İranın Suriyadakı səfirliyinin konsulluq binasına endirilmiş aviazərbələr nəticəsində SEPAH-ın Qüds Qüvvələrinin 2 generalı və 5 zabiti öldürülüb. Hücumun İsrail tərəfindən təşkil olunduğu şübhəsizdir.
İsrail son 10 ildir mütəmadi olaraq, Suriya ərazisindəki İran hədəflərinə aviazərbələr endirir. HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrail Suriya və Livanda yüksək rütbəli İran zabitlərini hədəf almağa başlamışdı. Ancaq bu dəfəki hücumun məzmunu tamamilə başqadır. Çünki diplomatik binalar İran ərazisi sayılır. Yəni, bu hücum birbaşa İrana qarşı təşkil olunub.
Aydındır ki, İsrail İranı açıq müharibəyə çəkmək istəyir. İran isə bir anda alovlanan açıq müharibə yerinə, dolayı, vaxtaşırı gərginləşib səngiyən, uzunmüddətli və geniş cəbhəyə yayılmış qarşıdurmalara adaptasiya olub.
İran hər nə qədər birbaşa toqquşmadan yayınsa da, İsrailin bu tipli hücumları İran rəhbərliyi qarşısında üç istiqamətli təzyiq yaradır. Birincisi, generallar və yüksək rütbəli zabitlərin ölümünə layiqli cavab verilməməsi daxildəki təhlükəsizlik qüvvələrində ruh düşkünlüyü yaradır və hakimiyyətə qarşı inamı sarsıdır. İkincisi, Suriya, Livan və İraqdakı proksi qüvvələrində Tehrana qarşı etimadsızlıq güclənir. Üçüncüsü də İsrailin nə istədiyi tam bəllidir, İran birbaşa toqquşmadan yayındıqca və çəkindiricilik yarada bilmədikcə, İsrail hücumların kəsərini və miqyasını daha da artıracaq. Bu gün səfirliyi vuran İsralin növbəti etaplarda birbaşa İran ərazilərini vuracağı barizdir. İsrail İranı ənənəvi oyununu dəyişməyə və səhvə yol verməyə məcbur etmək istəyir.
ABŞ-ın Yaxın Şərqdəki irimiqyaslı regional toqquşma istəməməsi İsrail və İran arasında mümkün müharibənin önündəki yeganə əngəldir. Hələ ki…
@serqebaxis
Paşinyanı hansı sonluq gözləyir, tarixə necə düşəcək, mənə çox maraqlıdır. Müharibədə məğlub olmasına və Qarabağa nəzarəti itirməsinə baxmayaraq, Ermənistan kimi militarist və radikal millətçi cəmiyyətdə hakimiyyətini qoruya bildi. Mənə görə, bunun əsas səbəbi, Paşinyanın cəmiyyətə gələcək üçün ümid vəd edə bilməsidir. Gələcəyə dair ümid verə bilmək iqtidarı qorumağın sütunlarından biridir. Parlaq gələcək barədə ümidlər bugünün uğursuzluqlarını gözardı etdirə bilir.
Rusiyanın ölkəyə təsirini zəiflətməyə çalışan Paşinyan Qərbə doğru getdikcə daha iri addımlar atır. Gələn həftə sonu ABŞ-Aİ-Ermənistan konfransı keçiriləcək. Maraqlıdır ki, Paşinyanın Qərbə doğru bu qədər açıq oynamasına baxmayaraq, Rusiya rəhbərliyi hələ də Paşinyan barədə ölçülü danışır, əsasən inciklik, şikayət və giley xarakterli açıqlama verirlər. Halbuki “rusofobiya” və “denazifikasiya” kimi sehrli sözlər var ki, bunlar Rusiyanın həmin ölkəyə qarşı dözümünün son həddə olduğuna işarə edir. Paşinyanın Qərbdən dəstək alaraq KTMT-dən çıxmaq, Ermənistandakı rus sərhədçilərin fəaliyyətini azaltmaq və rus hərbi bazalarını tənqid etmək kimi ciddi addımlar atmasına baxmayaraq, Rusiya hələ də Ermənistana dözüm göstərir.
Bunun iki açıqlaması ola bilər: birincisi, Ermənistanda Paşinyan hakimiyyətinə hələ də alternativ yoxdur, Rusiya Paşinyanın devrilməsindən sonra ölkədə anti-Rusiya əhval-ruhiyyəli xaos başlaya biləcəyindən ehtiyatlanır ki, şübhəsiz Qərb bu alova benzin tökməkdə tərəddüd etməyəcək. Rusiya öz hərbi bazalarının yerləşdiyi, özünün hərbi və iqtisadi orbitində olan Ermənistanda idarə edə bilməyəcəyi bir xaosu qətiyyən istəməz. Bu, Rusiya üçün yeni cəbhənin açılması deməkdir. Beləliklə də, Paşinyan cəmiyyət nəzdində nüfuzdan düşənədək və yeni bir rusyönümlü alternativ ortaya çıxanadək Rusiya gözləmə mövqeyində qalmağı seçib.
İkincisi də Rusiya rəhbərliyi coğrafi reallıqlar və iqtisadi faktorlar fonunda, Ermənistanın son nəticədə tam asılılıqdan çıxmasının və Qərbə yönəlməsinin mümkün olmadığını düşünürlər. Bu səbəbdən Paşinyana görə, Ermənistan cəmiyyəti, kilsə, ordu və erməni diasporu ilə Rusiya arasında münasibətləri tam pozmaq istəmirlər. Paşinyanın Qərb macərasının istənilən verməməsi Ermənistandakı rusyönümlüləri gücləndirərək, yenidən hakimiyyətə gətirə bilər. Təxminən, Gürcüstana bənzər bir ssenaridən söhbət gedir. Bəlkə də son nəticədə məhz Paşinyan özü ilə Rusiyanın yolları yenidən kəsişəcək.
İstənilən halda, Paşinyan hazırda Cənubi Qafqazın dinamikasıdır. Paşinyanın siyasi taleyi Cənubi Qafqazın yeni mənzərəsini müəyyən edəcək.
Suallarla dolu bir gecədən sonra Rusiya təhlükəsizlik qüvvələri Moskvadakı terroru törədən silahlıların Bryansk vilayətində ələ keçirildiyini açıqlayıb. Silahlıların Tacikistan əsilli olduğu bildirilir.
FSB-dən verilən ilk açıqlamada silahlıların Rusiya-Ukrayna sərhədini keçməyə çalışdığı və Ukrayna tərəfi ilə müvafiq təmaslarının olduğu vurğulanır.
Terror aktının ilk dəqiqələrindən etibarən, rus mediası “Ukrayna” versiyasını ön plana çıxarırdı. FSB-dən verilən ilk açıqlamalar da bu yöndədir. Putin hələ çıxış etməsə də, görünən odur ki, Rusiya rəhbərliyi Ukrayna variantı üzərindən davam edəcək və buna uyğun cavab tədbirləri görəcək. Dünən müzakirə etdiyimiz kimi, hadisənin real motivlərindən daha çox, Rusiya rəhbərliyinin dəyərləndirməsi və rus ictimaiyyətində yaranacaq reaksiya önəmli olacaq.
Rusiyanın iddiası doğrudursa, Ukraynanın bu terroru törətməkdə məqsədi nə idi? Düşmən ölkənin paytaxtında terror və sabotaj yoluyla qorxu və panika yaratmaq bir çox müharibələrdə istifadə olunan metoddur. Bu tipli əməllər düşmən cəmiyyətdə ölkə rəhbərliyi və təhlükəsizlik qüvvələrinə olan etibarı sarsıtmağa hesablanır.
Əgər Rusiyanın ilkin versiyası doğru deyilsə, onda Rusiya rəhbərliyinin günahı Ukrayna üzərinə yıxmağa çalışmasının məqsədi nə ola bilər? İstənilən halda, ortaya çıxan panika və qorxu mütləq şəkildə nəzarətə alınmalı və lazımi məqsədlərə yönəldilməlidir. Rusiya rəhbərliyi bu terrordan sonra ictimaiyyətdəki panika və qorxunu Ukrayna ilə müharibəyə yönəldərək, cəmiyyətin bu müharibəyə olan emosional dəstəyini gücləndirmək istəyə bilər. Bu da son nəticədə, Ukraynadakı hərbi kampaniyanın miqyasını daha da genişləndirməyi legitimləşdirə bilər.
Dünəndən bəri bir neçə dəfə təxirə salınmış Putinin teraktla bağlı xalqa müraciəti yəqin ki, bir çox önəmli məqamlara aydınlıq gətirəcək.
@serqebaxis
Moskvada konsert zalında dəhşətli terror aktı törədilib. İlkin məlumatlara görə, əli silahlı şəxslərin hücumu nəticəsində onlarla mülki şəxs qətlə yetirilib. Teraktların müxtəlif məqsədləri olsa da, adətən iki məqsəd ön plana çıxır: qisas və ya hədəf auditoriyada qorxu/panika yaratmaq.
Moskvada terror aktının törədilməsi bir çoxları üçün sürpriz olmadı. Martın əvvəlində ABŞ başda olmaqla, bir sıra Qərb dövlətlərinin Moskvadakı səfirlikləri terror aktının törədiləcəyi barədə xəbərdarlıq etmişdi. 8 mart tarixində Moskvadakı ABŞ səfirliyindən verilən açıqlamada növbəti 48 saat ərzində “konsertlər daxil olmaqla” vurğusu ilə, əhalinin kütləvi toplaşdığı ərazilərdə terror ola biləcəyi barədə xəbərdarlıq olunmuşdu. 19 martda Rusiya Prezidenti Putin sözügedən xəbərdarlıqların “şantaj və rus cəmiyyətində qeyri-stabillik yaratmaq” məqsədi daşıdığını bildirmişdi. Gözlənilən terror aktı 22 martda törədildi.
8 mart və 22 mart tarixi arasındakı əsas fərq sözsüz ki, Putinin səlahiyyət müddətini uzadan seçkilərdir. Bu baxımdan seçkidən əvvəl xəbərdarlıq edilmiş, seçkidən sonra törədilmiş bir terror aktının siyasi mesajlar daşıdığı şübhəsizdir.
Qərb kəşfiyyatının ictimailəşdirdiyi bir təhdidi 2 həftə boyunca müəyyənləşdirə bilməyən Rusiya kəşfiyyat qurumları isə paytaxtda ciddi boşluq verdi. Yəqin ki, bu terror aktı “kölgə qurumlar” arasında görünməyən mübarizə baxımından da önəm kəsb edir.
Bundan sonrakı gedişatı Putin müəyyən edəcək. Hadisələrin həqiqi arxaplanından daha çox Rusiya rəhbərliyi bu prosesi necə dəyərləndirəcək və kimləri günahlandıracaq və Rusiya cəmiyyəti baş verənlərə necə reaksiya verəcək, bu önəmlidir.
@serqebaxis
25 il öncə Cənubi Qafqazın hər üç ölkəsi Moskvanın nəzarətindəki hərbi blok olan KTMT-nin üzvü idi. Azərbaycan və Gürcüstanın təşkilatı tərk etməsi və bu yaxınlarda Ermənistanın KTMT üzvlüyünü dondurmasından sonra faktiki olaraq, bu hərbi blok Cənubi Qafqazdakı bütün dayaqlarını itirib. Yaranmış mənzərə, ötən 25 ili icmallaşdırmaqla yanaşı, mövcud gedişatın da istiqamətini göstərir.
Əlbəttə ki, regionda ortaya çıxmış təhlükəsizlik vakumu NATO-nu xüsusi cəlb edir. Əslində, NATO uzun müddətdir ki, Cənubi Qafqaza yerləşmək strategiyasını izləyir. Məlum olduğu kimi, Gürcüstan NATO-ya üzvlük üçün rəsmi müraciət etmişdi. Azərbaycan isə ritorik olaraq NATO-ya məsafəli yanaşsa da, faktiki olaraq Türkiyə vasitəsilə NATO çətiri Xəzər sahillərinə kimi uzadılıb.
Bununla belə, həm Azərbaycan, həm də Gürcüstanın NATO-ya üzv kimi qoşulmaq şansları cüzidir, hətta belə bir riskə getmək ölümcül ola bilər. Hər iki ölkə həm qurudan, həm də dənizdən Rusiya ilə həmsərhəddir…
Regionda NATO-ya qoşula bilmək üçün ən yüksək şans Rusiya ilə birbaşa sərhədi olmayan Ermənistandadır. Lakin Ermənistan ərazilərində rus hərbi bazaları və minlərlə rus hərbçisi var. Ağlabatan ssenaridə, rus qoşunları Ermənistandan çıxmadan NATO qüvvələri buraya yerləşə bilməz…
Yəni, Rusiya Cənubi Qafqazda hərbi blok mexanizmini itirsə də, Moskva hələ də hər üç ölkənin yeni hərbi blok seçiminin qarşısını ala biləcək və NATO-nu regiondan kənarda saxlayacaq güclü rıçaqlara malikdir.
İstənilən halda, Rusiyanın Şərqi Avropada ilişməsi fonunda Cənubi Qafqazda dinamikaların dəyişməsi, eyni zamanda Mərkəzi Asiyanın yeni geosiyasi episentrə çevrilməsi NATO-nu da hərəkətə keçməyə və aktiv oynamağa vadar edir. Əgər, NATO-nun genişlənmə strategiyasının növbəti hədəfi Cənubi Qafqazdırsa (mən buna şübhə etmirəm), aydındır ki, ilk dayanacaq məhz Ermənistan olacaq.
@serqebaxis
Azərbaycana səfəri çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi XI Bakı Qlobal Forumunda çıxış etdi. Çıxışın sonunda Nizami Mərkəzinin üzvü, Gürcüstanın sabiq baş nazirinin müavini, sabiq xarici işlər naziri və Milli Təhlükəsizlik Şurasının sabiq katibi Eka Tkelaşvili Hakan Fidana belə bir maraqlı sual ünvanladı: “Ukraynanın hücumları nəticəsində Rusiyanın Qara dəniz donanması getdikcə əriyir və Qara dənizdə güc balansı Türkiyənin xeyrinə dəyişir. Qara dənizdə donanma üstünlüyü qazanan Türkiyə sahil ölkələrini Rusiyanın mümkün aqressiyasından qorumaq üçün üzərinə məsuliyyət götürəcəkmi?”
H.Fidan isə “Türkiyə Qara dənizdə baş verənləri diqqətlə izləyir və öz təhlillərini aparır. Hələlik Qara dənizdəki toqquşmalar Rusiya-Ukrayna arasında gedir. Müharibə digər sahil ölkələri təhdid edəcək qədər yayılmayıb. Əgər Qara dənizin bütününü təhdid edən təhlükəli proseslər olsa, Türkiyə öz rolunu nəzərdən keçirəcək” sözləri ilə cavab verdi. Qısası, H.Fidan diplomatik üslubla “Türkiyəni Qara dənizdə öz maraqları hərəkətə gətirəcək, sahil ölkələrinin təhlükəsizlik problemləri yox” fikrini dilə gətirdi.
Həqiqətən də Avropa genişmiqyaslı müharibəyə sürüklənərkən, Türkiyənin bu tarixi periodda izləyəcəyi strategiya çox önəmli olacaq. Ötən əsrdə Türkiyə iki dünya müharibəsində iki fərqli strategiya izləmişdi. Birinci Dünya müharibəsində Ənvər paşanın sonu tarixi fiasko ilə bitən atılqan və müharibədə tərəf olmaq strategiyasını İkinci Dünya müharibəsində İsmət paşanın adını tarixə qızıl hərflərlə yazdıran təmkinli və neytral strategiyası əvəzləmişdi. Təbii ki, hər iki müharibənin fərqli motivləri və şərtləri var idi. Amma istənilən halda, nəticə nəticədir.
Əlbəttə ki, Avropa-Rusiya münaqişəsi xüsusilə, mümkün Fransa və Rusiya müharibəsi tarixin Türkiyəyə çox böyük lütfü olardı. Belə bir müharibə, Türkiyənin iki başlıca rəqibinin bir-birini zəiflətməsi deməkdir. Ona görə də, budəfəki reallıqlarda nə Ənvər paşa kimi tərəf olmaq, nə də İsmət paşa kimi neytral qalmaq Türkiyəyə uduş vəd etmir. Ərdoğan Türkiyəsi budəfəki mübarizədə “minimum zərər görməklə maksimum faydalanmaq” formulasını tapmalıdır. Kim bilir, bəlkə də Avropadakı güclər mübarizəsində izlənəcək strategiya Ərdoğanın Türkiyə tarixinə atacağı son imzası olacaq…
@serqebaxis
Britaniya Ordusundan verilmiş “Rusiya qarşısında Ermənistanı dəstəkləməyə hazırıq” açıqlaması xüsusi diqqət çəkir. Çünki bu açıqlama onu göstərir ki, 30 ildən sonra Britaniya ilə Fransanın maraqları Cənubi Qafqazda ortaqlaşır. Heç şübhə etmirəm ki, bu, ancaq bir halda mümkün ola bilər: prosesin arxaplanında ABŞ var.
Yəni, Fransanın son aylarda Cənubi Qafqazda hərtərəfli aktivləşməsi özfəaliyyət deyil. Paris Vaşinqtonla koordinasiyadadır. Britaniyanın da bu xətti dəstəkləməsi sübut sayıla bilər. Bəs Vaşinqtonun arxaplana keçib, Fransanı önə atması nə ilə bağlıdır?
Bir neçə faktor ola bilər:
1. ABŞ istəməz ki, tam olaraq Ermənistan tərəfində görünüb, Azərbaycanı tam olaraq özündən uzaqlaşdırsın. ABŞ-a təkcə Ermənistan yox, bütünlüklə Cənubi Qafqaz lazımdır.
2. ABŞ-ın arxaplanda qalmasını Paşinyan istəyə bilər. Bu, həm İranın narazılığını səngitmək üçün, həm də Rusiyanı birbaşa müdaxiləyə təhrik etməməyə hesablanmış ola bilər. Yəni, Qərbin Ermənistana sızma fəaliyyətini ABŞ yerinə, daha yumşaq formada Fransa yerinə yetirir.
Prosesin arxaplanında məhz ABŞ-ın olması Paşinyanın bu qədər cəsarətli davranmasını və Gürcüstanın Ermənistana silah transfer etməsini yaxşı izah edir…
@serqebaxis
Türkiyə xarici işlər naziri Hakan Fidan 7-8 mart tarixlərində Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci iclasında iştirak edib. İclas zamanı tərəflərin Cənubi Qafqazdan və Azərbaycan-Ermənistan sülh prosesindən danışması olduqca diqqətçəkicidir. Yekun bəyanatda ABŞ və Türkiyənin Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və davamlı sülh sazişini təşviq etmək üçün birgə səy göstərəcəyi bildirilir…
Prinsip etibarı ilə, Azərbaycan və Ermənistan sülh sazişi müzakirələrində biri istisna olmaqla, bütün məsələlər həll olunub. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və sərhədlərin delimitasiyası və demarkasiya üzrə ikitərəfli komissiya fəaliyyət göstərir. Hələ də mübahisə doğuran məsələ regiondakı kommunikasiyaların açılması ilə bağlıdır. Azərbaycan özünün qərb rayonları ilə Naxçıvan MR, daha geniş miqyasda Türkiyə ilə nəqliyyat əlaqəsinin maneəsiz və xüsusi statusda olmasını tələb edir. Ermənistan isə sözügedən əlaqənin öz suverenliyində və standard gömrük prosedurlarına uyğun təşkil olunmasını istəyir.
Məlum olduğu kimi, sözügedən dəhliz üçün Rusiya 10 noyabr bəyanatına uyğun olaraq, alternativ variant təklif edir. Bu varianta əsasən, Azərbaycan yoldan maneəsiz istifadə etməlidir, yola nəzarət və təhlükəsizlik məsələləri isə Rusiyanın ixtiyarına verilməlidir. Bu variant Azərbaycana sərf edir, ancaq bu, Rusiyanın Ermənistan üzərində yeni təsir imkanının yaradılması deməkdir. Nə Paşinyan, nə də Qərb buna razı deyil. Belə bir vəziyyətdə, Azərbaycan da Türkiyə ilə bağlantı məsələsində İranla ənənəvi yolu inkişaf etdirməyə yönəlməyə məcburdur.
Ötən 30 ilə baxdıqda əlbəttə ki, Azərbaycan üçün Türkiyə ilə birbaşa yolun tam olaraq Ermənistanın nəzarətində olması qəbuledilməzdir. Ermənistan birmənalı olaraq Azərbaycan üçün güvənilməyəcək aktordur. Reallıq budur ki, ABŞ həqiqətən də Cənubi Qafqazda dayaqlarını möhkəmləndirməyi və Rusiyanın regiona təsirini azaltmağı istəyirsə, eyni zamanda İranın regional kommunikasiyalara qoşulmağını istəmirsə, onda Vaşinqton Ermənistanı dəhlizə nəzarət məsələsində güzəştə məcbur etməlidir. Düşünürəm ki, Türkiyənin də ABŞ-dan əsas gözləntisi budur və Vaşinqton və Ankara arasında regionla bağlı ikitərəfli müzakirələr ancaq bu kontekstdə irəliləyə bilər…
Rusiya-Ukrayna müharibəsinin gedişatı və təcridçi siyasət tərəfdarı olan Trampın ABŞ-da hakimiyyətə gəlmək ehtimalları Avropanı 80 illik “şirin yuxu”dan oyadıb. Getdikcə dərinləşən böhran Qoca Qitədə iki zidd cəbhə formalaşdırıb.
Bir qrup Rusiya qarşısında Ukraynaya dəstəyin artırılmasına, lazım gələrsə birbaşa hərbi müdaxilə edilməsinə tərəfdardır. Digər qrup isə Rusiya ilə ortaq dil tapılmasına, lazım gələrsə Ukraynanın kompromisə məcbur edilməsinə tərəfdardır.
Mən deyərdim ki, hər iki qrupun tutarlı arqumentləri var. Aydındır ki, Rusiyanın əsas məqsədi Ukraynanı vassallaşdırmaqdır, bu da alınmasa parçalamaqdır. Ukraynanın güclü müqaviməti vassal ehtimalını mümkünsüz edir. Ukraynalılar ölkənin parçalanmasını da qəbul etmir. Belə olan halda, ya Rusiya qoşunları Ukraynada hərbi cəhətdən məğlub edilməlidir ki, ruslar masaya gəlməyə məcbur olsunlar. Ya da Ukraynanın siyasi iradəsi qırılmalıdır ki, ukraynalılar ölkənin parçalanmasına razı olsunlar.
Avropanın ağıllı insanları bilirlər ki, Rusiyanı hərbi cəhətdən məğlub etmək elə də real gözlənti deyil. Bunlardan da ağıllı insanlar isə anlayır ki, Rusiyanın Ukrayna ilə kifayətlənəcəyinə düşünmək üçün sadəlövh olmalısan. Tarix boyunca Rusiya daima Avropada gedən siyasi proseslərdə yer almağa çalışıb. Ağıllı avropalılar başa düşür ki, Ukraynada gediləcək güzəştlər növbəti mərhələdə Rusiyanın Şərqi və Mərkəzi Avropaya nüfuzuna zəmin yaradacaq.
Yəni, istənilən halda müasir Avropa müasir Rusiya ilə üz-üzə gəlmək məcburiyyətində qalacaq. Bundan qaçış yoxdur. Bu üzləşmə ya Ukraynada olacaq, ya da Avropanın daha içlərində. Məkanı və zamanı avropalılar seçəcək.
Böyük əksəriyyəti qəbullana bilməsə də, Avropa üçün “ver yeyim, ört yayım, gözlə canım çıxmasın” dövrü bitib. Artıq məsuliyyət altına girmək, diş göstərmək və qurban vermək qaçılmazdır. Qoca qitə 80 illik idealizm röyasından soyuq realizmə keçir…
@serqebaxis
Fransa Prezidenti Makronun “Ukraynaya avropalı qoşunların göndərilməsi istisna olunmamalıdır” sözləri Qoca Qitənin əsas gündəm mövzusudur. Makrona görə, Avropa Rusiyanın Ukraynada qalib gəlməsinə heç bir halda imkan verməməlidir, lazım olsa Ukraynaya dəstək qoşunlar da göndərilməlidir. Təki Rusiya qalib gəlməsin.
Makronun bu sözlərindən sonra NATO Katibliyi, Almaniya, Britaniya, Polşa və bəzi Avropa ölkələri Ukraynaya qoşun göndərmək barədə planlarının olmadığını bəyan edib. Kremldən verilən açıqlamada isə belə bir təşəbbüsün “NATO-Rusiya” müharibəsinə səbəb olacağı barədə xəbərdarlıq edilib.
Makron olduqca radikal bir gediş etdi. Əlbəttə ki, fransız qoşunların Ukraynaya göndərilməsi təkcə Makronun istəklərindən asılı deyil. Artıq fransız müxalifəti hayküy salıb. Amma Makron bu fikirlərlə qurbağa gölünə daş atdı. Elə bir daş idi ki, artıq bu, Ukrayna müharibəsində yeni mərhələyə keçid olacaq. Ukraynaya qoşun göndərilməsi bundan sonra Avropadakı müzakirələrin gündəliyində yer alacaq və ilk təşəbbüskar kimi daim Makronun adı hallanacaq.
Təxmin etmək olar ki, Makronun “Ukraynaya qoşun göndərilməsi” ilə bağlı sözlərinin iki siyasi arxaplanı var. Birincisi, bu, Fransanın Avropaya liderlik etmək iddiasını möhkəmləndirməyə hesablanıb. 2 ildir davam edən Ukrayna müharibəsi Avropada lider çatışmazlığının nə qədər böyük problem olduğunu qabartdı. ABŞ da Avropanın lidersizlik problemindən çox yaxşı istifadə edir və Qoca Qitəni idarə edir. Fransa Ukrayna müharibəsini həm Avropaya liderlik, həm də ABŞ-ı Avropada zəiflətmək üçün fürsət kimi görməyə başlayıb. Təsadüfi deyil ki, müharibənin ilk aylarında Rusiya ilə təmkinli davranmaq barədə çağırışlar edən Makron, son aylarda Ukraynanın ən alovlu dəstəkçisinə çevrilib və ən radikal təkliflər verməyə başlayıb. Deyə bilərik ki, Ukraynaya dəstək məsələsində Fransa, hətta Britaniyanı da ötüb keçib. Qısası, Fransa Avropada liderlik üçün riskə getməyə hazır olduğunu göstərir.
İkincisi, Rusiyanın Ukraynada qalib gəlməsi Fransanın uzunmüddətli planlarına ziddir, çünki Fransa və Rusiya Şərqi Avropa, Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionlarda bir-birilə kəskin rəqabətdədir. Makron anlayır ki, Rusiya Ukraynada istədiyini əldə etsə, sıxışdırıldığı digər regionlarda da mövqelərini bərpa edəcək və Fransanın yayılmaçılığı yarımçıq qalacaq.
Prezident İlham Əliyev yeni dövrdə Azərbaycan xarici siyasətinin əsas istiqamətinin Türk dünyası ilə əlaqələr olacağını elan etdi.
Əlbəttə ki, Azərbaycanın Türk dünyası ilə münasibətlərinin dinamiklik qazanmasının geosiyasi arxaplanı var. Dünyanın başlıca dövlətlərinin Xəzər hövzəsi və Mərkəzi Asiya regionuna marağının artması Azərbaycanın da strateji əhəmiyyətinə yeni müstəvi qazandırır və belə görünür ki, Azərbaycan rəhbərliyi yeni dövrün xarici siyasətini bu əhəmiyyət üzərində qurmaq istəyir. Burada xüsusilə, Türk Dövlətləri Təşkilatının böyük rol oynaması gözlənilir.
Azərbaycanın Mərkəzi Asiyadan gözləntilərinin olduğu kimi, Mərkəzi Asiyanın da Azərbaycandan özəl gözləntiləri var. Mərkəzi Asiya ölkələrinə həm Çini balanslaşdırmaq, həm də inkişaf etmək üçün böyük miqdarda sərmayə lazımdır. Bu miqdarda sərmayə imkanları olmasa da, Azərbaycan coğrafi mövqeyindən istifadə edərək Mərkəzi Asiya ilə Türkiyə, həmçinin Qərb arasında körpü rolunu oynaya bilər. Təbii ki, bunu edərkən Rusiya ilə münasibətlərin pozulmaması zəruridir. Çünki Xəzərin şərqində qalan Mərkəzi Asiya ölkələrinin Rusiya qarşısında manevr imkanları olduqca limitlidir. Real təhlükəsizlik qarantiyaları olmadıqca, Mərkəzi Asiya ölkələri Rusiya ilə münasibətlərdə daima təmkinli davranacaqlar və Azərbaycanın da bu xətdə qalmasını istəyəcəklər.
Yəni, Azərbaycan Mərkəzi Asiya üzərində cərəyan edən geosiyasi proseslərdən maksimum qazanmaq və strateji əhəmiyyətini artırmaq istəyirsə, həm Qərb sərmayəsinə keçid vermək, həm də Rusiya ilə balansı qorumaq məcburiyyətindədir. İndiki reallıqlarda belə bir oyun qurmaq mümkün görünmür.
Sözsüz ki, tarix, mədəniyyət, dil, etniklik və din kimi ortaqlıqlar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinə böyük təkan verir və bu ortaqlıqlar Azərbaycana Özbəkistan kimi önəmli bir müttəfiq qazandırıb. Ancaq manevr imkanlarının limitlərini sərmayə yəni, pul müəyyən edir. Azərbaycan Mərkəzi Asiyaya sərmayə qazandıra bilməsə, Mərkəzi Asiya nəzdində türk xətti mənəvi prizma kimi qalacaq və real bir güc mərkəzi kimi görülməyəcək. Xəzərin şərq sahilində işlər göründüyündən daha mürəkkəbdir…
@serqebaxis
Rusiya lideri Putin amerikan jurnalist Karlsona verdiyi son müsahibəsində Ukraynada apardığı hərbi kampaniyasını həmişə olduğu kimi tarix çərçivəsində əsaslandırdı. Tarixi əsaslandırma xüsusilə hücum, işğal və ya fəth məqsədilə başladılan müharibələrdə ən çox istifadə edilən kontekstdir. “Tarixi torpaqlar” metaforu başda olmaqla, dini müharibələr, böyük imperiyaları süqut etdirən və yeni imperiyalar ortaya çıxaran döyüşlər hər zaman böyük hərbi kampaniyalar üçün legitimlik mənbəyi olub.
Bu xüsusda, İraq lideri Səddam Hüseynin İrana qarşı 1980-ci ildə başlatdığı müharibədə 636-cü ildə baş tutmuş tarixi “Qadisiyyə döyüşü”nə referansını xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, Fars Sasani İmperiyası qoşunlarının Müsəlman Ərəblər tərəfindən 636-cı ildə Qadisiyyə yaxınlarında həlledici döyüşdə məğlub edilməsi Yaxın Şərq və İslam tarixinin ən simvolik hadisələrindən biri hesab edilir.
İranda Xomeyni liderliyində şiəliyə əsaslanan dini hakimiyyət qurulması və bu dini inqilabın əhalisinin yarıdan çoxu şiə olan Səddam İraqına ixracının gündəmə gəlməsi sünni ərəb olan və sekulyar siyasət izləyən Mesopatomiyanın ən güclü adamını narahat etməyə bilməzdi. Buna qarşılıq, Səddam da İrana qarşı mübarizəni məzhəb kontekstindən etnik çərçivəyə çəkərək, “Ərəb-Fars” münaqişəsinə çevirmək istəyirdi. Beləliklə də, Səddam etnik mənsubiyyəti qabardaraq həm öz ordusundakı ərəb əsilli şiə zabitləri, həm də İranda yaşayan ərəb əsilli əhalini özünə tam loyallaşdıra biləcəyini düşünürdü. Lakin Səddamın 8 il davam edən “Qadisiyyə”si istənilən nəticəni vermədi.
Bu mənada, tarixi referans təkcə müharibə üçün legitimlik yaratmır, həm də başladılan hərbi kampaniyanın hədəflərini özündə ehtiva edə bilər. Putin Karlsona müsahibəsi zamanı tarixə “səyahəti”ndə üç dəfə Qara dəniz regionunun Ukraynaya heç bir aidiyyətininin olmadığını və bu bölgənin Ukraynaya hədiyyə edildiyini vurğuladı. Açıq hiss edilir ki, Putinin əsas məqsədi Ukraynanın Qara dəniz sahillərini ələ keçirməkdir. Əminliklə demək olar ki, rusların bir gözü Qara dəniz sahilində Ukraynanın nəzarətində qalan ən strateji şəhər Odessanın üzərindədir və bu istiqamətdə daha bir cəhd edəcəklər.
@serqebaxis
ABŞ Ordusu İordaniyada 3 amerikan hərbçisinin öldürülməsi və 50-ə yaxınının yaralanmasına cavab olaraq, 5 gün sonra İraq və Suriyadakı hədəfləri bombaladı və azı 40 nəfər öldürüldü. Birbaşa İran əraziləri isə hədəf alınmadı.
Vaşinqtonun cavab zərbələrindən 2 mesaj oxumaq olur: ABŞ Yaxın Şərqdə müharibəyə qoşulmaq istəmir və amerikan qoşunları tezliklə bölgəni tərk etməyə hazırlaşır. Amerikan hərbçilər bölgədə qaldıqca, Vaşinqton mütəmadi olaraq müharibəyə sürüklənə biləcək insidentlərlə üzləşəcək.
ABŞ-ın İraq və Suriyadan çəkilməsi ilə bağlı iddialar dəfələrlə gündəmə gəlib, amma son nəticədə tam çəkilmə baş tutmayıb. İstənilən halda, əsas diqqətini Şərqi Asiyaya yönəltməyə çalışan ABŞ-ın bir müddətdir Mesopotamiyadan qurtulmaq istəməsi bariz hiss edilir. Bayden dövründə tamamlanmasa belə, seçiləcəyi təqdirdə Trampın İraq və Suriyadan qoşunları çıxaracağı demək olar ki, şübhəsizdir.
Belə şərh var ki, təcridçi siyasət tərəfdarı olan Trampın qoşunları geri çəkmək və hərbi xərcləri azaltmaq vədləri ilə noyabrdakı seçkilərin favoritinə çevrilməsi, Bayden cəbhəsini də seçki ərəfəsində qoşunları Yaxın Şərqdən geri çəkmək strategiyasına yönəlməyə məcbur edir. Hətta, Demokratların Ukrayna ilə bağlı siyasət dəyişikliyinin də məhz bu baxımdan seçkilərə hesablandığı iddia olunur.
Amma ABŞ Mesopotamiyadan necə çıxacaq? Yeni bir nizammı yaradılacaq, hansısa sövdələşmələrmi olacaq, yoxsa sadəcə olaraq nəticəni gözləmədən, sonluq hesalanmadınmı çıxılacaq? Məncə, sonuncu olacaq. Bəs, ABŞ 2021-ci ildə Əfqanıstandan geri çəkilmə zamanı yaşanan rüsvayçılığın daha bir bənzəri ilə Mesopotamiyada üzləşməyə hazırdımı? XXI əsrdə ABŞ-ın Mesopotamiya siyasətini sadəcə bir sözlə təsvir etmək olar: fiasko. Eynilə, Əfqanıstanda olduğu kimi… Hər fiaskonun üzqızardan bir bədəli olur. ABŞ axır əvvəl bununla üzləşməlidir.
@serqebaxis
Putinin fevral ayında Türkiyəyə səfər edərək Ərdoğanla görüşəcəyi bildirilir. Əlbəttə ki, iki böyük ölkənin gündəmində Ukrayna, Qara dəniz və Suriya kimi qlobal əhəmiyyətli məsələlər əsas yer tutur. Amma məlumdur ki, bizim regionumuzun dinamikalarını da bu iki ölkənin ortaq mövqeyi müəyyən edir. İki lider arasında sonuncu dəfə 4 sentyabr 2023-cü ildə Soçidə baş tutmuş görüşdən 2 həftə sonra regionumuzun bütün mənzərəsi dəyişmişdi. Payızın əvvəllərində dəyişən regional statuskvo yaz ərəfəsindəki görüşə qədər davam etdi. Əslində, bu reallıq Moskva-Ankara xəttinin bölgəmizdə əsas söz sahibi olduğunu göstərir.
Xankəndi məsələsinin həllini tapmasından sonra bizi yaxından maraqlandıran iki məsələ qalır. Bunlardan birincisi, ermənilərin bölgəni tərk etməsindən sonra legitimliyini itirən, lakin 2025-ci ilədək leqallığı olan rus sülhməramlı missiyasının aqibətidir. İkincisi, Zəngəzur dəhlizidir. Bəlkə də, ruslar bu iki məsələni bir-birilə əlaqələndirəcək: sülhməramlıların Qarabağdan tamamilə çıxarılması qarşılığında dəhlizin Ermənistandan keçən hissəsinin rus qoşunlarının nəzarətində açılması. Böyük ehtimal ki, 10 noyabr bəyanatını hələ də canlı saxlayan sövdələşmə budur. Tərəflərdən bu sövdələşmə ilə bağlı ilkin siqnallar da gəlir. Ola bilsin ki, dəhlizin açılmasına ən kəskin şəkildə qarşı çıxan İranı da “yumşaltmağ”ın ən münasib yolu “rus nəzarəti” variantıdır. Düşünürəm ki, bu prosesin reallaşması üçün 2025-ci ilədək gözlənilməyəcək. Dəhlizin açılması ilə sülhməramlıların çıxarılması sinxron baş verə bilər.
Ukraynanın uğursuz əks hücumu fonunda, ötən payıza nisbətən Rusiyanın vəziyyəti daha yaxşı görünür. Əlbəttə ki, Putin bunu masada hiss etdirməyə çalışacaq. Ərdoğan da ötən payızdan fərqli olaraq, ABŞ-la soyuq olan münasibətləri müəyyən qədər irəlilədərək masaya oturur. Şübhəsiz ki, İsveç məsələsindən sonra Qərbin Ankaraya təzyiqlərinin azalması Ərdoğanın Putin qarşısında əlini gücləndirəcək.
@serqebaxis
Pentaqondan verilən məlumata görə, ABŞ-ın İordaniyanın şimalında yerləşən hərbi bazasına edilmiş hücumlar nəticəsində 3 amerikan hərbçisi öldürülüb, 24-ü yaralanıb. İordaniya mənbələri isə amerikan hərbçilərin Suriyanın cənubunda yerləşən əl-Tanf bazasında vurulduğunu iddia edib. Hücumun məsuliyyətini İran dəstəkli “İraq İslam Müvaqiməti” öz üzərinə götürüb.
Yaxın Şərqdə gərginlik olduqca yüksəkdir. İrana qarşı təmkinli siyasəti ilə seçilən Bayden hökuməti hücumdan sonra çox böyük təzyiq altındadır. Amerikan konqresmenlər birbaşa İranın hədəf alınması çağırışını edirlər. Əlbəttə ki, ABŞ hakimiyyəti indiki məqamda zəiflik göstərə bilməz. İrana adekvat cavab verilməsə, növbəti hücumlarda daha çox amerikan əsgəri öldürüləcək. Bu, birmənalıdır. Amma digər bir reallıq var ki, Yaxın Şərqdə yeni bir cəbhə açmaq, yeni bir müharibəyə girişmək ABŞ-ın planlarına daxil deyil. Daha doğrusu, ABŞ bu riski gözə almaq istəmir. Ukrayna və İsraildən sonra üçüncü bir cəbhədə İranla müharibəyə girişmək ABŞ-ı əsas geosiyasi proseslərin bişdiyi Şərqi Asiyadan bir qədər də uzaqlaşdıracaq. Çinlə geosiyasi rəqabətə hazırlaşdığı bir vaxtda, ABŞ Çinə aidiyyəti olmayan cəbhələrdə aktiv müharibə aparmaq istəmir. Geosiyasi fay xətləri artıq bir-bir sökülür, ABŞ başa düşür ki, hər bir söküyü nəzarətdə saxlaya bilməz.
ABŞ-ın qoşunlarını İraq və Suriyadan çəkməyə hazırlaşdığı barədə xəbərlərin tirajlandığı bir vaxtda amerikan qüvvələrinə son illərin ən ağır hücumunun təşkil olunması diqqətçəkicidir. Bu hücumdan sonra ABŞ qarşısında iki seçim var: birincisi, ya Suriya və İraqdakı İran proksilərinə, ya da İran ərazisinə zərbələr endirərək ölçülü cavab verib, qoşunlarını regiondan çıxarmağı sürətləndirməlidir ki, Yaxın Şərqdə yeni müharibəyə sürüklənməsin; ikincisi, ortaya çıxa biləcək bütün riskləri gözə alıb, İran məsələsini birdəfəlik həll etmək işinə başlamalıdır. Regionda ABŞ-ın əsas müttəfiqi də İsrail də bunu istəyir. Ancaq İran məsələsinin həlli nədir, necə mümkündür? İran və bütünlükdə şiə hilalı sonu görünməyən bir quyudur. İraqın işğalı amerikanlara onu göstərdi ki, Yaxın Şərq kənardan cazibədar görünən bir bataqlıqdır və sonunu hesablaya bilmədiyin, gələcək barədə real planın olmadığı macəralara girişməmək lazımdır.
Düşünürəm ki, amerikanlar İran və ya İran dəstəkli proksilərə ağır, ancaq ölçülü cavab verəcək. Lakin seçki ərəfəsində olan Bayden hökuməti İranla birbaşa müharibəyə hazır deyil. İranla müharibə sonu görünməyən bir macəradır. Eyni zamanda, İrandakı vəziyyətin istənilən yönə dəyişməsi belə, Vaşinqtona xüsusi heç nə qazandırmayacaq. Yaxın Şərq çoxdandır ki, ABŞ üçün prioritet deyil. Amerikanlar burada vaxt və enerji itirmək istəməz…
@serqebaxis
İlkin nəticələrə görə, Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində müxalifətdəki CHP başlıca şəhərlərdə yenidən önəmli dəstək qazanaraq, bu dəfə ölkə üzrə lider partiyaya çevrilib. Müxalifətin uğurunun, iqtidardakı AKP-nin tənəzzülünün başlıca səbəbi sözsüz ki, iqtisadi problemlərdir. Nəticələr dəqiqləşdikdən sonra ətraflı müzakirə edərik.
İndi isə üçüncü dəfə İstanbulun bələdiyyə seçkilərində qalib gələn CHP-li Ekrem İmamoğluna diqqət çəkmək istəyirəm. Birmənalı olaraq, İmamoğlu Ərdoğanın taxtına, yəni ölkənin siyasi liderliyinə əsas namizəddir. Ərdoğan kimi İmamoğlu da güclü natiq, hazırcavab və kütləni idarə edə bilən siyasətçidir. Yəni, hər ikisi meydanların və mitinqlərin lideri olmağı bacarır. Siyasət üslubları bənzəməklə yanaşı, Ərdoğan kimi İmamoğlu da mənsubu olduğu ideologiyadan daha geniş kütləyə xitab edə bilir. Necə ki, Ərdoğan təkcə dindar-mühafizəkar seçicilərlə məhdudlaşmır, daha fərqli qruplardan dəstək ala bilir, İmamoğlunu da təkcə atatürkçülər dəstəkləmir.
İmamoğlu 5 ildir İstanbul bələdiyyəsinə sədrlik etsə də, əsas qərarların təsdiqləndiyi bələdiyyə məclisində üstünlük AKP də idi. Bu da İmamoğlunun funksionallığına imkan vermirdi. CHP-nin bu dəfəki seçkilərdə bələdiyyə məclisində də üstünlük qazandığı bildirilir. Bu da İmamoğlunun əlini-qolunu tam açacaq. Şübhəsiz ki, İmamoğlu bundan sonra daha çox ön planda olacaq.
İmamoğlunun xarici siyasət barədə baxışlarını öyrənmək maraqlı olardı…
@serqebaxis
İşgəncələri cəmiyyət önündə nümayiş etdirmək və bunu ictimai şouya çevirmək heç bir dövlətə başıucalıq və ya fayda gətirə bilməz.
İki məsələni əvvəlcədən vurğulayım: birincisi, günahsız mülki şəxsləri, qadınları, uşaqları amansızlıqla qətlə yetirən terrorçular hər cür işgəncəyə layiqdir. İkincisi, təhlükəsizlik problemi olan bütün dövlətlər işgəncədən istifadə edirlər. İşgəncə məlumat əldə etmək üçün hələ də ən effektiv üsuldur. Amma bu kimi məsələlər üçün dövlət təşkilatlanmasında hüquq-mühafizə və xüsusi xidmət orqanları nəzərdə tutulub.
“Dövlət” məfhumunun bəşər tarixində çox özəl yeri var və dövlət barədə siyasi fəlsəfədə müqəddəslikdən şeytanlığa qədər çox müxtəlif bənzətmələr var. Bunun başlıca səbəbi dövlətin şiddət, cəza, izləmə və önləmə kimi zorakılıq mexanizmlərini istifadə edə bilən yeganə legitim və hüquqi müəssisə olmasıdır.
Belə müstəsna imtiyazları olan bir müəssisənin emosional davranması, ictimaiyyət önündə qulaq kəsməsi, dil doğraması, şübhəli şəxsi döyməsi yaranmış böhran qarşısında dövlətin çaş-baş qaldığını göstərir. Terrorla mübarizədə dövlətin əsas vəzifəsi önləyici tədbirlərlə vətəndaşların canını və mülkünü qorumaq, terrorun sifarişçi və icraçılarına hədəf aldıqları dövlətin qüdrətini hiss etdirmək, böhran anlarında cəmiyyətə güvən verməkdir. Adam döymək və ya qulaq kəsmək bandalar, mafyalar və quldur dəstələri tərəfindən cəzalandırma, qorxutma və görk məqsədilə istifadə olunur. Müstəsna imtiyazları olan bir müəssisənin bu kimi tədbirlərdən mədət umması əlaçsızlığın etirafıdır.
@serqebaxis
Hadisədən bir neçə saat keçdikdən sonra, “İslam Dövləti” (sabiq İŞİD) adlı terrorçu təşkilatın sosial media vasitəsilə məsuliyyəti öz üzərinə götürdüyü iddia olunur.
Rusiya dövlətinə yaxın sosial şəbəkə hesabları isə bu məlumatı qəbul etmir, feyk adlandırır. Rus mediası oxları Ukraynaya yönəltməyə çalışır.
Sözün düzü, mənim də İŞİD ilə bağlı əsaslı şübhələrim var. Birincisi, terrorçuların hadisə bölgəsindən qaçması qəribədir. Çünki İŞİD və bənzər cihadçı qruplar əksər hallarda “istişhad” adlandırdıqları bu tipli əməllərdə “hadisə” yerini tərk etməyi hesablamırlar, üzərlərində partlayıcı kəmərlərlə kamikadze kimi hədəf zonaya gəlirlər. Güllələri bitdikdən sonra özlərini partladırlar. İŞİD adından yayılan açıqlamada isə döyüşçülərin xristianları hədəf aldıqdan sonra sağ-salamat şəkildə öz bazalarına çəkildikləri qeyd olunur. Bəlkə də bu dəfə fərqli üsul seçilib.
İkincisi, İŞİD adətən terror hadisəsini üzərinə götürmək üçün 24 saat gözləyir. Hadisəni törədənlərin sağ olduğu və axtarışının bu qədər intensiv davam etdiyi bir vaxtda İŞİD-in məsuliyyəti öz üzərinə götürməsi qəribədir, çünki bu məlumat “gizlənənləri” daha asan ələ verə bilər.
Üçüncüsü, bu qədər mürəkkəb bir terror aktını törətdikdən sonra silahlıların hadisə yerindən qaça bilməsi teraktın çox dəqiqliklə hazırlandığını göstərir. Hesab edirəm ki, arxasında dövlət və peşəkar kəşfiyyat qurumunun dəstəyi olmadan hansısa silahlı qrup tərəfindən bu miqyasda bir hücumun dəqiqliklə təşkil oluna bilməsi inandırıcı deyil.
İstənilən halda, İŞİD-in araya girməsi Rusiyanın Ukraynaya qarşı mümkün cavabının legitimliyini zəiflədəcək.
4-5 silahlı böyük bir konsert binasına girərək, yüzlərlə adamı güllələyir və binanı yandıraraq aradan çıxır. Rusiya təhlükəsizlik qüvvələri üçün kabus kimi bir gecədir…
Gözləyək görək..
ABŞ-ın Ukraynaya Rusiyanın enerji infrastrukturlarına hücumlardan çəkinməklə bağlı xəbərdarlıq etməsi günün əsas müzakirə mövzusudur. Sözügedən hücumlar dünya bazarında enerji qiymətlərini yüksəldə bilər ki, bu da qarşıdan gələn seçkilərdə Baydenin işini daha da çətinləşdirəcək.
Əslində, maraqlar çərçivəsindən baxdıqda bu xəbərdə qeyri-adi bir hal yoxdur. Bir çoxları ABŞ-ı haqq-ədalətin hamisi, əzilənlərin dəstəkçisi və ya hansısa xeyriyyə qurumu kimi görür və ya görmək istəyir. Düzdür, tarixin müəyyən dövrlərində ABŞ həqiqətən də belə bir rol oynayıb. Xüsusilə, İkinci Dünya müharibəsindən sonra müstəmləkələrin müstəqillik qazanmasında ABŞ-ın önəmli dəstəyi olub. Amma buradakı məqsəd də Fransa və Britaniya kimi güclü imperiyaları parçalayıb, ABŞ-ın beynəlxalq müstəvidəki yerini gücləndirmək idi. ABŞ öz lider mövqeyini gücləndirdikdən sonra yerinə keçdiyi imperiyalar kimi davranmağa başladı.
ABŞ-ın Ukraynaya dəstəyinin səbəbi Ukraynanın bu müharibədə haqlı olması və ya Rusiyanın tiran tərəfindən idarə olunan aqressiv imperiya olması ilə əlaqəli deyil. Bir məqama kimi müəyyən limitdə Ukraynanın Rusiyaya qarşı dəstəklənməsi ABŞ-ın maraqlarına uyğun olduğu üçün dəstək verildi. Proses maraqlara uyğun olmayan məqama çatdıqda dəstək də dayanır. Hətta, elə bir vəziyyət yarana bilər ki, ABŞ Ukraynaya qarşı Rusiya ilə eyni mövqedən də çıxış edə bilər. Necə ki, bu gün edir.
Xeyli tənqid olunsa da, Bayden hökumətinin Ukrayna münaqişəsində izlədiyi strategiyanı çox uğurlu saymaq olar. Əlbəttə ki, Bayden komandasının əsas məqsədi Ukraynanın qələbəsi və Rusiyanın məğlubiyyəti deyil. Xatırlayırsınızsa, müharibənin ilk dövrlərində ABŞ tərəfindən Ukraynaya verilən silahların Rusiya ərazisində istifadə olunmaması barədə qadağa qoyulmuşdu. Artıq bu qadağa hər şeyi izah edirdi. ABŞ “müharibə davam etsin, amma ucu mənə toxunmasın və məni də müharibəyə qoşulmağa məcbur edəcək qədər eskalasiya olmasın” mövqeyində idi. Bu uğurlu “eskalasiya menecmenti” sayəsində ABŞ birbaşa müharibədən kənarda qalmaqla, çox şey qazandı… Aydındır ki, Bayden komandası seçkiyədək bu strategiyanı davam etdirməyə çalışır.
@serqebaxis
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan arasında sülh sazişinə çox yaxın olduğumuzun anonsunu verdi.
Tərəflər arasında yəqin ki, bir çox məsələlər açıq qalacaq. Ermənistanın həm hüquqi, həm də mənəvi cəhətdən Qarabağ iddiasından əl çəkməməsi, Azərbaycanın isə təzminat və Qərbi Azərbaycan iddiaları ikitərəfli gərginliyin bundan sonrakı mərhələsini təşkil edəcək.
Qüvvələr balansındakı üstünlüyün Azərbaycanda olması səbəbilə Ermənistan mümkün sülh sazişində uduşlu görünəcək. Hər halda dünya və region Azərbaycan və Ermənistandan ibarət deyil, bu oyun təkcə ikitərəfli xarakterdə deyil. Geosiyasi reallıqlar və qlobal güclərin, düşmənlərin və müttəfiqlərin maraqları sözügedən güc üstünlüyünü əlavə qazanca çevirməyə imkan verməyə bilər. Lakin istənilən halda, hərbi üstünlük şəraitin sülh əldə edilməsi sazişin şərtlərinə diqtə edilməsinə imkan verəcək. Bu baxımdan da Azərbaycanı uduşlu saymaq olar.
Həll edilməmiş məsələlər qalsa da, sülhün imzalanması regionumuzun taleyi baxımından böyük önəm kəsb edir…
@serqebaxis
Rusiya prezidenti Putinin dünənki müsahibəsində aqressivliyi artırdığı hiss olunurdu. Putin Ukrayna cəbhəsində “sükan arxasında” olduğunu nümayiş etdirməyə çalışırdı. Müsahibədən bir neçə məqamı xüsusi vurğulamaq istəyirəm:
Birincisi, Rusiya artıq müharibə iqtisadiyyatına keçid edib. Putin qeyd etdi ki, ötən il ÜDM-nin 4%-i hərbi xərclərə yönəldilmişdisə, bu il həmin göstərici 6.8%-dir. Digər bir məlumata görə, Rusiyada 2024-cü ilin büdcəsinin 40%-i hərbi xərclərə yönəldilib. İqtisadiyyatdakı belə bir modifikasiyadan sonra Qərb də anlayır ki, Rusiya Ukraynada maksimum dərəcədə qabağa getmək istəyir.
İkincisi, Putin hesab edir ki, Ukraynanın silah-sursatı tükəndiyi üçün Qərb danışıqlar mövzusunu aktuallaşdırb. Belə bir qənaət varsa, şübhəsiz ki, Putin bu vəziyyəti danışıqlara getmək üçün deyil, işğalı genişləndirmək üçün fürsət kimi görür.
Üçüncüsü, Putin dedi ki, Qərbdə heç kimə inanmır, ona görə də indiki vəziyyətdə effektiv danışıqlara ümid etmir. Rusiya prezidentinin sözlərinə görə, danışıqlar üçün sözlərinə etibar ediləcək və verdiyi zəmanətlərə inanılacaq biri lazımdır. Mən belə başa düşdüm ki, Putin mümkün danışıqlar üçün Trampın hakimiyyətə gəlməsini gözləyəcək.
Dördüncüsü, Putin dedi ki, müharibənin dayanması üçün Rusiyanın təhlükəsizlik problemləri nəzərə alınmalıdır. Əgər Putin burada 17 dekabr 2021-ci ildə yayımladıqları “NATO Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxsın” barədə ultimatumu nəzərdə tutursa, bunun yaxın tarixdə reallaşmayacağı dəqiqdir. Əksinə, biz görürük ki, həmin ultimatumdan sonra Qərb daha sürətlə Cənubi Qafqaz və Mərkəzi Asiyaya yerləşməyə çalışır. Ona görə də, istənilən halda Şərqi Avropa ilə yanaşı, bu iki regionda da toqquşmaların baş verməsi çox yüksək ehtimaldır.
Hər nə qədər, Rusiyaya baxışı Baydendən kəskin fərqli olsa da, Çin faktoruna görə Tramp da ABŞ-ın Mərkəzi Asiyaya yerləşmək siyasətinə tərəfdardır. Hətta, ABŞ-ın Mərkəzi Asiyada möhkəmlənmək strategiyası məhz Trampın hakimiyyəti dövründə aktivləşib. ABŞ üçün Mərkəzi Asiyanın giriş qapısı da Cənubi Qafqazdır. Yəni, Trampın hakimiyyətə gəlməsi belə, avtomatik olaraq Rusiya-ABŞ arasında bütün məsələlər və regionlar üzrə qarşılıqlı anlayış dövrünü vəd etmir. Putin və Trampın Cənubi Qafqaz-Mərkəzi Asiya regionları ilə bağlı razılıq əldə edə biləcəyinə şübhə ilə yanaşıram…
@serqebaxis
Roma Papasının “Ukrayna ağ bayraq qaldırmaq cəsarətini özündə tapıb, Rusiya ilə danışıqlara başlamalıdır” sözləri geniş müzakirələrə səbəb olub. Ümumiyyətlə, deyə bilərik ki, müharibə boyunca Vatikandan Rusiya barədə verilən açıqlamalar Qərb cəbhəsindən birmənalı qarşılanmayıb.
Belə bir məqamda, alman mütəfəkkiri Karl Şmitinin “Roma Katolikliyi və Politik Form” kitabını (1923) diqqətə çatdırmaq istərdim.
Şmittə görə, Katolik Kilsəsi təkcə dini mərkəz kimi xarakterizə edilməməlidir, bura həm inanc, həm düşüncə, həm də yaşayış tərzinin mərkəzi kimi qəbul edilməlidir.
Eyni zamanda, Şmitt Katolik Kilsəsinin içində hər növ ziddiyyətlərin birgə yaşaya bildiği mürəkkəb bir dərinliyinin olduğunu iddia edir və bunu “complexio oppositorum” termini ilə təsvir edir. Yəni, bu dünyadakı maddi həyatla, digər dünyadakı mənəvi həyatı özündə ehtiva edən Katolik Kilsəsi çox müxtəlif və zidd dövlət, hökumət və ya mədəniyyət formatları ilə birgə yaşamağa müqtədirdir ki, bu da Kilsəsinin dayanıqlılığını və uzunömürlülüyünü təmin edir.
Şmittə izah edir ki, Katoliklik nəzdində Avropadan küsmüş “ruslar”, “liberalizm”ə məruz qalmışlardan daha çox xristiandır. Yəni, Katolik Kilsə üçün “liberalizm” bütün düşmənlərin ən böyüyüdür…
Vatikanın ABŞ-Rusiya çəkişməsindəki siyasi mövqeyinin arxaplanını bu izahla təsvir etmək mümkündür.
Kitab qiymətləndirmə: 8/10
Mətbuatda Ukraynaya dəstək qoşunların göndərilməsi məqsədilə Fransanın Avropada hərbi koalisiya qurmağa çalışdığı iddia olunur. Ukraynaya qoşun göndərilməsi ilə bağlı Makronun təşəbbüsü ilk olaraq Baltik ölkələri tərəfindən dəstəklənib. Aydındır ki, Ukraynanın mümkün məğlubiyyəti ilk növbədə Baltik ölkələrini Rusiya işğalı təhlükəsi ilə üz-üzə qoyacaq.
Dünən Polşanın xarici işlər naziri də Makronun təşəbbüsünü təqdir etdiyini bildirərək, NATO qoşunlarının Ukraynada mövcudluğunun istisna edilməməli olduğunu dilə gətirib.
Polşa tərəfindən edilən NATO vurğusu diqqət çəkir. Çünki Makronun Ukraynaya avropalı qoşunların göndərilməsi barədə təşəbbüsü ABŞ-ın himayəsindəki NATO-nu zəiflətmək, Fransa liderliyindəki Avropa Ordusunun təməlini atmaq məqsədi daşıyır. Polşa isə Ukraynaya göndəriləcək qoşunların NATO, yəni ABŞ-ın təminatı altında olmasını istəyir. Əlbəttə ki, Ukraynadakı prosesləri öz nəzarətində saxlamaq istəyən ABŞ, Fransanın Qərb cəbhəsində təşəbbüsə yiyələnməsini istəməz. Amma ABŞ Ukraynaya qoşun göndərmək istəyərmi?
Bayden birmənalı olaraq Ukraynaya qoşun göndərməyəcəklərini elan edib. Seçki marafonu ilə keçəcək qarşıdakı 6 aylıq Bayden dövrü və Trampın hakimiyyətə qayıtması ehtimalı ABŞ-ın Ukraynaya birbaşa müdaxiləsini istisna edir. Bu xüsusda, Makronun belə bir vəziyyəti fürsətə çevirməyə çalışması və Avropa Ordusunun təməlini atmaq istəməsi anlaşılandır.
Prosesin növbəti mərhələsi kimi Makron tərəfindən Fransanın NATO-nu tərk etmək məsələsinin gündəmə gətiriləcəyini təxmin etmək olar.
@serqebaxis
Ötənilki Səfirlik terrorundan sonra olduqca kəskinləşmiş Azərbaycan-İran münasibətlərində son həftələrdə yeni impuls hiss edilir. Məlum olduğu kimi, ikitərəfli münasibətlər 44 günlük müharibədən sonra gərginləşmə yoluna girmişdi. Sərhədlərdə keçirilən hərbi təlimlər və rəsmilərin sərtləşən ritorikaları hadisələri çox təhlükəli məcralara aparırdı. Amma Səfirlik terroru və Orxan Əsgərovun şəhidliyi fonunda, hər iki tərəfdən göstərilən təmkin, bəlkə də müdriklik “fəlakət”in qarşısını aldı.
Təbii ki, İran və Azərbaycan münasibətlərinin arxaplanı heç vaxt dəyişməyəcək. Çünki iki dövlət arasında münasibətlərin mahiyyətini məhz ölkələrin adları müəyyən edir. İran və Azərbaycan adlı iki dövlət quruluşu bir-birinə etimad edərək, qonşu ola bilməz. Hər iki dövlətin bir-birinə qarşı ərazi, etnik, dini, mədəni və digər səpkili iddiaları davam edəcək. Ona görə də hər iki ölkə diplomatiyasının qarşısındakı əsas məqsəd təbii və dəyişdirilə bilməyən bu ayrılıqların qan tökülməsinə qədər kəskinləşməsinə imkan verməməkdir. Bir-birinə etimad etməyən və sevməyən iki qonşunun yaxınlaşmasına geosiyasi vəziyyətdən daha güclü təkanverici qüvvə ola bilməz.
Qarabağ münaqişəsinin tam həll edilməsi, İranın Yaxın Şərqdə əl yüksəltməsi, 7 oktyabrdan sonra Qəzzada baş verənlər, Qərbin İranla bağlı əsaslı planlarının olmadığının ortaya çıxması, Türkiyə-İsrail normallaşmasının pozulması və Fələstin məsələsinin Türkiyə və İranı yaxınlaşdırması kimi geosiyasi məsələlər Azərbaycanın İranla münasibətlərini yenidən nəzərdən keçirməsini zəruri edirdi.
Eyni zamanda, Rusiyanın zəifləməsindən sonra Ermənistanın təhlükəsizliyində yer ala biləcəyini və Azərbaycana qarşı Ermənistan vasitəsilə ənənəvi oyunu davam etdirəcəyini düşünən İran da, ermənilərin Qarabağı tərk etməsi və Paşinyanın Qərb hərbi birlikləri ölkənin sərhədlərində yerləşdirməyə çalışmasından sonra Azərbaycanla bağlı siyasətinə yenidən baxmalı olduğunu anlayıb.
Son geosiyasi proseslər Azərbaycan və İran üçün “Qərbi regiona buraxmamaq” kimi ortaq maraq formalaşdırıb. Ortaq maraq və ortaq təhdidlər düşmən ölkələri belə, dialoqa, lazım olduqda qarşılıqlı güzəştlərə məcbur edir...
Davam edəcək…
@serqebaxis
Paşinyan həm maraqlı və dinamik, həm də çox riskli oyun oynayır. Erməni baş nazir Azərbaycanın işğal təhdidini və Rusiyanın bu təhdidə göz yummasını əsas göstərərək, Fransa və Hindistandan silahlar alınmasına nail olub, Fransa ilə müdafiə paktları imzalayır. Bununla da, Paşinyan ölkəsinin təhlükəsizlik məsələlərində Rusiyadan tam asılılığını azaltmağa çalışır. Aydındır ki, Ermənistanın qısa müddətdə Rusiya caynağından birdəfəlik qurtulması mümkün deyil. Amma Paşinyan da mərhələli oynuyur. Paşinyan üçün önəmli olan Rusiyanı mümkün qədər çox balanslaşdırmaqdır. Çünki Rusiyanın Ermənistana təsir imkanlarının azalması Paşinyanın hakimiyyətini daha da möhkəmləndirməsi deməkdir. Hər nə qədər Paşinyan bu oyunu Azərbaycan üzərində qursa da, Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşməsi və Paşinyanın iqtidardakı mövqeyini gücləndirməsi Azərbaycan üçün sərfəlidir. Son illərdə bu gedişat Azərbaycana qazandırıb.
Hindistan və Fransanın hazırkı dəstəklərinin Ermənistana Azərbaycan qarşısında lazımi müdafiə gücünü təmin edəcəyini düşünmürəm. Ola bilər ki, Fransanın gələcək barədə bizim bilmədiyimiz xüsusi planları var. Hər halda, Fransa Cənubi Qafqazda çox aktiv oynuyur və Parisin böyük nələrsə planlaşdırdığına şübhə yoxdur. Məsələn, fransızlar ya fərdi, ya da Avropa İttifaqı çətiri altında Ermənistan-Azərbaycan sərhədinə hərbi missiyalar göndərilməsini nəzərdən keçirə bilərlər ki, Paşinyan da buna güvənir və gələcəyə ümidlidir. Belə bir vəziyyətdə, Ermənistan ərazisində həm rus, həm də avropalı hərbçilər eyni anda mövcud olacaq.
Ruslar buna imkan verəcəkmi? Görürük ki, Rusiya Paşinyanın hərəkətlərinə qarşı olduqca təmkinli davranır. Amma rusların da Ermənistanda qırmızı xətti olduğu şübhəsizdir. Rusiya öz nəzarətində olan Ermənistan məkanını Fransa, dolayı yolla NATO ilə bölüşməyə razı olarmı? Əlbəttə ki, olmaz. Fransanın Ermənistana hərbi qüvvələr yerləşdirməsi təkcə Rusiya yox, Türkiyə, İran və Azərbaycan kimi region ölkələrini də narahat edəcək. Qeyri-regional gücün Cənubi Qafqaza girişməsi region ölkələri üçün yolverilməzdir və böyük ehtimal ki, reaksiyalar olacaq. Paşinyan həqiqətən də çox böyük qumar oynayır.
@serqebaxis
Sərhəddə hökm sürən 5 aylıq sükutu erməni snayperinin atəşi pozdu. Bir sərhədçinin yaralanmasına cavab olaraq, Azərbaycan sərhəd qüvvələri 4 erməni silahlısını məhv etdi. Azərbaycanın belə bir cavab seçməsi özündə iki mesaj daşıyır: birincisi, güc balansında kəskin fərqin olduğu nümayiş etdirildi. İkincisi, hərbi variantın Ermənistan üçün nə dərəcədə ağır nəticələr yaradacağı göstərildi. Hər iki mesaj Ermənistan rəhbərliyinin masada daha çox güzəştə getməsini şərtləndirir.
Azərbaycan-Ermənistan arasında irmiqyaslı sərhəd toqquşmaları olacaqmı? Yekunda, Azərbaycan qoşunları Zəngəzur bölgəsinə girəcəkmi? Bu sualların cavab hər birimizə maraqlandırır. Açığı, Zəngəzur əməliyyatı real görünür. Çünki artıq bu proses üçün psixoloji arxaplan formalaşdırılıb. Yəni, sabah əməliyyat başlasa, heç kim üçün sürpriz olmayacaq, demək olar bütün beynəlxalq aktorlarda bu barədə gözlənti var. Bu, məqam çox önəmlidir.
Əslində sözügedən gözləntini Ermənistan hökumətinin özü formalaşdırıb. Ermənilər demək olar ki, bütün platformalarda Azərbaycanın Zəngəzura hücum edəcəyini səsləndirirlər. Paşinyan da Azərbaycanın böyük hücuma hazırlaşdığını iddia edir. Yəqin ki, Paşinyan həm daxili auditoriyanı qorxudur, həm də Qərbə mesaj ötürür ki, Azərbaycan qarşısında güzəştlərə getməkdən başqa çarə yoxdur.
Qarabağ münaqişəsinin həllindən sonra regiona təsir imkanları zəifləyən Rusiyanın Azərbaycan-Ermənistan arasında növbəti münaqişədə maraqlı olduğu şübhəsizdir. Cənubi Qafqazda real hərbi imkanları olan Rusiya regiondakı istənilən münaqişənin “həllində” baş rol oynayacaq. Rusiyadan uzaqlaşdığına görə Ermənistanın cəzalandırılması və Azərbaycanla Qərb münasibətlərinin tam pozulması Moskvanın növbəti regional münaqişədən əsas gözləntiləridir.
Ermənistan qarşısında müharibə təhdidinin canlı saxlanılması Azərbaycana masada qazandırır. Ermənistan-Rusiya gərginliyi və Rusiya-Ukrayna müharibəsi davam etdikcə, bu təhdid daha çox qazandıracaq. Ancaq müharibəni real müstəviyə keçirməyin faydalarından daha çox zərərləri ola bilər…
@serqebaxis
“Dərəni keçəndə atı dəyişməzlər”
Xatırlayıram ki, Türkiyə prezidenti Ərdoğan bu sözləri 15 iyul 2016-cı il hərbi çevrilişi ilə bağlı jurnalistin “çevrilişin qarşısını ala bilməyən kəşfiyyat rəisi Hakan Fidan və müdafiə naziri Hulusi Akar vəzifəsində qalacaqmı” sualına cavab olaraq işlətmişdi.
Ukrayna Prezidenti Zelenski Ordunun Baş Komandanı Zalujnını vəzifəsindən azad edərək, quru qoşunlarının komandanı Sırskini bu vəzifəyə təyin edib. Ukrayna daxilindəki siyasi proseslər və iqtidardakı güc balansı barədə kifayət qədər məlumatlı olmasam da, bu dəyişikliyin hərbi zərurətdən daha çox siyasi intriqadan qaynaqlandığını təxmin etmək elə də çətin deyil.
İstənilən halda, müharibənin qaynar vaxtında Ordu komandanını dəyişmək çox riskli addımdır. Ordu rəhbərinin dəyişdirilməsi işlərin yolunda getmədiyinin göstəricisi sayılır, bu da ordunun əhval ruhiyyəsinə böyük təsir göstərir, ordudan yayınmalar artır. Eyni zamanda, Zalujnı kimi ordu nəzdində böyük reputasiyası olan komandanın Sırski kimi mübahisəli biri ilə əvəz olunması ordunun iyerarxiyasını poza bilər ki, bu da orduda tabesizlik mühitini gücləndirə və özbaşına hərbi qüvvələrin ortaya çıxmasına zəmin yarada bilər. Belə bir kritik vəziyyətdə, orduda hərc-mərclik başlaması Ukrayna üçün fəlakət olar.
Ümumiyyətlə, Ordu və hərbçilərlə münasibətlər siyasətin və siyasətçilərin ən çox səhvə yol verdiyi müstəvidir. Əksər hallarda, çıxılmaz və ya ekstrimal vəziyyətdə olan siyasətçilər Ordunun işləyişinə birbaşa və ani müdaxilə edirlər və bu müdaxilələr çox ustalıqla edilməsə, Ordu üzərində oynanan oyunlar hər zaman əks-effekt verir.
Dərəni keçəndə atı dəyişmək Zelenskinin siyasi karyerasını xilas edəcəkmi? Mən düşünmürəm…
@serqebaxis
Amerikan kəşfiyyatı CIA-nin direktoru, Bayden Administrasiyasının Rusiya məsələləri üzərə ən güclü eksperti hesab edilən Villiam Börns “Foreign Affairs” jurnalına yazdığı məqaləsində Ukrayna cəbhəsində strateji cəhətdən ABŞ-ın əldə etdiklərindən, Rusiyanın isə itirdiklərindən danışıb.
Börns ölən və yaralananlarla birlikdə, Rusiyanın hərbi itki sayını 315 min kimi göstərib. Çox böyük rəqəmdir. Aydındır ki, mütləq əksəriyyət də gənclərdir. Maraqlıdır ki, müharibənin nəticələri onsuzda ciddi demoqrafik böhran yaşayan Rusiyada hansı sosial proseslərə gətirib çıxaracaq.
Putinin planlarından əvvəlcədən xəbərdar olduqlarını və Ukraynaya məlumat ötürərək rusların sürpriz hücumunu uğursuzluğa düçar etdiklərini qürurla xatırladan Börns, Ukrayna münaqişəsinin bundan sonrakı gedişatını ölkəsinin maraqlarının irəlilədilməsi baxımından təhlil edir. CIA direktorunun sözlərinə görə, Ukraynaya hərbi və maliyyə dəstəyi davam etdirilməlidir, çünki ABŞ öz hərbi büdcəsinin 5%-ni (50 milyard dolları nəzərdə tutur) xərcləyərək, əvəzində çox böyük geosiyasi qazanclar əldə edə bilər. Börns Ukrayna cəbhəsini əlverişli investisiya yeri kimi qiymətləndirir: “az yatırım etməklə, çox qazanmaq olur.”
Ukraynanın özünə gəldikdə isə, Börns hesab edir ki, hərbi yardımlar mümkün danışıqlar prosesində Ukraynanın əlini gücləndirəcək, hətta yardımlar uzunmüddətli perspektivdə Ukrayna üçün qələbə şansı yarada, beləliklə də, ölkə öz suverenliyini qorumaqla yenidən quruculuq işinə başlaya bilər. Yəni, Ukraynanı müharibədə aktiv saxlamaqdan başqa real bir təklif edilmir.
Börns Ukrayna münaqişəsini ABŞ və Çin arasında supergüclük rəqabəti ilə paralel dəyərləndirir. CIA şefi iddia edir ki, Çin elitası Amerikanın Ukraynadakı hərəkətlərini çox yaxından izləyir. ABŞ Ukraynanı dəstəkləməyi dayandırsa, bu, Çini cəsarətləndirəcək. Ona görə də Ukraynaya hərbi yardımları davam etdirmək Tayvanı riskə atmır, əksinə, Ukraynada veriləcək güclü mesaj Tayvanı məsələsində də işə yarayacaq.
Börnsün yazısı onu göstərir ki, hələ üfüqdə müharibənin sonluğu görünmür və Bayden hakimiyyətinin Ukrayna münaqişəsi barədə əsaslı planı yoxdur. ABŞ elitasınsa Ukraynaya hərbi dəstək verilməsi ilə bağlı “davam yoxsa tamam” müzakirələri gedir, lakin davam və ya tamam ssenarilərində məqsədlər nə olacaq, davamın hədəfi nədir, tamamla bağlı gözlənti nədir, bunlar barədə izah yoxdur. Börns “davam etməliyik, çünki bu, yaxşı geosiyasi qazanc gətirir” deyir. Mövcud gedişat ukraynalılar üçün yaxşı heç nə vəd etmir…
@serqebaxis
Bayden hökuməti hələ də 28 yanvarda İordaniyada 3 amerikan hərbçisinin ölümü və 40-dan çoxunun yaralanmasına səbəb olan hücumlara cavab verməyib. Cavabın gecikməsi Baydenin əleyhinə işləyir və Demokrat Administrasiyasının qətiyyətsizliyi barədə təsəvvürü gücləndirir. Bir neçə fazalı olacağı bildirilən cavab əməliyyatı çox güman ki, bu gecə baş tutacaq. Artıq bu gün Bayden “regional müharibə axtarışında deyilik” mesajını verib. Yəqin ki, Bayden bu mesajla Tehranı ABŞ-ın cavab əməliyyatına qarşı ifrat reaksiya verməməyə çağırır. Mən düşünmürəm ki, indiki məqamda İran rəhbərliyi də ABŞ-la regional müharibəyə getmək istəsin. Bölgədəki hazırkı gedişat Tehrana sərf edir, iranlılar bir neçə zərbəyə görə illərdir qurduqları regional konfiqurasiyasını riskə atmazlar. Lakin Baydenin regional müharibəyə yol açmayacaq adekvat cavab tədbirlərinin İran və proksilərinə qarşı bundan sonra çəkindiricilik yaradacağına da inanmıram. ABŞ artıq Suriyadan bəri Yaxın Şərqdə çəkindirici güc deyil. Vaşinqtonun əsas məqsədi prestij itirmədən və maraqlarına ciddi xələl gəlmədən Yaxın Şərqdən qurtulmaq yolunu tapmaqdır.
Hazırda bəzilərimizi bu sual maraqlandırır ki, görəsən son bir neçə ayda Tehranın regionda əl yüksəltməsinin səbəbi İranın artıq nüvə silahına yiyələnməsi ola bilərmi? Məncə, İran ya nüvə silahı hazırlamağa nail olub, ya da bir addımlığındadır. Xüsusilə, qarşıdakı seçkilərin favoriti olan və İrana qarşı qatı düşmənçiliyi ilə tanınan Trampın Ağ Evə qayıtmaq ehtimalı fonunda, İran rejimi üçün nüvə silahına yiyələnmək qaçılmazdır. Yəqin ki, amerikanlar da İranın nüvə silahı ilə bağlı vəziyyətdən məlumatlıdırlar. Ancaq indiki məqamda İranın nüvə silahının olduğunu ictimai şəkildə elan etmək heç kimə sərf etmir. ABŞ illərdir ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyir. İsrail isə rəsmi şəkildə bunun casus belli (müharibə səbəbi) olacağını bəyan edib. Əlbəttə ki, Vaşinqton belə bir müharibəni qətiyyən istəməz. Ümumiyyətlə, İran nüvə silahına sahibdirsə, ona qarşı necə müharibə oluna bilər? Müharibə ilə düşmən ölkənin nüvə silahını məhv etmək mümkündürmü? Məncə, yox.
İran yəqin ki, uzun müddət İsrail kimi nüvə silahını elan etməmək siyasi xəttini izləyəcək. Tehranın nüvə silahını elan etməsi digər regional güclər üçün nüvə silahına yiyələnmək barədə legitimlik yaradacaq. Ona görə də region və İranın təhlükəsizliyi üçün hazırda ən münasib seçim nüvə silahının elan edilməməsidir.
@serqebaxis
Paşinyanın Tbilisiyə səfəri çərçivəsində Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Tərəflər bir sıra sahələrdə əməkdaşlığı yeni mərhələyə yüksəldiblər.
Son aylarda Gürcüstanın Azərbaycanla ənənəvi yaxın münasibətlərində dəyişiklik var. Deyə bilərik ki, gürcülər açıq aşkar manevr edir. Əslində Gürcüstanın yeni siyasəti regionun dəyişən güc balansına uyğundur. Qarabağ müharibəsindən sonra Azərbaycanın mövqelərini gücləndirməsi fonunda, Gürcüstan da Ermənistanla münasibətləri inkişaf etdirərək regiondakı balansı öz xeyrinə qorumağa çalışır.
Təbii ki, bizim üçün ən maraqlı sual Fransa bu prosesin mərkəzindədirmi? Bilirik ki, Fransa Gürcüstan vasitəsilə Ermənistanı silahlandırmağa çalışır. Məlum olduğu kimi, Paris istəyir ki, yeni dövrdə Ermənistan və Gürcüstan Xristian Avropanın ən şərq sərhədlərini təşkil etsin. Əvvəlki dövrlərdən fərqli olaraq, Rusiya da bu prosesə daha təmkinli yanaşır və Fransanın Qafqazdakı işlərinə aqressiv reaksiya vermir. Yəqin ki, Moskva Parisi bu regionda ciddi təhdid olaraq görmür və hazırda Ukraynada başı qarışan ruslar yenidən Cənubi Qafqaza ağırlıq verənədək Fransanın bu bölgəni məşğul etməsində maraqlı görünür. Hər halda Rusiya Türkiyədənsə Fransanın Cənubi Qafqazda güclənməsini istəyər. Çünki Türkiyədən fərqli olaraq, Fransa region ölkəsi deyil və Parisin buradakı fəaliyyətlərinin təməli zəifdir və müvəqqəti xarakterlidir. Yəni, indiki məqamda Rusiya Fransanın Cənubi Qafqazda Türkiyəni balanslaşdırmasında maraqlıdır.
Ermənistan və Gürcüstanın yaxınlaşması eyni zamanda Azərbaycanı və Zəngəzur dəhlizini ofsayda salacaq, İranı Qara dənizə və Avropaya bağlayacaq Şimal-Cənub dəhlizinin reallaşmasına gedən yolda iri addım sayıla bilər. 1996-ci ildən başlayan Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq da məhz, regional miqyaslı enerji və nəqliyyat layihələrinin reallaşdırılması məqsədilə gündəmə gəlmişdi. Münasibətlərin yeni mərhələyə yüksəldilməsi yeni birgə layihələrin xəbərçisidir.
1920-ci il kabusu ilə yanaşı, Ermənistan-Gürcüstan tandeminin qurulması da Rusiya və İran arasında “sendviç” vəziyyətində olan Azərbaycan üçün həyəcan təbilidir. Artıq Azərbaycanı əsas müttəfiqi olan Türkiyədən ayıran iki region ölkəsi bir-birinin strateji tərəfdaşıdır. Görünən odur ki, ətraf ölkələr və rəqiblər çox ambisiyalı hədəflərdən çıxış edən Türkiyə-Azərbaycan xəttini “təcrid” etməkdə gecikmək istəmir...
@serqebaxis