serqebaxis | Unsorted

Telegram-канал serqebaxis - Şərqə Baxış

-

Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat Admin (twitter) - https://mobile.twitter.com/Ahmadkhanli

Subscribe to a channel

Şərqə Baxış

Hazırda beynəlxalq sistemdə müşahidə edilən ən maraqlı dəyişiklik regionların önəminin artması, başlıca siyasi subyektə çevrilməsidir. Əvvəllər qlobal miqyasda təmin edilməyə çalışılan məsələlər, indi regional müstəvidə müzakirə edilir. Məsələn, qlobal təhlükəsizlik yerini regional təhlükəsizliyə, qlobal inteqrasiya isə yerini regional inteqrasiyaya verib. Bu trendin səbəbləri maraqlıdır. Yəqin ki, əsas səbəb qlobal miqyasın xaotikləşməsi, artıq bu müstəviyə nəzarət edilə bilməyəcəyi inancını yaradıb, bu səbəbdən dövlətlər təhlükə qarşısında içə qapanaraq miqyas kiçildirlər. Eyni zamanda, kiçik dövlətlər daha böyük oyunlara qoşula bilmək üçün regional miqyasda birləşib, daha böyük subyektə çevrilmək istəyirlər.

Təbii ki, regionların önəminin artması bu miqyasdakı mübarizələrin də şiddətini artıracaq. Regiondaxili çəkişmələr səngiyə, əvəzində yeni dövrün əsas qarşıdurmaları region ölkələri və regiondan kənar qüvvələr arasında yaşana bilər.

Düşünürəm ki, yaxın gələcəkdə eyni bir regionun çətiri altında birləşə bilən dövlətlər daha uduşlu vəziyyətdə olacaq. Məsələn, Mərkəzi Asiya ölkələri bu məsələdə yaxşı örnəkdir. Aralarında bir çox problem olsa da, Mərkəzi Asiya ölkələri demək olar ki, bütün diplomatik formatlara - ABŞ, Çin, Almaniya, Yaponiya, Hindistan, Cənubi Koreya ilə görüşlərə 5 ölkə birlikdə regionu təmsil etməklə qatılırlar. Şərqi Avropa, Baltikyanı, Balkan, Afrika Buynuzu, Şərqi Aralıq, Körfəz, Şimali Qafqaz və Şərqi Asiya yaxın gələcəkdə önəmi xeyli arta biləcək regionlar kimi qeyd oluna bilər.

Bəs Cənubi Qafqaz? Nəyahət ki, regionun üç ölkəsi vahid bir siyasi subyekt kimi çıxış etmək fürsəti əldə edib. Amma onu deyim ki, hər üç dövlət gələcəyini, bəlkə də qurtuluşunu fərqli müstəvidə görür, ayrı bir ssenariyə hazırlaşır. Hər üç ölkə özünü Cənubi Qafqazdan daha çox, başqa bir regionun təbii parçası kimi görür. Siyasi müstəvidəki qafqazlı kimliyi mədəni müstəvidəki kimi güclü deyil. Bu səbəbdən, yaxın gələcəkdə Cənubi Qafqazın ortaq siyasi subyekt ola bilməsi elə də əlçatan görünmür.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

70-ci gününü tamamlayan Qəzza müharibəsi ilə bağlı bəzi təəssüratlarım:

- Fələstin məsələsinin müsəlman dünyası üçün qırmızı xətt olduğu barədə iddialar əslində doğru deyilmiş. 70 gün ərzində fələstinlilər uşaq, qadın və qoca fərqi olmadan bombalandılar, ancaq demək olar ki, müsəlman dünyası reaksiyasız qaldı. Ərəb ölkələrində insanlar böyük nümayişlər keçirərək hökumətlərinə konkret addımlar atılması üçün təzyiq göstərmədilər. Türkiyə və İrandakı dini-mühafizəkar kəsimlər dövlətlərinin çəkdiyi çərçivədən kənara çıxmadılar, demonstrativ reaksiyalar əsasən dövlətin maraqlarına uyğun formalaşdı. Mən əvvəllər düşünürdüm ki, müsəlman dövlətlərdə hökumətlər Fələstinə qarşı laqeyd olsa da, ictimaiyyət nəzdində Fələstin məsələsi qanayan yaradır. Ancaq tam əksinə imiş. Deyərdim ki, son böhranda hökumətlər ictimaiyyətlərdən daha həssas davranır. Hətta, müsəlman cəmiyyətlərlə müqayisədə Qərbdəki müəyyən ideoloji qruplar Fələstin məsələsində daha çox səs çıxarıb, daha real addımlar atırlar. Sabah Fələstin süqut etsə, İslam dünyasının bunu qəbullanması çox çəkməyəcək. Bəlkə də artıq qəbullanılıb…

- İsrail Ordusunun möhtəşəmliyi barədə yaradılmış təəssüratlar yanlış imiş. İsrail Ordusu yüksək texnoloji imkanlarla təchiz edilmiş, ilk zərbələri ölümcül, lakin uzun müddətli müharibələr üçün dayanıqlığı və peşəkarlığı aşağı olan bir hərbi quruluşdur. 7 oktyabr hücumu İsrail kəşfiyyatının, Qəzza əməliyyatı isə İsrail Ordusunun prestijinə ağır zərbə vurdu.

- İsrail və Fələstin adlı dövlətin yan-yana mövcud olması mümkün deyil. Bundan sonra ikidövlətli həll yolundan danışmağın real qarşılığı yoxdur. Ya ikisindən biri süqut etməlidir, ya da ikisi birləşib fərqli adda ortaq bir dövlət yaratmalıdır. Yəhudilər üçün İsrail adlı milli dövlətin mövcudluğunu qoruması qırmızı xətdir, bu səbəbdən ikidövlətin birləşməsı ehtimalı çox cüzidir. İndiki situasiyada Fələstin dövlətinin süqut etməsi, fələstinlilərin də eksterminasiyası daha böyük ehtimal kimi görünür. İnsanlıq tarixi süqut etmiş ölkələr, yoxa çıxmış xalqların məzarlığı üzərində qurulub…

Davam edəcək…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Rusiya Prezidenti Putin dünən ilin yekunları ilə bağlı sual-cavab formatında çıxış edərkən Qarabağdan imtina edənin Rusiya yox, Ermənistan olduğunu xatırladıb və Moskvanın bu addımla bağlı əvvəlcədən məlumatlandırılmadığını bildirib. Görünür ki, Putin Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını hələ də qəbullana bilmir. Hər dəfə Qarabağ mövzusu açılanda Putin bu məsələyə toxunaraq Paşinyanı Qarabağdan imtina etməkdə günahlandırır. Aydındır ki, Paşinyanın həmin həmləsindən sonra Rusiya Cənubi Qafqazdakı ən böyük rıçağını itirdi, beləliklə də Moskvanın həm Azərbaycan, həm də Ermənistan üzərindəki real təsiri gücü azaldı.

Məsələnin ən ironik tərəfi budur ki, 2020-ci ilin 9 noyabrında məhz Rusiyanın müdaxiləsindən sonra Qarabağdakı Ermənistan ordusu tam darmadağından xilas olmuş, bu da Paşinyanın məğlub olmasına baxmayaraq hakimiyyətini qoruya bilməsinə imkan vermişdi. Cəmi 2 il sonra Ermənistan baş naziri Qarabağdan imtina edərək Rusiyanın bölgədəki sülhməramlı missiyasının legitimliyini ortadan qaldırdı, mənasızlaşdırdı. Belə çıxır ki, Paşinyan əvvəlcə müharibədə Rusiyadan istifadə edərək öz hakimiyyətini qorudu, 2021-ci ildəki növbədənkənar seçkidə qalib gələrək yerini möhkəmləndirdikdən sonra Qərbin dəstəyi ilə Rusiyanı regiondan sıxışdıracaq gediş elədi, yəni, Qarabağdan imtina edərək Rusiyanın baş aktor olduğu münaqişəni siyasi müstəvidə sonlandırdı. Qarabağda hazırkı mənzərə Rusiyanın 2020-ci ildəki müdaxiləsinin nə qədər uğursuz bir gediş olduğunun sübutudur. Moskva Əli aşından da olub, Vəli aşından da. Yəqin ki, siyasi karyerası boyunca Putinlə belə hiyləgərcə oynayan olmamışdı. Paşinyan üçün sonluq necə olacaq, hamımıza çox maraqlıdır.

İstənilən halda, Putin-Paşinyan çəkişməsinin qazananı Azərbaycandır. Paşinyan anti-Rusiya siyasəti ilə hakimiyyətdə qaldıqca Rusiya Azərbaycana qarşı ölçülü davranacaq. Şübhəsiz ki, bu konfiqurasiya davam etdikcə proseslər Azərbaycanın xeyrinə inkişaf edəcək, ona görə də bizim perspektivdən Paşinyan-Putin çəkişməsini dərinləşdirəcək və şiddətləndirəcək siyasi xəttin davam etdirilməsi faydalıdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Qəzza zolağında təcili humanitar atəşkəs əldə olunması tələbi ilə 15 ölkədən ibarət BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılan qətnamə layihəsi 13 ölkə tərəfindən dəstəklənsə də, ABŞ tərəfindən veto edilib, Britaniya isə bitərəf qalıb.

ABŞ-ın humanitar atəşkəsi tələbini veto etməsi beynəlxalq ictimaiyyətdə ciddi mənfi reaksiyalar yaradıb. ABŞ-a qarşı ölçülü dil istifadə edən Ərəb rəsmilərindən bu dəfə tənqidi açıqlamalar verilib.

Əlbəttə ki, humanitar atəşkəsdən imtina etməyin heç bir bəhanəsi ola bilməz. Qərarı veto edən ABŞ nümayəndəsi bildirib ki, qətnamənin mətni qərəzlidir, əgər humanitar atəşkəs olsa, HƏMAS bundan istifadə edib güclənə bilər, bu da müharibəni daha da uzadacaq. Şübhəsiz ki, bu absurd açıqlama da vetonun münasib izahı olmadığı üçün verilib. Cəmi 2 həftə öncə elə ABŞ-ın öz vasitəçiliyi ilə Qəzzada 5 günlük humanitar atəşkəs əldə olunmuşdu.

ABŞ-ın bu vetosu “nüfuz dairəsi” çərçivəsində dəyərləndirilməlidir. Vaşinqton İsrail-Fələstin münaqişəsini öz himayəsində saxlayır, münaqişə ilə bağlı hətta humanitar məqamları belə beynəlxalq müstəviyə çıxarmaq istəmir. Qəzza zolağında atəşkəsi də, müharibənin davam edib etməyəcəyini də ancaq ABŞ müəyyən edə bilər.

Daha əvvəl də qeyd etdiyimiz kimi, ABŞ bu müharibədən istifadə edib Yaxın Şərqi öz maraqlarına uyğun dizayn etmək istəyir. Söhbət İsrail və Ərəbləri bir araya yığaraq Yaxın Şərq NATO-sunun yaradılmasından gedir. ABŞ bu prosesi 3-4 ildir ki, başlatsa da, hələ də nəticə əldə edə bilmir. Nə İsrail, nə də Ərəblər hər hansı təhlükəsizlik təşkilatı adı altında ABŞ-ın himayəsinə keçmək istəmir. Çünki bu, onların müstəqil hərəkət imkanları məhdudlaşdıracaq. Məncə, Vaşinqtondakılar anlayır ki, indiki müharibə İsrail və Ərəb dövlətlərini “yola gətirmək” üçün son şansdır. Birqütblü dünyanın dəyişməsi və Çinin regiona marağının artması fonunda, tezliklə Yaxın Şərq ölkələrinin Vaşinqtona qarşı daha geniş manevr imkanları yaranacaq.

Aviadaşıyıcı gəmilərini Yaxın Şərq sahillərinə göndərərək regiondakı hərbi dominantlığını bir daha göstərən ABŞ, diplomatik müstəvidə də bütün dünyaya qarşı gələrək Qəzzadakı müharibənin dinamikalarının ancaq amerikan maraqlarına uyğun dəyişə biləcəyini göstərir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Putin Körfəzə səfəri çərçivəsində Ərəb monarxlar tərəfindən təntənəli və səmimi qarşılanıb. Ərəblərlə görüşdən sonra da Putin Moskvada İran prezidenti Rəisi ilə 5 saatlıq görüş keçirib.

ABŞ-ın Yaxın Şərqdəki yumşaq gücünü itirməsi bir reallıqdır. Artıq Vaşinqtonun Ərəblər üzərində sadəcə hərbi, siyasi və iqtisadi təhdidləri qalıb. Bir mənada ABŞ-ın Yaxın Şərqdə zorba gücə çevrildiyini demək olar. Hazırda ABŞ, İsrail-Fələstin münaqişəsini bəhanə edərək regionu yenidən dizayn etmək istəsə də, görünür ki, Körfəzin zəngin Ərəbləri bu oyunun parçası olmaq istəmir.

Əlbəttə ki, dünyada güc balansı dəyişdikcə Yaxın Şərqdəki dinamikalar da dəyişir. Amma ABŞ-ın regiondakı nüfuzunu itirməsi təkcə geosiyasətlə əlaqəli deyil. Vaşinqtonun Yaxın Şərq siyasətinin İsrail-mərkəzli olması, ABŞ-ın regionda xaosun daimi davam etməsinə maraq göstərməsi və ən əsası, Yaxın Şərq barədə qərarların regionu tanımayan və buradakı dinamikaları başa düşməyən siyasətçilər tərəfindən verilməsi ABŞ-ın ardıcıl səhvlər etməsinə və regiondakı yumşaq gücünü itirməsinə gətirib çıxarıb.

Bir vaxtlar ABŞ-ı əvəzolunmaz təhlükəsizlik protektoru hesab edən Ərəb elitalar, indi Vaşinqtonu hər fürsətdə daha çox balanslaşdırılmalı olan təhdid kimi qəbul edirlər. Çin və Rusiyanın Körfəzdəki dayaqlarını sürətlə möhkəmləndirə bilməsinin səbəbi də budur.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Azərbaycan və Ermənistan hökumətlərinin az öncə yayımlanan birgə bəyanatı tarixi hadisədir. Sevindirici haldır ki, ilk birgə bəyanatda vasitəçi tərəf yer almayıb. Bu, tərəflərin bir-birinə etimadının yarandığının göstəricisidir. Birgə bəyanatın məzmunu onu göstərir ki, tərəflər regionda yeni bir “macəra” axtarışında deyil və zorakı bir sülhə gedilmir.

Sülhün ilk toxumu atıldı, sözsüz ki, sülh sazişi də yaxın vaxtlarda imzalana bilər. Çox böyük ağrı-acı bahasına əldə olunmuş bir “gələcək” region üçün ümidlər vəd edir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ-ın Ukrayna münaqişəsində elan etdiyi hədəflərinə çata bilməməsinin ölkənin qlobal prestijinə və Baydenin seçkilərinə təsirləri barədə suallar var.

Əlbəttə ki, prestij böyük dövlətlər üçün çox önəmli məsələdir, başladığın işdə uğur qazanmaq, müttəfiq elan etdiyin ölkənin məğlubiyyətinə imkan verməmək, düşmənlərinə gözdağı vermək dövlətlərin prestijini gücləndirir. Məlumdur ki, prestij itkisi müttəfiqləri şübhəyə salır, düşmənləri isə cəsarətləndirir. Məsələn, ABŞ-ın rüsvayçı şəkildə Əfqanıstandan çəkilməsinin Putini Ukrayna işğalına cəsarətləndirdiyi barədə müzakirə açmışdıq. Eyni şəkildə, ABŞ-ın Ukraynada mümkün məğlubiyyəti Çinin Tayvan məsələsində hərəkətə keçməsinə gətirib çıxara bilər. Bu baxımdan, ABŞ-ın öz prestijini qorumaq naminə Ukraynadan uyğun çıxış yolu tapmalı olduğu şərhlərinə qatılıram.

Ancaq unudulmamalıdır ki, “prestij” təsəvvür və ya qavrama fəaliyyətinin nəticəsində ortaya çıxır, ona görə də prestijin itirilməsi də, qazanılması da çox asandır, qısa müddətə ehtiyac var. Məsələn, Türkiyə Suriyada itirdiyi prestiji Liviya və Qarabağ cəbhələrində xeyli gücləndirdi. Digər bir örnək: Putin yayda Vaqner üsyanı ilə itirdiyi prestiji Ukrayna əks-hücumuna qarşı uğurlu müdafiə ilə bərpa edə bilib. Bu mənada, mən, ABŞ-ın Ukraynada itirəcəyi prestijin uzunmüddət davam edəcək bir problem kimi görmürəm, inanmıram ki, ABŞ elitası da bunu fundamental problem kimi görsün. Başqa bir hərbi uğurla Ukraynanın unutdurulması mümkündür.

Baydenin seçkilərinə gəlsək… Ukrayna müharibəsinin nəticəsinin Amerikan seçkilərində həlledici faktor olacağı inandırıcı deyil. Əksinə, ABŞ seçkilərinin Ukrayna münaqişəsinin taleyində həlledici rol oynacağı şübhəsizdir. Ekspertlər tərəfindən ABŞ seçkilərində ən önəmli faktor kimi iqtisadi məsələlər göstərilir.

Yeri gəlmişkən, yüksək yanacaq qiymətləri Bayden cəbhəsinin əsas problemi kimi görünür. Təsadüfi deyil ki, 7 oktyabrdan bəri Qəzzada gedən müharibə fonunda İran dəstəkli qüvvələr tərəfindən ABŞ-ın Yaxın Şərqdəki bazalarına və hərbi mövcudluqlarına 70-dən çox hücum edilsə də, amerikanlar bu hücumlara adekvat cavab verməyərək təmkinli davranırlar. Aydındır ki, Bayden hökuməti İranla geniş müharibənin və Yaxın Şərqdə xaosun neftin qiymətini kəskin yüksəldəcəyindən ehtiyatlanır. Dünyanın ən zəngin neft ehtiyatlarına malik Venezuella ətrafında gedən prosesləri, ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları yumşaltmasını bu çərçivədə oxumaq olar. Çox yəqin ki, Bayden seçkilərə yaxın Tehranla razılıq əkdə edərək İran neftini də bazara çıxarıb qiymətləri aşağı salmağı planlaşdırmışdı. Lakin HƏMAS-ın 7 oktyabr hücumu bu planı pozdu…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş bir həftəlik atəşkəsdən sonra Qəzza zolağında 3 gündür müharibə davam edir.

Ərəblərin müharibənin dayanması məqsədilə Çinə səfərindən dərhal sonra Vaşinqtonun təzyiqi artıraraq İsrail və Qəzzadakı qrupları atəşkəs məcbur etməsi diqqətçəkici idi. ABŞ-ın mesajı açıqdır: “Yaxın Şərqdəki iplər hələ də mənim əlimdədir. Müharibəni ancaq mən dayandıra bilərəm. Mənim şərtlərimi (yəqin ki, Yaxın Şərq NATO-su) qəbul etsəniz, müharibəsiz yaşaya bilərsəniz…”

Vaşinqtonun İsrailə müstəsna dəstəyini əksər hallarda ABŞ-dakı güclü yəhudi lobbisi ilə əlaqələndirirlər. Təbii ki, bu iddiada doğruluq var, ancaq bütün mənzərəni lobbi qruplarının adına yazmaq doğru deyil. ABŞ-ın İsraildə strateji maraqları olmasa, illik 3 milyard dollarlıq hərbi yardımı, ən son texnoloji silahlarını İsrailə verməz, təhlükə anında İsrailin müdafiəsi üçün avidaşıyıcı gəmilərini göndərməzdi. Dövlətləri bu tipli addımlar atmağa lobbi qrupları yox, ancaq milli maraqlar hərəkətə gətirə bilər.

Deyə bilərik ki, ABŞ İsrail vasitəsilə Yaxın Şərqin dinamikalarını öz əlində saxlayır. ABŞ prezidenti Co Baydenin hələ senator olduğu dövrdə məşhur bir çıxışında dediyi kimi: “Hətta, İsrail olmasaydı belə, ABŞ regiondakı maraqlarını qorumaq üçün bir İsrail yaratmalı idi”. Əslində, İsrailin mövcudluğuna klassik “parçala və idarə et” taktikası prizmasından baxmaq olar. Aydındır ki, İsrailin varlığı Yaxın Şərqdə idarə oluna bilən ziddiyyətlər yaradır.

İddiam budur ki, ABŞ-ın müstəsna dəstəyi olmasaydı, İsrail artıq Ərəblərlə regional güc balansına uyğun razılaşmaya gedəcəkdi. Lakin ABŞ-ın İsrailə hərbi texnoloji üstünlük yaratması regionda yeni reallıq yaradır və İsrail elitası güc balansının öz xeyrinə olduğunu düşünüb daha da irəli getmək istəyir. Ancaq ABŞ bütün hallarda İsrailin işini tam görməsinə, yekun hədəfə çatmasına imkan vermir və proses yarımçıq qalır. Beləliklə də, Vaşinqton Yaxın Şərqdə şiddətin davam edəcəyi güc balansını qoruyur.

Ehtimal ki, ABŞ bu şiddət dövriyyəsini regiondakı bütün tərəfləri öz çətiri altına toplayanadək davam etdirəcək…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Ukraynadakı hadisələrin gedişatı onu göstərir ki, Rusiya məsələsi barədə hələ uzun müddət danışmalı olacağıq.

Bir zamanlar bir çox müstəvidə dünyanın mərkəzi sayılan Moskva çürümüş siyasi və iqtisadi sistemini islah edə bilmədiyi üçün cazibə qüvvəsini itirib. Hətta, ən yaxın müttəfiqləri belə, uzaqlaşmaq üçün Rusiyanın büdrəməsini gözləyir. Cazibə qüvvəsinin itirilməsi, sərt gücün istifadəsini zəruri edir ki, bu da “zorba imperiyası” deməkdir. Cazibənin itməsi, zorbalığın yeganə seçim kimi qalması bir böyük dövlətin süqut çağına girdiyinin göstəricisidir.

Çox ağır yaralansa da, Ukrayna münaqişəsinin Rusiyanı dağıtmayacağı az çox bəllidir. Amma sərt güc və zorbalıq süqutun önünə keçə bilməz, ən yaxşı halda bir müddət gecikdirə bilər. Hərbi gücü zəifləməmiş, Rusiyanın siyasi və iqtisadi sahədə reforma getməsi, yeni ideologiya formalaşdırması və yenidən ətraf ölkələr nəzdində cazibə mərkəzinə çevrilməsi zəruridir. Yoxsa, Rus Ordusu tərəfindən indi təxirə salınan sonluğun tezliklə gerçəkləşməsi qaçılmaz olacaq. 10 il əvvələ qədər Moskvadan “idarə olunan” Ukraynanı bu gün qan düşməninə çevirən bu çürümüş siyasi və iqtisadi sistemin yaxın gələcəkdə Rusiya daxilində də toqquşmalara gətirib çıxarması istisna deyil.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Beynəlxalq nizamdakı və regiondakı son dalğalanmalar Qafqazda statuskvo və rəsmi sərhəd dəyişikliyi yaradacaqmı?

Ötən bir əsrdə Qafqazda xüsusilə, Cənubi Qafqazda 3 dəfə rəsmi sərhəd dəyişikliyi baş verib. Son sərhəd dəyişikliyi 1991-ci ildə yaşansa da, Cənubi Qafqaz dünyanın azsaylı bölgələrindəndir ki, burada Birinci Dünya Müharibəsindən sonra əldə olunmuş statuskvo hökm sürür. Rusiya və Türkiyə arasında razılaşdırılmış bu statuskvo və region sərhədləri dövrün güc reallıqlarına uyğun olaraq birincinin xeyrinə tərtib olundu. Beləliklə də, 19-cu əsrin birinci yarısında İranı Qafqazdan çıxaran Rusiya, 20-ci əsrin birinci yarısında da Türkiyəni regionda çıxartmışdı. Cənubi Qafqazda bir əsr əvvəl formalaşmış mövcud sərhədlər və statuskvo Türkiyəni Xəzər sahillərinə, İranı isə Qara dənizə birbaşa çıxışdan məhrum edir.

Son 20 ildə Cənubi Qafqazda xeyli faktor dəyişib. İlk olaraq Türkiyə və İran öz hərbi imkanlarını artırıb və Rusiya ilə bu müstəvidə olan fərqi kəskin azaldıblar. Digər tərəfdən, Avropada “böyük oyun”a girişən Rusiya “qonşuları” Türkiyə və İranla münasibətləri yumşaltmaq yoluna gedib. Ən önəmlisi isə regiona ənənəvi 3 böyük gücdən əlavə yeni aktor daxil olub: Qərb. Əvvəlcə iqtisadi müstəvidə regiona sızan Qərb, Gürcüstan və Ermənistanda siyasi hakimiyyəti və siyasi sistemi dəyişməyi bacardı. İndi isə Qərb Ermənistan və Gürcüstan vasitəsilə regionun təhlükəsizlik arxitekturasına yerləşməyə çalışır və qismən uğur qazana bilir.

Dördüncü qüvvənin regiona girməsi Cənubi Qafqazda 3 qüvvə əsasında qurulmuş ənənəvi düsturu effektsizləşdirir. Əminliklə demək olar ki, Cənubi Qafqazda tam olaraq Rusiyanın xeyrinə olan güc balansı artıq dəyişib. Güc balansındakı dəyişiklik statuskvo dəyişikliyini zəruri edir ki, son illər region daxili dinamikaların dəyişməsinə şahidlik edirik. Son 15 ildə regionda 2 böyük müharibə (5 günlük və 44 günlük) yaşanıb. 20 il öncə regionun ən zəif bəndi Azərbaycan idisə, indi Ermənistandır. Əvvəllər Rusiyanın Cənubi Qafqazda əsas məqsədi qonşuları Türkiyə və İranı regiondan kənarda saxlamaq idisə, indi Moskvanın başlıca hədəfi Qərbin bölgədə güclənməsinə imkan verməməkdir.

Böyük güclərin toqquşma bölgəsində yerləşən bir regionda uzunmüddətli sülh və stabilliyin mümkünlüyü üçün statuskvo güc balansına, rəsmi sərhədlər isə statuskvoya uyğun olmalıdır. Yeni statuskvo oturuşanadək regionumuzda uzunmüddətli stabillikdən danışmaq doğru olmaz. Adətən toqquşma zonasındakı statuskvolar müharibə nəticəsində dəyişir. Bu səbəbdən, Azərbaycan-Ermənistan arasında sülh imzalanması belə, növbəti 10-15 illik periodda yeni bir regional müharibə ehtimalını ortadan qaldırmayacaq. Nəticəsi nə olursa olsun, yeni bir regional müharibənin Cənubi Qafqazı sərhəd dəyişikliyinə gətirib çıxarmaq ehtimalı çox yüksəkdir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Azərbaycan-Qərb münasibətlərində soyuq küləklər əsir. Belə şərhlər var ki, bu gərginləşmə Azərbaycanın Rusiya təsir dairəsinə yaxınlaşdığını, hətta, özünə blok seçdiyini göstərir. Yaxınlaşma olsa da, məncə, blok seçilməsi barədə iddialar həm qüsurludur, həm də tələsik gəlinən qənaətdir. Ona görə ki, Ukrayna müharibəsi bitməmiş post-sovet məkanının yenidən dizayn edilməsindən danışmaq doğru deyil. Ukraynadakı vəziyyətini stabilləşdirsə də Rusiyanın əli hələ ki, zəifdir. Moskvanın ən yaxın “müttəfiq”lərindən Qazaxıstan və Ermənistan belə, Rusiyaya qarşı Qərblə ikibaşlı oyunlar oynayır. Bununla yanaşı, gələn il ABŞ-da da prezident seçkiləri var. Belə bir qeyri-müəyyənlik fazasında hansısa ölkənin özünə gələcək müəyyən etməsi ağlabatan deyil. Təbii ki, Azərbaycanın mümkün blok seçimində ən böyük aktorun Türkiyə olacağını da xüsusilə vurğulamaq mütləqdir.

Mənim fikrimcə, Qərblə gərginlik həm Ermənistana indekslidir, həm də epizodik. Xatırlayıram ki, təkcə bu il analoji gərginliklər Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərində də yaşanmışdı. Sanki, Azərbaycan hökuməti bu gərginliklərdən istifadə edib, sözügedən münasibətlərdəki yeni limitləri və qırmızı xətləri öyrənməyə çalışmışdı. Bənzər taktikanın Qərblə münasibətlərdə də istifadə edilə biləcəyini istisna etmirəm.

Ötən 30 ilin geosiyasi reallığında Azərbaycan-Qərb münasibətləri sadəcə iqtisadi və ticari müstəvidə inkişaf etmişdi. Amma formalaşan yeni nizamın fokusunun Mərkəzi Asiyaya yönəlməsi Qərbin Cənubi Qafqazda siyasi aktora da çevrilməsi zərurətini yaradır. Struktural dəyişikliklər ona işarə edir ki, istənilən halda, Azərbaycan və Qərb bu regionda bir-biriylə hesablaşmalı olacaq. Hesab edirəm ki, əsas çəkişmə mövzusu yeni münasibətlərin hansı tərəfin şərtləri əsasında qurulacağıdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Ermənistan baş naziri Paşinyan regional kommunikasiyaların açılmasını nəzərdə tutan “Sülh Qovşağı” adlı layihəsi ilə bağlı video paylaşıb.

Videodan iki fərqli görüntüyə baxdıqda Ermənistanın dörd fərqli istiqamət üzrə, Fars Körfəzindən Qara Dənizə, Aralıq Dənizindən Xəzər Dənizinə uzanan bağlantıların qovşağı olmaq istədiyi görünür. Əslində bu video Ermənistanın 30 il boyunca nələri itirdiyinin təsviri idi.

Mehri istiqamətində dəmiryolunun açılmasının İran, Kayan istiqamətindəki dəmiryolunun açılmasının da Gürcüstanda xoş qarşılanmayacağı barizdir… Azərbaycanın Aralıq dənizinə, Türkiyənin isə Xəzər dənizinə alternativ yollar qazanması hər iki dövlət üçün qazanc sayıla bilər.

Təbii ki, Paşinyanın əsas məqsədi Rusiyanı regionda ofsayda salmaqdır. Erməni baş nazir 9 noyabr 2020-ci ildə imza atdığı bəyanatın 9-cu bəndindəki böyük səhvdən qurtulmağın yollarını axtarır. Bənddə, Azərbaycanın qərb rayonları və Naxçıvan arasındakı açılacaq manesiz yolun Rusiya qoşunlarının nəzarətində olması nəzərdə tutulur. Paşinyan isə Zəngəzurdan keçəcək bu yolun Ermənistan suverenliyində olmasını istəyir, əvəzində başqa yolların da açılmasını təklif edir. Əlbəttə ki, burada Azərbaycanın seçimi önəmlidir. Paşinyan Rusiya ilə “kommunikasiyalar” mübarizəsində Azərbaycanın dəstəyinə ehtiyac duyur. Amma belə görünür ki, Azərbaycan rəhbərliyi də bu məsələdə Ermənistan-Rusiya çəkişməsinin tərəfi olmaq istəmir.

Məncə, Paşinyan sülh barədə səmimidirsə, onda Qərb ölkələrini Ermənistana “protektor” kimi dəvət etməməlidir. Əgər dəvət edirsə və ya edəcəksə, deməli hesab başqadır. Bəli, Ermənistanın öz ərazilərindən Rusiyanı çıxarmağa haqqı var. Amma Ermənistan regionun ən kilid hissəsi, regional sülhün qovşağı olmaq istəyirsə, bir şeyi unutmamalıdır: Rusiya, Türkiyə və İran Qafqazın “açarı”nı Qərbə verməzlər.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Qara dənizə sahilləri olan Gürcüstan regionumuzun ən əlverişli strateji mövqedə olan ölkəsi sayılır. Amma Qara dəniz Gürcüstan üçün üstünlük olmaqla yanaşı, həm də zəiflikdir. Birincisi, Qara dəniz qapalı su hövzəsidir, giriş-çıxışı nəzarətdədir. İkincisi, Qara dənizin iki ən əsas donanma gücü Türkiyə və Rusiya Gürcüstanın qonşularıdır. Yəni, Gürcüstan Türkiyə və Rusiya arasında bufer zonadır, həm qurudan, həm dənizdən. Eynilə, Azərbaycanın Rusiya və İran arasında bufer zona olması kimi. İki böyük güc arasında bufer ölkə qalmaq coğrafiyanın ən böyük cəzasıdır.

Nə qədər dövr dəyişsə də, zamanın öz hökmü olsa da, məncə, tarixboyu dövlətlərin siyasi taleyində həlledici olan amillər hələ də dəyişməyib: Coğrafi mövqe, relyef və miqyas. Bəli, Qərb hərtərəfli inkişaf və sərvət baxımından sözügedən regional güclərdən çox üstün ola bilər, amma məsələn, Qərbin Gürcüstanda möhkəmlənməsi mümkün deyil. Gürcüstanın coğrafi mövqeyi, relyefi və miqyası Türkiyə və Rusiya arasından çıxa bilmək üçün yetərli deyil.

Bu gün Türk Hərbi Donanmasının Komandanı admiral Ercüment Tatlıoğlu müsahibəsində Boğazlardakı rejimə sadiq qalacaqları, Qara dənizdə istər başqa bir ölkə, istər NATO olsun, üçüncü qüvvələrə imkan verilməyəcəyi, Dənizin Yaxın Şərqə çevrilməyəcəyi barədə xəbərdarlıq edib. Açığı, Türkiyədə vəzifə başındakı ali zabitin belə bir geosiyasi şərh verməsi qəribədir. Admiralın mesajının həm Rusiya, həm ABŞ, həm də son günlər Cənubi Qafqazda aktivləşən Fransaya ünvanlandığı şübhəsizdir. Rusiya-Türkiyə arasında toqquşma başlamayanadək Qara dənizin ikiqütblü statuskvosunda hər hansı dəyişiklik olacağına ehtimal vermək olmur.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Müsəlmanların ilk qibləsi olan Qüdsə nəzarətin 8 əsr sonra itirilməsi İslam dünyasında çox ağır travmalar yaratdı. HƏMAS-dan olan bir siyasətçinin “Qüdsə nəzarət İslam dünyası üçün termometrdir” sözləri doğurdan da uğurlu bənzətmədir: Qüdsə nəzarət edilirsə, deməli müsəlman dünyası sağlamdır, əgər nəzarət itirilibsə, bu, müsəlman dünyasının xəstələndiyini göstərir.

Lakin İslam dünyası bir anda xəstələnməmişdi. XV əsrdən etibarən Xristian dünyasının okeanlara ram edərək Amerika qitəsinin zənginliklərinə yiyələnməsi həm güc balansını dəyişdi, həm də ənənəvi ticarət yolları üzərində yerləşən İslam dünyasının coğrafi önəmini azaltdı. Müsəlman intellektuallar son 3-4 əsrdə Avropa qarşısındakı məğlubiyyətə çarələr tapmağa çalışsa da, həm ideoloji, həm də praktiki reform addımları istənilən nəticəni vermədi. Belə bir gedişatda, Qüdsün itirilməsi də məntiqi nəticə sayılmalıdır. Çünki Qüds güc simvoludur, statuskvo müəyyən edən bir məkandır, buranı sadəcə güclülər idarə edir. Qüdsə zəiflər nəzarət edə bilməz.

Ərəb millətçilərinin 20 ilə yaxın uğursuz cəhdlərindən və 1967-ci il fiyaskosundan sonra Fələstin müqavimətini öz üzərinə götürən İslamçı hərəkatların maraqlı iddiaları var. Məsələn, dini hərəkatlar iddia edir ki, böyük sərkərdə Səlahəddin Əyyubi Qüdsü səlibçilərindən əlindən 88 il sonra 1187-ci ildə inancın (İslamın) gücü ilə geri qaytara bilmişdi. Ona görə də Qüdsə yenidən qovuşmağın yolu dini mübarizədən keçir… Amma dini hərəkatların son 30 ildə sərgilədiyi mübarizələr nəzəriyyələri qədər iddialı olmadı…

Burada daha bir sual ortaya çıxır… Qüdsə nəzarəti ələ keçirmək üçün əvvəlcə müsəlman dünyası sağalmalıdırmı, yoxsa müsəlman dünyasını sağaltmaq üçün əvvəlcə Qüdsə nəzarət ələ keçirilməlidir? Məncə, ikinci yol birincidən daha real görünür. “Xəstə yatağına” düşmüş böyük bir sivilizasiyanın problemləri “Qüdssüzlük”dən daha da dərindir… Görkəmli İslam sivilizasiyası qürub çağlarını yaşayır…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Dünənki Sammitdə Ərdoğan və Rəisinin xüsusilə dilə gətirdiyi, yekun bəyanata da düşən İsrailin nüvə silahı məsələsi çox kritik idi. Ötən həftə israilli nazir Qəzzaya nüvə silahı atılmasının nəzərdən keçirilməsini təklif edərək ölkəsində nüvə silahı olduğunu etiraf etmişdi.

İsrailin nüvə silahı olması hamının bildiyi, amma rəsmi olaraq dilə gətirilməyən məsələdir. Tarix boyu təqiblərə və qətliamlara məruz qalan yəhudilərin özünümüdafiə üçün nüvə silahına yiyələnməyi dünya ictimaiyyəti tərəfindən sanki, “legitim” bir haqq kimi görülürdü. Amma İsrailin radikal sağçılarının ABŞ hərbi gəmilərinin müdafiə çətiri altında Qəzzada törətdiyi qətliamlar və bu çərçivədə nüvə silahını da hücum məqsədilə istifadə edilməsini müzakirəyə açması region üçün həyəcan siqnalıdır. Sabah İsrailin bənzər qətliamları ABŞ və Qərbin dəstəyi ilə ətraf ölkələrdə törətməyəcəyinə heç bir zəmanət yoxdur. Region ölkələri üçün yeganə real zəmanət nüvə silahına yiyələnməkdir. Məncə, regional güclər üçün son hadisələrdən çıxarılan ən əsas dərs budur ki, İsrail Yaxın Şərqin yeganə nüvə silahlı oyunçusu kimi qalmamalıdır. Ümumiyyətlə, müasir dünyada ən real müdafiə gücü nüvə silahıdır. Rusiyanın da nüvə arsenalının müdafiə gücünə güvənərək Ukraynanı işğala başladığı şübhəsizdir.

İranla yanaşı, Səudiyyə və Misirin də nüvə silahı əldə etmək niyyətində olduğu heç kimə sirr deyil. Ərdoğan da nüvə silahı ambissiyasını əvvəllərdə dəfələrlə dilə gətirib, amma prosesə başlamaq üçün “legitimlik” yarada bilməyib. Ola bilsin ki, Türkiyə Qəzzadakı son hadisələrdən sonra özünün nüvə silahı proqramı barədə müzakirələr başlatsın. Həqiqətən də nüvə silahı həm təhlükəsizlik, həm də ölkənin bir üst liqaya çıxmaq baxımından Türkiyə üçün çox ciddi ehtiyacdır. Nüvə silahına yiyələnmədikcə Türkiyə qlobal proseslərdə ciddi oyunçu kimi qəbul edilməyəcək.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Foreign Affairs” jurnalındakı son məqaləsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq arenadakı mövcud diplomatik mənzərədən danışıb. Kuleba Ukraynanı məcburi atəşkəs və əlverişsiz sülhə çağıranları qınayıb, bildirib ki, bu variantlar onların düşündüyü kimi Putini dayandırmayacaq, əksinə iştahını daha da qabardacaq və daha çox ərazini işğal etmək üçün həvəsləndirəcək.

Həqiqətən də, güc balansının öz xeyrinə dəyişdiyini düşünən Putin ötən günkü müsahibəsində Rusiyanın Odessa və Qara dəniz sahillərini ələ keçirmək hədəflərinə eyham vurdu, Ukraynanın tam demilitarizasiyadan danışdı.

Bəs Ukraynanın hədəfi nədir? Kuleba deyir ki, Ukrayna üçün bariz və əlçatan iki hədəf hələ də dəyişməyib: ərazi bütövlüyünün tam bərpası və müharibədə günahkar olan Rusiya rəhbərliyinin beynəlxalq məhkəməyə çıxarılması. Kuleba bildirib ki, Ukrayna əhalisinin 80 %-i sülh müqabilində Rusiyaya ərazi güzəştinə gedilməsinə qarşıdır və əhalinin yarısından çoxu rus işğalına uzun illər boyu müqavimət göstərilməsinə hazırdır. Məncə, hazırda Ukrayna tərəfinin ən böyük problemi budur ki, digərlərindən gələn təklifləri ağlabatan tənqidlərlə qınasa da, özü ortaya realistik hədəf qoyula bilmir. Ukraynanın ərazi bütövlüyünün bərpası üçün müharibə nə qədər davam etməlidir? Tutaq ki, Ukrayna əhalisinin yarısı uzunmüddətli müharibəyə hazırdır. Bəs Qərb dövlətləri bu müddətdə Ukraynanı irimiqyasda dəstəkləyə bilərmi? Dəstəklər davam etsə belə, Ukraynanın Krım da daxil olmaqla, ərazilərini işğaldan tam azad edə biləcəyi ehtimalı nə qədər realdır? Bu riskə dəyərmi? ABŞ Ukraynaya aludə olaraq, başqa regionlarda qlobal hegemoniyasına təhlükə yaradan prosesləri gözardına vura bilərmi?..

Məncə, Ukrayna rəhbərliyi hədəflərini reallığa uyğun korrektə etməlidir. Qaldıra bilməyəcəyin yükün altına girə biləcəyini iddia edə bilərsən, amma ətrafındakıların bu riskə yatırım edəcəyini gözləmək sadəlövhlükdür və dövlətin inandırıcılığını azaldır. Ukrayna rəhbərliyi bu mübarizədə tək qalmaq istəmirsə, öz imkanları ilə Qərbin maraqlarının kəsişdiyi ortaq nöqtələri doğru müəyyən edib, strategiyasını buna uyğunlaşdırmalıdır…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Dünən Ərdoğanla Bayden arasında telefon danışığı olub. NATO çərçivəsində 70 ildir müttəfiqlik edən ABŞ və Türkiyənin mövcud münasibətlərini müttəfiqlik adlandırmaq mümkün deyil. İki tərəfin də bir-birinə etimadı qalmadığı aşkar hiss edilir. Təsadüfi deyil ki, “müttəfiqlər” bir ildən çoxdur ki, İsveç və F-16 problemini yoluna qoya bilmir. ABŞ Ankaraya hərbi texnoloji dəstəyini tam azaldaraq, Türkiyə üçün regiondakı hava üstünlüyünün və NATO içindəki mövqeyinin zəiflədilməsi təhdidini yaradır. Qarşılığında Türkiyə də İsveçin NATO üzvlüyünü təxirə salaraq ABŞ-ın təsir dairəsinin NATO çərçivəsində genişlənməsinə, beləliklə də Baltik dənizinin NATO gölünə çevrilməsinə imkan vermir. Qarşıdurmalara baxmayaraq, hər iki tərəf struktural və geosiyasi səbəblərə görə qarşı tərəfi bütün ipləri qoparmaq istəmir. Hələ ki, həm Türkiyənin ABŞ-a, həm də ABŞ-ın Türkiyəyə ehtiyacı var. Ancaq görünən odur ki, bu “hələ” çox uzun çəkməyəcək.

Daha geniş bucaqdan baxsaq, son yarım əsrlik periodda ABŞ-ın İslam dünyası və Yaxın Şərq strategiyasının uğursuzluqlar üzərində qurulduğunu demək olar. 50 il öncə İran, Pakistan, Türkiyə və Səudiyyə kimi başlıca region ölkələri ABŞ-ın şəksiz müttəfiqləri idi. İran və Pakistanın müttəfiq kimi “itirilməsi”ndən sonra son illərdə Türkiyə və Səudiyyə də ABŞ üçün müttəfiqdən tərəfdaşa doğru geriləyir. Müttəfiqlərin itirilməsi ABŞ-ın region və ümumilikdə İslam dünyasındakı manevr imkanlarını olduqca daraldıb və təbii ki, qarşılığında Çinin Yaxın Şərqdə əl-qolu açılır.

Yaxın Şərq Amerikan hegemoniyasının qurula bilmədiyi azsaylı regionlardan biri oldu. Bütün cəhdlərə baxmayaraq, ABŞ İkinci Dünya müharibəsindən sonra Yaxın Şərqi öz maraqlarına uyğun dizayn edə bilmədi. Halbuki Britaniya İmperiyası Birinci Dünya müharibəsindən sonra bunu bacarmış, Yaxın Şərqin mənzərəsini dəyişə bilmişdi. Məncə, supergüclər olaraq ABŞ və sələfi Britaniya arasında əsas fərqlərdən biri bu idi: ABŞ-dan fərqli olaraq Britaniya elitası hökm etdikləri regionların yerli dinamikaları, ənənələrini daha yaxşı anlayırdı və həmlələrində bu amilləri nəzərə alırdı. ABŞ elitası isə hər kəsin, hər sistemin özünə bənzəməsinə, digərlərinin amerikan dəyərlərini qəbul etməsinə, bütün müttəfiqliklərin öz şərtləri əsasında qurulmasına üstünlük verir. Əlbəttə ki, bu cür yanaşma da yerli dinamikalardan ABŞ-a qarşı sərt reaksiyaları, meydan oxumaları qaçılmaz edir…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Beynəlxalq və ya regional nizamın hakim dövlətlərinin əksər proseslərə reaksiyasını güc balansının dəyişməsi müəyyən edir. Çünki dəyişən güc balansı həm də oturuşmuş nizamı təhdid edir, yeni struktur tələb edir. Məsələn, Türkiyənin xarici siyasətdə yeni ambisiyalarla çıxış edərək müdafiə sənayesini inkişaf etdirməsinə qarşı Aralıq bölgəsinin hakimi Qərb Yunanıstana daha üstün hərbi texnologiyalar verərək bölgədə dəyişən güc balansını tarazlaşdırmağa çalışır.

Qərbin Rusiyaya qarşı Ukraynanı dəstəkləməsinin səbəbi, Ukraynanın işğalının Avropadakı güc balansını Rusiyanın lehinə dəyişdirə biləcəyi barədə narahatlıq idi. Təbii ki, azadlıq mübarizəsi, ədalətin təcəllisi, beynəlxalq hüququn müdafiəsi, xeyir və şər qarşılaşdırılması, demokratiyanın qorunması və s. kimi metaforlar prosesi bəzəmək və Ukraynanın dəstəklənməsinin əsl səbəbini ört-basdır etmək məqsədini daşıyır. Bu baxımdan, Qərb nəzdində Rusiyanın Ukrayna hərbi kampaniyasının Avropadakı güc balansını dəyişdirə bilməyəcəyi barədə qənaət formalaşdıqda Ukraynaya dəstək azalacaqdı. Yəqin ki, bu qənaət artıq formalaşıb.

Güc balansının Azərbaycanın lehinə dəyişməsindən sonra Ermənistana da beynəlxalq dəstək xeyli artıb. Əslində, güc balansının tam olaraq Azərbaycanın xeyrinə olduğu bir vaxtda Ermənistanla sülh sazişinin imzalanması da ciddi siyasi iradə tələb edir. Çünki indiki vəziyyətdə güc balansına arxalanaraq meydanda daha böyük qazanclar əldə etmək olar. Amma bu, çox böyük siyasi risklər daşıyır. Ya da sülh variantına gedilərək öz xeyrinə olan güc balansından imtina edilməlidir. Bu da böyük bir tarixi məsuliyyət yaradır. Hansı yolun doğru olacağına sadəcə zaman hökm edə bilər.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Belə görünür ki, hakimiyyətə böyük iddialarla gələn ingilis mühafizəkarlar baltanı daşa vurublar. Deyə bilərik ki, mühafizəkarların Britaniyanı Avropa İttifaqından çıxarmaq və ABŞ-dan asılılığı azaltmaq, bununla da müstəqil xarici siyasət yolunu açaraq sabiq hegemon dövləti yenidən beynəlxalq gücə çevirmək məqsədilə ortaya atdıqları “Global Britain” strategiyası fiyasko ilə nəticələnib. İngilis mühafizəkarların “Brexit” və Ukrayna siyasəti gözləniləni vermədi. Son vaxtlarda nisbətən toparlansa da, ölkə iqtisadiyyatında da ciddi problemlər müşahidə olunur.

Bildiyimiz kimi, Krallıq görkəmli tarixi və bu tarixdən qaynaqlanan prestiji ilə dünyanın ən unikal və önəmli yumşaq güc mərkəzidir. Ancaq Britaniyanın mövcud vəziyyəti şanlı tarixdən qalan mirası xərcləməkdən başqa bir perspektiv vəd etmir. Son bir il onu göstərdi ki, Britaniya bir çox aspektdən önəmli beynəlxalq gücə çevrilməyə hazır deyil. Siyasi iradə, iqtisadiyyat və hərbi məsələlər ona işarə edir ki, Krallıq üçün ən yaxşı seçim ABŞ-ın kölgəsinə çəkilərək Vaşinqtonun əsas dəstəkçisi kimi yoluna davam etməkdir.

Gələn il sonunda səlahiyyət müddəti bitəcək ingilis mühafizəkarlar yəqin ki, bundan sonra uzun müddət iqtidara həsrət qalacaqlar.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Prezident İlham Əliyev 3 noyabrda Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısındakı çıxışında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsindən danışmışdı. 7 dekabrda keçirilmiş Qarabağ Forumunda Prezidentə sual verildi ki, xarici qüvvələrə qarşı Türk Dövlətləri Təşkilatı bir təhlükəsizlik ittifaqına, dövlətlər blokuna, bir növ Türk dövlətlərinin NATO-suna çevrilə bilərmi?

Prezident də cavab olaraq deyib ki, hazırda NATO kimi təsisatın yaradılması müzakirə edilmir. Amma birgə təhlükəsizliyin təmin edilməsi ilə bağlı mexanizmlərdən danışmaq lazımdır. Birgə hərbi məhsul istehsalı, birgə hərbi təlimlər, birgə səylər barədə ideyalar var. Azərbaycan ilkin olaraq bu məsələdə mövqeyini bildirib və təşkilat çərçivəsində bu mövzuda məsləhətləşmələr aparılmasını təklif edib.

TDT ilkin mərhələdə türkdilli ölkələrin mədəni inteqrasiyası hədəfi ilə yaradılmışdı, daha sonra iqtisadi sahədə əməkdaşlıq ön plana çıxdı. Son 2-3 ildir siyasi çərçivədə böyük önəm qazanan təşkilatda artıq hərbi müstəvi müzakirəyə çıxarılır. Əliyevin təklifi ona görə diqqətçəkicidir ki, əksər hallarda TDT-də cəsarətli təşəbbüslər, yenilikçi ideyalar ilk olaraq Azərbaycandan gəlir, daha sonra digər ölkələr tərəfindən qəbul edilir. Aydındır ki, Çin və Rusiya kimi böyük qonşularla əhatələnmiş Mərkəzi Asiyanın manevr imkanları daha azdır, ona görə daha ehtiyatlı davranmağa məcburdurlar. Azərbaycana isə Xəzərin qərb sahilində yerləşmək kimi bir xoşbəxtlik qismət olub. Bəli, nə qədər ironik olsa da, Mərkəzi Asiya ilə müqayisədə Azərbaycan yerləşdiyi mövqedə daha şanslı görünür.

Əlbəttə ki, təşkilatdakı dövlətlərin rəqib təhlükəsizlik bloklarına üzv olması, Türkiyə ilə Azərbaycanın materik hissəsinin birbaşa quru sərhədinin olmaması, Xəzər dənizində Rusiya hərbi dominantlığı, Mərkəzi Asiyanın miqyasca böyük, relyefcə əlverişsiz coğrafiyası, İran, Rusiya və Çin kimi regionun böyük oyunçularının türk faktorunu öz mövcudluğuna real təhlükə kimi görməsi TDT çərçivəsində hərbi inteqrasiya önündəki nəhəng geosiyasi əngəllər kimi görünür. Ancaq fundamental nələrsə əldə etmək, effektiv təhlükəsizlik mexanizmləri qura bilmək böyük əngəlləri keçmədən mümkün deyil. İstənilən halda, hərbi əməkdaşlığın müzakirəyə çıxarılması və bu məsələ ilə bağlı ideya və təşəbbüslərlə çıxış edilməsi mərhələsinə çatmağımızın özü belə, Türk dünyası üçün böyük bir irəliləyişin göstəricisi sayılmalıdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

7 oktyabrdan bəri İsrail rəsmiləri Birləşmiş Millət Təşkilatı və təşkilatın nümayəndələri barədə çox ağır ittihamlar səsləndirərək onları terrorçuluğu himayə etməkdə və dəstəkləməkdə günahlandırıb. Mən indiyə kimi BMT və təmsilçilərinin bu dərəcədə təhqir edilməsini ilk dəfə görürəm.

Əslində BMT uzun müddət idi ki, öz funksionallığını itirmişdi. Bu mənada, İsrailin son münasibətinin BMT-nin illərdir üst-üstə yığılmış yarıtmaz fəaliyyətinin, mənasız bəyanatlarının məntiqi nəticəsi olduğunu iddia edə bilərik. Amma tarixin ironiyası budur ki, İsrailin yaradılması BMT-nın mövcudluğunun ilk məhsullarından biridir, deyə bilərik ki, İsrail dövləti BMT-nin doğma övladıdır. BMT hər nə qədər İsrail-Fələstin münaqişəsini nizamlamağa çalışsa da, ötən 80 ildə bu münaqişə təşkilatın legitimliyinin altını oydu və qurumun sütunlarını çürütdü.

Beynəlxalq münasibətlərin idealizm məktəbi dünyanın problemlərinin həllində, dövlətlərarası münasibətlərin nizamlanmasında beynəlxalq təşkilatların rolunu ön plana çıxarır. Məhz, idealizmin beynəlxalq münasibətlərdəki dominantlığının nəticəsidir ki, hər regional və qlobal problemin həlli məqsədilə dövlətlər tərəfindən ayrı bir beynəlxaq təşkilat qurulur. Ən ali beynəlxalq təşkilat olan BMT isə idealizmin dominantlığının simvolu hesab edilir. BMT-nin gücünü de fakto itirməsi Birinci Dünya müharibəsindən sonra ABŞ prezidenti Vudro Vilson tərəfindən dünya sistemində dominant yanaşmaya çevrilən idealizmin də süqutunu xarakterizə edir. BMT-nin legitimliyini itirməsi bütün digər beynəlxalq təşkilatların funksionallığı və gələcəyini şübhə altına salacaq.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Rusiyanın Ukraynada təşəbbüsü ələ keçirməsi Cənubi Qafqazda narahatlığı artırır. Şübhəsiz ki, post-sovet məkanının gələcəyi Ukraynada həll ediləcək. Düşünürəm ki, Rusiyanın Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməklə bağlı böyük bir planı var, bunu tətbiq etmək üçün Şərqi Avropanın bitməsini gözləyir. Böyük ehtimal ki, Moskvanın Ermənistan və Gürcüstanın şıltaqlarına göz yumması, addımbaaddım cavab verməməsinin səbəbi məhz budur. Rusiya ortaq bir plan çərçivəsində və bir həmlə ilə həm Ermənistan, həm də Gürcüstanı öz orbitinə qaytarmağa çalışacaq.

Mən Rusiya-Ukrayna müharibəsindən sonra spesifik olaraq Azərbaycan üçün daha bir təhdidin güclənəcəyini təxmin edirəm: Rusiya-İran əməkdaşlığı. Məlum olduğu kimi, heç kimin Rusiyaya yaxın durmadığı bir vaxtda İran rəhbərliyi ruslara silah satmağı qəbul etdi, bununla da Tehran münaqişədə tərəfə çevrildi. İran rəhbərliyi böyük bir qumar oynadı, çünki Rusiya məğlub olsaydı, İran da açıq hədəfə çevriləcəkdi. Ancaq belə görünür ki, İran rəhbərliyi oynadığı bu qumarda qazanır.

Bu qumardan İranın iki ciddi qazancı ola bilər: birincisi, İran Rusiyanın dəstəyi ilə öz hərbi texnoloji imkanlarını müasirləşdirəcək, xüsusilə hava donanması və havadan müdafiə sistemləri bu çərçivədə önəmlidir. İkincisi, müharibə zamanı verilən dəstəklər ölkələr arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir, mənəvi çalarlar qatır. Bundan sonrakı Rusiya-İran əlaqələrində Ukrayna müharibəsi çərçivəsində əməkdaşlıq mütləq ki, öz izini göstərəcək. Əslində bu, bəzi regionlarda Rusiya ilə yaxınlaşıb İranı neytrallaşdırmaq istəyən Türkiyə üçün böyük problemlər vəd edir.

Əlbəttə ki, bu proses həm İran, həm Rusiya ilə həm quru, həm də dəniz sərhədlərinə malik yeganə ölkə, birini digərinə qarşı balanslaşdırıcı qüvvə kimi istifadə etməyə çalışan Azərbaycan üçün gələcək təhlükələr deməkdir. Rusiya-İran yaxınlaşması Azərbaycanın gələcəkdə Mərkəzi Asiya və Qərb arasında oynaya biləcəyi körpü rolunu da şübhə altına alır…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Henri Kissincer 100 yaşında dünyasını dəyişib. Kissincer müasir siyasi tarixin ən mübahisəli fiqurlarından biridir. O, kəskin zəkası ilə yanaşı, çox bərbad insani reputasiyası ilə tanınır. Kissincer rəğbətlə nifrətin bir-biri ilə yarışdığı, birlikdə yaşadığı bir fiqur idi. Bu mənada onu müasir tarixin ən görkəmli “Makyavellist”i hesab etmək olar.

Kissincer ABŞ-ın “zorba siması”nın memarlarından biridir. O, Vaşinqtonun baş diplomatı olduğu dövrdə Şərqi Asiya, Latın Amerikası və Yaxın Şərqdə milyonlarla insanın ölümünə səbəb olan müharibələrə, hərbi çevrilişlərə dəstək verməklə xatırlanır. Amma onun mənsubu olduğu realizm məktəbi nəzdində əsas faktor “güc”dür, əxlaq isə ölçü vahidi deyil. Realistlər üçün “güc balansı”nın qorunması yolunda min, yüz min və ya milyon insanın ölümü ikinci dərəcəli məsələlərdir.

SSRİ ilə güc mübarizəsində ABŞ-ın dünya nizamındakı hegemoniyasını qorumaq məqsədilə Çinə iqtisadi inkişaf təklif edərək iki kommunist gücün mümkün müttəfiqliyini neytrallaşdırmağı bacaran Kissincer maraqlar qarşısında ideologiyanın ikinci planda olduğu barədəki tarixi həqiqəti bir daha sübut etmişdi.

Sözsüz ki, Kissincerin siyasi mirasını tarix mühakimə edəcək. Düşünürəm ki, Kissincerin fikirləri əməllərindən daha çox xatırlanacaq, daha uzun yaşayacaq…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ dövlət katibi Blinken dünən Əliyev və Paşinyanla telefonla danışıb. Zənglərlə bağlı Dövlət Departamentindən verilən paralel açıqlamalarda fərqliliklər var.

Paşinyanla danışıq barədə verilən açıqlamada ABŞ-ın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini davam etdirəcəyi vurğulanır ki, Əliyevlə danışıqda bu məsələyə toxunulmayıb. Yəqin ki, Blinken Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini Rusiyanın nəzarətində açılması nəzərdə tutulan “Zəngəzur dəhlizi” kontekstində dilə gətirir. İstənilən halda, Vaşinqtonun baş diplomatı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə vurğu etmədən hər iki tərəfə dayanıqlı və şərəfli sülh barədə çağırış edib…

Azərbaycan Prezidentinin mətbuat xidmətindən telefon danışığı barədə daha geniş açıqlama verilib. Açıqlamada Prezident tərəfindən normallaşma şərti olaraq ABŞ-ın son təhdidlərdən geri addım atmağının şərt qoyulduğu və bu şərtin Blinken tərəfindən qəbul edildiyi bildirilir.

Blinkenin paralel zəngləri ilə bağlı məndə iki təsəvvür yarandı: birincisi, ABŞ sülh prosesinin vasitəçiliyindən uzaqlaşmaq istəmir və Vaşinqton formatını canlı saxlamağa çalışır.

İkincisi, həm Paşinyan, həm də Əliyevlə danışıqların məramı, arxasındakı məqsədlər Ermənistan mərkəzlidir. Amerikanlar hər vəchlə sülh sazişinin imzalanmasını istəyir ki, Ermənistanın Qərb macərasını sürətləndirsin. Böyük ehtimal ki, Vaşinqton Ukrayna münaqişəsində diplomatik masa qurulanadək Ermənistanı Rusiyanın caynağından qopara biləcəyini düşünür və bu momentumu əldən vermək istəmir.

Bir sözlə, ABŞ Azərbaycan-Ermənistan sülh sazişini Cənubi Qafqazda möhkəmlənmək yolunda tramplin kimi görür. Yəni, Cənubi Qafqazda Rusiya-ABŞ rəqabətinin nəticəsində Azərbaycanın mövqeyi həlledici olacaq. Doğru addımlarla, bu kombinasiyadan çox böyük qazanc əldə etmək olar… Təbii ki, hər iki böyük gücün əlində “kökə” ilə yanaşı, “kötək” olduğu da unudulmamalıdır.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ siyasi elitasında Ukrayna münaqişəsi barədə gözləntilər dəyişib. Artıq müharibəni yekunlaşdırmaq üçün münasib sonluq axtarılır…

Ukraynanın müqavimətini tam qələbəyədək davam etdirməyin bədəli münaqişəni mövcud şərtlərdə bitirməkdən dəfələrlə artıqdır və Ukraynanın dəstəkçiləri də bu bədəli gözə almaq istəmir. Ukrayna ərazi bütövlüyünün tam bərpasındansa, sərhəd dəyişikliyi də daxil olmaqla, sülh müzakirələrinə başlamaq realistik hədəf kimi görünür. Bir çoxları hələ ki, dilə gətirməsə də, Qərb üçün Ukrayna “Rusiyanı xərclətmək” funksiyasını yetərincə yerinə yetirdi.

Deyə bilərik ki, ABŞ Rusiyanın düşdüyü kimi Ukrayna bataqlığına özü də düşmək istəmir. Rusiya Ukrayna problemini mövcudiyyət məsələsi kimi görür, amma ABŞ üçün Ukrayna problemi Avropa təhlükəsizliyinin bir detalıdır. Yeni dünya nizamı qurularkən hegemoniyasını qorumaq istəyən ABŞ öz gücünü bütün regionlar üzrə doğru bölüşdürməlidir. Sadəcə Avropaya aludə olmaq, digər regionlarda ABŞ hegemoniyasının sökülməsinə gətirib çıxarır. Bir ağanın ən böyük qorxusu, ağa olduğu nizamın alt-üst olmasıdır.

Əlbəttə ki, Ukrayna müqavimətini uğurla sona çatdırmamaq və Rusiyanı yaralı buraxmağın uzun perspektivdə nəticələri olacaq, yəqin ki, bu barədə gələcəkdə çox danışılacaq. Amma bütün bunlar gələcəyin məsələləridir və görünür ki, amerikan strateqlər mümkün nəticələrdən çəkinmirlər.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Səudiyyə, Misir, İordaniya, Fələstin, İndoneziyanın xarici işlər nazirləri və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Qəzzadakı müharibənin dayandırılması üçün Pekinə səfər edərək Çindən dəstək istəyiblər.

Deyərdim ki, Pekin səfəri müharibə başlayandan bu yana Ərəb ölkələrinin ən effektiv diplomatik addımıdır. İsrailin Qəzzanı işğalına tam dəstək verərək qonşuluqdakı Ərəb liderlərini çətin vəziyyətdə qoyan ABŞ-a səfər çərçivəsində bir çox mesajlar var. Birincisi, Ərəblər dünyada artıq iki qütb olduğunu qəbul edir və Pekini Vaşinqtona alternativ platforma kimi görürlər. İkincisi, Ərəblər Çini Yaxın Şərqdə stabilləşdirici aktor kimi qəbul edirlər. Üçüncüsü, Ərəblər İsrailin aqressivliyinin əsas günahkarı olaraq ABŞ-ı gördüklərini göstərirlər.

Vəziyyət 1956-cı ilin Süveyş Böhranını xatırladır. Həmin dövrdə ABŞ Ərəblərin Sovet İttifaqına yaxınlaşmasından ehtiyatlanaraq Misiri işğal edən İsraili geri çəkilməyə məcbur etmişdi. Təxmin etmək olar ki, bir müddətdir Yaxın Şərq NATO-su üzərində işləyən Vaşinqton Ərəbləri Pekinə yaxınlaşdırmağa başlayan Qəzza müharibəsinin davam etməsinə imkan verməyəcək.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Yəhudilərin “Siyon”a (Qüdsdə yerləşən müqəddəs dağ) geri dönərək burada dövlət qurmasını hədəfləyən “Siyonizm” hərəkatının təkcə dini zəmində dəyərləndirilməsi qüsurlu yanaşmadır.

Böyük Fransız İnqilabından (1789) sonra dünyada trendə çevrilən milli dövlət arzusu yəhudi intellektuallarda da “milli yəhudi dövləti” ideyasını oyatmışdı. Amma bir problem var idi: digər millətlərdən fərqli olaraq, yəhudilərin kompakt yaşadığı, dövlət qura biləcəkləri “vətəni” yox idi. Bu səbəbdən, yəhudilər dövlətdən daha öncə, dünyanın dörd bir tərəfində diaspor formasında yaşayan yəhudiləri bir yerə toplamaq üçün “vətən” yaratmalı idilər.

“Vətən” üçün fərqli variantlar olsa da, daha çox yəhudini cəlb edə biləcək ən effektiv seçim üç min il ərzində yəhudi kimliyinin mərkəzində olan dindən istifadə edilməsi idi. Dini qaynaqlarda Tanrı yəhudilərə bir vaxtlar sürgün edildikləri “Eretz İsrail”ə (Fələstin əraziləri) qayıtmağı vəd edir. Lakin burada da bir problem var. Dini qaynaqlara görə, yəhudilərin vədedilmiş torpaqlara geri dönüşünə Tanrının göndərəcəyi Məsih tərəfindən öndərlik edilməlidir, bu səbəbdən Məsih gələnədək yəhudilərin özbaşına “Eretz İsrail”ə qayıtmaq üçün cəhd etməməsi barədə müqəddəs and var. Buna görə də bir sıra yəhudi dini çevrələrində vədedilmiş torpaqlarda yəhudi dövləti qurmaq istəyən “Siyonizm” hərəkatı bu andı pozan və Tanrının iradəsinə qarşı çıxan kafirlik kimi şərh edilirdi.

Lakin modernlik çağı digər dinlərdə olduğu kimi yəhudi dininin də cəmiyyət içərisindəki rolunu zəiflətmiş, sekulyar-millətçi düşüncəni mərkəzə yerləşdirmişdi. Digər tərəfdən XIX əsrdə baş vermiş yəhudi qətliamları, poqromlar fonunda güclənən anti-semitizm dalğası “Siyonizm” hərəkatının legitimliyini gücləndirmiş, yəhudilərə məxsus milli dövlət zərurətini həm yəhudi xalqı, həm də dünya ictimaiyyətinin əksəriyyətinə qəbul etdirmişdi.

İdeoloji zəminlə yanaşı, praktiki addımların da doğru seçilməsi vacib idi. Burada da əsasən iki proses həlledici idi: birincisi, siyonistlər Fələstində yaranmış güc vakumunu doğru dəyərləndirərək buranı ərəblərdən geri almaq üçün kolonial fəaliyyətə başlamış, böyük yəhudi köçlərini Fələstinə istiqamətləndirə bilmişdi. İkincisi, siyonistlər dünyanın aparıcı dövlətlərinin dəstəyini qazanmağı bacarmışdı. Təbii ki, burada həmin dövlətlərdə yaşayan güclü yəhudi diasporları başlıca rol oynamışdı. Böyük dövlətlərin dəstəyinin qazanılması Fələstində milli yəhudi dövlətinin quruluşunda həlledici oldu.

Deyə bilərik ki, reallıqda “siyonizm” dini bir hərəkatdan daha çox, sekulyar millətçi ideallar üzərində qurulan, dindar, irqçi, liberal, sosialist və mədəni baxışları özündə birləşdirən ideologiyalar sintezidir. Dini dəyərlər və anti-semitizm dalğaları “siyonizm” tərəfindən hərəkatın güclənməsində təkanverici qüvvə kimi istifadə edilib. Fələstin ərazilərinin mənimsənilməsi və böyük dövlətlərin dəstəyinin qazanılması isə “siyonizm”in tarixi missiyasını uğurla tamamlanması, yəni İsrail dövlətinin qurulmasının praktiki sütünlarını təşkil etdi.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

ABŞ və Avropa Azərbaycana qarşı mövqelərini sərtləşdiriblər, hər iki tərəf də “kötək” göstərməyə başlayıb. Qərbin əsas gözləntisi Azərbaycanın tezliklə Ermənistanla sülh imzalamasıdır. Qərblilər hesab edir ki, sülh sazişi Ermənistanı Rusiyanın caynağından qoparmağı sürətləndirəcək. Artıq planlar da hazırdır. Lakin Azərbaycanın bu ssenariyə yaxın durmaması Qərbi hiddətləndirir, təhdid dilinə də keçməyə başlayıblar. Hətta, Azərbaycanın yeni hücuma hazırlaşdığı iddiaları da dilə gətirilir. Rusiya isə Azərbaycanın bu mövqeyindən çox məmnun görünür.

Qərbdəki düşüncə budur ki, Azərbaycan Qarabağı tam aldıqdan sonra Ermənistanda gedəcək geosiyasi proseslərə, Rusiya-Qərb toqquşmasına qarışmamalı, tərəf olmamalıdır. Əlbəttə ki, Azərbaycan limitli oyunçudur, bütünlüklə Ermənistanda baş verən bu səviyyədəki proseslərə müdaxilə edə bilməz. Amma Ermənistanda baş verənlər, bu ölkənin gələcəyi birbaşa Azərbaycanı da maraqlandırmalıdır. Çünki nə qədər də düşmən olsaq da, iki ölkənin taleyi bir yoğrulub.

Bundan əlavə, Azərbaycan son prosesləri bütünlüklə təkbaşına aparmayıb. Cənubi Qafqazda maraqları ortaqlaşan Rusiya-Türkiyə xətti var ki, Azərbaycan da xətdən maksimum qazanc əldə edib. Ona görə də mümkün post-Rusiya dövrünün Ermənistanı Azərbaycan üçün də önəmlidir. Ankaranın ən böyük geosiyasi rəqibi olan Fransanın Türkiyə və Azərbaycan arasına yerləşməsi əlbəttə ki, Bakını narahat etməlidir. Tutaq ki, indi Rusiya-Türkiyə dil tapıb yola gedir, Azərbaycana sərf edir. Vəziyyət dəyişdikdən sonra Fransa-Türkiyə çəkişməsinin yaxın gələcəkdə regionda müharibəyə səbəb olmayacağına kim zəmanət verə bilər?

Vəziyyət gərginləşir, amma 3 amil baxımından gələcək barədə optimistəm. Birincisi, təhdid dilinə keçiblərsə, deməli Azərbaycanın mövqeyi və əlindəki rıçaqlar həqiqətən önəmlidir. Hələ də bu oyunu oynamaq olar. İkincisi, istənilən halda, artıq mübarizə Ermənistan uğrunda gedir, hədəfdə biz deyilik, ən pis halda çəkilib kənarda durmaq variantı var. Üçüncüsü və ən önəmlisi, anti-terror tədbirlərindən sonra demək olar ki, sərhəd boyunca atəşkəs pozulmur. Yəni, artıq meydanda “sülh” əldə olunub, indiki mübarizə diplomatik müstəvidə gedir.

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Fransanın Ermənistana satdığı silahların Gürcüstanın Poti limanından daşındığı ilə bağlı vizual sübutlar paylaşılıb. Əvvəllər bənzər cəhdlərə imkan verməyən Gürcüstanın yeni siyasət izləməsi diqqət çəkir. Bunu həm Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasının “şirinliyi” kimi, həm də son regional proseslərlə əsaslandırmaq olar. Gürcüstan Azərbaycanın müzakirəyə açdığı Zəngəzur yolunun əsas itirən tərəfidir, çünki bu yol Gürcüstana alternativ yaradır, bir mənada gürcüləri ofsayda salır. Zəngəzur yolu danışıqları və Gürcüstansız keçirilən “3+3” formatının görüşləri Tiflisi də manevr etməyə yönəldib. Belə görünür ki, Gürcüstan da regional aktivliyini artıran Azərbaycana qarşı balans oyununa keçib. Bu barədə daha sonra geniş danışarıq.

İndi bir çoxumuza iki sual maraqlıdır. Birincisi, Fransanın silah-sursat karqosu Poti limanına haradan gəlib? Üç variant var. Rumıniya və ya Bolqarıstan limanları, ya da İstanbul boğazları. Açığı mən İstanbul boğazlarına ehtimal vermirəm. Çünki nə Türkiyə əsas geosiyasi rəqibi olan Fransanın Cənubi Qafqazda hərbi müstəvidə əl-qol açmasını istəyər, nə də Fransa Ermənistana hərbi yüklərini Türkiyə yoluyla göndərməyə risk edər. Məncə, Rumıniyanın Konstanta limanı ehtimalı daha yüksəkdir.

İkinci sual da budur ki, Rusiya niyə KTMT “müttəfiqi” Ermənistana Fransanın Qara dəniz üzərindən silah göndərməsinə göz yumur? Özü də erməni rəhbərliyinin açıq şəkildə KTMT-dən çıxmaq üçün alternativ axtardığını elan etdiyi bir vaxtda… Məncə, bunun da ancaq bir məntiqli açıqlaması ola bilər: Rusiya rəhbərliyində Fransa tərəfindən göndərilən bu silah-sursatın sonda öz əlinə keçəcəyi barədə əminlik var.

Regionumuzda proseslər çox sürətlə dəyişir… Düşünürəm ki, həm aktivliyi, həm də bu sürəti azaltmaq faydalı olar. Nəzarətimizdən kənar baş verən oyunun parçası olmaq çox təhlükəlidir. Gürcüstan məsələsində də təmkinli davranmaq faydalı olar. Təəssüf ki, Gürcüstan Cənubi Qafqazın ən strateji mövqedəki oyunçusudur…

@serqebaxis

Читать полностью…

Şərqə Baxış

Bir haldaki siyasətin mənafə meydanı olduğunu deyiriksə, onda bu meydanda səndən daha çox təklif edə biləcək biri ilə yarışa bilməzsən. Eyni düstur beynəlxalq münasibətlərə də aiddir. Yəni, kiçik bir dövlət daha çox imkanları olan böyük dövlətlə yarışda/mübarizədə üçüncü tərəflərin dəstəyinə bel bağlamamalıdır. Çünki üçüncü tərəflər üçün münaqişənin böyük tərəfi daha cazibədardır. Elə Ərəb dövlətlərinin Fələstini görməzdən gəlməklərinin səbəbi də budur: Ərəblər Fələstinin müstəqilliyindənsə, İsrail və ABŞ xəttindən daha çox mənafə qazana biləcəklərini düşünür. İran perspektivindən baxsaq da, Fələstin müqavimətinin Tehranın üçün əsas önəmi Fələstinin qələbəsi yox, İsrailin regional sıxışdırılması, İran sərhədlərindən uzaqda saxlanılmasıdır. Yəni, üçüncü tərəflər münaqişələrdəki strategiyalarını zəif tərəfə görə yox, güclü tərəfə görə qururlar.

Bu düstur Ukrayna-Rusiya münaqişəsinə də aiddir. Ukraynanın dəstəkçiləri, xüsusilə ABŞ, Ukraynanın qələbəsindən daha çox, Rusiyadan ala biləcəklərindən maraqlıdır. Çünki Rusiyanın təklif edəcəkləri ABŞ üçün Ukraynanın qələbəsindən daha önəmlidir. Məsələn, Ukraynadan fərqli olaraq Rusiya Çin məsələsində ABŞ-a maraqlı təkliflər edə bilər. Uzun sözün qısası, ABŞ Ukrayna müqavimətini Rusiyanı güzəştə məcbur edə bilənə qədər dəstəkləmək istəyəcək. Amerikanlar Rusiyanı güzəştə məcbur edə bilməyəcəyini gördüyü halda Ukraynaya marağını azaldacaq.

Özündən daha böyük dövlətlə münaqişədə üçüncü qüvvələrə etibar etməyin sonu adətən yaxşı bitmir. Fələstin müqavimətinin nəticəsini kənar qüvvələr yox, fələstinlilərin özləri müəyyən edəcək.

@serqebaxis

Читать полностью…
Subscribe to a channel