasi maraqlar çərçivəsində baş vermir.

Hesab edirəm ki, 7 oktyabr hücumları İslam dünyasındakı digər silahlı və siyasi dindar qruplara “ilham” qaynağı olacaq. “Müsəlman Qardaşları”nın Ərəb Baharı uğursuzluğu, Suriya cihadı və İŞİD-in məğlubiyyəti, silahlı cihadçılığın simvolik liderlərindən Ayman əl-Zəvahirinin öldürülməsi islamçıların siyasi səhnədəki gücünə çox ağır zərbələr vurmuşdu. Siyasi və cihadçı islamçı qrupların yeni motivasiya qazanması Körfəz Monarxiyaları, Misir və İordaniyanın mövcud hakimiyyətlərinin başını ağrıdacaq. Bu mənada, 7 oktyabrda Cənubi İsraildə baş verənlərin 1979-cü ildəki “Kəbə basqını”na bənzər nəticələrə səbəb olacağını düşünürəm.

İsrailin Qəzza zolağında quru əməliyyat keçirməsi prosesin üzərinə “benzin tökəcək”. Qəzza zolağının yenidən işğal edilməsinin Ərəb ölkələrində səbəb olacağı etirazlar dalğası İsraillə münasibətləri normallaşdırmaq yolunu seçən Ərəb liderlərin hakimiyyətini silkələyə bilər. Xüsusilə, Qəzza zolağına sərhədi olan Misirdə islamçıların hakimiyyətə qayıtması, həmçinin milyonlarda fələstinlinin yaşadığı İordaniyada monarxiyanın devrilməsi İsrail üçün çox böyük təhlükələr vəd edir. Belə bir proses, Yaxın Şərq strategiyasını Ərəb-İsrail normallaşması üzərində quran Vaşinqton üçün əsl fiyasko olacaq. Bu da bizi çox təəccübləndirməməlidir, onsuzda ABŞ-ın son 30 ildəki Yaxın Şərq strategiyaları fiyaskolar üzərində qurulub.

Bəzi dövlətlər statuskvonu qorumaq istəsə də, artıq ox yaydan çıxıb. Yaxın Şərqdə çox böyük dəyişikliklər bizi gözləyir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

İsrailin son proseslərin əsas “qazananı” İrana qarşı hansısa cavab addımı atıb atmayacağı maraq doğurur. Reputasiyası zədələnən İsrail hökuməti daxili və xarici auditoriya nəzdində “hücumun təşkilatçısı Həmas deyil, İrandır” təsəvvürünü gücləndirir. Bu çıxışlar həm son uğursuzluğun məsuliyyətini azaltmaq, həm də İrana qarşı cavab tədbirlərinə legitimlik yaratmaq məqsədi daşıya bilər.

İran ilə bağlı İsrailin siyasi-hərbi elitası qarşısında iki seçim var: ya Bayden hökumətinin tam dəstəyini təmin edərək Tehranı cəzalandırmaq üçün dərhal hərəkətə keçməli, ya da İrana qarşı sərt mövqe ilə seçilən Trampın hakimiyyətə gəlməsi ümidilə gələn ilin sonlarınadək ABŞ prezident seçkilərini gözləməlidir. Ötən 24 saatda cərəyan edənlər ikinci varianta işarə edir.

Əgər İsrail gözləmə mövqeyini seçsə və Trampın ən yaxşı halda 2025-ci ilin yanvarında Ağ Evə çıxacağını nəzərə alsaq, İranın növbəti 14 ay ərzində nüvə silahı əldə etməyəcəyinin qarantiyası yoxdur. Aydındır ki, İran nüvə silahı əldə etsə, İsrail üçün “birbaşa müdaxilə” ehtimalı ortadan qalxacaq. Bu mənada, zamanın İsrail əleyhinə işlədiyi bir situasiyada “gözləmə” uğurlu bir çıxış yolu deyil.

İstənilən halda, Süleymani və Fəxrizadə sui-qəsdləri və İranın strateji obyektlərə dron hücumlarından sonra İsrail tərəfdə olan psixoloji üstünlük dünəndən etibarən İrana keçib. İran kimi strategiyasını din, məzhəb və ideologiya kimi mənəvi dəyərlər üzərində quran tərəf üçün psixoloji üstünlük çox böyük əhəmiyyət kəsb edir. Psixoloji üstünlük İranın Yaxın Şərqdə qurduğu və Qəzza zolağına silah transferini həyata keçirən “Müqavimət” şəbəkəsini daha da aktivləşdirəcək. Bariz görünür ki, İranın mart ayında Səudiyyə ilə normallaşmasının əsas məqsədi İsrailə qarşı əl yüksəltmək imiş.

Dünənki proseslər İsrail-İran arasındakı “soyuq müharibə”nin yeni, daha üst fazası idi. Yeni fazada tərəflər arasında birbaşa toqquşma ehtimalı olduqca yüksəkdir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Dünəndən etibarən Suriya cəbhəsində çox ciddi aktivlik müşahidə olunur.

PKK tərəfindən Ankarada törədilmiş terror aktına cavab olaraq Türkiyə qüvvələri Suriyanın şimalında məskunlanmış ABŞ himayəsindəki YPG-yə qarşı hava əməliyyatları həyata keçirib. Əməliyyatlarda xüsusilə, YPG-nın əsas maliyyə mənbəyi olan neft yataqları hədəfə alınıb. Əməliyyat zamanı Türkiyəyə məxsus bir dronun Amerikan F-16 qırıcısı tərəfindən vurulması iki NATO müttəfiqi arasında vəziyyəti gərginləşdirib. Pentaqon vurulan türk dronunun amerikan hərbi bazasına 500 metr qədər yaxınlaşdığını, amerikan hərbçiləri üçün təhlükə yaratdığını iddia edib.

Eyni gündə Suriyanın Hüms vilayətində yerləşən Hərbi Akademiyanın məzuniyyət gününə edilmiş dron hücumları nəticəsində azı 100 nəfər həlak olub, 300-dən çoxu yaralanıb. Hücumda HTŞ-ni günahlandıran Suriya hökuməti qüvvələri cavab olaraq İdlib və Hələb istiqamətinə aviazərbələr endirib.

Türkiyənin YPG bölgəsinə, Əsəd qüvvələrinin isə İdlib bölgəsinə quru əməliyyat keçirmək niyyətində olduğu məlumdur. Ərdoğan hökumətinin ABŞ-da seçki marafonun başlamasını fürsət kimi gördüyünü, Trampın mümkün gəlişinədək əlini meydanda gücləndirmək istəyəcəyini düşünürəm. Mövcud gedişat Əsədin daha erkən hərəkətə keçməsi ehtimalını artırır. Əsədin dəstəkçiləri Rusiya Ukraynada irimiqyaslı müharibə aparır, İran da Rusiyaya silah dəstəyi göstərir. Yəni, vaxt Əsədin əleyhinə işləyir, əgər İdlibdəki sünni qrupların üzərinə getməkdə geciksə, İdlibdəkilər Əsədin üzərinə daha da güclü gəlməyə başlayacaq.

Suriya cəbhəsinin yenidən qızışması Azərbaycanı da yaxından maraqlandırır, çünki bu cəbhədəki bütün baş oyunçular - Rusiya, ABŞ, İran, Türkiyə və İsrail bizim regionumuzda da əsas oyunçulardır. Aktivliyin artması həm üstünlüklər, həm də təhlükələr vəd edir. Üstünlük budur ki, böyük oyunçuların əsas diqqətinin Suriyaya yönəlməsi regionumuzdakı təzyiqi azalda, yerli oyunçulara əlavə manevr imkanları yarada bilər. Təhlükə də budur ki, Suriya cəbhəsində bizim üçün çox önəmli olan Türkiyə-Rusiya, Türkiyə-ABŞ, Türkiyə-İran münasibətlərinin dinamikasını dəyişə biləcək proseslər baş verə bilər ki, bu da regionumuza təsirsiz ötüşməyəcək.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Paşinyanın Avropa liderlərlə birgə imzaladığı bəyanat məqbuldur. Ancaq bu, sadəcə bəyanat idi, hələ ki, son demək deyil. Erməni baş nazir ilk növbədə ölkəsinin qanunvericiliyindəki işğalçı, irridentist, başqa ölkələrin ərazilərinə iddia edən motivləri dəyişdirməlidir.

Anklavlar məsələsi yəqin ki, sərhədlərin müəyyənləşdirilməsi prosesində həll ediləcək, böyük ehtimal ki, ərazi dəyişikliyi ilə yekunlaşacaq.

Ölkələrin suverenliyi çərçivəsində bütün regional yolların açılmasını da məqbul saymaq olar. Təbii ki, belə bir ssenaridə Zəngəzura təhlükəsizlik qüvvələrini yeridə bilməyən Rusiya itirən tərəf olacaq.

Mənə görə, bəyanatda Qarabağ ermənilərinin qeyd-şərtsiz, beynəlxalq müşahidəçilərin nəzarətində öz evlərinə qayıtması tələbi Zəngəzurdan qaçqın düşmüş azərbaycanlılara haqsızlıqdır. Qarabağ ermənilərinin qaçqınlıq məsələsi Zəngəzur azərbaycanlılarının qaçqınlığı məsələsi ilə paralel aparılmalıdır (Bakı erməniləri məsələsi də İrəvan azərbaycanlıları məsələsi ilə qarşılıq təşkil edir). Artıq regionumuzda ermənilərin xüsusi imtiyazlı bir millət kimi dəyərləndirilməsi, millətimizin başına gələnlərə ikincidərəcəli məsələ kimi baxılması sonlanmalı, hər şey qarşılılıq prinsipi əsasında həll edilməlidir. Qarabağ ermənilərinin “dövlətcik” macəraları yüzminlərlə insanın həyatını alt-üst edib. Ona görə də, təkcə Qarabağ ermənilərinin hüquqlarının bərpasından danışılması çox böyük tarixi ədalətsizlikdir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Azərbaycan tərəfinin Qranada görüşündən imtina etməsi son hərbi əməliyyatlar kontekstində oxunmalıdır. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib və Qarabağ münaqişəsi həll edilib. Azərbaycan sülh müqaviləsi imzalamadan da yoluna davam edə bilər.

Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan xarici siyasətində üslub dəyişikliyi barədə çox yazılıb pozulurdu. Qarabağ “qarmağı” bəzi dövlətlərin bir çox əməllərinə, açıqlamalarına və təhdidlərinə göz yummağa vadar edirdi. Yeni reallıqlardan sonra “bizə qarşı belə dediklərinə baxmayın, əsas odur ki, qazımızı alırlar” yanaşması yəqin ki, dəyişəcək. Düşünürəm ki, yeni dövrdə xarici siyasətdə balanslaşdırılmış kurs yerinə Türkiyə ilə ortaqlaşmış, daha proaktiv və qarşılılıq prinsipinə əsaslanan açıq mövqelər sərgilənəcək. Təbii ki, 3 böyük dövlət - ABŞ, Çin və Rusiya ilə münasibətlər istisnadır, burada ölçülülük qorunacaq.

Qranada görüşündən imtina yeni xarici siyasət kursunun ilk səhifəsi idi. Azərbaycan xarici siyasətində başda Şimali Kipr məsələsi olmaqla, bir sıra məsələlərdə fundamental mövqe dəyişiklikləri gözlənilir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

29 sentyabrda Almaniya kansleri Olaf Şoltz Berlində Mərkəzi Asiya liderləri ilə Almaniya-Mərkəzi Asiya formatının ilk görüşünü keçirib. Bildiyimiz kimi, Mərkəzi Asiya ölkələrinin liderləri 14 sentyabrda Azərbaycanla, 19 sentyabrda isə ABŞ-la 5+1 formatında görüşlər keçirmişdi.

29 sentyabr görüşünün yekun bəyanatında Almaniya kansleri 14 sentyabrda keçirilmiş görüşün nəticələrini məmnunluqla qarşıladıqlarını vurğulayıb. Hansı ki, bu görüşə Azərbaycan prezidenti “fəxri qonaq” kimi dəvət edilmişdi. Aydındır ki, bununla da Mərkəzi Asiya liderləri Qərblə əlaqələrini Xəzər dənizi-Azərbaycan üzərindən qurulacağı mesajı vermişdi. Belə görünür ki, Xəzər dənizi geosiyasi önəm baxımından “Fars Körfəzi”ni əvəzləməyə başlayır.

Almaniya da böyük güclərin Mərkəzi Asiyaya önəm verməyə başladığı geosiyasi trenddən geri qalmaq istəmir. Bəllidir ki, almanların əsas marağı Mərkəzi Asiyanın enerji resursları, xüsusən Türkmən qazınadır. Ancaq yekun bəyanatdan görünür ki, Berlin, Mərkəzi Asiyada Avropa İttifaqının da maraqlarının bayraqdarı kimi də çıxış etməyə çalışacaq. Əvvəllər Almaniya bu tipli diplomatik məsələlərdə Fransanı “qabağa verərək” özünü arxaplanda saxlamağa üstünlük verirdi. Görünür Makron öndərliyindəki fransız diplomatiyasının ardıcıl uğursuzluqları və Berlin-Paris arasındakı müşahidə olunan soyuqluq Almaniyanı özünün ön planda olacağı yeni bir xarici siyasət kursu izləməyə məcbur edib. Bu mənada, Mərkəzi Asiya ilə əlaqələr Alman diplomatiyası üçün bəlkə də ilk ciddi sınaq olacaq.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Qarabağla bağlı açıq qalan başlıca sual bölgədəki 2000 rus sülhməramlı hərbçisinin taleyidir. Hər halda son dəyişikliklərdən sonra rus qoşunlarının sülhməramlı kimi fəaliyyətini davam etdirməsi mümkün deyil. Ermənistan oyundan çıxdığına görə məsələ ilə bağlı Azərbaycan-Rusiya arasında ikitərəfli danışıqlardan sonra qərar veriləcək. Üfüqdə 3 ehtimal görünür:

1) Qoşunlar Qarabağda uzummüddətli əsasda yaradılacaq rus hərbi bazasına yerləşdirilir.

2) Qoşunlar Ağdam yolundan daşınaraq Xaçmaz istiqaməti ilə Rusiyaya geri qaytarılır.

3) Qoşunlar Laçın yolundan daşınaraq Ermənistana aparılır.

3-cü ehtimalı daha real sayıram. Paşinyan-Moskva gərginliyini nəzərə aldıqda, belə bir məqamda rusların Ermənistandakı qoşun sayını artırması daha inandırıcıdır. Bildiyimiz kimi, 10 noyabr bəyanatının 9-cü bəndində Rusiya təhlükəsizlik qüvvələrinin Zəngəzur bölgəsinə yeridilməsi nəzərdə tutulur. Düzdür ki, 9-cu bənddə FSB qüvvələri qeyd edilir, Qarabağdakı qoşunlar isə Rusiya Müdafiə Nazirliyinin briqadalarıdır. Amma mövcud reallıqlar fonunda rusların Ermənistana yeni qoşunlar göndərə bilməsi inandırıcı deyil. Bu mənada texniki problemlər həll edilə bilər. Digər tərəfdən Zəngəzura yeridiləcək qoşunlar İran ərazisindən Ermənistana daşınmalıdır ki, Tehranın da bu məsələyə şiddətli qarşı olduğu məlumdur.

Sözsüz ki, Cənubi Qafqazdakı proseslərin əsas çizgilərini Ukrayna müharibəsinin gedişatı müəyyən edəcək. Amma Ermənistan-NATO yaxınlaşması fonunda Moskvanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu gücləndirməsi daha ağlabatandır. İran və Türkiyənin maraqlarının “toqquşduğu” Zəngəzur regionu Ermənistanın ən strateji bölgəsidir. Eyni zamanda, İran və Fransa kimi üçüncü ölkələr Zəngəzurda hərbi mövcudluq yerləşdirməkdə maraqlı olduqlarını göstərirlər. Bu məqamlar Qarabağdakı rus qoşunlarının Zəngəzura sürüşdülməsi ehtimalını daha real edir.

@serqebaxis

Читать полностью…
Subscribe to a channel