Çərşəmbə günü Rəisi Ankaraya ilk rəsmi səfərində Ərdoğan tərəfindən qəbul edildi. Səfər çərçivəsində ölkələr arasında iqtisadi sahədə 10 sənəd imzalandı.
Türkiyə və İran münasibətlərini xarakterizə etmək olduqca çətindir. Ankara-Tehran əlaqələri barədə şərhlər “düşmən yoxsa rəqib” fikirləri arasında gedib gəlir. Mən regionun iki ambisiyalı gücünü düşmən yerinə, rəqib sayardım. Çünki Türkiyə və İran arasında çəkişmənin predmeti qarşı tərəf yox, yayılmaq istənilən bölgələrdir. Digər ifadə ilə desək, Türkiyə və İranın bir-birinə qarşı ərazi iddiası və birbaşa düşmənçiliyi yoxdur. Amma bu iki ölkə nüfuz dairəsi mübarizəsində, yayılmaçılıqda demək olar ki, eyni regionlara iddia edirlər və ideologiya, məzhəb, idarəetmə stilində bütünlüklə bir-birinə ziddirlər.
Proseslər elə təkamül edib ki, bu iki ölkə bir-birinin təhlükəsizliyinə görə əməkdaşlıq etməyə məhkumdurlar. Yəni, ortaq təhdid iki rəqib gücü istəmədən də olsa yaxınlaşdır. Həm Türkiyəni, həm də İranı bölmək hədəfində olan kürd məsələsi və arxaplanda bu məsələni qaşıyan İsrail təhdidi Ankara və Tehranı əməkdaşlığa sövq edir. İraq və Suriya proseslərində kürd muxtariyyətlərinin ortaya çıxması Türkiyə elitasında “İrandan sonra sıra bizə gələcək” düşüncəsini gücləndirib. Buna görə son illərdə Türkiyə elitası İranın təhlükəsizliyini öz təhlükəsizliyinin bir elementi kimi görməyə başlamışdı. Rəisi də Ankarada “Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir” sözləri ilə İran elitasında da bənzər yanaşmanın olduğunu dilə gətirdi.
Ortaq təhdidlərə baxmayaraq, ziddiyətli maraqlar iki ölkə arasındakı rəqabəti daha da kəskinləşdirir. İraq və Suriyanın dağılması iki ölkə üçün təhdidlə yanaşı, yeni “ağızsulandıran” fürsətlər də yaradıb ki, bu da daimi olaraq ikitərəfli problemlər deməkdir. Əslində İranın sərhədlərinə çatmadıqca İsrail-İran münaqişəsinin daha çox alovlanması Türkiyəyə çox sərf edir. Çünki İranın Yaxın Şərqə dolanan qollarının zəifləməsi Türkiyəyə regionda yeni manevr imkanları yaradır.
İranı Qara dənizdən, Türkiyəni isə Xəzər dənizindən ayıran Cənubi Qafqaz geosiyasəti isə ikitərəfli əlaqələri dalana dirəyən digər bir problemdir. Böyük ehtimal ki, Cənubi Qafqazda yeni reallıq formalaşacaq, iki ölkədən biri itirən tərəf olacaq. Nə İran, nə də Türkiyə ofsayda düşəcək və itirəcək tərəf olmaq istəmir. Hesab edirəm ki, bu məsələdə Rusiyanın mövqeyi həlledici olacaq.
Düşünürəm ki, bundan sonra da İran-Türkiyə əlaqələrində yenilik və ya sürpriz gözlənilməməlidir. Çünki iki ölkə arasında münasibətləri hökumətlərin spesifikası və ya həmlələri deyil, geosiyasi reallıqlar, ortaq təhdidlər və toqquşan maraqlar müəyyən edir.
@serqebaxis
İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisində AKP, MHP və CHP-nin dəstəyi ilə ratifikasiya edilib. Beləliklə də, NATO-nun yeni genişlənmə mərhələsi tamamlandı.
Deyərdim ki, Türkiyə rəhbərliyi bir ildən çoxdur çək-çevir etdiyi bu prosesi uğursuz yekunlaşdırdı. Əlbəttə ki, NATO-ya hansı ölkənin girib girməyəcəyi barədə qərarları birbaşa ABŞ verir. Türkiyə hökuməti də NATO-nun bu dəfəki genişlənmə periodunda xüsusi qazanc əldə edə biləcəyini düşünərək geniş manevrlər etməyə çalışdı. Fürsətcilliyi ilə tanınan Ərdoğan İsveçin üzvlüyü məsələsini ABŞ-a qarşı rıçaq olaraq istifadə edə biləcəyini düşünmüşdü. Amma son nəticədə bunun qarşılığında Vaşinqtondan real heç nə qoparıla bilinmədi. Bayden Administrasiyası İsveçin üzvlüyünün ratifikasiyasından sonra Türkiyənin F-16 modernizasiyası ilə bağlı istəyinə Konqresdə dəstək verilməsi üçün iş aparılacağına vəd verib. Təbii ki, bu vəd Konqresin dəstəyinə təminat vermir.
Görünən odur ki, artıq Ərdoğanın ABŞ və Rusiya arasında oynadığı ənənəvi balans oyununun kəsəri qalmayıb. Həm Vaşinqton, həm də Moskva Türkiyənin real imkanlarını və limitlərini yaxşı bilir. İqtisadi çətinliklər isə Ankaranın manevr qabiliyyətini olduqca məhdudlaşdırır.
Sanki Türkiyə qlobal miqyasda cərayan edən son proseslərə adaptasiya olmağa gecikir. Türkiyənin həqiqətən də bir çox köklü dəyişikliklərə ehtiyacı var…
@serqebaxis
Ötən gecə İsrail Ordusu Suriyada 2-si yüksək rütbəli zabit olmaqla, SEPAH-ın beş hərbi müşavirini öldürüb. İrandan verilən açıqlamada zabitlərin Qüds Qüvvələrinin kəşfiyyat xidmətinin rəhbər şəxslərindən olduğu bildirilib.
İsrail birmənalı şəkildə İranın Suriyada işləməsinə imkan verməyəcəyini göstərir. SEPAH-ın ən həssas xidmətinin baş zabitlərinin hərəkət istiqamətləri belə, İsrail tərəfindən müəyyən edilə bilir. Kəşfiyyat xidmətinin ifşa edildiyi ərazilərə digər iranlı zabitlərin göndərilməsi çox təhlükəlidir. Aydındır ki, İran öz ərazisindən kənarda baş verən sui-qəsdlərə görə müharibəyə getməyəcək. İranlılar bunu Qasım Süleymani örnəyində göstərdilər. Amma İsrailin Suriyada aqressivləşməsi, intensiv olaraq hərbi müşavirləri hədəf alması İranın Suriya strategiyasına olduqca mənfi təsir göstərəcək.
Hücumlar zamanı havadan müdafiə sistemlərini söndürən Rusiya ilə İsrail arasında bu məsələdəki anlaşmanın hələ də davam etdiyi görünür. Xatırlayıram ki, ötən il İsrail rəhbərliyi Ukraynaya hərbi dəstək verilməsinin Suriyada Rusiya ilə sözügedən anlaşmanı poza biləcəyindən çəkinirdilər. Bu, İsrail üçün olduqca vacib anlaşmadır, Ukraynaya görə bunu təhlükəyə atmamaqda haqlı idilər.
Geriya əsas bir sual qalır. Bəs İsrail birbaşa İran ərazilərini vuracaqmı? Daha maraqlı sual… İsrail vursa, İran buna necə qarşılıq verəcək?
@serqebaxis
Son hücuma cavab olaraq, Pakistan Ordusu bu gecə İran ərazilərinə zərbələr endirib. Pakistan tərəfi əməliyyatda İran ərazisindəki bəluç separatistlərinin hədəf alındığını bildirib. İran tərəfi isə hücum nəticəsində 4 qadın və 3 uşağın öldürüldüyünü açıqlayıb.
Pakistanın cavab addımı güzgü prinsipinə uyğun olaraq, adekvat və ölçülü oldu. Halbuki Pakistan İranın hücumlarına cəzalandırma və çəkindiricilik məqsədilə də cavab verə bilərdi. Bu halda Pakistan Ordusu SEPAH-ın son hücumu həyata keçirdiyi mövqelərə zərbələr endirməliydi. Təbii ki, belə bir cavab irimiqyaslı müharibəni qaçılmaz edəcəkdi.
Seçilmiş cavab addımında iki mesaj var: Pakistan münaqişənin zəif tərəfi olmayacaq; Pakistan irimiqyaslı müharibə axtarışında deyil. Bir sözlə, Pakistan həmlə sırasını İrana ötürdü. Yaradılan mənzərə budur ki, İran rəhbərliyi hansı addımı atırsa atsın, Pakistan eyni cavabı verəcək. İndi İran ya uzlaşma yoluna girməlidir, ya da eskalasiyaya getməlidir.
İki dövlət arasında irimiqyaslı müharibədən ən çox zərər görəcək ölkə sözsüz ki, regionla bağlı böyük iqtisadi planları olan Çin olacaq. Çinlilər vaxtında araya girib, ABŞ və Hindistanın benzin tökməyə çalışdığı alovu dərhal söndürməlidir…
@serqebaxis
Ötən gün İran İnqilab Keşikçiləri
Korpusu (SEPAH) Pakistanın Bəluçistan bölgəsinə dron və raketlərlə zərbələr endirib. İran tərəfi əməliyyatın hədəfinin ötən dekabr ayında Sistan və Bəluçistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb.
Pakistanda məskunlaşmış sələfi-cihadçı Ceyş-ül-Ədl qruplaşması 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. İran tərəfi Bəluç bölgəsindəki bu və bu tipli digər sünni-cihadçı qrupların Pakistan kəşfiyyatının nəzarətində olduğunu və arxaplanda Səudiyyənin dəstəyilə İranın stabilliyini pozmaq məqsədilə istifadə edildiyini hesab edir.
Zərbələr nəticəsində 2 uşağın öldürüldüyünü açıqlayan Pakistan tərəfi rəsmi kanallardan İranı sərt qınasa da, hücumlara qarşı müvafiq cavab tədbirləri görülməyib. Sərhədin 50 km dərinliyinə olunmuş hücumlar Pakistan dövləti və ordusunun reputasiyasına çox ciddi zərbədir. SEPAH-ın İraq və Suriya kimi çökmüş dövlətlərin ardınca Pakistana hücumu İslamabadın imicini ən aşağıya salır. Yəqin ki, Ordu bu hücuma adekvat cavab axtaracaq, lakin Hindistanla bitməyən münaqişə, Əfqanıstan sərhədlərində getdikcə böyüyən Taliban təhdidi, Bəluç separatizmi, daxildəki silahlı üsyanlar, illərdir davam edən daxili siyasi böhran və olduqca kəskinləşən iqtisadi problemlər fonunda, Pakistanın çox az inkişaf etmiş qərb sərhədlərində İranla böyük müharibəyə hazır olması inandırıcı görünmür.
Ancaq İranın hücumuna adekvat cavab verilməməsi də yeni hücumlara səbəb olacaq. Pakistan dövləti zəif görünməklə, yerləşdiyi coğrafiyada mövcudiyyətini davam etdirə bilməz. Zəiflik Pakistanın üz-üzə olduğu təhlükəsizlik təhdidlərinin şiddətini artıracaq.
Ümumiyyətlə, indiki gedişat yaxın gələcəkdə Pakistanda çox böyük proseslərin baş verəcəyinə işarə edir. Pakistan dövlətçiliyini ağır sınaqlar gözləyir.
@serqebaxis
Məlum olduğu kimi, Putinin arzusunda olduğu, ancaq baş tutmayan “SSRİ 2” xəyalı var idi. Anqlo Saksonlar Ukraynada, Çin isə Qazaxıstanda yeni “SSRİ”-nin yaranmasına qarşı çıxdı. Nə ABŞ, nə də Çinə güclənmiş bir Rusiya lazım deyil. Qazaxıstan və Ukrayna olmadan da “Böyük Rusiya” xəyalından danışmaq mümkün deyil.
2021-ci ildə Rusiya üçün tarixi bir momentum yaranmışdı, amma Putin bir çox şeyi doğru hesablaya bilmədi və “Birlik Dövləti” cəhdi uğursuz oldu. Nələr dəyişirsə dəyişsin, bilirik ki, rusların imperiya ambisiyaları dəyişməyəcək. Sözsüz ki, ruslar bir daha bu səhifəyə qayıtmaq istəyəcəklər, ancaq hadisələrin ən azı 7-8 il, bəlkə də 10 il təxirə düşdüyünü təxmin etmək olar. Qərblə Ukrayna münaqişəsinin həlli və Çinin Qazaxıstandan çıxarılması Rusiya üçün nə dərəcədə real görünür? Bu iki hədəfə çatmaq üçün Rusiyaya nə qədər vaxt lazımdır? 90-cı illərdə olduğu kimi, Rusiya yenidən toparlanana kimi şərtlər və sərhədlər dəyişə bilər.
Rusiyanın Şərqi Avropada ilişməsi və Mərkəzi Asiyada dayandırılması Cənubi Qafqaza da dinamika gətirdi. ABŞ, xüsusilə Fransa da bu regiona təsirlərini artırıb. Türkiyə, İran, Hindistan və s. Detalları bilirik.
Rusiya 17 dekabr 2021-ci il ultimatomu ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı “öz payı” elan etmişdi. Faktiki olaraq, Rusiyanın yemək istədiyi amma uda bilmədiyi “regionlar” uğrunda hazırda didişmə gedir.
Çeçenistan müharibəsinin caynağında olan Rusiyanı təhvil alan və ölkəni parçalanmaqdan xilas edən Putin, SSRİ sərhədlərinə qayıtmaqla, siyasi liderliyini zirvədə tamamlamaq və adını rus tarixinə qızıl hərflərlə yazdırmaq ambisiyasında idi. Əlbəttə ki, tarixin onun barədə hökmünü indidən təxmin etmək mümkün deyil, amma mən elə düşünürəm ki, Putinin liderliyi daima mübahisəli fiqur kimi “yaxşı idi, yoxsa pis idi” çəkişməsi kontekstində mühakimə olunacaq.
@serqebaxis
Prezident İlham Əliyev dünənki müsahibəsində dəhlizlərlə bağlı Azərbaycanın mövqeyinə iki yenilik gətirdi.
Birincisi, Mehridən keçən avtomobil yolu və dəmiryolu, yəni Zəngəzur dəhlizi (göy xətt) açılmadıqca, Azərbaycan Ermənistanla heç bir sərhəd qapısını açmayacaq. Bu, həm də Ermənistan-Türkiyə sərhədinə aiddir. Beləliklə də, dəhliz açılmasa, Ermənistanın blokadası davam edəcək.
İkincisi, Əliyev dedi ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi və nəzarət Rusiyada olmalıdır. Əslində bu müddəa 10 noyabr bəyanatında öz əksini tapıb, amma Azərbaycan rəhbərliyi ilk dəfə idi ki, bunu tam aydın dilə gətirdi. Rusiyanın rolunun qabardılması Qərbə olan ümidlərin söndüyünə işarədir. Rusiyanın dəhlizə nəzarəti yaxın və orta perspektivdə yaxşı nələrsə vəd etmir. 3 illik Laçın dəhlizinə nəzarəti boyunca Rusiyanın nələr etdiyi unudulmayıb. Amma üçüncü qüvvənin dəhlizə nəzarəti uzun perspektivdə bu ərazilərin ələ keçirilməsi üçün siyasi legitimlik yarada biləcək əsasdır. Məsələn, Rusiyanın dəhlizə nəzarəti və təhlükəsizliyi təmin edə bilməməsi, yeni bir “qüvvə”nin dəhlizə nəzarət zərurətini yaradacaq.
Digər önəmli bir məsələ… Prezident dedi ki, göy xətt işləkləşsə, İran ərazisindən keçən yola (yaşıl xətt) ehtiyac qalmayacaq. Prezident şəxsən özü İrəvan və Tehranı üz-üzə qoyur.
Bir sözlə, Əliyev göstərdi ki, Qərb və İrəvan mövqeyində dəyişiklik etmək və yumşalmaq istəmirsə, Azərbaycan dəhlizlərdə İran və ya Rusiya ilə işləməkdə bir problem görmür. Ya Azərbaycanın şərtləri qəbul ediləcək, ya da Rusiya və ya İranın istəkləri reallaşacaq…
Cənubi Qafqazda dəhlizlər məsələsi göründüyündən daha gərgindir…
@serqebaxis
3 aprel 1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədi hələ də açılmayıb. 44 günlük müharibədən sonra iki ölkə arasında start verilən yeni bir normallaşma prosesindən nəticə əldə oluna bilmir.
Bəziləri düşünür ki, sərhədlərin açılması və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın yeganə qurtuluş yoludur. Bu, Ermənistanın iqtisadiyyatını gücləndirəcək və ölkəni inkişaf etdirəcək. Paşinyan hakimiyyəti də Türkiyə ilə münasibətlərin normallaşmasını Rusiyadan asılılığın azaldılması üçün labüd hesab edir.
Belə əks-arqumentlər də var ki, Ankara ilə İrəvanın münasibətləri normallaşsa, iqtisadi əlaqələr artsa, Ermənistan getdikcə Türkiyənin orbitinə girəcək və iqtisadi ekspansiyaya məruz qalacaq. Beləliklə də, erməni kimliyi assimilyasiyaya uğrayacaq və Türkiyə bir müddət sonra erməni dövlətini “udacaq”. Bu narahatlıq erməni ictimaiyyətindəki revanşistlərlə diaspor erməniləri tərəfindən dilə gətirilir.
Hazırda sərhədlərin açılmasının qarşısındakı son əngəl kimi Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmaması göstərilir. Bununla belə, nəzərə almaq lazımdır ki, Türkiyənin şərtləri və üstünlüyündə keçəcək erməni-türk normallaşması Rusiya, İran və Fransa kimi dövlətlərin də maraqları ilə uyğunluq təşkil etmir. Bilirik ki, bu dövlətlər Ankara və İrəvan arasındakı ziddiyətlərdən faydalanır və normallaşma onlar üçün yaxşı heç nə vəd etmir. Düşünürəm ki, üçüncü tərəflərin müdaxiləsi normallaşma prosesinin yavaş irəliləməsinin əsas səbəbidir. Türkiyə hakimiyyəti Ermənistanı Rusiyanın nüfuz dairəsi kimi qəbul edir və bu məsələdə Moskvanın quyruğunu tapdalamaq istəmir. Barizdir ki, Rusiyanın bu proseslə bağlı qırmızı xətləri var. Türkiyə ilə normallaşma məsələsində Paşinyan hakimiyyətinə də Fransa və İrandan təzyiqlər olduğu bəllidir.
Əlbəttə ki, sərhədlər sonsuzadək bağlı qala bilməz, əvvəl-axır açılacaq. Lakin Türk sərmayəsinin Ermənistanda əl-qolunun tam açılması regionda geosiyasi reallıqları dəyişə biləcək potensialdadır və son nəticədə İrəvanın Ankaranın orbitinə sürüşməsinə gətirib çıxara bilər. Yəni, Türkiyə-Ermənistan münasibətləri Ermənistan-Azərbaycan münaqişəsindən daha böyük kontekstin parçasıdır. Ona görə də sərhədlər açılsa belə, düşünürəm ki, iki ölkə arasında tam normallaşma prosesi uzun müddət mümkün olmayacaq.
@serqebaxis
ABŞ dövlət katibi Blinken Yaxın Şərq turuna sabah Türkiyədən başlayacaq. Blinken noyabrdakı Türkiyə səfərində Ərdoğan tərəfindən qəbul edilməmişdi. Bu dəfəki səfərdə onun Ərdoğanla görüşəcəyi gözlənilir. Səfərin məqsədi İsveçin NATO üzvlüyünün təsdiqlənməsi ilə bağlı Türkiyə Parlamentindəki son vəziyyətin müzakirəsidir. Türkiyə tərəfi bunun qarşılığında modernləşdirilmiş F-16-ların satışı məsələsində Konqresdəki əngəllərin ortadan qaldırılmasını tələb edir. ABŞ hökuməti isə Konqresin razı salınması üçün Türkiyənin İsveç məsələsini yekunlaşdırmasının vacib olduğunu iddia edir.
ABŞ-Türkiyə müttəfiqliyinin gələcəyi həqiqətən də maraq doğurur. Hazırkı münasibətlər müttəfiqlik yerinə, bir-birinə güvənməyən iki tərəfin çəkişməsinə oxşayır. ABŞ doğurdan da Türkiyənin gələcəyini NATO-da görürsə, F-35, hətta F-16 qırıcılarının Türkiyəyə verilməməsi anlaşılmazdır. Çünki bu, NATO-nun bəlkə də ən önəmli cinahının zəiflədilməsi deməkdir. Digər tərəfdən, Türkiyə də amerikan F-16 qırıcılarının modernizasiyasını yerli istehsal qırıcılar erasına keçidin son mərhələsi kimi görür və yəqin ki, Türkiyə bundan sonra amerikan qırıcısı sifariş etməyəcək. Bu iki faktor - ABŞ-ın Türkiyənin hərbi gücünü zəiflətməsi və Türkiyənin yerli müdafiə sənayəsinə üstünlük verməsi Türkiyənin NATO-dakı gələcəyi ilə bağlı əsaslı suallar yaradır.
Məncə, bu məsələdə əsas mənzərəni Rusiya-Ukrayna münaqişəsinin sonluğu müəyyən edəcək. Ümumiyyətlə, bu müharibə təkcə Türkiyənin yox, NATO-nun da gələcəyinə birbaşa təsir edəcək. Müharibədən sonra Rusiya-Qərb arasında formalaşacaq yeni təhlükəsizlik balansı həm NATO-nun yeni formatını, həm də Türkiyənin bu konfiqurasiyadakı yerini və çəkisini müəyyən edəcək. Proseslərin gedişatı göstərir ki, ABŞ yeni konfiqurasiyada Türkiyəni Avropanın təhlükəsizlik arxitekturasının bir parçası kimi görmək istəməyə bilər.
@serqebaxis
İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimində törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 100-ü ötüb, yüzlərlə insan yaralanıb. İran Prezidenti Rəisi və bir sıra rəsmi şəxslər hücuma görə İsraili günahlandırıb.
İsrail rəsmilərinin “7 oktyabr”a görə İranı günahlandırdığını və Süleymani detalını nəzərə alsaq, həqiqətən də bügünkü hücumda qisas motivi ön plana çıxır. Görünür ki, İsrail Qəzzanı yerlə yeksan edib və HƏMAS-ın hücum gücünü neytrallaşdırıb Hizbullah və İrana yönəlmək niyyətindədir. Ötən həftə Suriyada önəmli generalı öldürülən İran, bu gün də ölkənin simvoluna çevrilmiş general Süleymaninin anım mərasimində hücumlara məruz qaldı.
İsrailin getdikcə daha da aqressivləşməsi və daxildə yüksələn intiqam tələbləri qarşısında İran rəhbərliyinin manevr imkanları elə də çox deyil. Bilirik ki, İran İsraillə münaqişədə uzun müddətə yaymaq, daha çox oyunçu cəlb etmək və özünə əlverişli anda həmlə etmək strategiyasını izləyir. Ancaq aydındır ki, İran reaksiyasız qaldıqca, cavab addımlarını gecikdirdikcə İsrail daha ağır birbaşa zərbələr seçəcək və İranın stabilliyini pozmağa və təhlükəsizliyini zəiflətməyə davam edəcək. İran isə daxili sabitliyi və təhlükəsizliyini təhdid edəcək bir oyuna uzun müddət göz yuma bilməz. Bir sözlə, İran rəhbərliyi regional müharibəyə gətirib çıxarmayacaq, daxili auditoriyanı sakitləşdirəcək, eyni zamanda İsrailin aqressivliyini dayandıra biləcək cavab tədbiri tapmalıdır.
@serqebaxis
Paşinyan hökuməti ilə soyuq müharibədə olan və Azərbaycanla sülhə qarşı çıxan erməni dini liderlər Yeni İl münasibətilə fərqli tonlarda mesajlar yayımlayıb.
Bütün ermənilərin ruhani lideri Katolikos II Qaregin dini səpkidəki açıqlamasında ermənilərin Qarabağa qayıtması üçün Ermənistan və Diaspor ermənilərinin səylərinin birləşdirilməsi və inancın gücləndirilməsi çağırışını edib.
Livan mərkəzli, Kilikya Böyük Evi Katolikosu I Aram isə olduqca aqressiv və bütünlüklə siyasi açıqlamasında Dağlıq Qarabağ səhifəsinin bağlanmadığını bildirərək, Qarabağ ermənilərinin öz müqəddaratını təyinetməsi uğrunda mübarizəyə davam etməyə, bu yolda Diasporanın rolunu gücləndirməyə və beynəlxalq aktorların dəstəyini qazanmağa çağırıb. Ermənistan hökumətindən yeni strategiya formalaşdırmağı tələb edən I Aram, sülh üçün güzəştlərə gedilməsini sərt tənqid edib. I Aramın sözlərinə görə, Ermənistan hökuməti Şərq və Qərb ilə münasibətlərində balanslı davranmasa, ölkə böyük güclərin mübarizə meydanına çevrilə və yeni ərazilər itirilə bilər. Deyə bilərik ki, II Qareginin mərkəziyyətçi mövqeyindən fərqli olaraq, I Aram öz açıqlamasında Diasporun radikal siyasi xəttini izləyib.
Paşinyan tərəfdarları Katolikos II Qaregini sabiq prezident Koçaryanın silahdaşı və Rusiyanın kadrı kimi təqdim edirlər. Paşinyan ölkə siyasətinə gətirdiyi inqilabi dəyişiklikləri Kilsəyə də tətbiq etmək istəsə də, hələ ki, buna gücü çatmır. Paşinyan tərəfindən ölkə siyasətində sıxışdırılan Kilsə və Diaspor isə hökumətə qarşı güclərini birləşdirib. Məncə, Hökumət-Kilsə-Diaspor üçlüsü arasındakı ənənəvi ittifaqın pozulması Ermənistanın mövqeyinin zəifləməsinin əsas səbəblərindən biridir. Ardıcıl məğlubiyyətlər “ittifaq” daxilindəki çəkişməni daha da kəskinləşdirib. Şübhəsiz ki, bu çəkişmənin sonunda ya Paşinyan Kilsəni zəiflədəcək və oturuşmuş elitalarını təmizləyəcək, ya da Kilsə Paşinyanın devrilməsinə nail olacaq.
Regional proseslərin real gedişatında Paşinyan hökumətinin mövqeyi başlıca rol oynasa da, Kilsə ilə müqayisədə siyasətçilərin müvəqqəti olduğu unudulmamalıdır. Kilsənin mövqeyinin siyasi çəkisi zəif olsa da, daha uzunmüddətlidir. Bununla yanaşı, sosial bazasını nəzərə aldıqda, Kilsə yaxın gələcəkdə fərqli siyasi qüvvələrlə ittifaq yaradıb yenidən əsas səhnəyə qayıda bilər. Bu mənada, Kilsənin siyasi mövqeyi hər zaman böyük önəm kəsb edir.
@serqebaxis
676-cı gününü dolduran Rusiya-Ukrayna müharibəsi 2023-cü ildə sonlanmasa da, ilin sonlarına doğru ilkin mənzərə ilə bağlı şərh vermək olar: aydındır ki, Ukrayna ərazi bütövlüyünü tam bərpa edə bilməyəcək. Daha pisi isə, mövqelərin 2022-ci ilin 23 fevralına, yəni müharibədən əvvəlki xətlərə qayıtmasının da real görünməməsidir. Bu da ona işarə edir ki, müharibə sonunda statuskvo dəyişəcək və yeni reallıqlar yaranacaq.
Yeni ərazilərin işğalı Rusiyanı qalib tərəf kimi göstərsə də, Ukraynanın dövlətçiliyini qoruması yekun və tarixi bir zəfəri ruslar üçün əlçatmaz edir. Müharibənin ukraynalılar üçün ən müsbət tərəfi paytaxtlarını və ölkənin Qara dənizə çıxışını Rusiya işğalından qoruya bilməkləridir. Lakin müharibə iqtisadiyyatına keçən və səfərbərliyini getdikcə artıran Rusiya da uzunmüddətli müharibəyə davam gətirəcəyini və daha böyük hərbi kampaniyaya hazırlaşdığını göstərir. Yəqin ki, tutduqları mövqelərdə möhkəmləndikdən sonra ruslar yeni ərazilərə göz dikəcəklər. Barizdir ki, Ukrayna üçün Kiyev və Odessa təhlükəsi sovuşmayıb. Son Belqorod hücumu onu göstərir ki, Ukrayna da partizan müharibəsi və arxa cəbhələrə sabotajlarla rusların möhkəmlənməsinə imkan verməməyə çalışacaq.
İntensivliyin azalması ilə bağlı bir çox şərhlərdən fərqli olaraq, Ukrayna cəbhəsində 2024-cü ilin çox qanlı keçəcəyini düşünürəm. Çünki Ukrayna münaqişəsinin əsas fazasına hələ keçilməyib. Çoxları diplomatik masanı işarə edir, amma masada nələr danışılacaq, Ukrayna nələrdən imtina etməlidir, Rusiyanın Ukraynadakı istəkləri diplomatik yolla təmin edilə bilərmi kimi suallar cavabsızdır. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi bir tərəfin tam süqutuna kimi davam edəcək, ona görə də bu müharibənin yekunu masada yox, meydanda müəyyən olunacaq.
@serqebaxis
Milli dövlət qura bilməmiş ən böyük millətlərdən olan kürdlər və onlar ətrafında cərəyan edən proseslər çağdaş Yaxın Şərqin ən ciddi stabillik problemlərindən biridir. Kürd əhali kompakt yaşadığı Türkiyə, İraq, Suriya və İran kimi region ölkələrinin hər birində başlıca milli təhlükəsizlik təhdidi kimi qəbul edilir.
Bu yazımızda Türkiyə kürdlərinin mövcud vəziyyətinə qısa bir baxış etmək istərdim. Rəsmi məlumat olmasa da, Türkiyədə kürd əhalinin nisbətinin 15-20 % intervalında olduğunu təxmin etmək olar. Bunu əvvəldən vurğulamaq lazımdır ki, Türkiyədəki kürdlərin heç də hamısı separatçı, ayrı bir müstəqil dövlət tərəfdarı deyil, sosial-iqtisadi, dini və başqa səbəblərə görə problemin Türkiyə çərçivəsində həll edilməsini istəyən kürdlərin sayı da yetəri qədərdir. Hər münaqişədə olduğu kimi bu münaqişə də Türkiyə cəmiyyətini mübarizə və uzlaşma tərəfdarları olaraq ikiyə bölür. Həm türk, həm də kürd əhali içində uzlaşma və mübarizə tərəfdarları var.
Məlum olduğu kimi, milli dövlət olan Türkiyədə qurucu millət və titul xalq türklərdir. “Türk” kimliyi ölkədəki digər etnik azlıqlar üçün üst kimlik kimi istifadə edilir, Türkiyə vətəndaşlarının hər biri türk sayılır. Sayları heç də az olmayan, azlıqların çoxluğu olan kürdlər isə türk üst kimliyi ilə təsvir edilmək yerinə, türklərlə bərabərhüquqlu və ayrı bir millət kimi qəbul edilmək tələbi irəli sürürlər. Yəni, kürdlər də ölkədə xüsusi status əldə etmək istəyirlər. Digər bir tələb isə kürd əhalinin çoxluqda olduğu cənub şərq bölgəsində yerli idarəetmənin gücləndirilməsi, kürdlərə inzibati və siyasi muxtariyyət verilməsidir.
Uzlaşmaçılar hesab edir ki, kürdlərin tələbləri nəzərə alınsa, qan tökülməsi dayanar, dövlətin parçalanması təhlükəsi sovuşar və cəmiyyət daha da inkişaf edir. Ərdoğan hökuməti 2009-2014-cü illərdə həyata keçirdiyi məşhur “Çözüm Süreci” ilə uzlaşmacı qrupların böyük dəstəyini qazansa da, proses sonda uğursuzluğa düçar oldu. Əslində Türkiyədə kürd məsələsinin ən böyük problemi budur: kürd məsələsi siyasi mənafələr üçün daima istismar edilir.
Uğursuzluğa baxmayaraq, proses nəticəsində kürdlər kürd dilində təhsil, kürd dilində televiziya kimi bir çox yeni imtiyazlar əldə etdilər. Ancaq “Türk” üst kimliyi məsələsində bir dəyişiklik olmadı. Uzlaşmaçılara görə, Türkiyə vətəndaşlarının “türk” yerinə, “türkiyeli” kimi adlandırılması daha məqbuldur. “Türk-türkiyeli” hazırda Türkiyədə kürd məsələsinin ən qaynar mübahisə mövzusudur.
Mövcud vəziyyətin davam etməsini və kürd müqavimətinin məğlub edilməsini istəyən statuskvoçu türk millətçiləri ilə kürdlərin ayrı bir dövlət yaratmasını istəyən separatçı kürdlər/kürdçülər isə mübarizə tərəfdarları (şahinlər) kimi qruplaşdırıla bilər. Türk millətçiləri kürdlərə veriləcək əlavə imtiyazların problemi həll etməyəcəyini, əksinə yeni tələblər yaradacağını, bunun da son nəticədə ölkəni parçalanmağa aparacağını bildirərək uzlaşma tərəfdarı olan türkləri xəyanətdə ittiham edirlər. Kürd separatçılar da problemin Türkiyə çərçivəsində həll oluna bilməyəcəyini, əlavə imtiyazların və ya “türkiyeli” olmağın kürdlərə yetərli olmayacağını, əksinə bu prosesin müstəqil kürd dövlətinin qurulmasını təxirə saldığını, gecikdirdiyini iddia edərək uzlaşmaçı kürdləri xəyanətdə günahlandırırlar.
Davam edəcək…
@serqebaxis
ABŞ və Rusiya arasındakı əlaqələri tarixi düşmənçilik aspektindən dəyərləndirənlər çoxluq olsa da, ikilinin arxaplanda bir-birindən faydalanan simbiotik münasibət yaşadığı barədə şərhlər də az deyil.
Bu məsələyə ən yaxşı şərhlərdən biri neo-marksizmin tanınmış nümayəndəsi İmmanuel Vallerşteynə məxsusdur. Vallerşteynə görə ABŞ və Rusiya arasında tandem iki böyük ideoloq - Vudro Vilson və Vladimir Lenin tərəfindən formalaşdırılıb. Vilson “dünyanı demokratiya üçün münbit hala gətirmək”, Lenin isə “fəhlə sinifini dünyada hakim etmək” propaqandası ilə dünya hakimiyyətinə iddia edirdi. Əslində zahirən bir-birinə zidd olan bu iki ideya, ruhən xeyli bənzər idi. Hər iki ideyanın kökü maariflənmə dövrünə gedir, hər iki ideya rasional idi, ağıl və təhsillə yaxşı cəmiyyət qurula biləcəyinə inanır, hər iki ideya gələcəyə sekulyar prizmadan baxırdı. Hər iki ideya zəif xalqlar üçün “öz müqəddaratını təyin etmə” idealını daşımaqla yanaşı, öz ideyasını sonda dünyadakı bütün xalqları əhatə edəcək universal bir çətir kimi təqdim edirdi.
Birinci Dünya müharibəsindən sonra ənənəvi imperiyalara qarşı ortaya çıxan Lenin və Vilsonun ideya müstəvisindəki Rusiya-ABŞ tandemi İkinci Dünya müharibəsinin sonuna doğru Stalin və Ruzvelt arasında Yalta Konfransı ilə zirvəyə çatdı və dünya bu iki qütb arasında ortaq maraqlar çərçivəsində bölündü. Yəni, ideya tandemi Yaltada praktiki reallıq qazanaraq maraq tandeminə keçid etdi. Və bu tandem o qədər güclü idi ki, SSRİ-nin 1990-cı ildə dağılmasınadək 45 il boyunca iki rəqib qütb arasında müharibəyə gətirib çıxarmadı.
Vallerşteynin bu və digər təsbitləri əsasında deyə bilərik ki, ABŞ XX əsr boyunca Rusiyanı öz qlobal yüksəlişinin dayaq nöqtəsi kimi istifadə edib və bu strategiyada uğur əldə edib. Əvəzində isə Rusiya ABŞ-ın girmək istəmədiyi və ya girə bilmədiyi regionları öz nəzarətinə alaraq, həm genişləyib, həm də ikiqütblü nizamda stabilləşdirici rol oynayıb, eyni zamanda bu regionlarda ikiqütblü nizamı dağıda biləcək üçüncü qüvvələrin yüksəlməsinin qarşısını alıb. İddiam budur ki, ikili arasında aparılan ikibaşlı oyunu pozan məhz üçüncü qüvvənin, yəni, Çinin yüksəlişə keçməsi oldu. Çinin yüksəlməsi həm ABŞ-ın, həm də Rusiyanın payına yeni şərikin yaranması və eyni zamanda ikitərəfli balansdakı oyunun qaydalarının üçtərəfli oyunda keçərli olmaması demək idi.
Davam edərik…
@serqebaxis
Ukrayna müharibəsinin ilk dövrlərində Avropa gücləri arasında kəskin anlaşmazlıqlar bariz şəkildə hiss edilir, Britaniya-Fransa, Almaniya-Polşa arasındakı “qədim” mübarizələr artıq ictimaiyyət qarşısında aparılırdı. Bir il və ya il yarım sonra bu mübarizələr söndürüldü, daha doğrusu ictimaiyyətin önündən yığışdırıldı. Sözsüz ki, arxaplanda prosesləri cilovlayan Amerika Birləşmiş Ştatları idi.
ABŞ-ın Avropada oynadığı rol barədə mənfi və müsbət bir çox şərhlər var. Mən müsbət tərəfindən baxılmasının daha önəmli olduğunu düşünürəm. Etiraf etməliyik ki, Avropa müasir beynəlxalq sistemdə tərəqqi və inkişaf yaşayan azsaylı qitələrdən biridir. Bu yaxınlarda Avropanın baş diplomatı Cozef Borrell Qoca qitədəki nizam-intizamı nəzərdə tutaraq Avropanı bağ-bağata bənzətmiş, dünyanın digər regionlarını isə cəngəllik adlandırmışdı. Çox tənqid olunsa da, Borrelin bənzətməsində müəyyən həqiqətlərin olduğunu qəbul edirəm.
Bəs Avropanın tərəqqi və inkişafının səbəbi nədir? Niyə İkinci Dünya müharibəsindən bəri Avropada müharibə olmur? Bəziləri bunu Avropanın liberalizm ideologiyası ilə, bəziləri liberal demokratiya sistemi ilə, bəziləri iqtisadi inteqrasiya ilə, bəziləri isə passivizm və humanizm kimi dəyərlərin rəhbər tutulması ilə əlaqələndirir. Mən hesab edirəm ki, bunlar ikinci dərəcəli faktorlardır. Ən önəmli məsələ ABŞ-ın Avropaya hərbi protektorluğudur. Vahid dominant gücün liderlik etməsi təhlükəsizlik qayğılarını arxaplana atır, bununla da tərəqqi və iqtisadi inkişaf mümkün olur. Bir sözlə, Avropalılar “Pax Americana”nın (ABŞ-ın hegemonluğunun yaratdığı stabillik) qaymağını yeyirlər.
Mənim fikrimcə, Avropada müharibələrin olmamasını ideologiya, idarəçilik sistemi, iqtisadi inteqrasiya və dəyərlərlə açıqlamaq mənzərəni məqsədli şəkildə təhrif etməkdən başqa bir şey deyil. Avropada müharibə ona görə olmur ki, texniki olaraq NATO daxilində müharibənin baş verməsi mümkünsüzdür. ABŞ İkinci Dünya müharibəsindən sonra həm hərbi cəhətdən, həm passivizm kimi dəyərlərin təbliği ilə təfəkkür cəhətdən, həm də inkişafı təmin etməklə iqtisadi cəhətdən Avropanı demilitarizasiyası etməyi bacarıb.
Mənim iddiam budur ki, ABŞ qoşunlarını Avropadan çıxardıqdan sonra Qoca qitədə böyük bir münaqişənin alovlanması heç 10 il çəkməyəcək. Xüsusilə, Polşa-Almaniya cəbhəsinin alovlanması ən yüksək ehtimaldır. Amma ABŞ-ın Avropadan hərbi cəhətdən çıxması yaxın perspektiv üçün real bir gözlənti deyil.
@serqebaxis
Yəmən Husilərinin Qırmızı dənizdəki hücumlarından və buna cavab olaraq, ABŞ rəhbərliyində donanma koalisiyasının bölgədə başlatdığı Rifahın Qoruyucuları və Poseydon Oxçusu əməliyyatlarından sonra Süveyş kanalından keçən dünya ticarət gəmiçiliyi minimuma enib və Asiyadan Avropaya gedən gəmilər Afrikanın cənubuna, Ümid Burnuna istiqamətlənib. Gəmilərin uzun məsafəli marşruta yönəlməsi yüklərin daşıma müddəti və ən əsası xərclərini xeyli artırıb.
Əslində ABŞ-ın Qırmızı dənizi hərbiləşdirmə məqsədlərindən biri də ticarət gəmiçiliyində bu problemi yaratmaq idi. Amerikanlar düşünürdü ki, yükdaşımaçılıqda məsafənin və xərcin artması həm Avropa, həm də Çini təlaşa salacaq və avropalılar ABŞ liderliyindəki koalisiyaya qoşulacaq, Çin isə Husilərə geri çəkilmələri üçün təzyiq göstərəcək. Ancaq həm avropalılar, həm də çinlilər hərəkətə keçmək yerinə, “əlavə xərc” çəkməyə razı görünürlər. Təbii ki, ABŞ-ın təzyiqindən sonra avropalılar “yola gələcək”lər. Ancaq Çin məsələsi fərqlidir.
Ənənəvi olaraq, amerikanlar BMT-dən mandat almamış, dünya lideri statusunu nümayiş etdirmək üçün dünyanın ən strateji bölgəsində təktərəfli hərbi əməliyyata başlayıblar. Bu əməliyyatlara dəstək vermək və ya bu çərçivədə hərəkətə keçmək, addım atmağa çalışmaq birbaşa və dolaylı olaraq ABŞ-ın dünyanın və dənizlərin hegemonu rolunu qəbul etmək, onu legitimləşdirmək deməkdir. Təbii ki, Çin ABŞ-ın Qırmızı dənizi blokadaya salmasına görə təlaşlandığını göstərib Husiləri geri oturtmaq istəməz. Bu, həm Çinin zəifliyini göstərər və təşəbbüsün ABŞ-da olduğunu sübut edər, həm də Çinin Afrika və Yaxın Şərqdə formalaşdırmağa çalışdığı imicə zərbə vurar. Aydındır ki, bunun yerinə, Çinlilər artıq xərcə düşməyi üstün tuturlar.
Görünən odur ki, Pekin qlobal siyasi böhranlarda təşəbbüskarlığa hələ də hazır deyil və çinlilər “qarışmamaq” mövqeyinə hələ bir müddət daha davam edəcəklər.
@serqebaxis
Qərb cəbhəsində Ukraynadan sonra Rusiya-NATO toqquşmasının qaçılmaz olduğu barədə müzakirələr başlayıb. Xüsusilə, Baltik ölkələri bu təhdidlə bağlı iynə üstündədir. Əlbəttə ki, ilk baxışda Rusiyanın NATO ərazisinə hücum etməsi real görünmür. Ancaq bu iddia sadəcə bir faktora əsaslanır: ABŞ-ın Avropanı qorumaq imkanları. Qoca Qitənin əksər ölkələrinin, xüsusilə Rusiyaya sərhəd olan kiçik dövlətlərin özünü qorumaq potensialı yoxdur və onlar təhlükəsizlik məsələsində gözünü tam olaraq ABŞ-a dikib.
Sözsüz ki, ABŞ öz nəzarətindəki Avropa torpaqlarını sona qədər qorumağa çalışar. Lakin burada bir başqa məsələ ortaya çıxır. Rusiyanın Avropada hücuma keçdiyi vaxtda Çin də Asiyada hücuma keçsə, Vaşinqtonun hər iki cinahdakı mövqelərini qorumaq imkanları varmı? Təsadüfi deyil ki, hazırkı ABŞ milli təhlükəsizlik strategiyası məhz eyni anda baş verə biləcək iki fərqli müharibəyə görə tərtib olunub: ölkənin hərbi gücü bir müharibədə qalib gəlmək, digərində isə çəkindiricilik yaratmağa görə hazırlanıb.
Təbii ki, bunlar kağız üstündə hesablamalardır, müharibə meydanında reallıqlar fərqli olur. Əgər ABŞ-ın hər iki cəbhəni qorumağa hərbi potensialı çatmayacaqsa, onda aktiv iki cəbhədən birində güzəştə getməli olacaq. Belə bir ssenaridə Vaşinqton hansı güzəştə üstünlük verər: Rusiya qarşısında Baltik ölkələri, yoxsa Çin qarşısında Tayvan? Yəqin ki, çoxumuzun cavabı Baltik ölkələridir.
Həm Vladimir Putin, həm də Si Cinpin tarixə düşmək ambisiyasında olan liderlərdir. Putin Baltik dənizi sahillərinə çıxaraq SSRİ-nin sərhədlərini bərpa etmək xəyalları ilə yaşayır, Si Cinpin isə Tayvanı Pekinə tabe etdirərək Çinin birləşdirməsi ilə öz adını tarixə qızıl hərflərlə yazdırmaq arzusundadır. Putin və Si Cinpin öz hədəflərinə çatmağın yeganə yolunun eyni anda hücum etmək olduğuna qərar versələr, ABŞ liderliyindəki Qərb bloku iki cəbhədə müharibəyə hazır olacaqmı? Xüsusilə, ABŞ-ın gözlənilməz daha bir cəbhədə - Yaxın Şərqdə İsraili qorumağa məcbur edildiyi bir vaxtda?
İndiki reallıqlarda ABŞ üçün ən sərfəli taktika Pekin və Moskvanın eyni anda hücum edəcək qədər yaxınlaşmasına imkan verməmək və ya müttəfiqləri güclənənədək müştərək hücumu mümkün qədər gecikdirməkdir. Belə olan halda, ya Putinə ciddi güzəştlərə gedilməlidir, ya da Si Cinpinə. Əlbəttə ki, Rusiya və Çin liderləri də başa düşür ki, ABŞ-a qarşı açıq müharibəyə girişmək olduqca böyük, bəlkə də ölümcül risklər daşıyır. Barizdir ki, ABŞ Ordusu geri çəkilməyə məcbur olsa belə, rəqiblərinə çox ağır zərbələr vuracaq. Belə olan halda, həm Pekin, həm də Moskva müştərək hücum təhdidi ilə Vaşinqtondan ciddi güzəştlər qoparmağı, real bir müharibəyə girişməkdən daha üstün saya bilərlər. Hər nə olsa da, Çin və Rusiya arasında dərin etimad problemlərinin olduğu da heç kimə sirr deyil. Eyni zamanda, Rusiya və Çin 80 il əvvəl Almaniya və Yaponiyanın tətbiq etdiyi müştərək hücum strategiyasının hansı nəticələr verdiyini ən yaxşı xatırlayan ölkələr olmalıdır…
Aydındır ki, Vaşinqton Çin yerinə, daha zəif rəqib olan Rusiyaya güzəştə getməyə daha çox üstünlük verir, həmçinin bu güzəşti birbaşa toqquşmaya getmədən daha limitli miqyasda etmək istəyir. Bu xüsusda, ABŞ-ın Ukrayna cəbhəsində masaya oturmağa hazırlaşdığını görürük. Yəqin ki, Rusiyanın Avropaya hücumu barədə müzakirələrin ortaya atılması Ukraynada diplomatik masanın ən münasib çıxış yolu olduğu barədə Qərb ictimaiyyətindəki təsəvvürü gücləndirmək məqsədi daşıyır. Gələcək barədə qorxu yaratmaq bugünü idarəetməyin ən əlverişli üsullarından biridir…
@serqebaxis
Fransa-Azərbaycan gərginliyi kuliminasiya nöqtəsinə çatıb. İki ölkə arasındakı diplomatik qarşıdurma artıq parlamentlərarası müstəviyə keçib. Ötən həftə Fransa Senatı yekdilliklə hökumətə Azərbaycana qarşı sanksiya tətbiq etmək çağırışı edib. Buna cavab olaraq, Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr komitəsi də hökumətə ölkədəki fransız investisiyasının hədəf alınması barədə çağırış edib.
Burada xüsusilə, Total şirkətinin adının hallanması önəmlidir. Ənənəvi olaraq, Azərbaycan hakimiyyəti ölkədəki transmilli şirkətlərin fəaliyyətini siyasi gərginliklərin komponenti kimi istifadə etmirdi. Ötən ay XİN rəhbəri C.Bayramov “Total şirkətinin fəaliyyətinə yenidən baxılacaqmı” sualına “Azərbaycanla Fransa arasındakı gərginliklə qeyd olunan məsələ qarışdırılmamalıdır, şirkətlərin fəaliyyəti kontrakt saziş və beynəlxalq müqavilələrlə tənzimlənir” cavabını vermişdi. “Total” adının parlament vasitəsilə səhnəyə çıxarılması Fransa-Azərbaycan gərginliyinin nə dərəcədə kəskinləşdiyini göstərir. Bu addım Fransa hökuməti ilə yanaşı, “Total” şirkətinə də mesaj verir ki, “Azərbaycanda işləməyə davam etmək istəyirsənsə, hökumətinizə lazımi təzyiq göstərin ki, sizin maraqlarınızı da nəzərə alsın”…
Bəs, Fransa Azərbaycandan nə istəyir və Azərbaycandakı iqtisadi maraqlar Parisin Cənubi Qafqaz siyasətinə təsir edəcəkmi? Bilirik ki, Fransanın regional siyasəti Ermənistan mərkəzlidir. Paris Ermənistanı həm Avropa İttifaqına daxil etmək, həm də bu ölkənin hərbi qarantoruna çevrilmək istəyir. Fransa rəhbərliyində belə qənaət var ki, vaxtında müdaxilə edilməsə, Ermənistan türk qonşuları ilə ya normallaşacaq, ya da onlar tərəfdən işğal olunacaq. Bu iki prosesin nəticəsi mahiyyətcə Fransa nəzdində eynidir. Xarici siyasətində “əzilən xristianların himayəçiliyi” ilə bağlı tarixi missiya olan Fransa üçün Türkiyə ilə düşmən “xristian” bir ünsürün Cənubi Qafqazda mövcudluğunu qoruması çox önəmlidir.
Yəni, Fransanın Cənubi Qafqaz strategiyası Ermənistanı Rusiyadan qoparmaqla yanaşı, Türkiyə-Ermənistan normallaşmasına mane olmağa hesablanıb. Bu məqsədlə də Paris Azərbaycan-Ermənistan münaqişəsini canlı saxlamağa çalışır. Bu münaqişənin davam etməsi həm Ermənistan-Türkiyə normallaşmasına imkan vermir, həm də Ermənistan qarşısında Azərbaycan təhdidini gücləndirərək Fransanın İrəvana hərbi dəstəyini zəruri edir.
Düşünürəm ki, belə bir geosiyasi oyunda, yeni nizamın qurulma mərhələsində Azərbaycandakı bir neçə milyardlıq iqtisadi mənafə Fransa üçün çəkindiricilik yaratmaz. Fransanın regiondakı maraqları Ermənistan və Azərbaycandan daha böyük müstəvidə, Türkiyə və Rusiyaya görə hesablanır. Ona görə də Parisin Azərbaycana qarşı iqtisadi sanksiya yoluna getməsi sürpriz olmayacaq…
@serqebaxis
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İsrailin tam təhlükəsizliyi üçün Fələstin dövlətinin yaradılmasına ehtiyac var və fələstinlilər bu dövlətin effektiv funksionallığı üçün İsrail dövləti ilə işləməyi bacarmalıdır. Bunlar mənim ikidövlətli sülh yolu variantında eşitdiyim ən absurd yanaşmalardır. Blinken faktiki olaraq, Fələstinin mövcudluğunu İsrailə indeksləyir, İsraildən asılı, muxtar bir dövlət yaradılmasını təklif edir. Əlbəttə ki, belə bir güc balansında İsrail Fələstin dövlətinin yaranmasına imkan verməyəcək. Düşmənin dövlətləşməsi və beynəlxalq subyekt kimi qəbul edilməsi onun leqallaşması və legitimləşməsi deməkdir ki, məcbur olmadıqca heç bir dövlət buna razı olmaz. Həm İsrail, həm də Fələstin eyni torpaqların bütününə iddia edir. Ya İsrailin, ya da Fələstinin mövcud ola biləcəyi bu tipli oyunda hansı tərəfə nə qalacağını ancaq münasib güc balansı müəyyən edə bilər.
HƏMAS-ın sabiq lideri Xalid Meşal iddia edirdi ki, onlar İsraillə uzunmüddətli atəşkəsə hazırdır, ancaq əvvəlcə münasib güc balansının qurulması zəruridir. Meşal Misiri örnək göstərirdi ki, Qahirə 1967-ci ildə İsrail qarşısında rüsvayçı məğlubiyyətdən sonra təslim olmadı və 1973-cü ildə Yom Kippur müharibəsində mövqelərini xeyli yaxşılaşdırandan sonra İsraillə uzunmüddətli sülhə getdi. Meşala görə, Fələstinin də bənzər hərbi uğura ehtiyacı var. Məncə də Meşal realist prizmadan haqlıdır. Ancaq fakt odur ki, İsraillə hər müharibə Fələstinin əleyhinə işləyir, fələstinliləri getdikcə daha çətin vəziyyətə salır. Ötən 80 ildə fələstinlilər güc tərəzisinin daima itirən gözündə olublar…
Blinken həm də deyib ki, Yaxın Şərq turunda ziyarət etdiyi bütün ölkələr ABŞ-ın İsrail-HƏMAS müharibəsinin sonlandırılması üçün masada olmasını istəyib. Blinkenin sözlərinə görə, hazırda ABŞ-a böyük tələb var və Vaşinqtonla əməkdaşlıq etmək hər zamankından daha qazanclıdır. Bu fikirlər ABŞ-ın İsrailə müstəsna hərbi dəstəyinin səbəblərini çox yaxşı izah edir…
@serqebaxis
Qəzza müharibəsi 100-cü gününü geridə qoydu.
İsrail Ordusunun 365 kv. kilometrlik Qəzzada hərbi uğur qazanmasının asan olmuyacağı bəlli idi. 20 ilə yaxındır ki, HƏMAS və İslamçı qrupların nəzarətində olan Qəzza zolağının 2 milyondan çox əhalisi, mürəkkəb tunel şəbəkəsi və yeraltı sığınacaqları davamlı bir hərbi işğalı mümkünsüz edir.
İsrail hərbi-siyasi rəhbərliyi HƏMAS-ı hərbi yolla məğlub etmək yerinə, daha sadə yol seçib: Qəzza və qəzzalılar məhv edilsə, HƏMAS da olmuyacaq. Yəni, İsrailin strategiyası Qəzzanı fələstinlilər üçün yaşayışa yararsız hala gətirməkdir. Hər nə qədər tunellərdən müqavimətə davam etsələr də, fələstinli silahlı qruplar sosial bazalarını təşkil edən qəzzalıların dəstəyi olmadan məğlubiyyətə məhkumdurlar.
ABŞ-ın və güclü yəhudi lobbisinin müstəsna dəstəyi İsrailin maddi-texniki çətinliklərini həll edir və üzləşə biləcəyi beynəlxalq təzyiqləri neytrallaşdırır. Beləliklə də, İsrail Qəzzada mülki infraktrukturu tamamilə məhv edəcək addımlar ata bilib. İsrail üçün geridə bir əngəl qalıb: milyonlarla qəzzalıdan qurtulmaq.
Qəzzalılarla bağlı İsrail qarşısında iki variant var: ya deportasiya, ya da eksterminasiya…
@serqebaxis
Bir neçə saat öncə ABŞ-Britaniya qüvvələri Yəməndəki Husi hədəflərinə qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan zərbələr endiriblər. Ağ Evdən verilən açıqlamada əməliyyatın 9 yanvarda Amerikan gəmilərinə və ümumilikdə son aylarda Qırmızı dənizdə üzən ticarət gəmilərinə qarşı hücumlara cavab olduğu bildirilib.
Əlbəttə ki, bu tipli əməliyyatların effektiv nəticə verməsi gözlənilmir. Məqsəd effektivlik olsaydı gözlənilməz hücumlar edilərdi. Bir gündən çoxdur ki, dünya mətbuatı ABŞ-ın belə bir əməliyyat keçirəcəyi barədə xəbərlər paylaşırdı. Əməliyyatın əvvəlcədən xəbər verilməsi barədə iki şərh vermək olar: birincisi, hücumlara qarşı Husilər də müvafiq müdafiə hazırlığı görsün, beləliklə də hücum sonrasında eskalasiya olmasın; ikincisi, əməliyyat hərbi nəticələrdən daha çox ictimai rəyə və imicə hesablanıb.
Hesab edirəm ki, ABŞ-ın əsas məqsədi gövdə göstərişidir və beynəlxalq suların qorunması ilə bağlı supergüc öhdəliyini yerinə yetirəcəyinə dair müttəfiq və rəqiblərinə mesaj göndərilir. Əməliyyatda Britaniyanın yer alması bu mesajla əlaqəlidir: Anqlo-saksonlar hələ də dənizlərin hegemonudur.
Xatırlayıram ki, 2018-ci ildə ABŞ-Britaniya-Fransa qüvvələri Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə cavab adı altında Suriyaya qarşı da bu tipli dekorativ əməliyyat keçirmişdi. Fransanın bu dəfəki əməliyyatda yer almaması ötən 5 ildə Qərb cəbhəsində baş verənləri yaxşı xarakterizə edir.
@serqebaxis
İrəlidəki günlərdə İsrailin Livanı işğalı, İsrail Ordusu ilə Hizbullah arasında irimiqyaslı müharibə qaçılmaz görünür. 3 aydır sərhəd toqquşmaları müstəvisində davam edən döyüşlərdən sonra İsrail Livanda yüksək rütbəli Hizbullah zabitlərini “ovlamağa” başlayıb. İsrail Ordusunun Qəzza zolağından yavaş-yavaş çəkilərək qoşunlarını şimala istiqamətləndirilməsi və İsrail rəhbərliyinin Livanı rəsmi olaraq növbəti hədəf kimi göstərməsi irimiqyaslı müharibənin xəbərçisidir.
İsrail rəsmiləri 2006-cı il müharibəsini bitirən BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qətnaməsində nəzərdə tutulduğu kimi, Hizbullah qoşunlarının Litani çayının şimalına çəkilməsini tələb edir. Əlbəttə ki, Hizbullahla yanaşı, Livanın suverenliyini gündəlik əsasda pozan İsrailin özü də 1701 nömrəli qətnaməyə məhəl qoymur. Aydındır ki, Litani çayının şimalı məsələsi İsrail üçün “casus belli” (müharibə bəhanəsi) kimi istifadə olunur.
İsrail rəhbərliyinin 7 oktyabrdan sonra psixoloji üstünlüyü ələ keçirən Hizbullaha ağır zərbə vurmadan hərbi kampaniyanı yekunlaşdırmaq istəmədiyi bəllidir. Dini motiv daşıyan İsrail-Ərəb münaqişəsində, İsrail-İran çəkişməsində, ümumilikdə Yaxın Şərqdə psixoloji üstünlük çox böyük əhəmiyyət kəsb edir. İsrail yaşadığı “ağır travma”nı Livana da sıçratmağa çalışacaq. Bu, birmənalıdır.
Əslində hakimiyyətdəki İsrail sağının genişmiqyaslı müharibə motivasiyası anlaşılandır. Böyük müharibə İsrailin bölgədəki hərbi, siyasi və psixoloji üstünlüyünü və tam müstəqilliyini qoruya biləcək yeganə ssenaridir. İsrail hakimiyyəti həm 7 oktyabr travması fonunda, həm də yəhudi lobbisinin əlinin ən güclü olduğu bir vaxtda - Amerikan seçkiləri ərəfəsində böyük müharibə ilə ətrafındakı İran və proksilərini tam zəiflədə biləcəyini hesablayır. Ola bilsin ki, İsrail üçün belə bir fürsət bir də ələ düşməsin.
@serqebaxis
Fransa XİN-in Ukraynanın Belqoroda hücumlarını “işğalçıya qarşı özünümüdafiə haqqı” adlandırmasından sonra Paris və Moskva arasında diplomatik gərginlik yaşanır. Məlum olduğu kimi, 39 mülki ukraynalının həyatına son qoymuş Rus Ordusunun raket hücumlarına cavab olaraq, Ukrayna Ordusu tərəfindən Rusiyanın Belqorod şəhərinə həyata keçirilmiş hücumlar nəticəsində 25 mülki rus öldürülmüş, yüzdən çoxu yaralanmışdı. Əlbəttə ki, nə Rusiya, nə də Fransanın mülki şəxslərin öldürülməsindən gileylənməyə, bunu qınamağa mənəvi haqqı yoxdur. Bu yazının mövzusu işğala məruz qalan ölkənin işğalçıya qarşı mülki şəxslərinin öldürülməsi daxil olmaqla, bütün haqlara malik olub olmaması və bunun beynəlxalq müstəvidə dəstəklənməsidir.
Məsələn, Rusiya Ukraynanı işğal edib və rus ordusu ukraynalı mülki şəxsləri öldürür deyə, Ukraynanın Rusiyadakı mülki obyektlərə, mülki şəxslərə hücum etməsi legitimdirmi? Burada iki cavab var:
- Bəli, işğala və işğalçıya qarşı hər bir mübarizə üsulu, hər növ hücum legitimdir.
- Xeyr, istənilən halda, müharibədə iştirak etməyən mülki şəxslər birbaşa hücumların hədəfi olmamalıdır.
Hazırda Ukraynaya birincini şamil edən Fransa, Azərbaycandan Ermənistana qarşı daim ikinciyə uyğun davranmağı tələb edib. Qarabağda erməni işğalının davam etdiyi bir vaxtda Fransa Ermənistanı qorumaq üçün Aİ müşahidəçilərini Azərbaycan-Ermənistan sərhədinə göndərmişdi. Halbuki, Fransanın Ukraynadakı yanaşmasına görə, Azərbaycanın işğalçı Ermənistana qarşı istədiyini etmək haqqı olmalı idi. Digər örnək, hücuma məruz qalan İsrail tərəfindən fələstinli mülki şəxslərin kütləvi öldürülməsini özünümüdafiə haqqı kimi qəbul edən Qərb ölkələri, İsrail işğalına qarşı mübarizədə HƏMAS-ın və ya digər fələstinli qrupların israilli mülki şəxsləri hədəf almasını qınayır. Daha bir sual: ABŞ liderliyindəki Qərb koalisiyasının İslam ölkələrini işğal etməsinə cavab olaraq, cihadçı qrupların Qərb ölkələrində bombalar partladaraq mülki insanları qətlə yetirməsi legitim müdafiə haqqıdırmı?
Qərb dövlətləri sırf öz siyasi maraqlarına sərf edir deyə Ukrayna və İsraildə müasir beynəlxalq nizamda əvvəllər qınadıqları bəzi məsələlərin legitimləşdirilməsindən çəkinmir. Bu da Qərbin məşhur “qaydalara əsaslanmış” nizam iddiasının artıq geridə qaldığını, hazırda “maraqlara əsaslanmış” nizamı yaşadığımızı göstərir. Məncə, gündəmdəki maraqların təmininə hesablanmış bu tipli yanaşmalar ağır nəticələrə səbəb olacaq. Çünki qlobal proseslər “presedent”lər üzərində irəliləyir.
@serqebaxis
“İslam Dövləti” ( sabiq İŞİD) qruplaşması İranın Kerman şəhərindəki terror hücumunun məsuliyyətini öz üzərinə götürüb. Qruplaşmanın media orqanından verilən açıqlamada hücum zamanı 2 kamikadzenin özünü partlatdığı bildirilib. Kamikadzelərin Əfqanıstandan İrana daxil olduğu ehtimal edilir.
İŞİD-in araya girməsi İran və İsrail arasındakı eskalasiya ehtimalını səngidir. Hücumun ilk saatlarında birbaşa İsraili günahlandıran İran rəsmiləri İsrailə müvafiq cavab verilməsi ilə bağlı məsuliyyət altına girmişdi. İran mənbələri İsrail və İŞİD arasında dolaylı əlaqənin olduğunu bildirsələr də, İŞİD-in məsuliyyəti öz üzərinə götürməsindən sonra İranın İsrailə birbaşa cavabının legitimliyi zəifləyir. Yəqin ki, bu, İran rəhbərliyi üzərindəki daxili təzyiqi də yüngülləşdirəcək. Bir sözlə, İranın terrora görə İsrailə dərhal və adekvat cavab vermək məcburiyyəti ortadan qalxdı.
İstənilən halda, Əfqanıstanda Taliban qarşısında tənəzzül yaşayan İŞİD-in İranda, dövlət əhəmiyyətli anım mərasimində iki kamikadze ilə belə bir miqyasda terror törədə bilməsi İranın təhlükəsizlik xidmətindəki boşluğa işarə edir. Görünür ki, İran şərq sərhədlərindən gələn təhdidləri hələ də neytrallaşdıra bilməyib. Yəqin ki, İranın cavab tədbirləri Əfqanıstan ərazilərinə də keçəcək. Bu mənada, son hücum, İran-Taliban münasibətlərinə də təsirsiz ötüşməyəcək. Bəlkə də İŞİD-in hücumu məhz, İran-Taliban arasındakı gərginliyi alovlandırmağa hesablanıb.
@serqebaxis
HƏMAS-ın liderlərindən olan Saleh əl-Arurinin Livanda öldürülməsi hər şeydən öncə İsrail tərəfindən Hizbullaha meydan oxuma idi. Barizdir ki, İsrail hökuməti Livana hücum etmək niyyətindədir və Hizbullahın buna əsaslı bəhanə verməsini istəyir. Noyabr ayında Hizbullah lideri Həsən Nəsrallah fələstinli liderlərin Livanda hər hansı bir sui-qəsdinə çox ağır reaksiya verəcəklərini bildirmişdi. İddia olunur ki, Aruri Nəsrallahla görüşmək üçün Livana gəlibmiş. Nəsrallahın sabahkı çıxışı ərəfəsində Arurinin öldürülməsi Hizbullah liderini daxili və xarici auditoriyada çətin vəziyyətdə qoyur.
İsraillilər Arurini İranın HƏMAS-dakı əsas adamı kimi təqdim edirlər. Qasım Süleymaninin öldürülməsinin ildönümündə Arurinin sui-qəsdə uğraması İsrail Ordusu və Kəşfiyyatının imicini gücləndirmək baxımından önəmli idi. Bir çoxları eskalasiya gözləsə də, hətta, Süleymani sui-qəsdinə ani reaksiya verməyən İran və proksi qruplarının Aruri üçün total hücuma keçməsi inandırıcı deyil.
İddialara görə, İsrail Aruriyə sui-qəsd planı ilə bağlı ABŞ rəhbərliyinə məlumat verməyib. Sui-qəsddən dərhal sonra Blinkenin bu həftə İsrailə nəzərdə tutulan səfəri təxirə salınıb.
Arurinin öldürülməsi ona işarə edir ki, İsrail hökuməti tərəfindən ordu və kəşfiyyata HƏMAS-ın liderlərinə qarşı sui-qəsd edilməsi üçün yaşıl işıq yandırılıb. Bu məsələnin ən təhlükəli hissəsi, İsrail rəsmilərinin HƏMAS liderlərinə qarşı Türkiyədə də sui-qəsd gerçəkləşdirməyə hazır olduqlarını bildirməsidir. Belə bir sui-qəsd Türkiyə üçün çox böyük prestij itkisi olacaq. Ərdoğan başda olmaqla, Türkiyə rəhbərliyi məsələ ilə bağlı İsrailə qarşı çox sərt xəbərdarlıqlar edib və ağır qarşılıq veriləcəyini bildirib. Ancaq bütünlüklə ABŞ-ın himayəsində olan İsrailə qarşı Türkiyənin hansı cavab tədbirləri seçəcəyi də açıq bir sualdır. İstənilən halda, belə bir ssenaridə potensial Türkiyə-İsrail toqquşması region üçün yaxşı heç nə vəd etmir.
@serqebaxis
Son illərdə aktuallaşan “Qərbi Azərbaycan” mövzusunun hesablandığı kontekst və mümkün sonluq bir çoxumuza maraqlıdır. Önə çıxan şərh budur ki, Azərbaycan hökuməti Qarabağdan çıxan erməni əhalinin Azərbaycana geri dönüşü barədə tələblərə qarşı qərbi azərbaycanlılar mövzusunu gündəmə gətirir. Həqiqətən də, bu kontekst çox vacibdir və məncə də dəstəklənməlidir. Bundan əvvəl də bu barədə yazmışdım, erməni əhalinin milli azlıq haqları azərbaycanlı əhalinin milli azlıq haqlarından ayrıca və üstün bir məsələ olmamalıdır, problem həll ediləcəksə, bu ikisi arasında paralellik olmalıdır.
Amma və lakin, məsələ milli azlıq kontekstində dəyərləndiriləcəksə, terminologiyada “Qərbi azərbaycanlılar” yerinə, “Ermənistan azərbaycanlıları”nın istifadəsi daha məqbul olardı. Çünki “Qərbi Azərbaycan” termini milli azlıq məsələsi ilə yanaşı, ərazi iddiasını da özündə ehtiva edir. Deməli, ya terminologiyadan düzgün istifadə edilmir, ya da əsas məqsəd təkcə, milli azlıq konteksti ilə məhdudlaşmır.
Haşiyədən kənara çıxaq… Məncə, bir çoxumuz anlayır ki, “Qərbi Azərbaycan” mövzusu geniş kontekstdə Azərbaycanın müstəqil dövlətçiliyinin gələcəyinin də önəmli bir parçasıdır. Əsas müttəfiqimiz Türkiyə ilə birbaşa quru sərhədimizi yaranmadıqca, 1920-ci il kabusu daima başımızın üzərində yaşayacaq. 1920-cı il kabusu dedikdə Cənubi Qafqazın tam olaraq Moskvanın təsirinə düşməsi nəzərdə tutulur. Əyri oturaq, düz danışaq.. Ukraynada ilişməsəydi, Rusiyanın artıq “Birlik Dövləti” konsepsiyası reallaşmışdı, hansı ki, bu konsepsiyada Cənubi Qafqazın tam olaraq Rusiyanın qanadları altına qayıtması planlaşdırılırdı. Ukraynada işini həll etdikdən sonra Rusiyanın bu plana qayıdacağına şəxsən mən şübhə etmirəm.
Türkiyə ilə birbaşa sərhədlərin yaranması 1920-ci il təhlükəsini birdəfəlik sovuşduracaq iddiasında deyiləm. Amma ən azından Azərbaycanın müstəqilliyi üçün real qurtuluş şansı vəd edən ən böyük ehtimal budur. Məncə, bunun iki mümkün yolu var. İlk yol budur ki, Ermənistan KTMT-dən ayrılır və NATO-ya qoşulur. Beləliklə də, Azərbaycan NATO ilə qonşu olur və Azərbaycan-Türkiyə arasında sərhədlər yaranır. Bu, sülh yoludur.
İkinci yol isə Azərbaycanın güc yoluyla Zəngəzur bölgəsini Ermənistandan almasıdır. Əlbəttə ki, bu ssenaridə Azərbaycan beynəlxalq müstəvidə işğalçı statusuna düşəcək və ölkəmizə qarşı Qərbdən sərt iqtisadi cəza tədbirləri tətbiq ediləcək. İranın da məsələ ilə mövqeyi barizdir və cənub qonşumuzun verəcəyi reaksiyanı təxmin etmək çətin deyil. Ən əsası, Qarabağ münaqişəsinin sonlanmasından sonra Cənubi Qafqaza təsir imkanları zəifləyən Rusiyanın “Zəngəzur münaqişəsi”nin alovlanmasında maraqlı olduğu, yeni bir münaqişə vasitəsilə regionda nüfuzunu bərpa etmək arzusu da bir çoxumuza sirr deyil. Yəni, Zəngəzur həmləsində yağışdan çıxıb, yağmura düşmək təhlükəsi var. Lakin tərəzinin digər gözündə daima 1920-ci il kabusunun olduğu da unudulmamalıdır.
Çox taleyüklü bir perioda yaxınlaşırıq. Bu periodda veriləcək qərarları tarix və gələcək nəsillər hərtərəfli mühakimə edəcək. Necə ki, biz indi 1920-ləri mühakimə edirik. Sözsüz ki, bu periodda əsas amal dövlət müstəqilliyinin qorunmasıdır və hesab edirəm ki, bunun üçün çox böyük risklərə də getmək olar…
@serqebaxis
Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair bugünkü brifinqdə Fransa-Azərbaycan əlaqələrinin tarixinin ən pis dövründən keçdiyini bildirdi. İki ölkə arasında əlaqələr diplomatların qarşılıqlı qovulması səviyyəsinədək düşüb. Münasibətlər səfirlərin geri çağırılması mərhələsinin bir addımlığındadır… Yəqin ki, bu mərhələyə keçid də çox çəkməyəcək.
Fransa həqiqətən də Cənubi Qafqazda çox açıq oynayır… C.Bayramov dedi ki, Fransa artıq erməni hökumətinin mövqeyini belə nəzərə almadan, öz yanaşmalarıyla İrəvandan daha çox Ermənistanın maraqlarından çıxış edir.
Fransanın Cənubi Qafqazdakı maraqları erməniliyin himayədarlığı ilə bağlı tarixi rol, Avropa İttifaqının bölgəyə doğru genişlənməsi, Türkiyə ilə geosiyasi rəqabət, Rusiyanın Cənubi Qafqazda sıxışdırılması və digər səbəblərlə açıqlanır. Maraqlı məqam, Ukrayna və İsrail cəbhələrində ilişən ABŞ-ın Cənubi Qafqaza diqqətinin azalması fonunda Fransanın bölgədəki aktivliyini artırmasıdır. Barizdir ki, hazırda Fransa hərbi-siyasi cəhətdən Ermənistana yerləşməyi, Cənubi Qafqazda real gücə çevrilməyi ən çox istəyən Qərb dövlətidir. Fransızlar həm Rusiyanın, həm ABŞ-ın başının qarışdığı bu situasiyada Cənubi Qafqazdan özünə pay çıxara biləcəyinə inanır. Belə görünür ki, hakimiyyətinin son illərində Makron Cənubi Qafqaza yerləşməklə, Fransa xarici siyasətində özünü xatırladacaq miras yaratmaq istəyir.
Gərginliyin ən təhlükəli hissəsi Fransanın Azərbaycanı, Azərbaycanın isə Fransanı regionda yeni müharibə alovlandırmaqda günahlandırmasıdır. Fransızlar iddia edir ki, Azərbaycan yeni bir müharibə ilə Ermənistan ərazilərini ələ keçirmək istəyir. Paris bu iddianı əsas göstərərək Ermənistanın müdafiəsini gücləndirmək üçün silah satışına başlayıb. Azərbaycan isə Fransanın Ermənistana silah verməklə, İrəvandakı revanşistləri yeni müharibəyə həvəsləndirdiyini iddia edir.
Bəs regionda real olaraq yeni müharibə təhlükəsi varmı? Verilən son diplomatik mesajlar sülh sazişinə çox yaxın olduğumuza işarə edir. Lakin meydanda güc balansındakı qeyri-bərabərlik müharibə ehtimalını canlı saxlayır. Bununla belə, mən düşünmürəm ki, Ermənistan rəhbərliyi Fransaya güvənərək yeni bir müharibəyə başlasın və ya müharibəyə gətirib çıxara biləcək addımlar atsın. Əslində Ermənistanın ehtiyatlı davrandığı belə bir vəziyyətdə, Fransa üçün regionda balanslı oynamaq daha qazanclı görünür, nəinki təktərəfli oynamaq. Amma Paris Azərbaycanla münasibətlərini sıfır dərəcəsinə kimi endirir. Maraqlıdır ki, fransızlar başqalarının görmədiyi hansı məqama görə, Azərbaycanla açıq oynuyur?…
@serqebaxis
İran hökuməti Mərakeşdə keçirilmiş Rusiya-Ərəb Forumunun yekun sənədində İran-BƏƏ arasında münaqişəli Böyük və Kiçik Tunb, Əbu Musa adalarının müzakirəyə çıxarılmasını sərt tənqid edib. İran tərəfi 1971-ci ildən bəri de-fakto nəzarət etdiyi adaların suverenliyini heç bir halda müzakirə etmək istəmir. BƏƏ isə adaların özünə məxsus olduğunu bildirərək İranı işğalçı adlandırır və bütün beynəlxalq tədbirlərdə bu mövzunu gündəmə gətirməyə çalışır.
BƏƏ tərəfinin Mərakeş görüşünün bəyanatını Rusiyanın dəstəyi kimi şərh etməsi İranı hiddətləndirib. Görüşdən sonra Lavrov iranlı həmkarına zəng edərək, İranın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini bildirsə, sözügedən 3 adanın bu suverenliyə daxil olub olmadığına toxunmayıb.
Maraqlıdır ki, artıq neçənci dəfədir Rusiya çoxtərəfli bəyanatlarda, İran-BƏƏ adalar münaqişəsində Ərəbləri dəstəkləyən mövqe sərgiləyir. Yayda analoji dəstəyə görə Rusiyanın Tehrandakı səfiri İran XİN-ə çağrılmışdı. Ukrayna müharibəsində göstərilmiş silah dəstəyi fonunda zirvədə olan İran-Rusiya münasibətlərinə baxmayaraq, Moskva açıq şəkildə BƏƏ tərəfdən mövqe sərgiləyir. Onu da qeyd etmək yerinə düşər ki, müharibə boyunca Rusiya ilə iqtisadi münasibətlərini qoruyan BƏƏ də, ağır iqtisadi təcridlə üzləşən Moskva üçün çox böyük önəm kəsb edir. Amma təkcə bu amil Rusiyanın adalar münaqişəsindəki mövqeyini izah etmək üçün yetərli deyil.
Belə şərh var ki, Rusiya üçün Ərəbləri öz tərəfinə çəkmək daha vacibdir, çünki Ərəblərin Qərbə tərəf sürüşmək ehtimalı da var. İran isə istənilən halda Qərblə münasibətlər qura bilmir, təktərəfli davranır, Ərəblər kimi manevr imkanları yoxdur, bu səbəbdən Rusiya Ərəblərin könlünü almaq naminə İranın quyruğunu tapdalamaqdan çəkinmir. Bu iddianı dəstəkləyən önəmli bir fakt Çinin də münaqişəli adalar məsələsində Rusiya kimi, BƏƏ-nin istəyinə uyğun mövqe göstərməsidir. Ötən dekabrda keçirilmiş Çin-Körfəz Sammitinin yekun bəyanatında həmin adalar mübahisəli yerlər kimi təsvir edilərək, məsələnin beynəlxalq hüquq və legitimlik çərçivəsində həll edilməsi maddəsi öz əksini tapmışdı. İran buna cavab olaraq Çinin Tehrandakı səfirini XİN-ə çağıraraq rəsmi etirazını çatdırmışdı. Beləliklə, Çin də Körfəzin dəstəyini qazana bilmək və Ərəbləri Qərbdən uzaqlaşdırmaq üçün İranı ikinci plana atmaqdan çəkinmir.
İstənilən halda, Çin və Rudiya kimi yaxın və önəmli tərəfdaşlarının qarşı tərəfi dəstəkləməsi İranın mübahisəli adalar üzərindəki iddialarının beynəlxalq legitimliyinə zərbə vurur və Tehran bu münaqişədə təklənir. Deyə bilərik ki, bu təklənmə beynəlxalq arenada tək tərəfə oynamağın, özünə manevr imkanlarını saxlamamağın nəticəsidir.
@serqebaxis
Hazırda regionumuzda dəhlizlər məsələsi ilə bağlı çox maraqlı, eyni zamanda təhlükəli çəkişmə gedir.
Məlum olduğu kimi, regiondakı kommunikasiyaların açılması çərçivəsində iki rəqib variant aktualdır:
1. Ermənistan üzərindən keçərək Naxçıvan MR ilə Azərbaycanın materik hissəsini birləşdirəcək, Azərbaycan-Türkiyə arasında yeni bir bağlantı yaradacaq nəqliyyat dəhlizi (tünd göy xətt)
2. İran üzərindən keçəcək, Naxçıvan MR ilə Azərbaycanın materik hissəsini birləşdirən ənənəvi istiqaməti müasirləşdirəcək nəqliyyat dəhlizi (tünd yaşıl xətt)
Həm region ölkələrinin, həm də qlobal güclərin bu məsələdə ayrı-ayrı baxışları var.
Ermənistan və Rusiya arasındakı problem daha unikaldır. Rusiya göy xəttin 10 noyabr bəyanatına uyğun olaraq rus hərbçilərinin nəzarətində açılmasını tələb edir, Ermənistan isə suverenlik prinsipinə uyğun olaraq yolun öz nəzarətində açılmasını istəyir.
İran və Türkiyənin də baxışları maraqlıdır. Bir-birinə güvənməyən bu iki regional güc nəqliyyat dəhlizi oyununda uduzmaq istəmir. İran yaşıl xəttin açılmasını istəməklə yanaşı, göy xəttin reallaşmasına ümumiyyətlə qarşı çıxır. Aydındır ki, göy xətt İranın alternatividir və bu xəttin açılmasından sonra yaşıl xətt funksiyasını böyük ölçüdə itirəcək. İrandan asılı qalmaq istəməyən və Xəzər dənizinə alternativ çıxış əldə etməyə çalışan Türkiyə isə yaşıl xəttin açılıb açılmamasına baxmayaraq, göy xəttin mütləq şəkildə açılmasını istəyir.
Okeanın o tayından da İran istiqamətinə qarşı çıxıldığı məlumdur. ABŞ Ermənistanı ofsayda salacaq və İranı regionda gücləndirəcək yaşıl xətti istəmədiyini açıq şəkildə dilə gətirir, amma yəqin ki, amerikanlar göy xəttin açılmasından sonra bu yolun Rusiyanın nəzarətinə keçməsi ehtimalından da ehtiyatlanırlar.
Çin göy xətdə maraqlı görünür, çünki Asiya nəhəngi onsuzda İran istiqamətindən istifadə edir, İrandan keçməyən yeni bir alternativ yol Pekin üçün daha sərfəli olar.
Gürcüstan isə nə göy xətti, nə də yaşıl xətti istəmir.
Dəhlizlər oyununda Azərbaycanın mövqeyi həlledici olacaq deyə düşünürəm. Elə buna görə də Azərbaycan ehtiyatlı davranır. İstər rus nəzarəti, istər erməni nəzarəti olsun, göy xətt Azərbaycan üçün daha sərfəli görünür, çünki onsuzda İran istiqaməti hər zaman açıq olub, göy xətt isə yenilikdir. Amma Azərbaycan bəlli səbəblərə görə, Rusiya və Ermənistan arasındakı dəhlizə nəzarət çəkişməsində tərəf olmaq istəmir. Əslində gözlənilmədən yaşıl xəttin ortaya atılması Azərbaycan tərəfdən maraqlı taktiki həmlə idi. Çünki göy xəttə alternativ variantın ortaya çıxması Rusiya, Ermənistan və İrəvanın Qərbdəki dəstəkçiləri üzərində ciddi təzyiq yaratmaqla yanaşı, İran və Ermənistanı qarşı qarşıya qoyur.
Dəhlizlər oyununun nəticəsi regionun gələcək geosiyasi mənzərəsinin əsas dinamikalarını müəyyən edəcək. Heç kimin uduzmaq istəmədiyi bu oyun stabillik və inkişaf vəd etməklə yanaşı, regional miqyasda qaynar toqquşma təhlükəsi də daşıyır.
@serqebaxis
Mətbuatda yazılanlara görə, Husilərə qarşı ABŞ rəhbərliyində 39 ölkənin yer alacağı yeni bir donanma koalisiyası formalaşdırılır.
Qəzza müharibəsinin əsas qazananlarından biri sözsüz ki, Husilərdir. Şimali Yəmənin strateji yüksək dağlıqlarına nəzarət edən Husilər həm İsrailə qarşı birbaşa hücumlarla, həm də Qırmızı dənizin hərbi və mülki lojistikasını iflic etməklə gündəmə gəlir və imicini gücləndirir. Husilər dünyanın ən strateji təbii keçidlərindən biri olan, dar kontekstdə Qırmızı dənizlə Ərəbistan dənizini birləşdirən, geniş kontekstdə isə Hind Okeanı ilə Aralıq dənizi arasında gəmi nəqliyyatını təmin edən Süveyş kanalına keçidə imkan verən Bab əl-Məndəb boğazına nəzarət etməklə yanaşı, yerləşdikləri yüksək dağlıqdan Səudiyyə və BƏƏ-nin zəngin neft yataqlarını, Fars körfəzini İran mənşəli uzunmənzilli raketlər və dronlarla hədəf ala bilirlər.
Husilərin hərbi aktivliyi nəticəsində Qırmızı dənizdən axan ticarət bu gün tamamilə dayandırılıb. Qırmızı dənizdəki durğunluq dünyadakı hər 5 konteynerdən birinin keçdiyi, dünyanın illik ticarətinin 12 %-ni və ən əsası, dünya neft daşınmasının 10 %-ni təmin edən Süveyş kanalının iflic olması deməkdir ki, təbii ki, ABŞ buna göz yuma bilməz. Xüsusilə, seçkilər yaxınlaşdıqca ölkəsindəki yüksək yanacaq qiymətlərini endirməyə çalışan Bayden hökuməti Fars körfəzinin neftini Avropaya daşıyan əsas dəniz yolunun tıxanması ilə çox çətin vəziyyətə düşə bilər. Avropanın neftsiz qalmasından sonra yanacaq qiymətlərində kəskin artış qaçılmaz olacaq.
Amma və lakin, ABŞ və tərəfdaşlarının Husilərə qarşı hərbi müdaxiləsi ilə bağlı seçimlər elə də çox deyil. Təbii ki, Husilərin nəzarətindəki yüksək dağlıq ərazilərə quru əməliyyatının keçirilməsi mümkün deyil. Husilərin dron və uzunmənzilli raketləri buraxdığı ayrı-ayrı kiçik hərbi nöqtələrin müəyyən edilərək bombalanması da effektiv olmayacaq. Ən əsası, ABŞ-ın dənizdən Husi ərazilərini vurması Husiləri Səudiyyə və BƏƏ şəhərlərini və neft yataqlarını vurmağa təhrik edə bilər ki, bunun özü də böyük bir neft böhranına səbəb olacaq təhdiddir.
Bildirilir ki, ABŞ tərəfindən formalaşdırılacaq NATO müttəfiqləri və bir neçə Ərəb ölkəsinin yer alacağı anti-Husi donanma koalisiyası əsasən Yəmən sahillərindən keçən ticarət gəmilərinin təhlükəsiz ərazilərə kimi müşayiət edilməsini nəzərdə tutur. Təbii ki, bu da Qırmızı dənizdəki daşınma sürətinin yavaşlaması və xərclərin artması deməkdir. İstənilən halda, yəqin ki,ABŞ “dənizlərin hegemonu” olaraq qlobal dəniz ticarətinin təhlükəsizliyinin təmin edilməsini özünün prestiji kimi görür.
Belə görünür ki, il sonuna doğru Qırmızı dəniz planetin ən qaynar regionlarından biri olacaq.
@serqebaxis